Icma.az
close
up
RU
“Böyük axund”, “Alimlərin sultanı”, “Fazillərin sübutu”

“Böyük axund”, “Alimlərin sultanı”, “Fazillərin sübutu”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövlanə Yusif Qarabağini müasirləri “14 gecəlik ay” da adlandırırdılar

Mövlanə Yusif Qarabaği

Mənə elə gəlir ki, Səmərqəndin və Buxaranın tarixi mənim öz bioqrafiyamdır və mən bu şəhərlərlə bir gündə doğulmuşam. Hərdən də bu məkanlara uzaqdan baxıb «Səmərqəəənd», “Buxaraaa” deyə bağırmaq istəyirəm. Niyə belədir? Mən heç vaxt bu suala cavab axtarmaq amacında olmamışam. Səmərqənd də, Buxara da insanı suallar qarşısında qoyan şəhələr deyil. Hər qarışı, hər addımı keçmişlə bağlı olsa da, insanı daha çox sabaha, gələcəyə baxmağa çağıran şəhərlərdir Səmərqənd də, Buxara da...

Bir də Səmərqənd uşaqlıq yuxularımın şəhəridir, Təbriz kimi... Uşaqlıqda nədənsə bir Səmərqənd, bir də Təbrizdən daha çox tarixi əsərlər oxumuşam, bəlkə də elə ona görə yuxularımda daha çox bu şəhərləri seyr eləmişəm. Təbriz öz yerində, nədənsə elə düşünmüşəm ki, Səmərqənd də Azərbaycan şəhəridir. Böyüyəndən sonra görmüşəm ki, belə deyil və dünya şəhərləri içərisində nədənsə, Təbriz və Səmərqəndi daha çox görməyi arzulamışam. Çox sonralar Allah arzularımı yerinə yetirdi, Səmərqəndi də, Təbrizi də görmək və gəzmək mənə qismət oldu...

***

Yusif Qarabaği (İbn Məhəmmədcan Yusif əl-Qarabaği əl-Məhəmməd Şahi) Azərbaycanın Qarabağ mahalında, təxminən, 1562-1563-cü illərdə ruhani ailəsində doğulub. Digər məlumata görə, 1570-ci ildə Bərdə şəhəri yaxınlığında, Tərtər çayının sağ sahilində yerləşən Mehribanlı kəndində anadan olub. İlk təhsilini də orada alıb, yeniyetmə çağlarında atası onu Şirvana mədrəsədə təhsil almağa göndərib, orada müəyyən müddət qalb, o vaxtın Şirvan üləmalarından və alimlərindən dərs alıb. Şirvandakı müəllimləri Yusif Qarabağinin elmlərə dərin marağını görüb onu İrana, dövrün böyük filosofu Mirzəcan Şirazinin yanına göndərirlər. Yusif Qarabaği Mirzəcan Şirazidən elmləri dərindən mənimsəyir. Riyaziyyat, astronomiya, tibb və digər elmləri öyrənir, fəlsəfə sahəsində daha çox tanınır.

O zaman həm Şirvanda, həm də İranda sünnilərlə şiələr arasında qarşıdurma yaranmışdı. Həm Mirzəcan Şirazi, həm də Yusif Qarabaği şiəliyin əleyhinə çıxış edirdilər.

Şiəliklə sünnilik arasında qarşıdurma daha da güclənirdi. Belə şəraitdə yaşamaq istəməyən Mirzəcan Şirazi və şagirdi Yusif Qarabaği mühacirət yolunu seçir, İrandan Hindistanın Lork şəhərinə gedirlər. Onlar bir müddət Hindistanda qalandan sonra Şərqin mühüm elm və mədəniyyət mərkəzlərindən biri olan Səmərqəndə gəlirlər.

Əvvəl Səmərqənd, sonra isə Buxarada müəllimi ilə birlikdə məskunlaşan Yusif Qarabaği bu şəhərlərdə o dövrün filosof və şairləri ilə dostluq edir, hörmət-izzət sahibi olur.

