Icma.az
close
up
RU
Buludun altında kimin həyəti var?

Buludun altında kimin həyəti var?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya "bulud"a köçür. 

Şəkillərimiz buluddadır, məktublarımız buluddadır, kitablarımız, filmlərimiz, bank hesablarımız buluddadır. İndi hətta süni intellekt də buludda yaşayır. Bir sual yazıram, bir neçə saniyə sonra cavab gəlir. Hər şey o qədər çəkisiz və görünməz baş verir ki, bəzən onun arxasında milyonlarla ton betonun, elektrik xətlərinin, transformatorların, soyutma qurğularının və tonlarla suyun dayandığını unuduram.

Amma buludun altında torpağı var. Və Amerika indi o torpaq üstündə mübahisə edir…
Donald Tramp amerikalıları yenə qəzəbləndirib. Bu dəfə söhbət nə miqrantlardan gedir, nə də NATO-dan. Söhbət Amerikanın müxtəlif yerlərində sürətlə ucalan, çox vaxt pəncərəsi belə olmayan nəhəng binalardan — data mərkəzlərindən gedir.

Trampın məntiqi sadədir: süni intellekt XXI əsrin ən böyük geosiyasi yarışlarından biridir, data mərkəzləri isə bu yarışın zavodlarıdır — sərmayə, vergi və iş yeri gətirəcək, əraziləri zəngin edəcəklər.

Tramp data mərkəzlərini "qızıl yumurtlayan qaz" adlandırır. Amma başqa bir cümləsi bəlkə də mübahisəni daha yaxşı izah edir: "Bu, o demək deyil ki, onu lap həyətinizin dibində istəyirsiniz". Məsələ də elə bundadır. Amerikalılar süni intellektdən imtina etmirlər, sadəcə soruşurlar: elektrik hesabını kim ödəyəcək, serverləri soyutmaq üçün su haradan gələcək və niyə bütün bunlar mənim evimin yanında olmalıdır?
Süni intellektin iştahı böyükdür. 

"Lawrence Berkeley National Laboratory"-nin hesablamalarına görə, 2030-cu ildə ABŞ-da işlədilən elektrik enerjisinin 9,5–15,3 faizini data mərkəzləri "yeyəcək". Daha böyük modellər daha çox çip, daha çox server, daha çox elektrik tələb edir. Vaşinqton sürəti artırmaq istəyir, amma məs., Virciniya və ya Texasda hansısa ev sahibi hesabına baxıb soruşur: milyardlarla dollar qazanan şirkətin enerji yükünü niyə mən ödəməliyəm?
Bu narahatlığın əsassız olmadığını Tramp administrasiyasının özü də göstərir: Ağ Ev texnologiya nəhənglərinin əlavə enerji gücünün xərcini, hətta öz elektrik stansiyalarını özlərinin qurmasını istəyir. Əgər problem yoxdursa, niyə buna ehtiyac yaranır?
Su məsələsi də var hələ. Data mərkəzlərinin işlətdiyi enerji sonda istiliyə çevrilir və çıxarılmalıdır. Berkeley laboratoriyasına görə, ABŞ data mərkəzlərinin su istifadəsi 2028-ci ildə 140–280 milyon kubmetrə çata bilər. 

Quraqlıqla üzləşən ərazilərdə "süni intellekt inqilabı" Silikon Vadisindəki qədər romantik görünməyə bilər. Trampın arqumentini tamamilə rədd etmək də düzgün olmaz. Virginiyanın Loudoun County bölgəsi bunun ən maraqlı nümunəsidir. Dünyanın ən böyük data mərkəzi məkanına çevrilmiş bu rayonda 2026-cı ilin yazına 233 data mərkəzi binası mövcud idi və ya tikinti mərhələsindəydi. Data mərkəzlərinin vergiləri rayon büdcəsinə bir ildə 1,2 milyard dollar — büdcənin 39 faizi qədər gətirib. Bu pulla məktəb, yol, polis, yanğınsöndürmə, kitabxana və parklar maliyyələşir. Deməli, "qızıl yumurtlayan qaz" bənzətməsinin arxasında real iqtisadi məntiq var.

