Icma.az
close
up
RU
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? ekspert izah edir

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? ekspert izah edir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Disleksiya adətən uşaqlıq dövrü ilə əlaqələndirilsə də, mütəxəssislər bildirirlər ki, bu öyrənmə çətinliyinin bəzi xüsusiyyətləri yeniyetməlik və yetkinlik dövründə də özünü göstərə bilər. Bəs disleksiya niyə illərlə gizli qala bilir? Disleksiyası olan böyüklər gündəlik və peşə həyatında hansı çətinliklərlə üzləşirlər? Müasir texnologiyalar bu şəxslərə necə dəstək olur? Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Samirə Həsənova mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Samirə xanım, cəmiyyətdə belə bir fikir formalaşıb ki, disleksiya yalnız uşaqlıq dövründə özünü göstərir. Bu, nə dərəcədə doğrudur?

- Disleksiya uşaqlıq dövründə ortaya çıxan öyrənmə çətinliyidir və əsasən məktəbəqədər yaşdan etibarən müşahidə olunur. Erkən müdaxilə və keyfiyyətli dəstək nəticəsində ciddi irəliləyiş əldə etmək mümkündür. Lakin disleksiya yalnız uşaqlıq dövrü ilə məhdudlaşmır. Onun bəzi xüsusiyyətləri yeniyetməlik, gənclik və yetkinlik dövrlərində də müxtəlif formalarda özünü göstərə bilər.

- Disleksiya yetkinlik dövründə niyə çox vaxt “gizli” qalır?

- Bir çox insan disleksiyanı illər ərzində müxtəlif uyğunlaşma və “kompensasiya” mexanizmləri vasitəsilə idarə edir. Daha çox vaxt sərf etmək, qeydlər aparmaq, fərqli öyrənmə üsullarından və texnologiyalardan istifadə etmək bu prosesin bir hissəsidir. Bu səbəbdən çətinliklər uzun müddət nəzərə çarpmaya və yalnız təhsil və ya peşə həyatında tələblər artdıqda daha aydın şəkildə ortaya çıxa bilər.

- Disleksiyası olan böyüklər gündəlik həyatda hansı əsas çətinliklərlə qarşılaşırlar?

- Disleksiyası olan yetkin şəxslər gündəlik həyatda müxtəlif çətinliklərlə qarşılaşa bilərlər. Bu, xüsusilə uzun mətnlərin oxunması zamanı özünü göstərir - oxu tempi ləngiyə, eyni mətni bir neçə dəfə oxuma ehtiyacı yarana bilər. Yeni sözlərin, terminlərin və adların yadda saxlanması, təlimatların izlənməsi və ardıcıl addımlardan ibarət tapşırıqların yerinə yetirilməsi də çətin ola bilər. Bəzi insanlar məlumatı oxumaqdansa dinləmə və ya səsli formatda qəbul etməyi daha rahat hesab edirlər. Əlamətlər davamlı müşahidə olunarsa, mütəxəssis qiymətləndirməsinə ehtiyac yarana bilər.

- Disleksiya hansı çətinliklərə gətirib çıxara bilər?

- Disleksiya hər yaş dövründə fərqli çətinliklərlə özünü göstərə bilər. Disleksiya uşaqlıq dövründə tanınmadıqda özünəinamın azalmasına, öyrənməyə marağın zəifləməsinə və akademik fəaliyyətlərdən yayınmaya səbəb ola bilər. Yeniyetməlik və gənclik dövründə artan akademik tələblər, genişhəcmli oxu materialları və qiymətləndirmə prosesi əlavə çətinliklər yarada bilər. Yetkinlik dövründə isə çətinliklər daha çox peşə fəaliyyəti və gündəlik həyatda məlumatların qəbulu və emalı zamanı özünü göstərə bilər. Erkən müdaxilə riskləri xeyli dərəcədə azaldır.

- Disleksiyası olan yetkin şəxslər gündəlik həyatda qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlirlər?

- Bu şəxslər gündəlik həyatda qarşılaşdıqları çətinlikləri azaltmaq məqsədilə müxtəlif uyğunlaşma strategiyalarından istifadə edirlər. Mətni hissələrə bölmək, daha çox vaxt ayırmaq, qeydlər aparmaq, dinləmə əsaslı öyrənmədən və rəqəmsal vasitələrdən istifadə etmək bu strategiyalara daxildir. Lakin bu üsullar peşəkar qiymətləndirmə və mütəxəssis dəstəyini əvəz etmir, əksinə, gündəlik fəaliyyəti daha rahat təşkil etməyə kömək edir.

- Müasir texnologiyalar disleksiyası olan böyüklərə necə kömək edir?

- Səsləndirmə proqramları, audiokitablar, mətnin nitqə çevrilməsi və süni intellektəsaslı vasitələr disleksiyası olan yetkin şəxslərin məlumatı daha rahat qəbul etməsinə imkan yaradır. Bu texnologiyalar oxu çətinliklərini tam aradan qaldırmır, lakin gündəlik funksionallığı artıraraq təhsil və peşə həyatında dəstəkləyici vasitə kimi çıxış edir. Bununla yanaşı, texnoloji imkanlar mütəxəssis dəstəyinin alternativi deyil, onu tamamlayan vasitələr kimi qiymətləndirilməlidir.

- Universitet bitirmiş və ya uğurlu karyera qurmuş insanda da disleksiya ola bilərmi?

- Disleksiya zəka göstəricisi deyil və insanın ümumi potensialını müəyyən etmir. Disleksiyası olan şəxslər müxtəlif sahələrdə uğur qazana bilirlər. Onların əldə etdikləri uğurlar uyğunlaşma bacarıqları, istifadə etdikləri strategiyalar, dəstəkləyici mühit və şəxsi səyləri ilə sıx bağlıdır.

- Disleksiya ilə bağlı stereotiplərin aradan qaldırılmasında cəmiyyət, təhsil müəssisələri və medianın rolu nədən ibarətdir?

- Cəmiyyət disleksiyanı tənbəllik, diqqətsizlik və ya istəksizlik kimi qiymətləndirməməlidir. Təhsil müəssisələrində maarifləndirmə və düzgün diaqnostika mexanizmləri gücləndirilməli, müəllimlər bu sahədə məlumatlandırılmalıdırlar. Media isə mövzunu elmi əsaslarla, düzgün terminologiya ilə və stereotipləri gücləndirmədən ictimaiyyətə çatdırmalıdır. Erkən müdaxilə, keyfiyyətli dəstək və inklüziv yanaşma disleksiyası olan şəxslərin təhsil, peşə və sosial həyatda öz potensiallarını reallaşdırmasına şərait yaradır.

- Disleksiyası olan şəxslərə və onların ailələrinə hansı mesajı vermək istərdiniz?

- Disleksiya insanın intellektual imkanlarını məhdudlaşdıran bir göstərici deyil. Erkən diaqnostika, vaxtında göstərilən keyfiyyətli dəstək və uyğun strategiyalar çətinliklərin təsirini azaltmağa kömək edir. Müvafiq dəstək mexanizmləri tətbiq olunduqda disleksiyası olan şəxslər təhsil, peşə və sosial həyatda öz potensiallarını reallaşdıra bilirlər. Əsas yanaşma məhdudiyyətə deyil, fərdin güclü tərəflərinin aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri