Icma.az
close
up
RU
Bonn Avropanın yaşıl paytaxtı olmağa doğru MÜSAHİBƏ

Bonn Avropanın yaşıl paytaxtı olmağa doğru MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

2035-ci ilədək iqlim üzrə neytral Bonn: şəhərsalmada davamlılıq, biomüxtəliflik və yaşıl texnologiyalar modeli

Bakı, 3 iyul, Pərvanə Qafarova, AZƏRTAC

Almaniyanın qərbində yerləşən Bonn şəhəri həm zəngin tarixi irsi, həm də müasir dayanıqlı inkişaf modeli ilə seçilir. Keçmişdə Almaniya Federativ Respublikasının paytaxtı olmuş Bonn (1949-1990) bu gün BMT-nin iqlim və ətraf mühit üzrə əsas mərkəzlərindən biridir. Şəhər innovativ yaşıl texnologiyalar, biomüxtəlifliyin qorunması və vətəndaş iştirakı ilə nümunəvi inkişaf strategiyası həyata keçirir. Bonn, həmçinin yaşıl şəhər statusuna malik olmaqla, iqlimə davamlı və inklüziv gələcəyin qurulmasında Avropada aparıcı rol oynayır. Bu şəhərin Ətraf Mühit və Şəhər Yaşıllığı İdarəsinin əməkdaşları 110 000-dən çox ağaca, 40 qəbiristanlığa və 2000-ə yaxın futbol meydançası böyüklüyündə yaşıl sahələrə nəzarət edirlər. Qurum həmin sahələrə qayğı göstərilməsi ilə yanaşı, obyektlərin planlaşdırılması və tikintisinə, eləcə də ərazilərin ayrılmasına cavabdehdir. Bonn 2021-ci ildə “Təbii yaşıl şəhər” təşəbbüsü çərçivəsində “Bioloji Çeşidlilik üçün Bələdiyyələr” (“Kommunen für biologische Vielfalt”) alyansının qızıl nişanı ilə təltif olunub. Həmçinin “Avropanın ən həşərat-dostu şəhərlərindən biri” (“İnsect Respect Award”), Ədalətli Ticarət Şəhəri (“Fairtrade Town”), BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Pilot Şəhər - BMT-nin 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) əsaslanan siyasətin yerli səviyyədə tətbiqi sahəsində nümunəvi şəhər kimi tanınıb və bu istiqamətdə “SDG Action Award” platformasında iştirak edib. Bonn Almaniyanın üzvi şəhərlər (“Bio-Städte”) şəbəkəsinin də rəsmi üzvüdür. Bu status şəhərin üzvi kənd təsərrüfatı məhsullarının təşviqində və ictimai iaşə müəssisələrində ekoloji qidalanmanın tətbiqində lider mövqeyini tanıyır.

AZƏRTAC-a müsahibəsində Bonnun Ətraf Mühit və Şəhər Yaşıllığı İdarəsinin rəhbəri David Baier Almaniyanın yaşıl paytaxtının - Bonn şəhərinin uğurları və bu istiqamətdə göstərdiyi fəaliyyət barədə ətraflı bəhs edib.

-Bonn dayanıqlılıq sahəsində tez-tez göstərdiyi səylərə görə tanınıb. Buranın yaşıl şəhər kimi ümumi baxışını necə təsvir edərdiniz?

- Bonnun yaşıl şəhər kimi ümumi baxışı 2035-ci ilədək iqlim üzrə neytral, inklüziv və dayanıqlı bir şəhər icması olmaqdan ibarətdir. Bu baxış dayanıqlı siyasətin və gündəlik həyatın bütün sahələrində tətbiq olunduğu bir şəhəri nəzərdə tutur. Şəhərin strategiyası BMT-nin 2030 Gündəliyi və 17 Dayanıqlı İnkişaf Məqsədi əsasında qurulub və Bonn bu məqsədləri 2019-cu ildə qəbul edilmiş Bələdiyyə Dayanıqlılıq Strategiyası vasitəsilə sistemli şəkildə həyata keçirir. Bonn yerli səviyyədə iddialı iqlim tədbirləri, biomüxtəlifliyin qorunması, sosial bərabərlik və beynəlxalq əməkdaşlığı birləşdirən bir model olaraq çıxış etməyi və vətəndaşları üçün yüksək həyat keyfiyyəti təmin etməyi hədəfləyir.

- Şəhərin iqliminə uyğunlaşma sahəsində həyata keçirdiyi strategiyalar hansılardır?

- Strategiya çoxşaxəlidir və burada həm qısamüddətli uyğunlaşma tədbirlərinə, həm də uzunmüddətli struktur dəyişikliklərinə diqqət yetirilir. Əsas strategiyalar bunlardır:

İqlimə Uyğunlaşma Konsepsiyası – bu konsepsiya şəhərin iqlim dəyişikliyinə dayanıqlı gələcəyi üçün bir yol xəritəsi kimi çıxış edir. Konsepsiyada şəhər infrastrukturu və planlaşdırmanın iqlim dəyişikliyinin qaçılmaz nəticələrinə – məsələn, istilik dalğaları və güclü yağışlara – uyğunlaşdırılması vurğulanır.

İqlim Planı 2035 – şəhərin iqlim üzrə neytrallığa nail olmaq strategiyasını əhatə edir və bu strategiyaya uyğunlaşma tədbirləri də daxildir. Plan ictimaiyyətin iştirakı ilə, xüsusilə “Bonn4Future” təşəbbüsü çərçivəsində hazırlanıb. “İqlimə Neytral Bonn 2035” proqram ofisi iqlimlə bağlı tədbirləri koordinasiya edir, irəliləyişləri mütəmadi izləyir və uyğunlaşmanı bələdiyyənin bütün aidiyyəti strukturlarına inteqrasiya edir.

Biomüxtəliflik Strategiyası – şəhərin biomüxtəlifliyin qorunması və artırılmasına yönəlmiş əsas çərçivədir. Yerli təbiəti mühafizə orqanı tərəfindən koordinasiya edilən bu strategiya 12 fəaliyyət sahəsində 36 strateji məqsədi əhatə edir. Əsas istiqamətlər - yaşayış sahələrinin əlaqələndirilməsi, suyun keyfiyyəti, torpağın betonlaşdırılmasının azaldılması, yaşıl ərazilərin qorunması və biomüxtəlifliyə dost olan şəhər inkişafıdır. Strategiya ictimai iştirakçılığı təşviq edir və maarifləndirmə tədbirləri həyata keçirir.

“Sünger şəhər” (Schwammstadt) Konsepsiyası – bu yanaşma şəhəri suya həssas və iqlimə uyğunlaşdırılmış bir məkana çevirməyi hədəfləyir. Burada yağış suyu dəyərli resurs kimi qəbul olunur və təbiət əsaslı həllər şəhər planlaşdırmasına və inkişaf məsələlərinə inteqrasiya edilir.

Bu strategiyalar bütövlükdə Bonn şəhərini iqlim dayanıqlılığı sahəsində nümunəvi şəhərə çevirməyə yönəlib və iqlim təsirlərinə qarşı həssaslığı azaltmaqla yanaşı, şəhərdə yüksək həyat keyfiyyəti təmin edir.

- Bonn şəhərindəki İqlim Qülləsi və digər binalar yaşıl damlarla təchiz olunub. Bu texnologiyaların ətraf mühit və şəhər üçün faydalarını izah edə bilərsinizmi?

- Binaların yaşıllaşdırılması sıx məskunlaşmış ərazilərdə iqlimə uyğunlaşma üçün mühüm tədbirdir. Yaşıl damlar və fasadlar su dövriyyəsini dəstəkləyir və nəticədə yaranan buxarlanma soyutması təbii kondisioner effekti yaradır. Bu, mikroiqlimi yaxşılaşdırır, həyat keyfiyyətini artırır və uzunmüddətli istilik, quraqlıq və güclü yağışlar kimi prosesləri yumşaldır. Digər müsbət təsirlərə hava təmizlənməsi, toz hissəciklərinin tutulması, yağış suyunun saxlanması, temperaturun isti və soyuq havalarda tarazlaşdırılması, dam örtüyünün qorunması, biomüxtəlifliyin artırılması daxildir. Günəş panelləri ilə birgə qurulan yaşıl damlar isə iqlim mühafizəsi ilə iqlimə uyğunlaşmanı effektiv şəkildə birləşdirir.

- Şəhərinizdə yaşıl damların tətbiqi nə qədər geniş yayılıb? Özəl və ya kommersiya binaları üçün stimullaşdırıcı tədbirlər varmı?

- Yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi üçün özəl və kommersiya binalarına stimullar təqdim edən dəstək proqramı mövcuddur. Bu proqram hər il bələdiyyə büdcəsindən ayrılan 100 000 avro vəsaitlə maliyyələşdirilir. Yaşıllaşdırma tədbirinin ümumi dəyərini 50 faiz əhatə edən subsidiyalar verilir. Bu günə qədər maliyyələşdirilmiş yaşıl dam sahəsi 5122 kvadratmetr təşkil edir ki, bu da ən böyük paydır. Bundan əlavə, 382 kvadratmetr fasad yaşıllaşdırılması və 1224 kvadratmetr sahənin yaşıllaşdırma məqsədilə beton örtükdən təmizlənməsi həyata keçirilib. Şəhər administrasiyası yaşıl damların ümumi sayı barədə dəqiq məlumata malik deyil.

- Bonn Avropanın ən həşərat-dostu şəhərlərindən biri seçilib. Bu tanınmaya hansı təşəbbüslər və dizayn yanaşmaları səbəb olub?

- Bu, biomüxtəlifliyə, yaşayış mühitinin yaradılmasına və dayanıqlı urban idarəetməyə yönəlmiş genişmiqyaslı təşəbbüslər və dizayn yanaşmalarının nəticəsidir. Məsələn, şəhərin ərazisinin təqribən 50 faizi mühafizə olunan yerlər (landşaft və təbiət qoruqları) kimi təsnif olunub və bu məkanlar müxtəlif heyvan və bitki növləri üçün vacib yaşayış mühitləri yaradır.

Şəhər “StadtGrün naturnah” (“Təbii yaşıl şəhər”) təşəbbüsü çərçivəsində “Kommunen für biologische Vielfalt” (“Bioloji Çeşidlilik üçün Bələdiyyələr”) alyansının qızıl nişanı ilə təltif olunub. Bu, urban yaşıl məkanlarda biomüxtəlifliyin təşviqi sahəsində nümunəvi fəaliyyətlərin göstəricisidir.

“Çəmənlik proqramı” və “Qəbiristanlıqda yaşayış mühiti” layihəsi yerli Bioloji Stansiya ilə tərəfdaşlıqda həyata keçirilir. Bu çərçivədə çəmənliklər və qəbiristanlıqlar növlərlə zəngin yaşayış sahələrinə çevrilib. Xüsusilə kəpənəklər və vəhşi arılar üçün qida və ekoloji keçid zonaları yaradılır.

Bonn kiçik yol kənarı zolaqları beton örtüyündən təmizləyərək gül zolaqlarına çevirir, bu da bitki müxtəlifliyini artırır və həşəratlar üçün yeni yaşayış mühiti yaradır.

“Yaşıl binalar üçün dəstək proqramı” – Bonn özəl yaşıl dam və fasad layihələrini maliyyələşdirir, bu da əlavə həşərat yaşayış sahələri yaradır, istilik dalğaları və güclü yağışlar kimi iqlim çağırışlarına qarşı tədbir kimi çıxış edir.

Bonn “Bio-Stadt” adlı Almaniyanın Üzvi Şəhərlər Şəbəkəsinin üzvüdür və bələdiyyə müəssisələrində üzvi qidanın təşviqini aparır, şəhərə məxsus kənd təsərrüfatı torpaqlarının davamlı idarə olunmasını dəstəkləyir. Aqroekoloji təcrübələr – aqromeşəçilik, permakultura və qarışıq əkinçilik – biomüxtəliflik və həşərat populyasiyalarının artımına töhfə verir. “Həşəratlar üçün çiçəklər” layihəsi uşaq bağçalarında həyata keçirilir və uşaqları biomüxtəliflik təşəbbüslərinə cəlb edir. “Bonn-Rundum nachhaltig” adlı illik davamlılıq festivalı ictimaiyyəti maarifləndirir və şəhərin dayanıqlı inkişaf sahəsində təşəbbüslərini nümayiş etdirir.

-Ekoloji qoruma ilə artan şəhər əhalisinin tələbləri arasında necə balans yaradılır?

- Bonn şəhəri ekoloji mühafizə ilə artan urban əhalisinin tələbləri arasında inteqrə olunmuş, dayanıqlılıq əsaslı yanaşma ilə balans yaradır. Bu yanaşma urban inkişafı, iqlim tədbirləri, biomüxtəlifliyin qorunması və sosial inklüzivliyi birləşdirir. Bonnun siyasəti və planlaşdırmasında ekoloji məqsədlər bütün sahələrə inteqrasiya edilir və beləliklə ətraf mühitin qorunması şəhər böyüməsinə qurban verilmir. Əvəzində sinerji yaradılır – yaşıl infrastruktur genişləndirilir, davamlı nəqliyyat təşviq olunur və inklüziv iştirak imkanları gücləndirilir – bununla həm insan, həm də təbiət Bonnun gələcək inkişafında birgə tərəqqi edə bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri