Bələdiyyələrlə bağlı yeni TƏKLİF
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yerli özünüidarəetmə orqanları demokratik idarəçilik sisteminin mühüm institusional komponentlərindən biri olmaqla, əhalinin yerli əhəmiyyətli məsələlərin həllində iştirakını, ictimai maraqların təmsil olunmasını və yerli səviyyədə idarəetmənin həyata keçirilməsini təmin edən mexanizmdir.
Bu institutun inkişafı yalnız hüquqi normaların və idarəetmə strukturlarının formalaşması ilə deyil, həm də tarixi təcrübənin, institusional yaddaşın və ictimai ənənələrin qorunması ilə bağlıdır.
Yerli özünüidarəetmə institutunun cəmiyyətdəki rolunun artırılması, bələdiyyə mədəniyyətinin təbliği, sakinlər və bələdiyyələr arasında sosial məsuliyyət bağlarının möhkəmləndirilməsi, habelə bu sahədə çalışan şəxslərin əməyinin qiymətləndirilməsi məqsədilə “Bələdiyyə Günü” peşə bayramının təsis edilməsi mühüm sosial-hüquqi və institusional əhəməyyətə malikdir.
Azərbaycanda Bələdiyyəçilik gününün təsis edilməsi təşəbbüsü tarixi yaddaş, institusional davamlılıq və yerli özünüidarəetmənin ictimai nüfuzu baxımından nəzərdən keçirilməlidir.
Bunları nəzərə alaraq təklifin əsasını Azərbaycan bələdiyyəçilik tarixinin aşağıdakı üç mühüm mərhələsi təşkil edir:
1. Bakı Şəhər Dumasına ilk seçkilərin keçirilməsi tarixi,
2. Dumanın fəaliyyətə başladığı tarix,
3. Müasir Azərbaycan bələdiyyələrinin formalaşdığı tarix,
Birinci tarix Bakı Şəhər Dumasına ilk seçkilərin keçirilildiyi 1877-ci ilin 6-9 dekabr tarixlərini əhatə etdiyi üçün 9 dekabrı seçkilərin bitdiyi son tarix olaraq bələdiyyə günü kimi qəbul etmək olar.Bu tarix şəhər özünüidarəetməsinin seçkili nümayəndəlik əsasında formalaşmasını nəzərə alarsaq çox əhəmiyyətlidir.
İkinci tarix seçkilərlə seçilmiş Bakı Şəhər Dumasının fəaliyyətə başlamadığı 8 yanvar 1878-ci il tarixini yəni şəhər özünüidarəetmə orqanının rəsmi olaraq fəaliyyətə başladığı tarixi ifadə edir. Bu həmdə bələdiyyəçilik tariximizn və yaddaşın qorunması və yerli özünüidarəetmə ənənələrinin tanıdılması baxımından xüsusi simvolik məna daşıya bilər.
Üçüncü tarix 12 dekabr 1999-cu il müstəqil Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərinin keçirilməsi müasir bələdiyyə sisteminin formalaşmasında əsas mərhələsini təşkil edən tarixi hadisədir.
Bu tarixlərdən hər biri fərqli tarixi və hüquqi məzmun daşıyır. Buna görə onların bir-birini əvəz edən hadisələr kimi deyil, Azərbaycanın yerli özünüidarəetmə tarixinin müxtəlif inkişaf mərhələlərini əks etdirən tarixlər olaraq qiymətləndirilməsi daha əsaslı yanaşma olardı.
Bakı Şəhər Dumasının fəaliyyəti şəhərin abadlaşdırılması, sanitariya və səhiyyə məsələləri, təhsil, kommunal təsərrüfat və digər yerli əhəmiyyətli sahələrlə bağlı qərarların qəbul edilməsini əhatə edirdi. Bununla belə, həmin dövrün şəhər özünüidarəetmə sistemi müasir demokratik standartlarla eyniləşdirilə bilməzdi.
Seçki hüququ əmlak və digər meyarlarla məhdudlaşdırılır, əhalinin geniş təbəqələri idarəetmə prosesində bərabər iştirak imkanına malik olmurdu.Bu tarixi xüsusiyyətlər Bakı Şəhər Dumasının əhəmiyyətini azaltmır, əksinə, onun fəaliyyətini öz dövrünün hüquqi-siyasi və sosial şəraiti daxilində qiymətləndirməyin vacibliyini göstərir.
Bakı Şəhər Dumasının tarixi Azərbaycan şəhər idarəçiliyində seçkili yerli nümayəndəlik təcrübəsinin öyrənilməsi üçün mühüm mənbədir. Bu təcrübənin müasir bələdiyyə sistemi ilə hüquqi eynilik təşkil etməməsinə baxmayaraq, onun yerli özünüidarəetmənin tarixi inkişafında tutduğu yer ayrıca araşdırılmalıdır.
Azərbaycan Respublikasında müasir yerli özünüidarəetmənin konstitusion əsasları 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə müəyyən edilmişdir.
Konstitusiyanın 142–146-cı maddələri yerli özünüidarəetmənin təşkilati və hüquqi əsaslarını, bələdiyyələrin statusunu və fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir.1999-cu il dekabrın 12-də keçirilmiş ilk bələdiyyə seçkiləri müstəqil Azərbaycan Respublikasında müasir bələdiyyə institutunun praktiki fəaliyyətə başlaması baxımından mühüm hadisə olmuşdur.
Bu mərhələ XIX əsrin şəhər özünüidarəetmə təcrübəsindən hüquqi baxımdan fərqlənir. Müasir bələdiyyələr müstəqil Azərbaycan dövlətinin konstitusion quruluşu, milli qanunvericilik və yerli özünüidarəetmənin müasir hüquqi prinsipləri əsasında fəaliyyət göstərir. Bununla belə, hər iki tarixi mərhələnin araşdırılması yerli səviyyədə idarəetmənin təşəkkülü, inkişafı və cəmiyyətlə münasibətlərinin dəyişməsi haqqında bütöv təsəvvürün formalaşmasına kömək edə bilər.
Bələdiyyəçilik gününün təsis edilməsinin ictimai və institusional əhəmiyyəti:
Peşə sahiblərinin xüsusi günlərin təsis edilməsi yalnız təqvimdə müəyyən bir tarixin qeyd olunması ilə məhdudlaşmır. Belə günlər müvafiq sahənin tarixi yaddaşının qorunmasına, ictimai əhəmiyyətinin tanıdılmasına və həmin sahədə çalışan şəxslərin əməyinin qiymətləndirilməsinə xidmət edə bilər. Bələdiyyəçilik gününün təsis edilməsi də bu baxımdan bir neçə istiqamətdə əhəmiyyət daşıya bilər.
İlk növbədə, bu təşəbbüs yerli özünüidarəetmənin tarixi inkişafının elmi və ictimai müstəvidə daha geniş araşdırılmasına şərait yarada bilər. Bakı Şəhər Dumasının fəaliyyəti, şəhər idarəçiliyinin tarixi təcrübəsi və müasir bələdiyyələrin hüquqi statusu ilə bağlı tədqiqatların təşviqi tarixi irsin qorunmasına töhfə verər.
İkinci istiqamət bələdiyyə üzvlərinin, sədrlərin və bələdiyyə qulluqçularının fəaliyyətinin ictimai səviyyədə tanınmasıdır. Yerli problemlərin həllində, ərazilərin abadlaşdırılmasında, sosial təşəbbüslərin dəstəklənməsində və vətəndaşların müraciətlərinin araşdırılmasında bələdiyyələrin fəaliyyəti yerli idarəetmənin mühüm istiqamətlərindəndir.
Üçüncü istiqamət yerli özünüidarəetmə mədəniyyətinin inkişafıdır. Tarixi yaddaşın qorunması ilə yanaşı, vətəndaşların yerli məsələlərin həllində iştirakının təşviqi və bələdiyyələrin cəmiyyətlə əlaqələrinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılmalıdır.
Hansı tarix seçilə bilər?
Bələdiyyəçilik gününün hansı tarixdə qeyd olunması məsələsi tarixi, hüquqi və ictimai meyarların birlikdə qiymətləndirilməsini tələb edir.
9 dekabr 1877-ci ilin dekabrında keçirilmiş ilk Duma seçkilərinin tarixi elmi və arxiv araşdırmaları əsasında dəqiqləşdirilməli, bu hadisənin yerli özünüidarəetmə tarixindəki əhəmiyyəti qiymətləndirilməlidir.
8 yanvar 1878 il tarixi Bakı Şəhər Dumasının fəaliyyətə başlaması ilə bağlı olduğu üçün yerli özünüidarəetmənin tarixi irsini və institusional başlanğıcını simvolizə edə bilər. Bu tarix əsasında Bələdiyyəçilik gününün təsis edilməsi təşəbbüsü XIX əsrin şəhər idarəçiliyi təcrübəsinin müasir ictimai yaddaşda qorunmasına imkan yaradar.
12 dekabr tarixi isə müasir Azərbaycan bələdiyyələrinin yaranması ilə birbaşa bağlıdır. Buna görə həmin tarixin müasir bələdiyyə sisteminin yaranma günü kimi qeyd olunması məsələsi də ayrıca nəzərdən keçirilməlidir.
Mənim təklifim bu üç tarixin aidiyyəti dövlət orqanları, tarixçilər, hüquqşünaslar və bələdiyyə assosiasiyalarının iştirakı ilə birgə müzakirəyə çıxarılmasıdır. Bu hadisələrin birlikdə araşdırılması tarixi yaddaşın zənginləşdirilməsinə və bələdiyyəçilik institutunun inkişaf yolunun daha dolğun təqdim olunmasına xidmət edə bilər.Müzakirənin nəticəsində həm tarixi faktlara, həm də müasir bələdiyyə institutunun hüquqi xüsusiyyətlərinə uyğun qərarın qəbul edilməsi mümkün ola bilər.
Bələdiyyə məsələləri üzrə ekspert, hüquqşünas Fərman Salmanlı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