***

Bir neçə il bundan əvvəlin söhbətidir. Daşkənddə XVI əsrin sonu, XVII əsrin əvvəllərində Türküstanın fəlsəfi fikir tarixi mövzusunda keçirilən bir konfransda Yusif Qarabağinin adını eşitdim. Tədbirdən sonra məruzəçiyə yanaşıb Qarabaği haqqında daha geniş məlumat istədim və onun milliyyəti ilə maraqlandım.

Cavab verdi ki, Qarabaği mənim mövzum deyil və əlavə etdi ki, “Если он не узбек, значит таджик”. Soruşdum ki, axı onun üzərində möhürü var, yəni Qarabağ. Dedi ki, məntiqi sualdır, öyrən, mənbələrdə məlumatlar var.

Və öyrəndim...

***

Mədrəsədə dərs deyən Yusif Qarabaği qısa müddət ərzində Səmərqənd və Buxaranın filosof və şairləri arasında hörmət qazanır, “Böyük axund” ləqəbi ilə çağırılır. Burada o, mistik təmayüllərdən fərqli olan sufilərin kübrəviyyə təriqətini qəbul edir. Bu əqidəni daşıyan sufilər əslində azadfikirli adamlar idi.

Yusif Qarabaği Səmərqənddə Hüseyniyə xanəgahında yaşayır, şəhərin məşhur alimləri və filosofları ilə dostluq edir, Mövlanə Cəlaləddin Dəvvaninin “Şərhi əqaidi-əzüdi” əsərinə haşiyə və əlavələr yazır. “Haşiyeyi Xanigahı” adlanan əsərini 1590-cı ildə ustadı Əbu Hamid Xəlilullaha təqdim edir. “Haşiyeyi Xanigahı” əsəri müasirləri tərəfindən birmənalı qarşılanmır, onların bir hissəsi əsəri tənqid edir, digərləri tərifləyir.

***

O dövrdə Buxaranın əmiri Bahadur xan şairlərə və alimlərə diqqətlə yanaşırdı, özü də şeir yazır və elmin müxtəlif sahələrinə dair kitablar ortaya qoyurdu. Bahadur xan şair təbli olduğundan alim və şairlərin məclislərinə gedir, onlarla dostluq etməyi üstün tuturdu. Sarayda alimlərin, şairlərin, nəqqaşların, xəttatların işləməsi üçün münbit şərait yaratmışdı. Buna görə də Yusif Qarabaği sevimli müəllimi Mirzəcan Şirazi ilə birlikdə Səmərqənddən Buxaraya köçür.

Əmir Bahadur xan Yusif Qarabaği ilə ustadı Mirzəcan Şirazinin gəlişini xoş qarşılayır. Onların işləmələri, yaşamaları və yaradıcılıqla məşğul olmaları üçün lazımi şərait yaradır. Getdikcə Qarabaği ilə Bahadur xan arasında dostluq münasibətləri yaranır. Filosof burada yaradıcılıqla məşğul olur və fəlsəfi əsərlər, şeirlər yazır. Çox keçmir ki, Yusif Qarabaği Əmir Bahadur xanın sevimlisinə və yaxın dostuna çevrilir.

Bu dostluğun nəticəsidir ki, Əmir Bahadur xan Yusif Qarabağinin şərəfinə 1619-cu ildə Buxarada böyük bir kitabxana tikdirir, onu da kitabxanaya rəhbər təyin edir. Yusif Qarabaği burada daha çox Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, Tusi, Qəzvini, Davvani, Taftazani, həmçinin Aristotel, Platon, Pifaqor, Sokrat kimi filosof alimlərin əsərlərinə şərhlər yazır. Böyük filosof əsərlərində dünyanın vahidliyi ideyasını müdafiə edir, varlığı fəlsəfənin obyekti hesab edir. Alim yazır ki, təbiətlə insan arasındakı münasibət tək ilə cəm, hissə ilə tam arasındakı münasibətə oxşayır. Yusif Qarabaği daha çox şair, filosof və müəllim kimi tanınsa da, tibbə dair əsərləri də uzun müddət həkimlərin sevimli kitabı olub.

Böyük alimin İbn Sinanın “Qanun” əsərinə yazdığı şərh və izahlar yalnız o dövrdə deyil, özündən sonrakı yüzilliklərdə də böyük maraqla qarşılanıb. Yusif Qarabağinin hüquq, dövlətin idarə olunması ilə bağlı yazdığı əsərlərdən əmirlər, sultanlar, saray əyanları və divan üzvləri bəhrələnir, Qarabağinin özündən də məsləhətlər alırdılar. Müasirlərinin yazdıqlarına görə o vaxt bu kitabxana Buxarada zəmanəsinin ən zəngin elm mərkəzi kimi məşhur idi. Yusif Qarabaği burada məhz elmi-tədqiqat işləri ilə məşğul olur, fəlsəfə və hüquqa dair bir sıra orijinal əsərlərini də məhz burada yaradır. Kitabxanada tez-tez ilahiyyat, fəlsəfə, astronomiya və digər sahələrlə bağlı elmi mübahisələr keçirilir, bu söhbətlərin əksəriyyətində Qarabaği qalib çıxırdı. O, Yaxın və Orta Şərq xalqları və alimləri arasında şöhrət qazanmış əsərlərin müəllifi kimi tanınırdı.

Özbək alimi M.Nurutdinov 1996-cı ildə Daşkənddə rus dilində çap etdirdiyi “Из истории общественно-философской мысли Средней Азии в 16-17 веках” kitabında isə yazır ki, Yusif Qarabaği 1619-cu ildə Buxarada oğlu Yaqub üçün xüsusi kitabxana tikdirib, tikintidə şəhərin ən yaxşı memar və ustaları işləyib.

***

Türküstanın məşhur təzkirəçisi Mir Şərif Seyid Xacə Raqemi “Tarixi Raqemi” əsərində yazır:”Alimlərin sultanı, fazillərin sübutu olan Mövlanə Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik tacü-təxtində əzizlənən və elm səmasında 14 gecəlik ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə müasirlərindən bir istisna təşkil etmişdir”.

Filosofun getdikcə məşhurlaşması müasirləri olan alimlərin bir çoxunun xoşuna gəlmir, ədib isə kitabxanaya çəkilib ancaq yaradıcılıqla məşğul olur. Böyük alim və filosof 1647-ci ildə (bəzi qaynaqlarda isə 1644-1645-ci illər göstərilir) Buxarada vəfat edir. Yusif Qarabaği Buxara yaxınlığındakı Səfid-Muy kəndində, Baba-i Şauki Parəduz darvazasında (İndi Sallaxana darvazası) dəfn edilir.

43 il sonra 1690-cı ildə ədibin qəbri Bədəxşana köçürülür, sevimli müəllimi Xəlilullah Bədəxşaninin türbəsinin yanında torpağa tapşırılır.

***

1955-ci ildə Daşkənddə rus dilində çap olunmuş Özbəkistan Sovet Sosialist Respublikasının tarixinə dair ikicildliyin birinci çildində Yusif Qarabağinin elmi xidmətləri barədə qiymətli məlumatlar verilmişdir. 1961-ci ildə Bakıda çap edilmiş üçcildlik “Azərbaycan tarixi” kitabının birinci çildində isə deyilir: “Azərbaycan filosofu Yusif Məhəmmədcan oğlu Qarabaği ölkə türklər tərəfindən işğal olunarkən (?) Orta Asiyaya mühacirət etməyə məcbur olmuş, əvvəl Səmərqənddə, sonra isə Buxarada yaşamışdı. O, ərəb və fars dillərində fəlsəfə və hüquq məsələlərinə həsr olunmuş bir sıra əsərlərin müəllifidir. Qarabağinin əsərlərindən bəziləri uzun zaman Orta Asiya mədrəsələrində öyrənilirdi”.

Elmlər doktoru Zümrüd Quluzadə “XVII-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir” sərlövhəli məqaləsində yazırdı:” XVI əsrin sonu, XVII əsrin I yarısında fəlsəfə, elm, məntiq, fəlsəfə problemləri ilə məşğul olan, İslam mədəniyyəti aləmində alim və azadfikirli filosof kimi tanınan Yusif Məhəmmədcan oğlu Qarabağinin fəlsəfi irsi şərh formasında idi. Sufi kübrəviyyə təriqətinə mənsub olan Y.Qarabaği Quranın şərhində ortodoksal İslam ilahiyyatçılarından fərqli mövqeyinə və sonuncuları tənqid etdiyinə görə təqiblərə məruz qalmışdı. Onun məntiq və fəlsəfə problemlərinə həsr edilmiş "Anlaşılmayan məsələlərin aradan qaldırılması üçün tamamlayıcı təfsirlər", Şihabəddin Sührəvərdinin "Nur heykəlləri" əsərinə həsr olunmuş şərhin təfsiri və s. əsərlərində varlıq, ruh, nəfs, tək və çox, makro və mikroaləm, kainat, insan və Allah münasibətləri, onların vəhdətdə eyniyyəti peripatetizm və sufi panteist mövqeyindən şərh edilir. Bu mövqe onun dünyagörüşünün qnoseoloji aspektindən idrak, əql, hiss və ruhun əlaqələrinin şərhində, idrak prosesinə dialektik yanaşmada (Y.Qarabağiyə görə şeylər öz daxili ziddiyyətləri vasitəsilə dərk edilir) və rasionalizmə meyl etməsində əksini tapıb. Y.Qarabağinin sosial və etik görüşlərində sufizmin daxili ziddiyyətləri ehtiva edilir, eyni zamanda həyatsevərlik və sosial fəallıqla tərki-dünyalıq vəhdət halında nəzərdən keçirilir”.

Onu da demək lazımdır ki, Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondunda Yusif Qarabağinin 24 traktatı saxlanılır. Bu əsərlərin surətinin Azərbaycana aparılması zənnimcə yaxşı bir təşəbbüs olardı.

1928-ci ildə sovet şərqşünası A.A.Semyonov Yusif Qarabağinin həyat və yaradıcılığı haqqında məqaləsində onu “Unudulmuş filosof” adlandırıb. Qarabağini elə indi də unudulmuş saymaq olar.

Yusif Qarabağinin müəllimi

XVI-XVII əsrlərdə Azərbaycan çətin dövrlərini yaşayırdı, müharibələr, təqiblər ara vermirdi. Azərbaycanın mədəni inkişaf tarixində mürəkkəb zaman idi. Panteist sufi alimləri Əbu Talib Təbrizi, Mirzə Məhəmməd Ordubadi edam edilmişdi. Bir çox alimlər təqiblərə məruz qalırdı.

Tanınmış filosof və ilahiyyatçı alim Həbibulla Mirzəcan Şirazi əl-Bəqnəvi də məhz o dövrdə, XVI əsrin əvvəllərində Şiraz yaxınlığındakı Bəqnəv kəndində anadan olub. Dəqiq doğum tarixi məlum deyil. Şirazdakı Hacı Kamaləddin Mahmud Şirazinin mədrəsəsində təhsil alıb.

Həbibulla Mirzəcan Şirazi dövrünün məşhur filosofu və ilahiyyat alimi kimi tanınıb. Səfəvilər elmə, təhsilə, dövlət quruculuğuna böyük diqqət yetirdiyinə görə Şiraz çox inkişaf etmiş, dövrün elm və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi.

Birinci şah Təhmasibin dövründə (1524-1576) Mirzəcan Şirazi ilahiyyatdan dərs deyib, İranın müxtəlif yerlərindən onun yanına təhsil almağa gəliblər. Onların çoxu fəlsəfi, pedaqoji, ədəbi sahələrdə məşhurlaşıb.

İkinci Şah İsmayılın hakimiyyəti illərində (1576-1578) Mirzəcan Şirazi onun həmfikirlərinin tərəfinə keçir, bununla əlaqədar yerli mollalar, filosof və teoloqlar onu sünnilikdə ittiham edir. O isə bunu qəbul etmir, şahın himayəsində olduğundan bu ittihamlara əhəmiyyət vermir. Şiə ruhanilərinin müqavimətinə baxmayaraq, ikinci Şah İsmayıl gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, Ömərin və Osmanın açıq lənətlənməsini qadağan etmişdi. O, Mirzə Məxdum Şərəfi, Mövlanə Mirzəcan Şirazi və Mir Məxdum Lalə kimi sünni ruhanilərə mərhəmətlə yanaşmağı tapşırmışdı.

Bütün bunlara baxmayaraq ittihamlar ara vermirdi, ikinci Şah İsmayılın ölümündən sonra bu ittihamlar daha da güclənir. Elə buna görə də Mirzəcan Şirazi Qarabağdan İrana onun yanına təhsil almağa gələn Yusif Qarabaği ilə birgə hicri tarixi ilə 988-ci ildə Şirazdan Hindistana gedib, Lork şəhərində riyaziyyatı öyrənməyə başlayır.

Həmin dövrdə Türküstan Şərqin ən iri elm və mədəni mərkəzlərindən sayılıb.Yerli alimlərlə yanaşı, Səmərqənddə və Buxarada müxtəlif səbəbdən öz ölkələrini tərk edərək bu məkana gələn alim və filosoflar da fəaliyyət göstərib. Bu alimlər arasında Mirzəcan Şirazi xüsusi yer tutub. Hələ Türküstana gəlməzdən əvvəl Mirzəcan Şirazi Bəlxdə ikinci Abdulla xanın süd qardaşı, yüksək mənsəb sahibi Mir Baba Kukeldaşla tanış olur, onun istəyi ilə Yusif Qarabaği ilə birgə əvvəl Səmərqəndə, sonra isə Buxaraya gedir. Mirzəcan Şirazi Buxarada Abdulla xanın tikdirdiyi Xiyaban mədrəsəsində dərs deyir. Onun buraya gəlişi yerli din xadimlərinin ürəyincə olmur, ona böhtanlar yağdırmaqdan çəkinmirlər. Gəlmə alimlərin fikirlərı yerli üləmaların baxışları ilə uyğun gəlmədiyindən tez-tez elmi mübahisələr, diskussiyalar keçirilirdi. Xiyaban məsçidində başda Əmir Sədrəddin Buxari olmaqla Buxara üləmaları və Mirzəcan Şirazi arasında olan disput haqqında söhbətlər uzun müddət səngiməyib, lakin Şirazi öz ağıllı və məntiqli cavabları ilə onları geri çəkilməyə məcbur edib.

Özbək alimi M.Nurutdinov “Из истории общественно-философской мысли Средней Азии в XVI-XVII веках” kitabında yazır:”Mirzəcan Şirazinin fəaliyyət dairəsi çox geniş idi, amma, ilk növbədə, fəlsəfə ilə məşğul olurdu. Məntiq sahəsində daha çox uğur qazanmışdı, teoloq kimi yazdığı əsərlər məşhur idi, ilahiyyatı dərindən bilirdi. Adı o dövrdə məntiqlə məşğul olan 10 alimin-Əl-Fərabi, İbm Sina, Abu Valid ibn Rüşd, Abu Bəkr əs-Səfi, Nəsrəddin Tusi, Şəhabəddin əl-Məktul, Kütbuddin əş-Şirvani, Cəlaləddin Dabbani, Məhəmməd Zahid əl-Xirəvi və digərləri ilə bir sırada çəkilirdi”.

Mirzəcan Şirazi əl-Bəqnəvi 1585-ci ildə Buxarada ikinci Abdullahanın dövründə vəfat edib.

Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda Mirzəcan Şirazinin 15 əsəri saxlanılır. Onun əsərləri Misir kitabxanalarında da var.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Buxara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri