Biləsuvar çölləri ağ örpəyə bürünüb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biləsuvar Muğan düzünün cənub və cənub-qərb hissəsində yerləşir. Bərəkətli torpağı min bir nemət yetirir. Əhalisi zəhmətkeş, Vətənə, torpağa bağlıdır. Alın tərilə əkib-becərir, halal zəhmətlə dolanırlar. Son illər “ağ qızıl” yenidən bu yerlərin bəzəyinə çevrilib.
Nurəddin Mirzəyevi rayonda təcrübəli təsərrüfatçı kimi tanıyırlar. Ömrünün 75-ci pilləsinə qədəm qoyub. Məktəb illərindən doğma Əsgərabad kəndində valideynləri ilə pambıq sahəsində işləyib. Uzun illər pambıqçılıq briqadiri olub. Biləsuvarın dünənki sosial-iqtisadi inkişafının, bugünkü yüksəlişinin canlı şahididir. Son illər rayonda kənd təsərrüfatının inkişafından, əkinçilik ənənələrinin yenidən dirçəldildiyindən fəxarətlə söhbət açdı:
– Biləsuvarın sürətli inkişafı, tərəqqisi 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra başlanıb. Ötən əsrin 70-ci illərində pambıqçılıq iqtisadiyyatın aparıcı sahəsi olub. Pambıq istehsalı hər il rekord səviyəyə çatırdı. Biləsuvar pambıq istehsalında respublikada ön sıralarda olurdu. Ulu öndər rayona tez-tez səfər edir, əməkçilərlə iş başında görüşüb ehtiyaclarını, qayğı və problemlərini, arzu və təkliflərini öyrənirdi. Qabaqcıl pambıqçıların əməyini həmişə yüksək qiymətləndirirdi.
Yaxşı yadımdadır ki, fədakar əməklərinə görə rayonumuzun pambıq ustalarından Qızqayıt Həsənova, Ərəstun Məmmədov, Yunsur Hacıyev, Sifahi Musayeva Sosialist Əməyi Qəhrəmanı adını aldılar. O illərdə çoxlu sayda zəhmət adamı dövrünün nüfuzlu orden və medallarına, fəxri adlara layiq görüldülər. Lakin keçən əsrin 90-cı illərin əvvəllərində bütün sahələrdə olduğu kimi, pambıqçılıqda da durğunluq yarandı. Ümummilli liderin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı sayəsində kənd təsərrüfatında uğurlu islahatlar aparıldı. Ənənəvi sahələrin yenidən dirçəldilməsi nəticəsində pambıqçılığın inkişafında da dönüş mərhələsi başlandı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə pambıqçılığın inkişaf etdirilməsi aqrar siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Ölkəmizdə neftdən sonra ikinci strateji məhsul pambıq hesab olunur. Bu həm gəlirli, həm də əhalinin məşğulluğu baxımından əhəmiyyətlidir. Pambığın digər məhsullardan daha bir üstün cəhəti var. Bu məhsulun xarici bazara çıxarılmasında heç bir problem yoxdur.
Dövlətimizin başçısının 13 iyul 2017-ci il tarixli “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığın inkişafına güclü stimul verdi. İlk növbədə, bu sahəyə bir sıra güzəştlərin tətbiq edilməsi fermerlərin marağını daha da artırdı.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində yeni hədəflər müəyyənləşdirilib. Proqram çərçivəsində pambıqçılığın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, suvarma imkanlarının genişləndirilməsi və fermerlərin gəlirlərinin yüksəldilməsi xüsusi yer tutur.
Artıq bu istiqamətdə rayonda ardıcıl və məqsədyönlü tədbirlər görülür. Fermer və mülkiyyətçilərlə pambıq istehsalı ilə məşğul olan aparıcı şirkətlər arasında bağlanmış müqavilələr əsasında 8 min 301 hektar sahədə əkin aparılıb. Müqayisə üçün deyək ki, bu, əvvəlki ildəkindən 272,8 hektar çoxdur. Keçən il 3 min 2517,2 ton xam pambıq tədarük edilib və məhsuldarlıq 40,5 sentnerə çatıb. Yığımın nəticələrinə görə rayon respublika üzrə ikinci yerdə qərarlaşıb.
Fermerlər tərəfindən sahələrə yüksək aqrotexniki qulluq göstərilib. “Ağ qızıl”dan bəyaz örpəyə bürünmüş tarlalar məhsul bolluğundan xəbər verir. Elin varını, sərvətini vaxtında və itkisiz toplamaq məqsədilə hər kəs var qüvvəsi ilə çalışır. Yığımın ilk günündə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun aidiyyəti orqanlarının rəhbərləri fermer və mexanizatorlarla, pambıqçılıq təsərrüfatlarının rəhbərləri ilə iş başında görüşərək məhsulun operativ, itkisiz və vaxtında yığılıb məntəqələrə çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
Haqqında söhbət açdığımız Nurəddin Mirzəyev rayonda qabaqcıl fermerlərdən sayılır. Keçən il 12 hektarda pambıq əkib, hektardan 4,7 ton məhsul toplayıb. Mülkiyyətçilərdən Şaiq Quliyev, Seyidəli Mirsoltanov, Fərahim Mirzəyev və ailə üzvləri bu il 23 hektarda yüksək məhsuldarlığa malik “Lodos” və “Bəyaz Altun 1010 R1” sortlu pambıq əkib-becərib.
Fermerlə pambıq sahəsinə baş çəkdik. Şəhriyar təpəsi ilə üzbəüz 3 hektar sahədə “ağ qızıl” becərib. Qozaların əksəriyyəti açılıb. Təcrübəli fermer əlini kolların üstündə gəzdirərək “məhsulumuz yaxşı gətirib”, – deyir. Qozanın çəkisi 4 qram və hər birində 7-9 çiyid toxumu olur. Aqrotexniki tədbirlər vaxtında görülüb. Bu sahənin hər hektarında 5 tondan artıq məhsul gözlənilir.
Fermer söhbət zamanı deyir ki, sovet dönəmində pambıqçılıq əl əməyi tələb edən ən ağır sahə idi. Torpağın hazırlanması, çiyid səpini, gübrələrin verilməsi, ziyanvericilərə qarşı mübarizə, yığım prosesi tamamilə mexanikləşdirilib. Pambıqçılıqda kətməndən savayı əl əməyi qalmayıb.
Üzündən xoş təbəssüm yağan orta yaşlı bir şəxs bizə yaxınlaşır. Nurəddin bizi tanış edir: şirkətin baş aqronomu Etibar Əmənov. Pambıqçılıqda yaxşı təcrübəsi vardır. İki ildir ki, hektarda 5 tondan yuxarı məhsul yetişdirdiyinə görə respublikada birincilik qazanıb.
“Aqronomun işi şumdan başlayıb yığımda qurtarır”, – deyə Etibar Əmənov söhbət edir: “Rayonun ayrı-ayrı kəndlərində ümumilikdə 1220 hektar pambıq sahəmiz var. Vaxtında lazımi tədbirləri həyata keçirmişik. Hava şəraiti, getdikcə artan xəstəliklər müəyyən çətinliklər yaratsa da öhdəsindən gəlirik”.
“P-AQRO” MMC-nin Biləsuvar filialının direktoru Şakir Sultanov təcrübəli alim-aqronomdur. Uzun illərdir ki, pambıqçılıqla məşğul olur. Fermerlərə çətinliklərin həllində qayğısını, köməyini əsirgəmir. Söhbət zamanı sahənin ortasından Xalid Lətifovun idarə etdiyi “JOHN DEERE” markalı müasir pambıqyığan kombayn bizə tərəf yaxınlaşır. Bunker dolduğundan məhsulu sahənin kənarında dayanmış yük maşınına boşaldır.
Xalid qabaqcıl, təcrübəli kombaynçıdır. Yığım başlanandan 30 hektar sahədə pambıq yığıb. Texnika müasir, kombaynçı işinin ustası olduğundan itkiyə yol verilmir.
Qabaqcıl fermer Nurəddin Mirzəyev taxılçılıqla müqayisədə pambıqçılığın daha sərfəli və gəlirli olduğunu bildirir. Yığım zamanı taxılın kiloqramı 30 qəpiyə, pambığınkı isə 98 qəpiyədir. Məhsulun yetişdirilməsinə görə verilən subsidiyalar da fermerləri razı salır. Təsərrüfatın builki nəticələrinin yüksək olacağı gözlənilir.
Rayonda pambıq yığımı mütəşəkkil qaydada təşkil olunub. Mexanikləşdirilmiş yığımın itkisiz, səmərəli aparılması, xam pambığın sürətli daşınması məqsədilə müasir pambıqyığan kombaynlar, traktorlar və yedəkli qoşqular prosesə cəlb edilib. Təhlükəsizlik məqsədilə lazımi tədbirlər görülüb. Pambıq emalı zavodları və qəbul məntəqələri tam gücü ilə işləyir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Baxış sayı:110
Bu xəbər 23 Oktyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















