Bəzən kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
- Əvvəlcə özünüz barədə məlumat verin.
- 22 yaşım var. 2019-2023-cü illərdə Naxçıvan Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Daha sonra xaricdə təhsil almaq qərarına gəldim və 2024-cü ilin mart ayında magistr təhsili üçün Polşaya gəldim. Hazırda Polşanın Varşava şəhərində yerləşən Vistula Universitetində Turizm və Otelçilik ixtisası üzrə magistr təhsili alıram.
- Xaricdə təhsil almaq qərarı necə yarandı? Bu addımın arxasında hansı motivasiyalar dayanırdı?
- Xaricdə təhsil almaq uşaqlıqdan ən böyük arzularımdan biri olub. Hər zaman daha geniş dünyagörüşü qazanmaq, fərqli mədəniyyətlərlə tanış olmaq və öz sahəmdə beynəlxalq təcrübə əldə etmək istəyirdim. Lakin bu arzumu reallaşdırmaqda xüsusi rol oynayan bir müəllimim də olub - Elvin Nəcəfov. Elvin müəllim bakalavr təhsilim dövründə fakültəmizdə dərs deyirdi. O, Macarıstanda təhsil almış, daha sonra Azərbaycana qayıdaraq öz bilik və təcrübəsini tələbələri ilə bölüşən bir müəllim idi. Hazırda o da Polşada yaşayır. Mənim üçün böyük motivasiya mənbəyi məhz onun təcrübəsi və məsləhətləri oldu. Xaricdə təhsilin üstünlüklərini, nəyi necə etməli olduğumu, prosesdən necə faydalana biləcəyimi ən xırda detallara qədər izah edirdi.
Hətta xarici universitetdən qəbul aldıqdan sonra viza üçün səfirliyə müraciət prosesində belə yanımda olub, mənə dəstək göstərirdi. Onun bu dəstəyinin və motivasiyasının sayəsində arzumu gerçəkləşdirmək üçün daha inamla addım ata bildim.
- Polşanı və məhz Vistula Universitetini seçməyinizə səbəb nə oldu?
- Xaricdə təhsil almağa qərar verdikdən sonra demək olar ki, bütün Avropa ölkələrini araşdırdım. Təhsil səviyyəsi, yaşam xərcləri, təhlükəsizlik və tələbələr üçün imkanlar kimi bir çox amilləri müqayisə edirdim. Bu araşdırmalar nəticəsində Polşanın mənim üçün ən uyğun ölkə olduğuna qərar verdim. Burada həm təhsil keyfiyyəti yüksəkdir, həm də digər Avropa ölkələri ilə müqayisədə yaşam xərcləri daha münasibdir. Eyni zamanda Polşanın təhlükəsiz ölkə olması mənim üçün çox önəmli amillərdən biri idi. Vistula Universitetinə gəlincə, buranı seçməyimin əsas səbəbi universitetin beynəlxalq yönümlü olması, çoxmillətli tələbə mühitinin mövcudluğu və turizm sahəsində güclü akademik proqramlar təklif etməsidir. Universitetin tədris metodları, müəllim heyətinin peşəkarlığı və xarici tələbələr üçün yaradılan imkanlar mənim üçün çox cəlbedici oldu. Bu səbəblərə görə magistr təhsilim üçün məhz Vistula Universitetini seçdim.
- Polşada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında hansı fərqləri müşahidə etmisiniz?
- Polşaya gəldikdən sonra təhsil sistemi ilə bağlı bir neçə nəzərəçarpan fərq gördüm. İlk olaraq, burada dərs prosesində tələbənin aktiv iştirakına böyük önəm verilir. Yalnız müəllimi dinləmək deyil, müzakirələrdə iştirak etmək, fikir bildirmək və praktiki tapşırıqlar üzərində işləmək dərslərin əsas hissəsidir. Bu, tələbənin həm analitik düşüncə, həm də özünəinam bacarıqlarını inkişaf etdirir. Digər bir fərq isə praktiki yönümlü təhsildir. Polşada universitetlər tələbələri yalnız nəzəri biliklə deyil, real iş mühiti üçün də hazırlayır. Bir çox dərslər layihələr, təqdimatlar və komanda işləri üzərində qurulub.
Bundan əlavə, müəllim-tələbə münasibəti burada daha açıq və sərbəstdir. Müəllimlərlə istənilən mövzuda rahat şəkildə danışmaq, suallar vermək və məsləhət almaq mümkündür. Həmçinin qiymətləndirmə sistemi daha şəffafdır və davamiyyət, aktivlik, layihələr və imtahanlar ümumi nəticəyə balanslı şəkildə təsir edir.
- Oxuduğunuz "Turizm və otelçilik" ixtisası üzrə dərslərin səviyyəsi və praktiki imkanlar barədə nə deyə bilərsiniz?
