Icma.az
close
up
RU
Çay içmirlər, çoxarvadlıdırlar, Azərbaycanda da yaşayırlar

Çay içmirlər, çoxarvadlıdırlar, Azərbaycanda da yaşayırlar

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Modern.az-ın “Dünyanın rəngləri” rubrikasında müxtəlif ölkələrdəki dinlərin və xalqların daxilində formalaşan, həyat tərzi və inancları ilə seçilən cərəyanlardan bəhs etməyə davam edirik.
Budəfəki təqdimatımız Mormonların necə yarandığını, nəyə inandıqlarını, gündəlik həyatlarını hansı qaydaların müəyyənləşdirdiyini və cəmiyyətin qalan hissəsinə münasibətlərini araşdırdıq.

Mormonluğun mənşəyi


Mormonluq fərqli dini şərhə malik bir xristian icması kimi xarakterizə edilə bilər. Onun tarixçəsi XIX əsrin əvvəllərinə, təxminən 1820-ci illərə gedib çıxır. Həmin illərdə Cozef Smit adlı şəxs ortaya çıxaraq Allahın ona ilahi mesajlar göndərdiyini iddia edib və özünü peyğəmbər elan edərək yeni bir dini icma yaradıb.

Bəs Smitə göründüyü və Allahdan ona mesaj gətirdiyi deyilən mələk ona nə söyləmişdi?

Rəvayətə görə, həmin mələk Smitə qədim dövrlərdə Amerika qitəsində yaşamış insanlar tərəfindən yazıldığı və sonradan torpağa basdırıldığı deyilən qızıl lövhələr haqqında məlumat verib, onların yerini göstərib və həmin yazıları öz dilinə çevirməsini tapşırıb. Daha sonra Cozef Smit bu lövhələri tapdığını və qədim Amerika yerlilərinin istifadə etdiyi dildən tərcümə etdiyini bildirib. Smitin bu dili necə bildiyi və lövhələrdəki yazıları necə tərcümə etdiyi sualına isə verilən cavab sadə olub: bunu Tanrının ona bəxş etdiyi fövqəltəbii güc sayəsində bacarıb.

Təxminən üç ay ərzində yazıldığı bildirilən və 584 səhifədən ibarət olan bu kitab indi “Mormon kitabı” kimi tanınır. Kitabın ortaya çıxmasından sonra, 1830-cu ildə “İsa Məsihin Sonuncu Günlərin Müqəddəsləri Kilsəsi”nin yaradılması ilə Mormonluq ayrıca dini cərəyan kimi formalaşıb. Bu kilsə özünü Tanrının yer üzündəki yeganə həqiqi kilsəsi hesab edir.

Nəyə inanırlar?
Hər bir dində olduğu kimi, Mormonların da özünəməxsus əsas inancları var. "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"nin üzvləri Tanrının insanlarla bu gün də əlaqə saxladığına, həvarilərin və peyğəmbərlərin hələ də mövcud olduğuna inanırlar. Mormonlar digər xristian qruplarından fərqli olaraq Müqəddəs Ruh, Ata və Oğuldan ibarət Üçlük anlayışını qəbul etmirlər. Onlar Ata, Oğul və Müqəddəs Ruhu üç ayrı varlıq hesab edir, eyni zamanda tək Tanrı inancını qəbul edirlər. Mormonların inancına görə, onların müqəddəs kitabı Tövrat və İncilin davamıdır. Onlar öz kitablarında Allahın insanlara göndərdiyi son vəhylərin yer aldığını bildirirlər. Mormonlar özlərini xristian hesab edir və İsa Məsihə olan inancın yeni və ən doğru formasını qəbul etdiklərini deyirlər. Onların məqsədi, öz inanclarına görə, təhrif olunmuş xristianlığı "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi" çərçivəsində, yaşayan peyğəmbərlər vasitəsilə bərpa etmək və onu ilkin formasına qaytarmaqdır.

Mormonlar harada yaşayırlar?

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan Mormonların əhəmiyyətli hissəsi ABŞ-ın Yuta ştatında məskunlaşıb. Yutanın Mormonların əsas mərkəzinə çevrilməsinin səbəbi dini icmanın ilk illərində ABŞ-nin müxtəlif bölgələrində təzyiqlərlə üzləşməsi və daha sonra Yutanı özlərinin əsas yaşayış məkanı seçməsidir. Bu gün də Yuta Mormonların ən çox yaşadığı ərazilərdən biri olaraq qalır.

Mormonlar və çoxarvadlılıq

Mormonlar haqqında ən çox bilinən məqamlardan biri çoxarvadlılıqla bağlıdır. Bir kişinin eyni vaxtda bir neçə qadınla ailə qurması ənənəsinin kökləri dinin ilk dövrlərinə gedib çıxır. İcmanın yeni formalaşdığı dövrdə tərəfdarların sayını artırmaq və sürətli demoqrafik artıma nail olmaq məqsədilə bir kişinin bir neçə qadınla evlənməsi və bunun nəticəsində daha çox uşaq sahibi olması təşviq edilib. Lakin 1890-cı illərdə kilsə tərəfindən çoxarvadlılıqdan imtina edilib. Buna baxmayaraq, bəzi mühafizəkar qruplar bu ənənəni davam etdiriblər. Bu gün çoxarvadlılığı qəbul edən və belə həyat tərzini davam etdirən Mormonların sayı məhduddur. “Fundamentalist Mormonlar” adlandırılan bəzi qruplar hələ də çoxarvadlı ailə modeli ilə yaşayırlar. Bu nikahların hüquqi baxımdan tanınmadığını da qeyd etmək lazımdır.