Ancaq Loudoun County başqa bir həqiqəti də göstərir: qızıl yumurtlayan qaz həyətinizin yanında gecə-gündüz səs salmağa başlayanda cazibəsini itirir. Və bu nümunə eyni zamanda yaranan narazılığa ən bariz misaldır.

İş yerləri ilə bağlı da maraqlı paradoks var. Data mərkəzlərinin inşasına çox sayda inşaatçı, elektrikçi, mühəndis cəlb olunur.  Amma bina hazır olandan sonra onu işlətmək üçün ənənəvi zavoddakı qədər adam lazım olmur. Sənaye dövrünün zavodu şəhərə iş yerləri gətirirdi; süni intellekt dövrünün zavodu isə ilk növbədə elektrik tələbatı gətirir. Birində minlərlə insan dəzgahın önündə dayanırdı, digərində minlərlə maşın onların əvəzinə gecə-gündüz işləyir.

Bu narazılığı sadəcə texnologiya qorxusu ilə izah etmək çətindir. 2026-cı ilin yayında Annenberg Public Policy Center-in sorğusuna görə, amerikalıların 61 faizi öz yaşadığı ərazidə yeni data mərkəzinin tikilməsinə qarşıdır. Üstəlik bu, artıq tək bir partiyanın mövqeyi deyil: demokrat, respublikaçı və müstəqil seçicilərin əksəriyyəti eyni fikirdədir, 30 yaşdan aşağı amerikalılar arasındasa bu rəqəm 70 faizə çatır. Texnologiya ilə ən rahat yaşayan nəslin onun infrastrukturunu qonşuluğunda ən az istəyən nəslə çevrilməsi qəribə paradoksdur.

Coğrafiya da dəyişir. Bəzi araşdırmalar amerikalıların 38 faizinin artıq bir data mərkəzindən beş mil məsafədə yaşadığını göstərir. Mövcud mərkəzlərin əksəriyyəti şəhərlərdədir, amma yeni planlaşdırılanların 67 faizi kənd ərazilərinə yönəlir. Süni intellektin infrastrukturu Silikon Vadisindən çıxıb Amerikanın kəndlərinə, fermer torpaqlarına doğru hərəkət edir.

Beləliklə qəribə mənzərə yaranır. Tramp deyir ki, Çinlə yarışı uduzmaq olmaz. Şirkətlər daha çox hesablama gücü istəyir. Yerli hakimiyyət vergi gəlirinə baxır. Evinin qarşısı data mərkəzinə çevriləcəyini eşidən amerikalı isə soruşur: niyə məhz burada?
Əslində bu adamların hamısı müəyyən mənada haqlıdır. Bəlkə də qarşıdakı illərdə süni intellekt ətrafında ən böyük mübahisə robotların insanları əvəz edib-etməyəcəyi olmayacaq, daha sadə, daha maddi suallar ortaya çıxacaq: elektriki, suyu, torpağı kim verəcək, hesabı kim ödəyəcək, qazancını kim götürəcək?

İndiyə qədər süni intellekti insan beyninin gələcəyi ilə əlaqələndirirdik: bizi ağıllandıracaqmı, tənbəlləşdirəcəkmi, işimizi əlimizdən alacaqmı? Amerikada başlayan data mərkəzi mübahisəsi isə daha köhnə bir həqiqəti xatırladır: 

İnsan nə qədər virtual dünya yaratsa da, ayaqları yenə torpağın üstündədir.
Bulud göydə deyilmiş. 
Onun torpağı, suyu, elektrik sayğacı, vergi hesabı, hətta qonşusu da var. 
İndi ən böyük mübahisə onun kimin həyətinə kölgə salacağı üstünüdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri