Böyük Qayıdış strategiyası: hədəf Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır
Prezident İlham Əliyev: "Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik"
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizim ölkəmiz üçün yeni dövr başlayır", - deyərək artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
"ON MİNDƏN ÇOX KÖÇKÜN ARTIQ EVLƏRLƏ TƏMİN EDİLİB VƏ ORADA YAŞAYIR"
Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyacaqdır. "Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə. Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır", - deyən Prezident bildirib ki, o şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir: "Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib".
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ƏHƏMİYYƏTLİ POTENSİALI
Azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqrammı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. İnvestisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.
Ərazilərin iqtisadi dirçəlişi ilə yanaşı, sosial inkişaf da diqqət mərkəzindədir. Burada yaşayış üçün rahat şərait təmin edilir, sosial müdafiənin gücləndirilməsi, xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması və məşğulluğun artırılmasına mühüm diqqət yetirilir. Artıq əzəli sakinlər azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir.
ÖTƏN İL İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNİN YENİDƏN QURULMASINA VƏ BƏRPASINA 4 MİLYARD 828,5 MİLYON MANAT VƏSAİT AYRILIB
Ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat vəsait ayrılıb. İl ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizini sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.
Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. prioritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir. İnkişaf strategiyası nəticəsində dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir.
"BÜTÜN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ ƏRSƏYƏ GƏLMƏSİ ƏN YÜKSƏK STANDARTLARA CAVAB VERİR"
"Biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni, resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür", - deyən Prezident bildirib ki, ikinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Dövlət başçımız bizdə çox ciddi texniki potensial, kadr potensialı, maliyyə resursları və güclü düşünülmüş siyasət olduğunu qeyd edib: "Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir".
Bugünkü günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və bu ərazilərdə reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, əzəli torpaqlarımız yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib.
Zümrüd BAYRAMOVA