- "Turizm və otelçilik" ixtisası üzrə tədris səviyyəsi ümumilikdə çox yüksəkdir. Dərslər həm nəzəri biliklərə əsaslanır, həm də praktiki bacarıqların inkişafına yönəlib. Müəllimlər sahədə təcrübəsi olan peşəkarlardır və dərslərdə real nümunələr, case-lər və sənaye təcrübələrindən istifadə edirlər. Bu, mövzuları daha yaxşı qavramağa kömək edir. Praktiki imkanlar isə xüsusilə diqqətimi çəkən üstünlüklərdən biridir. Universitet tələbələrə turizm sektorunda çalışan şirkətlər, otellər və agentliklərlə əməkdaşlıq çərçivəsində təcrübə proqramlarında iştirak etmək imkanı yaradır. Dərslərimizdə layihələr, təqdimatlar və komanda işi çoxdur - bu da bizi gələcək iş mühitinə daha yaxşı hazırlayır. Ümumilikdə, tədrisin həm nəzəri, həm də praktiki olaraq balanslı olması mənə gələcək karyeram üçün güclü baza yaratmağa imkan verir.
- Gələcəkdə ixtisasınız üzrə Polşada işləməyi düşünürsünüz, yoxsa Azərbaycana qayıtmaq planlarınız da var?
- Açığı, bu mövzuda hələ tam qərar verməmişəm. Hazırda əsas məqsədim təhsilimə maksimum dərəcədə fokuslanmaq və ixtisasım üzrə özümü inkişaf etdirməkdir. Magistr təhsilimi bitirdikdən sonra Polşada qısa müddətli təcrübə qazanmaq fikrim var, çünki burada turizm sektoru çox dinamik və beynəlxalq yönümlüdür.
Bununla yanaşı, Azərbaycana qayıtmaq ehtimalını da istisna etmirəm. Əgər Azərbaycanda öz ixtisasım üzrə daha yaxşı iş imkanları və inkişaf perspektivləri olarsa, ölkəmə qayıdıb bu sahədə çalışmağı məmnuniyyətlə dəyərləndirərəm. Mənim üçün ən vacibi harada olmağımdan asılı olmayaraq peşəkar inkişaf və faydalı iş görə bilməkdir.
- Xaricdə təhsil almaq istəyən gənclərə nələr tövsiyə edə bilərsiniz?
- Xaricdə təhsil almaq istəyən gənclərə ilk növbədə öz arzularından çəkinməməyi tövsiyə edərdim. İnsan bəzən qarşısında çətin proseslər gördüyü üçün addım atmaqdan qorxur, amma əslində hər şey ilk qərardan başlayır. Əgər həqiqətən istəyirlərsə, mütləq cəhd etməlidirlər.
İkinci məsləhətim araşdırma aparmaqdır. Hansı ölkə, hansı universitet, hansı ixtisas daha uyğundur, bütün bunları detallı şəkildə öyrənmək çox vacibdir. Düzgün seçim gələcək təcrübəni birbaşa müəyyən edir.
Digər tərəfdən, ingilis dili üzərində ciddi işləmək lazımdır. Dil biliyi həm dərslərdə, həm gündəlik həyatda, həm də sənədləşmə prosesində işinizi çox asanlaşdırır.
Və nəhayət, motivasiyanızı heç vaxt itirməyin. Mənim təcrübəmdə olduğu kimi, bəzən sizi ruhlandıran bir insan və ya kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər. Əsas odur ki, məqsədinizə inanıb ardıcıl şəkildə addım atasınız.
- Sizcə, azərbaycanlı gənclərin Avropada təhsil alması ölkəmiz üçün hansı üstünlüklər yaradır?
- Azərbaycanlı gənclərin Avropada təhsil alması ölkəmiz üçün bir çox mühüm üstünlüklər yaradır. İlk növbədə, gənclər beynəlxalq mühitdə müasir bilik və bacarıqlar qazanır, qlobal trendləri yaxından izləyir və müxtəlif ölkələrdən olan insanlar ilə əlaqələr qururlar. Bu bilik və təcrübə sonradan Azərbaycana qayıtdıqda həm iqtisadi, həm də sosial sahələrdə inkişaf üçün böyük potensial yaradır. Avropada təhsil alan gənclər yeni düşüncə tərzi, innovativ yanaşma və daha geniş dünyagörüşü ilə geri dönürlər. Bu isə ölkənin iş mühitinə, idarəçilik sisteminə, özəl sektora və elmi-tədqiqat sahələrinə müsbət təsir göstərir.
Bundan əlavə, xaricdə təhsil almağın yaratdığı beynəlxalq şəbəkə ölkəmizin xarici əlaqələrinin genişlənməsinə, mədəniyyətimizin tanıdılmasına və əməkdaşlıq imkanlarının artmasına səbəb olur. Ümumilikdə, Avropada təhsil alan azərbaycanlı gənclər ölkəmizin gələcək inkişafında mühüm rol oynaya biləcək potensiallı insan kapitalıdır.
- Polşada yaşamağın ən çətin tərəfi nə oldu?
- Polşaya gəldikdən sonra həm təhsilimi davam etdirmək, həm də gündəlik xərclərimi qarşılamaq üçün əlavə iş axtarmağa başladım. Dərs qrafikim müəyyən qədər sərbəst olduğuna görə elə bir iş lazım idi ki, həm vaxt baxımından uyğun olsun, həm də özüm idarə edə bilim. Bu səbəbdən taksi fəaliyyəti mənə ən uyğun seçim kimi göründü.
Başlanğıcda sadəcə boş vaxtlarımı dəyərləndirmək məqsədilə başlamışdım, lakin zaman keçdikcə bunun həm gəlir baxımından, həm də şəhəri daha yaxşı tanımaq üçün yaxşı bir imkan olduğunu gördüm. Üstəlik, müxtəlif millətlərdən olan insanlarla ünsiyyət qurmaq mənim üçün maraqlı təcrübə yaradır. Bu işi dərslərimə mane olmayacaq şəkildə davam etdirirəm.
Polşada yaşamağın ən çətin tərəfi ilk dövrdə gündəlik həyat və inzibati məsələlərdə çətinlik yaşamaq oldu. Yeni ölkədə bank, səhiyyə, mağaza və ya kommunal xidmətlərlə tanış olmaq, həmçinin rəsmi sənədləşmə proseslərini öyrənmək ilkin olaraq bir az mürəkkəb görünürdü. Bununla yanaşı, soyuq iqlim və fərqli həyat tərzinə alışmaq da ilk zamanlarda çətinlik yaradırdı. Amma zamanla hər şey daha asan oldu və bu çətinliklər mənim üçün bir təcrübəyə çevrildi.
- Adaptasiya prosesi sizin üçün necə keçdi? Dil bilmə səviyyəsi bu prosesdə çətinlik yaratdı?
- Adaptasiya prosesi mənim üçün əsasən pozitiv və öyrədici oldu. İlk zamanlar polyak dilini kifayət qədər bilmədiyim üçün bəzi gündəlik vəziyyətlərdə çətinliklər yaşadım, məsələn, alış-veriş və ya rəsmi sənədləşmə zamanı. Amma ingilis dili yetərli olduğundan dərs və sosial həyatla bağlı problemlər nisbətən az idi. Vaxt keçdikcə dil bacarıqlarımı inkişaf etdirdim və Polşada yaşamaq, həm tələbə həm də gündəlik həyat baxımından daha rahat oldu. Adaptasiya prosesində açıq ünsiyyət və fərqli mədəniyyətləri qəbul etmək çox kömək etdi.
- Polşa mədəniyyəti ilə Azərbaycan mədəniyyəti arasındakı ən gözəçarpan fərqlər nələrdir?
- Ən gözəçarpan fərqlərdən biri insanların həyat tərzi və zaman anlayışıdır. Polşada insanlar çox planlı və qaydalara riayət edən həyat tərzi sürürlər, hər şey nizamlı və vaxtında olur. Azərbaycanda isə insanlar daha elastik və spontan davranırlar, sosial ünsiyyət çox vacibdir. Bundan əlavə, burada mətbəx və ictimai həyat fərqləri də diqqət çəkir; məsələn, ailə və qonaqpərvərlik anlayışı Azərbaycanda daha geniş yayılıb, Polşada isə insanlar daha şəxsi məkanlarına diqqət edirlər.
- Yerli əhali və tələbə yoldaşlarınızın sizə münasibətinizi necə qiymətləndirirsiniz?
- Yerli əhali və tələbə yoldaşlarımın münasibəti çox müsbət olub. İnsanlar açıq və köməksevərdir, yeni gələnlərə tez uyğunlaşmaq üçün dəstək göstərirlər. Universitetdə isə tələbə mühiti çox multikulturaldır və müxtəlif ölkələrdən olan tələbələr bir-biriləri ilə yaxşı münasibət qururlar. Mən də həm yoldaşlarım, həm də müəllimlərimlə rahat və dostyana əlaqələr qurmuşam ki, bu da təhsil və sosial həyatımı asanlaşdırır.
- Sonda oxuculara demək istədiyiniz bir mesaj varmı?
- Oxuculara demək istərdim ki, heç vaxt öz arzularınızdan və məqsədlərinizdən çəkilməyin. Xaricdə təhsil, yeni ölkələrdə yaşamaq bəzən çətin görünə bilər, amma bu proses həm şəxsi, həm də peşəkar inkişaf üçün böyük fürsət yaradır. Araşdırın, öyrənin, çalışın və motivasiyanızı itirməyin. Hər addım sizə yeni təcrübə və bilik gətirəcək, gələcəkdə isə ölkənizə faydalı bir insan kimi qayıtma şansınızı artıracaq.
Günel BALAKİŞİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 11 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















