Bir daha Himnimiz haqqında
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Kamil Şahverdi
II yazı
(əvvəli BU LİNKDƏ)
Mən Əbülfəz Elçibəylə görüşmək qərarına gəldim. Çünki əgər həqiqətən, belə bir təklif olacaqdısa, onda bizim illərlə gördüyümüz işlər, apardığımız mücadilə heçə enmiş olardı. Xalq Cəbhəsinin qərargahı o dövrdə indiki Nəriman Nərimanov prospektində (keçmiş Sovet küçəsində) Məktəbəqər Pedaqoji Texnikumda yerləşirdi. Gəldim ora və Əbülfəz bəylə görüşə nail oldum. Biz hələ meydan hərəkatından tanış idik və sonrakı illərdə də ara-sıra görüşürdük. Əbülfəz bəyə himn məsələsi ilə bağlı gəldiyimi söylədim. Görüşümüz bir saatdan artıq çəkdi. Mən himnlə əlaqədar görülən işlər haqqında məlumat verdim. Çox gərgin proseslərdən keçmiş və 70 il sovet hakimiyyətinin unutdura bilmədiyi “Azərbaycan marşı”nı bu gün hər bir azərbaycanlının qürur, şərəf, fəxarət hissi ilə sevə-sevə oxumasından danışdım. Görkəmli bəstəkar Aydın K.Azimin himnlə bağlı mövqeyini izah etdim. Əbülfəz bəy məni maraqla dinləyirdi. Dediklərimin hamısını “təbii, təbii” deyərək rəğbətlə qarşıladı. Fikirlərimlə tam razı olduğunu bildirdi. Amma…
Əbülfəz Elçibəy:
“Koroğlu” operasının uvertürası xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Biz uvertüranın sədaları altında bu yola çıxmışıq. Üzeyir bəyin uvertürası xalqımızı azadlığı, müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı və şükür Allaha ki, buna nail olduq. İndi bizim qarşımızda daha böyük və çətin işlər var. Biz kağız üzərində azadlığımızı, müstəqilliyimizi qazanmışıq. İndi vacibdir ki, bunu kağız üzərindən həyatımıza da keçirək, həyatımızda da reallaşdıraq. Bu, çox çətin və uzun yoldur. Əsas mübarizə hələ qabaqdadır. “Koroğlu” operasının uvertürasının missiyası hələ bitməyib. Ona görə düşünürəm ki, uver-türanı himn kimi qəbul etmək doğru olar. Bu, mənim şəxsi fikrimdir. (Əbülfəz bəy bunu xüsusi olaraq bir neçə dəfə vurğuladı -K.Ş.) Bilirəm ki, Milli Şurada komissiya himni müzakirə edir. Ondan əvvəl Ali Sovetdə komissiya yaradılmışdı, orda da müzakirələr aparılıb. Bəzi bəstəkarlar və şairlər yeni himn yazmaq istəyirlər. Bunların hamısından xəbərim var. Mən də öz təklifimi vermək istəyirəm, qoy müzakirə etsinlər”.
Mən uvertüranın himn üçün yaramadığı haqqında fikrimi əsaslandırmağa çalışdım. “Koroğlu” operasının uvertürasının yalnız azadlıq, müstəqillik uğrunda mübarizəmizin simvolu deyil, həm də 1930-cu illərin sonundan bu günə qədər ən çətin, ən ağır, ən dəhşətli vaxtlarda millətimizin milli varlığının qorunmasında əvəzsiz rolu olduğunu qeyd etdim. Həm Güneydə, həm Quzeydə Üzeyir bəyin uvertürasının millətin, xalqın özünü qoruyub saxlamasına xidmətindən danışdım. Bildirdim ki, bütün bunlara görə uvertüranın xalqımız, millətimiz üçün əhəmiyyəti daha böyükdür, daha ucadır.
Əbülfəz bəy fikirlərimi maraqla dinləyirdi. Hətta təklif etdi ki, uvertüra haqqında düşüncələrimi qələmə alım. Bununla yanaşı, o, uvertüranı himn kimi müzakirələrə təklif etmək fikrində israrlı idi. Mən həm buna görə, həm də söhbətimizin uzun çəkməsindən narahatlıq keçirirdim. Çox həyəcanlı idim. Düşünürdüm ki, görüşümüz nəticəsiz başa çatacaq. Otağın qapısı da tez-tez açılırdı. Mən qapıda kimin olmasını görməsəm də, Əbülfəz bəyin “bir az gözləyin” işarəsini aydın görürdüm. Hər dəfə qapı açılanda həyəcanım daha da artırdı ki, kimsə vacib, təcili bir iş üçün gələr və Əbülfəz bəylə söhbətimiz yarımçıq qalar. Ona görə sonuncu arqument kimi söylədim ki, görkəmli bəstəkarımız Aydın K.Azim təkidlə bildirir, “Azərbaycan marşı” formasına, quruluşuna, mahiyyətinə, emosionallıq dərəcəsinə görə əsl himndir. Üzeyir bəy bu əsəri himnin bütün janr xüsusiyyətlərini nəzərə alaraq yazıb. “Azərbaycan marşı” himn standartlarına tam uyğundur. Onu da əlavə etdim ki, “Müstəqillik haqqında” Konstitusiya Aktında da qeyd olunub ki, Azərbaycan Respublikası 1918-1920-ci illər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bayrağımız təsdiq olunubsa, himnimiz də təsdiq olunmalıdır. Əbülfəz bəy bildirdi ki, bayrağımız Cümhuriyyət vaxtı rəsmən qəbul olunduğuna görə təsdiqində heç bir problem olmadı. Himnin təsdiqi ilə bağlı isə heç bir sənəd yoxdur.
Söhbətimiz uzandıqca mənim həyəcanımın dərəcəsi də artırdı. Gözləmədiyim halda Əbülfəz bəy söylədi:
“Mən Aydın bəyin (Aydın K.Azim-K. Ş.) fikirlərinə hörmətlə yanaşıram. Aydın bəy görkəmli bəstəkar və böyük alimdir. Onun fikirləri olduqca qiymətlidir. Əgər o təkid edirsə, demək ki, haqlıdır. Siz gərək nəzərə alasınız ki, Azərbaycan sovet himninin keçməsini istəyən ciddi qüvvələr var. “Azərbaycan marşı”nı təsdiqləmək asan olmayacaq. Azərbaycan sovet himni Üzeyir bəyin gözəl əsərlərindən biri olsa da, ideoloji baxımdan onu himn kimi saxlamaq doğru olmaz. Mən sovet himninin keçməməsi üçün uvertüranı təklif etmək qərarına gəlmişəm. Bilirəm ki, hakimiyyətdə olanlar sovet himnini saxlamaq üçün necə canfəşanlıq edirlər. Əminəm ki, biz uvertüranı təklif etsək, onun əleyhinə çıxmazlar. Bu gün səndən Aydın bəyin arqumentlərini eşidəndə onun haqlı olduğuna əmin oldum. Düşünürəm ki, Milli Şurada da bunu dəyərləndirərlər”.
Mən sevincimdən tez ayağa durub, Əbulfəz bəylə sağollaşıb otaqdan çıxdım. Otağın qarşısında xeyli insan toplaşmışdı. Heç kimin üzünə baxmadan tələsik binanı tərk etdim. Telefon avtomatı tapıb Aydın müəllimə zəng etdim. Şəhərdə görüşdük və mən Əbülfəz bəylə olan söhbətimizi Aydın müəllimə danışdım. Həmin gün sanki çiyinlərimdən ağır yük götürülmüşdü. Çox sevincli və fərəhli idim.
“Azərbaycan marşı”növbəti sınaqla üz-üzə
Bu dövrdə artıq komissiyanın işində də bir müəyyənlik formalaşmışdı. Komissiya üzvlərinin əksəriyyəti “Azərbaycan marşı”nı himn kimi səsverməyə çıxarıb təsdiqləmək fikrində idi. Sovet himninin tərəfdarları komissiyada, demək olar ki, yox idi. Milli Şurada “Komblok” və Ali Sovetin bir çox deputatları sovet himninin keçəcəyinə əmin idilər. Milli Şuraya düşməyən deputatların səlahiyyəti saxlanmışdı. Onlar istənilən mövzunun müzakirəsində məşvərətçi səslə iştirak edə bilirdilər. Ona görə də həm bu səbəbdən, həm də hakimiyyətdəki dayaqlarına arxalanaraq “komblok”da belə bir əminlik yaranmışdı. Komissiyanın növbəti iclaslarının birində Firudin Cəlilov əvvəlki komissiyanln “Azərbaycan marşı”nı himn kimi səsverməyə təklif etmək üçün sənətkarlardan ibarət yaradılmış işçi qrupunun gördüyü işləri məqbul saydığını elan etdi və onların hazırladığı variantı səsverməyə çıxarmağı təklif etdi. İşçi qrupuna Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi Tofiq Quliyev, görkəmli bəstəkar Cövdət Hacıyev, “Azərbaycan marşı”nın bərpaçısı Aydın K.Azim, şairlərdən Vaqif Səmədoğlu və Vaqif Cəbrayılzadə (Bayatlı) daxil idi. Beləliklə, yeni komissiya əvvəlki komissiyanın təklifini dəstəklədiyini elan etdi. Hər iki komissiyanın qərarı eyni idi. İşçi qrupunun üzvləri hələ bir neçə ay bundan əvvəl dəfələrlə toplaşmış və ortaya çıxan bütün sualları həll etmişdir. Doğrudur, Tofiq Quliyev və Cövdət Hacəyev işçi qrupunun iclaslarında iştirak etmirdilər. Çünki Tofiq Quliyevin öz variantı var idi
Cövdət Hacıyev isə səhhəti ilə bağlı müzakirələrə qatıla bilməmişdi. Bəstəkar Aydın K. Azim, şairlər Vaqif Səmədoğlu və Vaqif Cəbrayılzadə dəfələrlə görüşüb müzakirələr aparmışdılar. Ən sonda o zaman Mətbuat və İnformasiya nazirinin birinci müavini Nəriman Həsənzadənin iştirakı ilə onun kabinetində "Azərbaycan Marşı"nın mətninin yekun variantı təsdiqlənmişdi. Bu görüşdə mətndə iki cüzi, amma çox önəmli dəyişiklik edildi. Birinci dəyişiklik haqqında yazının əvvəlki hissəsində məlumat vermişəm.
"Sənə hər dəm can qurban" misrası "Sənə hər an can qurban" kimi qeyd olunub. "Dəm" sözü "an" sözü ilə əvəzlənib. Çünki ifa olunanda "hər dəm" "hərdən" kimi səslənə bilərdi. İkinci dəyişiklik isə o oldu ki, "Sənə bir çox məhəbbət" misrası "Sənə min bir məhəbbət" kimi yazılması qərara alındı. Bu misrada "bir çox" sözləri "min bir" sözləri ilə əvəzləndi.
Milli Şuranın Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyasının son təklifi Bəstəkarlar İttifaqında birmənalı qarşılanmadı. Şairlər arasında da bu təklifə etiraz edənlər oldu. Çünki həm bəstəkarlar, həm də şairlər arasında himn müsabiqəsində öz variantıarı ilə iştirak etmək istəyənlər var idi...
Komissiyanın işində vacib məsələlərdən biri də “Azərbaycan marşı”nın sözlərinin müəllifini müəyyən etmək idi. Çünki bu həssas məsələ tez-tez qaldırılır və mətnin Əhməd Cavada aid olması ilə bağlı faktların ortaya qoyulması tələb olunurdu. Əksəriyyət sözlərin Əhməd Cavada aid olmasına əminliyini bildirsə də, bunu sübut edəcək sənəd tapılmırdı. Arxivlərdən, Əlyazmalar fondundan, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutundan da təsdiqləyici fakt, sübut, sənəd təqdim olunmamışdı. “Azərbaycan marşı”nın ilk dəfə 1965-ci ildə Türkiyədə nəşr olunmasına, 70 il ərzində mühacir həyatı yaşamağa məhkum edilmiş görkəmli şəxsiyyətlərimizin, düşüncə adamlarımızın xidmətləri sayəsində bu əsərin gələcək nəsillər üçün qorunub saxlanmasına nail olduqlarına görə Azərbaycan Kültür Dərnəyi ilə əlaqə yaradıldı. Komissiyanın sədri Firudin Cəlilov onlarla müntəzəm qaydada məsləhətləşmələr aparırdı. “Azərbaycan marşı”nın sözlərinin Əhməd Cavadın adıyla bağlılığının haradan qaynaqlandığı haqqında yazının növbəti hissəsində geniş və ətraflı məlumat verərəm. Bu çox vacib və önəmli məsələyə aid bildiklərimi, topladığım faktları diqqətinizə çatdıracağam. Hələ ki Bakıda gedən mücadilənin təfərrüatına nəzər salaq.
“Azərbaycan marşı” körpə uşaqların və məktəblilərin də sevgisini qazanmışdı
Biz, “Azərbaycan marşı”nın himn kimi təsdiq edilməsini arzulayan bir qrup gənc qərara gəldik ki, orta məktəblərdə və uşaq bağçalarında eksperiment keçirək. Belə ki, məktəb və bağçalarda musiqi dərsi deyən tanışlarımızdan xahiş etdik ki, uşaqlara Azərbaycan sovet himnini və “Azərbaycan marşı”nı bir neçə dəfə dinlətsinlər. Sonra onların hansı əsəri necə qavramaları və reaksiyaları haqqında bizə məlumat versinlər. Təxminən 10 məktəb və o qədər də uşaq bağçasında tanıdığımız müəllimlər bu prosesdə iştirak edirdilər. Bir neçə gündən sonra müəllim tanışlarımızın hamısı bizi heyrətləndirəcək məlumatlarla geri göndülər. İnanılmaz idi. Bütün müəllimlər bir nəfər kimi qeyd etdilər ki, bir neçə dəfə dinləyəndən sonra uşaqlar “Azərbaycan marşı”nı əzbərdən və sevə-sevə oxuyurdular. Bu, qeyri-adi bir hadisə idi. İki-üç dəfə dinləyəndən sonra uşaqların sözləri və musiqini əzbərdən oxuması bizi heyrətləndirmişdi. Üzeyir bəyin “Azərbaycan marşı” uşaqdan-böyüyə bütün millətin qanına hopmuşdu. Bu əsər ana laylası qədər doğma, əziz, halal idi hamıya. Mən bu eksperiment haqqında o vaxtlar Ali Sovetdə işləyən Gülnarə Qurbanovaya (Şıxəli Qurbanovun qızı) danışmışdım. O da çox heyrətlənmişdi buna.
Bir neçə gündən sonra Dovlət Teleradio Verilişləri Şirkətinin həyətində Gülnarə xanımla qarşılaşdım. Mən onda AzTV-də işləyirdim. Gülnarə xanım biıdirdi ki, sabah sizin sədrin otağında komissiya üzvləri ədəbiyyat xadimləri və şairlərlə görüşəcək. Mütləq sən də iştirak edərsən. Növbəti gün günorta saatlarında həmin vaxt Dövlət Teleradio Şirkətinin sədri təyin olunmuş Elşad Quliyevin kabineti- nə yığışdıq. Komissiya üzvlərindən başqa görüşdə Bəkir Nəbiyev, Cabir Novruz, Aslan Aslanov, Qasım Qasımzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, Yaşar Qarayev, Vaqif Cəbrayılzadə (Bayatlı) də iştirak edirdi. Elan olundu ki, tezliklə himn üçün təqdim olunmuş dörd əsərə içtimai dinləmə keçiriləcək. Tofiq Quliyev sovet himnini, Vasif Adıgözəlov “Koroğlu” operasından And xorunu, Musa Mirzəyev “Ey Vətən” xorunu və Aydın Əzimov (Aydın K.Azim) “Azərbaycan marşı”nı təqdim edəcək. Ədəbiyyatçılar və şairlər sovet himninin hansı sözlərlə ifa olunacağı ilə maraqlandılar. Komissiya üzvləri bildirdi ki, hələ münasib mətn seçilməyib. Mübahisə yarandı ki, mətn seçilməyibsə, niyə içtimai dinləməyə çıxarılır? Komissiya işi yekunlaşdırmaq lazım olduğunu dəfələrlə vurğulasa da, ədəbiyyat xadimləri bunun doğru olmadığını qeyd edirdilər. Vəziyyət getdikcə gərginləşirdi. Vaqif Cəbrayılzadə əsəbi halda söylədi ki, biz niyə özümüzü dağa-daşa salırıq? Nəyə və kimə lazımdı bu? Üzeyir Hacıbəyli Azərbaycan Demokratik Respublikasının himnini yazıb, bizə miras qoyub. Vaqif Səmədoğlu və bəstəkar Aydın Əzimovla biz “Azərbaycan marşı” üzərində diqqətlə işləmişik. Himnimiz hazırdır. Səsə qoyun, qəbul edin, bitsin bu iş. Nə qədər olar, eyni fikirləri hər dəfə müzakirə edirik, sonra dağılışıb gedirik. Artıq buna heç bir əsəb dözmür. Bir addım belə irəliləyə bilmirik. Bizə mane olan nədir?..
Vaqif Cəbrayılzadənin əsəbi çıxışından sonra Yaşar Qarayev söz aldı. Ədəbiyyatşünas alim Yaşar Qarayev bildirdi ki, “Azərbaycan marşı”nın sözlərinin müəllifi Əhməd Cavad olmasını təsdiqləyən rəsmi sənəd yoxdur. Biz himni qəbul edirik, amma söz müəllifinin kimliyini hələ də tapa bilməmişik. Azərbaycanda heç bir sənəd, dəlil, sübut yoxdur. Düzdür, mətn Əhməd Cavadın dilinə, üslubuna çox yaxındır. Ancaq nə əlyazma, nə də bu haqda başqa bir məlumat əldə olunmayıb. Türkiyəyə müraciət etmişik, orda arxiv- lərdə axtarılır. Bəkir Nəbiyev də Yaşar Qarayevin fikirlərini dəstəklədi. Vaqif Cəbrayılzadə yenidən söz alaraq bildirdi ki, mətnin Əhməd Cavada aid olmasına qətiyyən şübhə yoxdur. Onun dilidir, onun üslubudur. Komissiya sədri Firudin Cəlilov bildirdi ki, biz də Türkiyədəki dostlarla əlaqə saxlamışıq. Onlar da bu işlə məşğuldurlar. Ümid edirik ki, tezliklə bu məsələyə aydınlıq gətiriləcək.
Gülnarə Qurbanova görüş iştirakçılarına müraciət edərək bildirdi ki, bizim gənclər maraqlı bir iş görüblər. İcazənizlə Kamil Şahverdiyevə söz verək, ətrafll danışsın. Mən bizim məktəb və bağçalarda keçirdiyimiz eksperiment haqda məlumat verdim. Hamı məni maraqla dinləyirdi. Aslan Aslanov mənim çıxışımdan sonra söylədi ki, biz gənclərimizin istəyinə hörmətlə yanaşmalıyıq. Onlar bu ölkənin gələcəyidir. Qasım Qasımzadə də bizi dəstəklədiyini bildirdi və komissiya üzvlərindən xahiş etdi ki, bunları nəzərə alsınlar. Vaqif Cəbrayılzadə bildirdi ki, xalqımız, gənclərimiz “Azərbaycan marşı”nı artıq himn kimi qəbul edib. Bunu, sadəcə, rəsmiləşdirin, bitsin məsələ.
Görüş müsbət əhval-ruhiyyədə yekunlaşdı, iştirakçılar dağılışmağa başladılar. Aslan Aslanov qoluma girdi və biz birlikdə həyətə çıxdıq. Aslan müəllim mənə dedi ki, siz nə yaxşı iş görmüsünüz, mən çox fərəhləndim. Afərin sizə.
Bir neçə gündən sonra elan olundu ki, 1992-ci il may ayının 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında himn üçün təqdim olunmuş əsərlərin ictimai dinlənməsi olacaq. Bəstəkarlar notları filarmoniyada orkestrə təqdim etdilər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri məşqlərə başladı.
İçtimai dinlənməyə təxminən iki həftə vaxt qalmışdı. Bir gün Aydın K.Azim dedi ki, dünən Cövdət Hacıyevlə telefonda danışmışam. Bu gün məni evinə dəvət edib. Partituraya, klavirə baxmaq istəyir. Yeri gəlmişkən, qeyd edim ki, Ramiz Nustafayevdən sonra Cövdət Hacıyev bəstəkarlardan yeganə insan idi ki, “Azərbaycan marşı”nın himn kimi qəbul olunmasının tərəfdarı idi. Onun nüfuzu, avtoriteti, peşəkarlığı çox böyük dəyərə malik idi. Yadımdadır, Dövlət Televiziyasının Səsyazma Evində bəstəkarlarla görüşdə hamı “Azərbaycan marşı”nın əleyhinə çıxış etdi. Ramiz Mustafayevdən başqa bəstəkatların, demək olar ki, hamısı bir nəfər kimi “Azərbaycan marşı”nın himn üçün yaramadığını deyəndə bayaqdan bütün olanları sakitcə dinləyən Cövdət Hacıyev səsini qaldırmadan, aramaram danışmağa başladı:
“Himn üçün təklif olunan bütün variantlar ayrı-ayrılıqda çox qiymətli əsərlərdir. Onların hər birisi himn olmağa layiqdir. Çünki onlar hamısı böyük müəllimimiz Üzeyir bəyin əsərləridir. Bizim xoşbəxtliyimiz ondadır ki, Üzeyir bəy kimi dahi şəxsiyyətimiz var. Bizim üzərimizə böyük tarixi və məsuliyyətli missiya düşüb. Dövlətin himnini seçməliyik. Hamınızı diqqətli olmağa dəvət edirəm. Fikir verin, təklif olunan əsərlər, Aydın Əzimovun təklifindən başqa, bizə çox yaxşı məlumdur. Biz bu əsərləri sevirik, onlarla yaxından tanışıq. Amma Aydın Əzimovun təklif etdiyi əsər bizə məlum deyildi. Bu yaxınlarda biz Üzeyir bəyin bu əsəri ilə tanış olmuşuq. Bu da Aydının xidmətləri sayəsində baş verib. Mən əsəri Aydının redaktəsində bir neçə dəfə dinləmişəm. Qeyd etməliyəm ki, Aydın Əzimov yüksək peşəkarlıqla bu işin öhdəsindən gəlib. Mən onu hələ gənc yaşlarından yaxşı tanıyıram. Rektor olduğum müddətdə konservatoriyada təhsil alıb. Əsərləri həmişə məndə maraq oyadıb. Bu gün gördüyü işə görə mən Aydın Əzimova dərin təşəkkürümü bildirirəm və ona uğurlar diləyirəm.
Mənim fikrimi bilmək istəyirsinizsə, mən Üzeyir bəyin “Azərbaycan marşı”nın himn kimi qəbul olunmasının tərəfdarıyam”.
Cövdət Hacıyev danışarkən zalda tam sakitlik yaranmışdı. Hamı diqqətlə onu dinləyirdi. Canlı klassik, ağsaqqal bəstəkar çıxışından sonra üzrxahlıq edərək iclası tərk etdi. Bu çıxışdan sonra nəsə deməyin yersiz olduğu hamıya məlum idi. Komissiyanın sədri Fazil Muradəliyev iclası yekunlaşdırdı və növbəti müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcəyini bildirdi.
İndi Aydın müəllimlə Cövdət Hacıyevin görüşü çox maraqlı idi. Ustad sənətkarın mövqeyi çox şeyi həll edirdi. Bir neçə saatdan sonra Aydın müəllimlə Cövdət Hacıyevin yaşadığı (Sahil bağının yanında, Rəssamlar İttifaqının yerləşdiyi bina) evə tərəf yollandiq. Aydın müəllim yuxarı qalxdı, mən də Sahil bağında onu gözləyirdim. İki saatdan artıq gözləməli oldum. Nəhayət, Aydın müəllim qapıda görsəndi. Çox fərəhli idi. İki saat bundan qabaq gördüyümdən tamam fərqli idi. Mən tələsik yaxınlaşdım və səbirsizliklə soruşdum: “Nə oldu, necə oldu, Cövdət müəllim nə dedi?”
Aydın müəllim gülümsəyərək, – hər şey əladır, narahat olma, gedək bir yer tapaq, oturaq, hər şeyi danışaram, – dedi.
Aydın müəllim başladı ətraflı danışmağa:
“Cövdət müəllim məni çox səmimi, çox mehriban və isti qarşıladı. Əvvəl qonaq otağında oturduq, hal-əhval tutdu. Əminə xanım (Cövdət Hacıyevin xanımı, milli rəqslərimizin mahir bilicisi, görkəmli rəqs ustası Əminə Dilbazi-K. Ş.) çay süfrəsi açdı. Çay içə-içə məndən “Azərbaycan marşı” haqqında, tarixi haqqında, bu işı necə başlamağım haqqında soruşdu. Mən ətraflı danışdım. Lap tələbəlik illərində olduğu kimi. Biz oxuyanda Cöv-dət müəllim konservatoriyanın rektoru idi. Hələ o vaxtdan mənə isti münasibəti vardı. Çayımızı içəndən sonra məni kabinetə dəvət etdi və zarafatla dedi: Çay içdik, daha bəsdi, gedək bir az işləyək. Kabinetdə partituranı məndən aldı, diqqətlə o üzünə, bu üzünə baxdı. Sonra eynəyini taxaraq özünəməxsus amiranəliklə partituranı açdı. Elə ilk andan sanki bütünlüklə Üzeyir bəyin musiqi dünyasına daxil oldu. Hər səhifəni diqqətlə yoxladı. Sona çatıb bir də yenidən əvvələ qayıtdı. Yenə eyni maraqla, eyni diqqətlə səhifələrin hamısını yoxladı. Bir yerdə dedi ki, Aydın, burda valtorna ilə trambonun yerini dəyişmək pis olmaz. Özü dedi, dərhal da davam etdi ki, yox, ehtiyac yoxdur. Hər şey yerindədi. Mən böyük, ustad bəstəkardan, dəyərli müəllimdən maraqlı təkliflər eşitmək istəyirdim. Anacaq Cövdət müəllim qətiyyətlə söylədi ki, hər şey yüksək səviyyədədi, heç nəyi dəyişmə.
Cövdət müəllim partituranı mənə qaytardı və ayağa durub məni qucaqladı. Hər iki əlimi tutub dedi: “Sən heç bilirsən, necə böyük iş görmüsən? Bu, tarixi bir işdir. Hər bir bəstəkar arzulayardı ki, bu işi görmək ona nəsib olsun. Mən çox sevinirəm ki, bu işi sən görmüsən. Halal olsun! Mən səninlə qürur duyuram. Xoşbəxtəm ki, sən mənim rektorluğum dövründə oxumusan. Çox sağ ol. Gedək bir çay da içək”.
Gəldik yenə qonaq otağına. Cövdət müəllim Əminə xanımdan bizə çay verməsini xahiş etdi.
Üzbəüz oturmuşduq. Ancaq Cövdət müəllimin nəzərləri tarixin dərinliklərinə dikilmişdi. Asta-asta, sanki özüylə danışırdı:
“Qəribədir, Üzeyir bəy bu əsərlər barədə bizə heç nə deməyib. Yəqin, bizi qorumaq üçün bizdən gizlədib bunları. İstəməyib ki, başımız ağrısın...
Aydın, sən çox böyük iş görmüsən. Həm də sən Üzeyir bəyin ruhunu, nəfəsini qorumusan. Çox gözəl işləmisən bunu. Mən çox bəyəndim.
Orda (müzakirələrdə-K.Ş.) mənim fikirlərimi hamıya çatdıra bilərsən. Əgər səsvermə olarsa, mən ikiəlli sənin işinə səs verirəm. Lazım bilsələr, zəng eləsinlər, mənim fikrimi soruşsunlar. Düşünürəm ki, Azərbaycanın himni mütləq bu əsər olmalıdır”.
Mən təşəkkür edib getmək üçün icazə istədim. Cövdət müəllim də qalxdı və Əminə xanımı çağıraraq dedi ki, gəl sağollaş, Aydın günümüzün qəhrəmanıdır. Əminə xanımın əlini opüb sağollaşdım. Cövdət müəllim məni qapıya qədər ötürdü. Qapını açıb mənə tərəf döndü və dedi:
“Aydın, mən səninlə fəxr edirəm. Çox sağ ol, belə böyük bir işi görmüsən. Xahiş edirəm, müzakirələrin nəticəsi haqqında mənə məlumat verərsən”.
Biz Aydın müəllimlə həmin gün çox xoşbəxt anlar yaşadıq. Üzeyir bəyin tələbəsi, canlı klassik, zəmanənin böyük bəstəkarı, əvəzolunmaz pedaqoq, konservatoriya tarixinin ən dəyərli rektoru Cövdət Hacıyev “Azərbaycan marşı”na xeyir-duasını vermişdi.
1992-ci il mayın 25-nə sayılı günlər qalmışdı. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında himn üçün təqdim olunmuş əsərlərin ictimai dinlənməsi olacaqdı. Əsərlərin dördü də Üzeyir bəyə məxsus idi.