Bəs qadınlar bu məsələ barədə nə düşünürlər?

Çoxarvadlı ailələrdə böyüyən bəzi Mormon qadınları üçün belə bir ailə modeli normal qəbul edilir. Bu səbəbdən onların baxışında çoxarvadlı ailə modeli təkarvadlı ailə həyatı qədər adi görünə bilər. Belə ailələrdə qadınlar eyni evdə yaşayır, uşaqları birlikdə böyüdürlər. Bir neçə ananın olduğu ailələrdə uşaqlar birgə tərbiyə edilir. Qadınlar arasında müəyyən iş bölgüsü də mövcuddur. Onlar növbə ilə müxtəlif vəzifələri yerinə yetirir, həyat yoldaşları ilə də növbəli şəkildə vaxt keçirirlər. Çoxarvadlı evliliyi cənnətə daxil olmaq üçün zəruri əməl hesab edən bəzi Mormon icmalarında çoxuşaqlılığa da xüsusi əhəmiyyət verilir. Bu icmalarda qadınların mümkün qədər çox uşaq sahibi olması təşviq edilir. Bu yanaşmanın Mormon əhalisinin artımına təsir edən amillərdən biri olduğu bildirilir. Statistik məlumatlara görə, Mormonlar dünyada əhalisi sürətlə artan dini qruplardan biri hesab olunur. Bununla yanaşı, həm kişilər, həm də qadınlar üçün keçərli olan müəyyən qadağalar da mövcuddur. Mormonların evlilikdən əvvəl cinsi münasibətdə olması qadağandır. Həmçinin onların həyatları boyunca cinsi məzmunlu filmlərə baxmaları və bu mövzuda kitablar oxumaları da qadağan edilir. Mormonlarda boşanma anlayışının olmadığı da tez-tez vurğulanır. Onların inancına görə, insan bir şəxslə evlənibsə, bu birlik əbədi xarakter daşıyır.

Qeyri-adi ənənələr

Çoxarvadlılıqla yanaşı, Mormonların müasir dünyada qeyri-adi hesab edilə biləcək bir sıra başqa davranış və ənənələri də var. Bədənlərini öldükdən sonra Tanrıya qaytaracaqlarına inanan Mormonlar üçün insan bədəni xüsusi əhəmiyyət daşıyır. Onlar sağlam həyat tərzinə və düzgün qidalanmaya diqqət yetirirlər. Mormonların dini qaydalarına əsasən, kofein, nikotin, narkotik maddələr və spirtli içkilərdən istifadə etmək qadağandır. Bu səbəbdən çay və qəhvə kimi içkilərdən də uzaq dururlar. Mormonların qazlı içkilərlə bağlı yanaşması isə daha mürəkkəbdir. Kilsənin əsas qaydaları kofeinli içkilərdən uzaq durmağı tövsiyə etsə də, bütün qazlı içkilərin tamamilə qadağan edilməsi barədə vahid qayda yoxdur. Mormonlarla bağlı diqqət çəkən digər məqam isə evlərində böyük həcmdə ərzaq ehtiyatı saxlamalarıdır. Bunun səbəbi onların inanclarında mühüm yer tutan mümkün fəlakət ssenariləridir. Mormonlar dünyanı geniş şəkildə təsir altına ala biləcək böyük bir fəlakətin hər an baş verə biləcəyinə inanırlar. Bunun təbii fəlakət, yaxud Tanrının cəzası olub-olmayacağı isə konkret şəkildə müəyyən edilmir. Bu səbəbdən xüsusilə çoxuşaqlı ailələr fövqəladə vəziyyətlər zamanı istifadə etmək üçün evlərində aylarla kifayət edəcək ərzaq ehtiyatı saxlamağa çalışırlar. Musiqi də Mormon mədəniyyətində xüsusi və mühüm yer tutur. Onların müxtəlif mövzulara həsr olunmuş çoxsaylı dini ilahiləri var. Bu ilahilər həm dini mərasimlər zamanı, həm də ailə daxilində bir araya gəldikləri vaxt oxunur. Ölüm, əbədiyyət və uşaqların xeyir-dua alması ilə bağlı ilahilər də Mormonların dini musiqi ənənəsinin bir hissəsidir.

Müqəddəs bazar günü

Bir çox xristian məzhəbində olduğu kimi, Mormonlar üçün də bazar günü müqəddəs sayılır. Onlar öz kilsələrində keçirilən dini mərasimlərdə iştirak etdikdən sonra icmanın digər ailələri ilə bir araya gələrək günü birlikdə keçirirlər. Mormonlar üçün əhəmiyyətli olan digər gün isə bazar ertəsidir. “Family Home Evening” – yəni “Ailə ev axşamı” adlandırılan bu ənənəyə əsasən, ailə üzvləri bazar ertəsi axşamı mütləq evdə bir araya gəlir və müxtəlif fəaliyyətlərlə məşğul olurlar.
Qeyd edək ki, Katoliklər, Proslavlar və Protestantlar başda olmaqla, ənənəvi xristian məzhəbləri Mormonları xristian kimi qəbul etmirlər.

Azərbaycan və Mormonluq

Azərbaycanda Mormonların neçə nəfərdən ibarət olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Qurumuna sorğu göndərdik.

"İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"nin (Mormon kilsəsi) Azərbaycandakı dini icması 10 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Hazırda icmanın üzvlərinin sayı 50 nəfərdən çoxdur.

"“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan, könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Həmin maddəyə əsasən, dini icma azı 50 nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı tərəfindən yaradılır",-deyə qurumdan sorğumuza cavab olaraq bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri