Büdcə ilə bağlı mövcud vəziyyət və gözləntilər açıqlanıb
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Maliyyə Nazirliyi beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədini açıqlayıb. Sənəd 2025-ci ilin ilk altı ayında makroiqtisadi vəziyyəti, dövlət və icmal büdcələrinin icrasına dair dəqiqləşdirilmiş məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri özündə ehtiva edir.
Sənəddə qeyd edilir ki, 2025-ci ilin birinci yarımilliyində makroiqtisadi sabitliyin, iqtisadi aktivliyin, sosial rifahın və fiskal intizamın təmin edilməsinə yönəlmiş tədbirlər fonunda ölkə iqtisadiyyatında müsbət dinamika davam edib. Qeyd olunanlarla yanaşı, qlobal enerji bazarlarında əlverişli qiymət konyunkturunun formalaşması nəticəsində dövlət büdcəsinin gəlirləri proqnozu 3,7 faiz üstələyib, o cümlədən qeyri-neft-qaz gəlirləri üzrə proqnozdan 4,7 faiz artıq daxilolma qeydə alınıb. İlin ötən dövrü üzrə müşahidə olunan makro-fiskal tendensiyalar, həmçinin İqtisadiyyat Nazirliyinin yenilənmiş makroiqtisadi proqnozları dövlət büdcəsinə əlavə daxilolmaların proqnozlaşdırılmasına əsas verib.
Adambaşına düşən ÜDM 6 min manatı ötüb
Cari ilin ilk altı ayında ölkə iqtisadiyyatında 62 milyard 78,2 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real artım 1,5 faiz səviyyəsində olub. Adambaşına düşən ÜDM 1 faizlik real artımla 6 min 066,1 manat təşkil edib.
Hesabat dövründə qeyri-neft-qaz sektorunda ÜDM-in həcmi 42 milyard 985 milyon manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artım deməkdir. Qeyri-neft-qaz sektoru ÜDM-in 69,2 faizini, neft-qaz sektoru isə 30,8 faizini təşkil edib. ÜDM-in strukturunda ən böyük xüsusi çəkiyə (34,9 faiz) malik olan sənayedə real ifadədə 21,7 milyard manat əlavə dəyər yaranıb.
Cari ilin ilk yarısında əsas kapitala yönəldilən vəsaitin məbləği 8 milyard 73,5 milyon manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 75,2 faizi daxili mənbələr hesabına formalaşıb, investisiyaların 2 milyard 320,5 milyon manatı (28,7 faiz) neft, 5 milyard 753 milyon manatı isə (71,3 faiz) qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,5 faiz artım qeydə alınıb.
Büdcə gəlirləri 704,7 milyon manat artıb
2025-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib. Bu, cari proqnozla müqayisədə 704,7 milyon manat və ya 3,7 faiz çoxdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox gəlir əldə edilib. Büdcə gəlirlərinin 8 milyard 703,7 milyon manatı və ya 43,9 faizi vergi daxilolmalarının, 7 milyard 240,5 milyon manatı və ya 36,6 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 91,1 milyon manatı və ya 15,6 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 312,1 milyon manatı və ya 1,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 21,9 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxi?olmaların, 434,5 milyon manatı və ya 2,2 faizi sair gəlirlərin payına düşür. Bu dövrdə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi daxilolmaları 466,4 milyon manat və ya 5,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 5,1 milyon manat və ya 30,4 faiz, digər daxilolmalar üzrə 314,1 milyon manat və ya 2,6 dəfə çox icra olunub.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda daxilolmaların 51,9 faizi və ya 10 milyard 277,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6 milyard 417,6 milyon manatını vergi daxilolmaları, 30,1 faizini və ya 3 milyard 91,1 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 3 faizini və ya 312,2 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair gəlirlər, 0,2 faizini və ya 21,9 milyon manatını isə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmalar 9 milyard 526,6 milyon manat təşkil etməklə proqnoza qarşı 247,8 milyon manat və ya 2,7 faiz çox olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert isə 7,2 milyard manat olmaqla tam həcmdə icra edilib.
Altı ayda azad ərazilərdə 1 milyard 552,4 milyon manat xərclənib
Cari ilin birinci yarımilində dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Büdcə xərclərinin 10 milyard 571,3 milyon manatı və ya 61,8 faizi cari xərclərə, 5 milyard 496,8 milyon manatı və ya 32,2 faizi əsaslı xərclərə, 1 milyard 27,5 milyon manatı və ya 6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib. Ümumilikdə 2025-ci ilin birinci yarısında cari xərclərin qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına örtülməsi səviyyəsi 97,2 faiz təşkil edib. Dövlət büdcəsinin xərclərinin strukturunda funksional təsnifata uyğun olaraq təhsil xərcləri 2 milyard 472,6 milyon manat, kənd təsərrüfatı xərcləri 588,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 198,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 850,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2 milyard 163,7 milyon manata bərabər olub.
Dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 6 ayda 1 milyard 552,4 milyon manat xərclənib.
Xarici dövlət borcu 119 milyon dollar azalıb
2025-ci il 1 iyul tarixi vəziyyətinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 695,6 milyon manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizini təşkil edib. Ümumi dövlət borcunun 8,5 milyard manatı və ya 33,2 faizi xarici dövlət borcunun, 17,1 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür. Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 5 milyard dollar və ya ÜDM-in 6,5 faizini təşkil edib. 2025-ci il 1 yanvar tarixinə olan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 119 milyon dollar və ya 2,3 faiz, ÜDM-ə nisbəti isə 0,4 faiz bənd azalıb. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə ilə öhdəliklər isə 50,7 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalı olan öhdəliklərdir.
İcmal büdcədə 4,7 milyard manatdan çox profisit yaranıb
2025-ci ilin altı ayı üzrə məlumata əsasən dövlət büdcəsində 2 milyard 708,2 milyon manatlıq profisit yaranıb. Bu, proqnozlaşdırılan göstərici ilə müqayisədə 885 milyon və ya 48,5 faiz çoxdur.
2025-ci ilin birinci yarısında icmal büdcənin gəlirləri 24 milyard 357,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon manat çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 394,8 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcədə 4 milyard 764,1 milyon manat büdcə profisiti yaranıb.
Qarşıdakı 6 ay üzrə makro-fiskal gözləntilər
Maliyyə Nazirliyi 2025-ci ilin qarşıdakı 6 ayı ərzində makro-fiskal gözləntiləri dəyişərək yeni proqnozları da açıqlayıb. Gözləntilərə əsasən, növbəti yarımillik üzrə ssenarilər nəzərə alınmaqla 2025-ci ilin yekununda ÜDM-in real artımı 3 faiz təşkil edəcək. Bu, nominal ifadədə 129,9 milyard manatdır. 2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70 dollar səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makroiqtisadi proqnozlarda eyni səviyyədə saxlanılıb. Yəni, neft satışı üzrə daxilolmaların proqnozları sabit qalacaq. Bu ssenariyə əsaslanaraq hökumət 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyini gözləyir. Bu, təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin xərclərinin isə 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı ehtimal edilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 faiz azdır.
Ümumilikdə, 2025-ci il üzrə gözlənilən makro-fiskal siyasətin nəzərdə tutulan bütün hədəfləri yerinə yetirməkdə güclü maliyyə potensialı olacağı istisna deyil.
E.CƏFƏRLİ


