Icma.az
close
up
RU
Cəhənnəmdən sonrakı cənnət Rafael Hüseynov yazır

Cəhənnəmdən sonrakı cənnət Rafael Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

Sözü ən böyük möcüzə sayıblar. Tək müdrik insanlar yox ki! Yer üzünün təməl əsərləri, səmavi dinlərin baş kitabları da sözü ən ucada tutub. Kitablardan biri "Başlanğıcda söz vardı" deyirdisə, digər böyük Kitab elə başlanan kimi "Oxu!" buyururdu. Sözlə ən böyük möcüzələr yaratmışlardan biri Məhəmməd Füzuli idi ki, o da söz sehrkarı ola-ola özü də sözün hüzurunda heyrətdə idi.

Sözün yox yerdən necə yaranmasına, insanın içərisində cərəyan edənləri, düşüncəsindən keçənləri nə təhər sərrast canlandıra bilməsinə mat qalmışdı:

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz.

Bu nə sirdir kim,olur hər ləhzə yoxdan var söz.

"Hərəsi bir pəhləvan"ca qüdrətli, hərəsi "niqab-i qeybdən rüxsar göstərən" ənbərin xətt nigar zəriflikli söz həmişə düşünən, duyan insanları heyrətləndirib.

Bu misraları yazan, ancaq qocafəndi, bir az keçmiş sayaq qələmə alan şair artıq yaxın zamanların - XX əsrin adamıdı. O da özündən əvvəlki çox əsrlər, minilliklər boyu sözə heyran qalanlardan biri idi:

Kaf ü nun macərası sözdür, söz,- deyirdi.

Əski əsatir dünyanın yaradılışının Pərvərdigarın "Ol!" deməsiylə, bircə kəlmənin səslənişiylə başlandığını təsdiqləyir. Ona görə də babaları kimi sözə vurğun bu XX əsr şairi sözün ən ağlasığmaza da qadir olduğuna iman gətirirdi:

Kafi-nun macərası sözdür, söz,

Xilqətin ibtidası sözdür,söz,

Rəmzinin fikri, zikri sözdür, söz,

Çünki şeirin xudası sözdür, söz.

"Rəmzi" onun təxəllüsü idi. O, XX yüzili təxminən başdan-axıracan yaşadı. 1905-ci ildə doğulmuşdu, 1996-cı ildə dünyadan getdi. Əslində isə, ola bilərdi ki, uzaqbaşı otuz il yaşasın. Deyən olar ki, ömrün uzun-qısalığını Allah Özü müəyyənləşdirir, nə haqla onun elə otuzca il yaşaya biləcəyi gümanına düşürük. Bu zənnimiz səbəbsiz deyil. Tariximizin elə fırtınalı əyyamları olub ki, iblislik taxta çıxıb, ən sevimli millət övladlarını cavan yaşlarında qırıb-çatıb, xalqın bağrında sağalmaz yaralar açıb.

Rəmzinin də cavanlığı şeytanın təntənəsi zamanlarına təsadüf etmişdi və coşqun yaradıcılıq şövqü ilə dolu olduğu çağlarda onu həbs etmişdilər, Sibir gedər-gəlməzlərinə sürgünə göndərmişdilər.

Heç Sibirə göndərmədən Bakıda da güllələyə bilərdilər, ya Sibir sürgünündən qayıtmaması da mümkündü. O qədər elə cavanımızın həyatı sərt iqlimli həmin qürbətlərdə tamamlandı ki! Rəmzi də olardı onlardan biri.  Ancaq o, Tanrının bu dünyaya sözə xidmət üçün göndərdiyi insanlardan idi. Özü tez-tez söyləyərdi ki, mən dünyaya fəhlə gəldim, fəhlə də gedəcəyəm, etiraf edirdi ki, mən həmişə sözün fəhləsi olmuşam, bununla da özümü xoşbəxt sayıram.

Bu sözləri elə sözün ucbatından həyatının 21 ilini itirmiş bir insan qəlbinin bütün səmimiyyəti ilə dilə gətirirdi.

Cəfər Rəmzi İsmayılzadə adlı bir ədəbiyyatşünasımız, şairimiz, tərcüməçimiz, söz aşiqimiz vardı - yaşadı getdi. Nə qədər ki XX əsrin son onilləri davam edirdi, qismən də XXI əsrin başlanğıcı idi, onu görmüşlərin, onunla təmasda olmuşların bir çoxu hələ həyatdaydı, oda xeyli yaşlaşsa belə, göz qabağında olan kimi idi, ara-sıra yazıları da, kitabları da çıxırdı, özü həyatdan gedəndən sonra da vaxtaşırı yada salınırdı. İndi onu görmüşlərin də çoxu artıq ömür möhlətini başa vurub. İnsanlar gedir, onlarla birgə xatirələr də, yaddaşlar da ahəstə-ahəstə əriyib itir. Ancaq Cəfər Rəmzi kimi bütün həyatı sözə bağlı olmuş, tərcümeyi-halıyla, varlığıyla, qələmə aldıqlarıyla zamanın ruhunu yaşadan insanlar gərək unudulmasın. Onlar anıldıqca keçmişin yaddan çıxmamalı səhifələri istər-istəməz təzədən canlanır.

...Cəfər Rəmzi Abşeronun qədim kəndlərindən olan Mərdəkanda doğulmuşdu. Söyləyirdi ki, uşaqkən Bakının bir neçə digər kəndində olmuşdum. Fəxr edirdim ki, kəndimiz o kəndlərdən irəli gedib, bizim kənddə küçələr də var, məhəllələr də, gördüyüm digər kəndlərin çoxunda isə sadəcə bir-birindən xeyli aralı evlər, tək-tək ağaclar, bir də uzaqdan yaşıllanan dəniz vardı.

Uşaqkən, XX yüzilliyin başlanğıcında keçib getdiyi tozlu Mərdəkan küçələri ilə, o küçələrin nizamı ilə, öz kəndinin digərlərindən daha sahmanlı olması ilə fəxr edən Cəfər Rəmzi bu gün həmin kəndə, doğma Mərdəkanına küçəyə çevrilərək qayıdıb. Bugünün mərdəkanlıları hər gün o kəndin içərisindəki Cəfər Rəmzi küçəsindən keçib gedirlər. Ancaq Azərbaycanın möhtəşəm söz xəritəsində də lap çoxdan ayrıca bir Cəfər Rəmzi küçəsi var.

Və sözün ilahi qüdrətini anlamaq, onun yaşamaq və yaşatmaq gücünü daha dərindən duymaq üçün həyatını həsr etmiş, ömrü boyu sözün məftunu olmuş Cəfər Rəmzinin ədəbiyyatımızın qoynundakı küçəsindən də hərdən-hərdən keçməkdə fayda var: bu, həm zənginləşmək, duyğulanmaq imkanıdır, həm də millətə xidmətə ömür sərf etmişbir insana vəfa borcumuzun ifadəsi!

Bu hekayət ki başlayırıq, böyük ölçüdə elə o da borcqaytarmadır. Çünki Cəfər Rəmzini tanımış insanların çoxu artıq həyatda yoxdur. Ancaq tale elə gətirmişdi ki, mən onu 1970-ci illərin ortalarından, hələ tələbəlik çağlarımdan tanıyırdım. Əruzu öyrənmək üçün tələbə vaxtlarımda - 1970-ci illərin ortalarında tez-tez Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna alimlər alimi Əkrəm Cəfərin yanına gedib-gəlirdim. Əkrəm Cəfərin isə həmin institutda ən çox yaxınlıq etdiyi, oturub-durduğu insanlardan birincisi elə Cəfər Rəmzi idi. Cəfər müəllimlə ilk tanışlığımız və əvvəlinci təmaslarımız ovaxtlar olmuşdu. Ancaq tale elə gətirdi ki, universiteti bitirdikdən sonra biz həmin institutda İran filologiyası şöbəsində uzun illər birgə işlədik, yanaşı masalarda əyləşdik, ömrünün sonlarına qədər də mehriban ünsiyyətlərimiz davam etdi.

Bu da Cəfər Rəmzinin ayrı bir keyfiyyəti idi - onunla tanış olan, yaxınlıq edən sonra daha heç vaxt ayrıla bilmirdi: o, saf ürəkli, həlim təbiətli, həm də dünya görmüş, müdrik, üstəlik, şux bir insan idi.O qəbildən olan insanlarla təmas əsl zövq, dəqiqələr, saatlar ərzində ömür yaşamaq, məktəb keçmək kimi idi.

Cəfər Rəmzi səliqəli adam idi və ömrünü başa vurmazdan qabaq artıq sinli çağlarında sabahın da qeydinə qalmışdı, yazılarını yerbəyer etmişdi: arxivlərə verəcəyini arxivlərə çatdırmışdı, dostlara verməyi lazım bildiklərini onlara tapşırmışdı, əlyazmalarının bir qismini də evində saxlamışdı. Cəfər Rəmzi yetərincə məhsuldar qələm sahibi idi və heç də yazdıqlarının hamısı sağlığında nəşr edilmədi. Baxmayaraq ki, bunca uzun bir ömür sürmüşdü.

Cəfər Rəmzinin bugünə qalan yeganə canlı söhbətləri mənimlə olan müsahibələridir. Hərdən iş saatlarından sonra Akademiya binasının yeddinci qatındakı iş otağımızda əyləşərdik, diktofonu qoşardım, keçmişlərlə bağlı suallar verərdim, o da sərgüzəştli ömrünün ən müxtəlif onillərindən elə hekayətlər danışardı ki, bunlar Süleyman Sani Axundovun qorxulu nağıllarına bənzərdi.

Və nə yaxşı ki, vaxtında bütün bunları etmişəm. Hərdən-hərdən o kasetləri qoyuram diktofona, düyməni basıram və tarix təzədən dirilir:Cəfər Rəmzi danışır və XX yüzilin onlləri təfərrüatı ilə gözlərim önündə canlanır. O ayrıntılar ki, onları heç bir kitabda-dəftərdə tapa bilməzsiniz.

Belə qiymətli xatirələri XX yüzilin keşməkeşli onillərini yaşamışların neçəsi düşüncələrində, duyğularında daşıyırdı və simsar hesab etmədikləriylə də həmin xatirələri bölüşməyi xoşlamazdılar. Onlar köç etdilər və həmin xatirələr də keçmişdə qaldı. Vaxtında fürsəti qaçırmadan nələr yazıldısa, qənimət olaraq elə onlar qaldı. Lentin keçmişi qaytara bilən yaddaşı həmişə insan ömründən daha etibarlıdır.

Və Cəfər Rəmzi ilə lentdə qalan söhbətlərdən, yaddaşıma hopanlardan, arxivlərdəki ayrı-ayrı yazılardan istəyirəm ki, bir ömrün mənzərəsinigücüm çatan qədər bərpa edim. Görəsiniz ki, vaxtın idbar gərdişi ilə məhv etməyə çalışdığı bir insan özünün yenilməz ruhu, mətin iradəsi və əzmi, ən mühümü - tükənməz həyat və yaratmaq eşqinin gücünə ölümün caynağından necə salamat qurtula bilib, ən yaşanılmaz illərdə də həyatdan ləzzət alaraq yaşamağı nə təhər bacarıb, vaxt onu yıxmağa nə qədər əlləşsə də, nə sayaq ayaq üstə qalıb və daddığı bütün acılara rəğmən xeyir saçmaqda davam edib. Nə qədər zillətlər görsə də, vaxt nə qədər amansız olsa da, nə kəc tale, nə qəddar zəmanə onun pak içərisini, həlim varlığını qabalaşdıra,tərs döndərə, məhvərindən çıxara bilməyib.

Cəfər İsmayılzadə həmişə Hacı Zeynalabdin Tağıyevi rəhmətlərlə yad edərdi.Söyləyirdi ki, o olmasaydı, mən də mən olmazdım.

Niyə belə deyirdi? Cəfər müəllim yoxsul bir ailədə doğulmuşdu. Atası Balaəmi əkinçi idi. Mərdəkanda onunkimi əkinçilər çoxdu, ancaq Balaəmi əkinçilərin də kasıblarından idi - balaca bir torpaq sahəsi varmış, həmin kiçik ərazidə əkib-becərdiyi böyük ailənin dolanışığını yola verməyə bəs etmirmiş.Ata da savadsız, ana da oxumamışvə ailənin Cəfər qarışıq 12 uşağı. Bir çətən külfətin - 14 nəfərlik ailənin alababat dolanmasından ötrü həm əlavə torpaq sahəsinə ehtiyac vardı, həm də uşaqlar böyüdükcə ata-anaya kömək etməli idi. Odur ki, Balaəmi qonşulardan da torpaq icarəyə götürürmüş, əkib-becərirmiş,  balaları da  böyüdükcə əkin-biçinlə məşğul olan atalarına kömək göstərirmiş.

Xeyirxah Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda tikdirdiyi məktəb qapılarını ilk şagirdlərinin üzünə 1894-cü il sentyabrın 27-də açmışdı və Cəfər də 1913-cü ildə həmin məktəbə yollanmışdı. Taleyinin bu səhifəsi olmasaydı, nəinki ədəbiyyat, heç yazı-pozudan xəbəri olmayacaq, elə sıravi kəndçi baba olaraq qalacaqdı.

Ancaq kəndin məktəbi vardı, savada tamarzı ailəsi arzulayır ki, balaca Cəfər də oxusun. Cəfərsə elə yazı-pozunu öyrənincə kitabın aludəsinə çevrilir.

Hələ ibtidai məktəbdə oxuyarkən Cəfərin əlinə "Arvan Aşqı" adlı bir kitab düşür. Həmin kitabda nağıllar, bayatılar, tapmacalar toplanmışdı. Oxuyur, heyran qalır və kitab dönüb olur onun suyu-çörəyi.

Söz loğmanlarımızdan olmuş, həyatı uzunu ata sözlərimizi, zərbülməsəlləri toplamış Əbülqasım Hüseynzadədən də vaxtilə elə Cəfər müəllimin öz uşaqlıq illəri ilə bağlı söylədiyi əhvalata bənzəyənini eşitmişdim. Bayramdan-bayrama atası Balaəmi Cəfərə 10-15 qəpik verərmiş ki, özünə şirni alsın. Cəfər də həmin pulları toplayar, ondan 3-4 yaş böyük qonşuları İsaq Məmmədzadə adlı dostuna verərmiş. İsaqda Bakıya tez-tez gedib-gəldiyindən şəhərdən hər dönüşündə özü ilə təzə kitablar alıb gətirərmiş. Cəfər bundan duyuq düşüncə şirni üçün verilən qəpiklərdən qənaət edib topladıqlarını İsağa verər, kitablar alar, acgözlüklə oxuyarmış.

Əbülqasım müəllimsə danışardı ki, əsrin əvvəllərində dükanlarda saçaqlı konfetlər satılarmış, onların büküldüyü rənbərəng kağızların üstündə atalar sözləri yazılarmış. Əbülqasım da o konfetləri alar, içərisini yeyib, büküldüyü kağızları saxlar, üstündəki atalar sözlərini isə ayrıca dəftərə köçürərmiş, tədricən bu uşaqlıq həvəsi həyatının mənasına çevrilən məşğuliyyət olur.

Cəfər İsmayılzadənin ev kitabxanasında dördüncü sinfi qurtarana yaxın artıq otuzdan artıq kitab varmış. Həmin kitabların bəziləri uşaqlara aid olsa da, çoxu elə böyüklər üçün olan kitablardı. Hamısını oxumuş, yaxşıca da mənimsəmişdi.

Və oxuduqları, öyrəndikləri Cəfərdəki kitab həvəsini daha da artırmışdı.

Cəfər müəllimin sözü idi ki, bir kəlmə də faydalı olanı öyrəndiyin adama həmişə minnətdar ol. Özü də unutmurdu. Hərdən nədənsə söhbət gedəndə sözünə qüvvət olaraq "Quran"dan ayələr iqtibas edərdi. Söyləyərdi ki, bunlar hafizəmə 9-10 yaşımdan həkk olunub. Bunu deyərdi, ardınca da qonşuları olmuş Əhməd Mirzəyevə rəhmət oxuyardı ki, hər axşam gedərdim onların evinə, mənə "Quran" oxumağı öyrədərdi. Özünü ona hələ uşaqkən ərəb və fars dillərini öyrətmiş dayısı Hacı Dadaş Kərbəlayı Abbasqulu oğluna daha çox borclu sayardı. Söylərdi ki, bu iki adam mənə elə möhkəm bünövrə bağışladı ki, sonra ömrüm boyu bəhrəsini daddım.

Həqiqətən də, hələ uşaqlıq çağlarında, yeniyetməlik illərində çinədanına yığdıqları, o dövrün görkəmli Abşeron ziyalılarından görüb-eşitdikləri onun daimi dayağına çevrildi, ən müxtəlif həyat məqamlarında karına gəldi, nəticə etibarı ilə çörək ağacı oldu.

Cəfər 1917-ci ildə Mərdəkandakı ibtidai məktəbin dördüncü sinfini bitirir. Ardınca gərək təhsilini davam etdirəydi. Ancaq başlanğıc təhsilini tamamlamasındam az keçməmiş atası Balaəmi 72 yaşında vəfat edir. Ailə böyük, çörəkgətirən yox, odur ki, Cəfər təhsil arzusunu bir qırağa qoyaraq işləməyə başlayır. Əslində bu həm də anasının istəyi idi. Məcburiyyətdən edirdilər, başqa çarə yox idi. Ancaq yenə əlahəzrət təsadüf, bəlkə də elə həyatın zərurəti gözlənilməyən tərəfdən qapı açır. Cəfərin böyük bacısı Zeynəbxanım ərə gedir. Onun əri camaat arasında "Altıbarmaq Baba"kimi tanınan məşhur adam idi - Azərbaycan Fövqəladə Komissiyasının, həmin qorxunc "ÇK"-nın ilk sədri vəzifəsini tutmuş Baba Əliyev (1877-1937). O, Cəfərin işıqlı bir yeniyetmə olduğunu, oxumağa meylini görüncə onu 1922-ci ildə Mərdəkandan Bakıya gətirir ki, burada oxumağını davam etdirsin.

Beləcə, hadisələrin uğurlu gedişatı Cəfəri şəhərli etmişdi və gətirib çıxarmışdı Darülmüəlliminə. Ancaq vur-tut dörd sinfi bitirmişdi, Darülmüəlliminə qəbul olunmaq üçünsə gərək hələ iki il də oxuyaydı. Belə uşaqlarçünsə Darül müəllimində ikiillik hazırlıq sinifləri vardı ki, orda oxumağı başa vurunca Darülmüəllimində təhsil almağa başlaya bilərdin. Cəfəri yoxlayırlar, görürlər ki, yazı-pozusu yaxşıdır, ədəbiyyatı pis bilmir, üstəlik, farscası, ərəbcəsi də qənaətbəxşdir. Ona görə də Cəfəri birbaşa hazırlıq kurslarının ikinci sinfinə qəbul edirlər.

Sevinirmiş ki, 1 il qabağa düşdüm.

Xəbərsizmiş ki, ona 1 ili hədiyyə edib qabağa salan taleyin əlindən 21 ilini alaraq geri atması da olacaq.

Cəfər müəllim xatırlayırdı ki, bizdə iki sinif vardı, A sinfində mən oxuyurdum, B sinfində Mikayıl Müşfiq. Baxmayaraq ki, aramızda 3 yaş fərq vardı, çox isti dostluq münasibətlərimiz yaranmışdı. İkimiz də poeziyanın aludəsi olduğumuzdan dərslərdən asudə vaxt yaranınca bir-birimizə müxtəlif şeirlər oxuyardıq, öz yazdıqlarımızı aramızda müzakirə edərdik.

Cəfər müəllim Müşfiqin bir xüsusiyyətini həmişə kövrələrək yada salırdı ki, yaşca məndən kiçik olsa da, ağıllı, böyükyana məsləhətlər verə bilirdi. Həm də çox nəzakətli, həssas idi: "İstər şeirlərimlə olsun, istər başqa məsələlərlə əlaqədar mənə nəsə öyrətmək istəyəndə, nəsə bir tövsiyə edəndə heç vaxt bunu hamının yanında etməzdi. Çəkərdi bir qırağa, ayrılıqda deyərdi".

Cəfər Rəmzi ömrünün Darülmüəllimin illərini həyatın töhfəsi kimi qiymətləndirərdi. Deyərdi ki, burda bizim hər biri ustadlar ustadı olan müəllimlərimiz vardı. Şəxsən ünsiyyətdə olduğu, dərs aldığı və kitablarından öyrəndiyi, gözünün qarşısında olan böyük alim və müəllimləri Cəfər Rəmzi özünə də, Azərbaycana da Allahın lütfü kimi qiymətləndirirdi.

Deyirdi ki, İsmayıl Hikmət Türkiyədən gəlmişdi, mükəmməl türk ədəbiyyatı tarixi kitablarını yazmışdı, Bakıda nəşr edildi, alaraq gözümüzə təpə-təpə oxuduq, ardınca "Azərbaycan Ədəbiyyatı" adlı ikicildliyini yazdı, bunu İsmayıl Hikmətin obiri əsərindən də artıq sevdik.

Və həmişə bir az qüssəylə əlavə edərdi ki, gör aradan nə qədər vaxt ötüb, amma İsmayıl Hikmətin o vaxt yazdıqlarından daha yaxşısını hələ də yaza bilməmişik. Hərəsi ayrı bir bilik dəryası olan Əziz Qubaydulini (1887-1937), Bəkir Çobanzadəni (1893-1937) anar, ah çəkərdi ki, gör əlimizdən kimləri aldılar. Cəfər müəllimə təhsilini bitirincə sənəd vermişdilər: "1905-ci ildə təvəllüd etmiş türk millətindən olan vətəndaş İsmayılzadə Cəfər 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu ikmal etmişdir.

Pedaqoji texnikuma məxsus nizamnamənin 1923-cü ilin 5 iyun tarixli 14-cü maddəsinə görə, vətəndaş İsmayılzadə Cəfər Pedaqoji texnikumu bitirdiyi üçün birinci dərəcəli və bununla eyni tipdə olan başqa məktəblərdə müəllimlik haqqına malikdir. Digər tərəfdən, müşair-ileyh Pedaqoji texnikumu kamilən bitirdiyindən Xalq Maarif Komissarlığının 1923-cü il 5 iyunda təsdiq etdiyi nizamnamənin 16-cı maddəsinə görə, Azərbaycanın bütün ali məktəblərinə qəbul olunmaq hüquq və imtiyazına malikdir".

Cəfər müəllim söyləyərdi ki, biz elə güclü, elə eşqli müəllimlərdən dərs almışdıq ki, sıravi müəllim ola bilməzdik, hər birimiz düşünürdük ki, vəzifəmiz millətə üstün övladlar, layiqli vətəndaşlar yetişdirməkdir.

Cəfər müəllim Darülmüəllimində onunla bərabər təhsil almış, sonra ədəbi aləmdə tanınan dostlarından söz açırdı, xatırlayırdı ki, sabahın parlayan şairlərindən olacaq Nigar Rəfibəyli də o vaxt bizimlə oxuyurdu.

Yəni Darülmüəllimində oxuyan gənclərin əksərinin həm də ədəbi qələmi vardı və 1930-cu illərin siyasət qasırğaları həmin qələmlərin də bir çoxunu sındırdı.

...Cəfər Darülmüəllimini bitirir, göndərirlər Mərdəkana, 1927-ci ilin sentyabrından 1929-cu ilin yayınacan öz kəndlərindəki yeddiillik məktəbdə dil və ədəbiyyat müəllimi işləyir. Ancaq artıq qəlbində oxumağa-öyrənməyə elə atəş yaranmışdı ki, təhsilini mütləq davam etdirmək istəyirdi. Arzusu idi ki, ali təhsil alsın. Ona görə də sənədlərini təqdim edir, qəbuldan uğurla keçir və Darülfünunun - Azərbaycanın ilk və sonrakı uzun vaxt boyunca da tək olmuş Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirməyə başlayır.

Burada tələbələrə fars və ərəb dilləri ilə yanaşı, fransızca da öyrədilirmiş. Cəfər müəllim əvvəldən bildiyi fars və ərəbcəsini burada daha da təkmilləşdirmiş, fransız dilini də öyrənmişdi. Cəfər müəllimin o illərdəki hər müəllimi haqqında xatirələri çoxdu. Məxsusi həyəcan və ehtiramla xatırladığı müəllimlərdən biri də əslən təbrizli və İran təbəəsi olan Mirzə Möhsün İbrahimzadə idi. 

Mirzə Möhsün Paris Universitetini bitiribmiş, Bakıya gəlib çatanacan Avstriya, Almaniya, İsveçrə, Belçika, Niderland, Fransa, İngiltərə kimi ölkələrdə tədqiqatlar aparıbmış, fəlsəfə, hüquq sahəsində də dərin biliklərə sahib olsa da, əsas ixtisası ədəbiyyat və dilçilik imiş. Darülfünunda fars dili dərslərini aparırmış, amma ərəbcəni də, almanca, fransızca, ingiliscəni də mükəmməl bilirmiş. "Divan-i lüğət it-türk"ün də bizlərdəki ilk tərcüməçisi Mirzə Möhsün olmuşdu və onun şairliyi də varmış. Cəfər müəllim mənə Firdovsinin 1000 illiyi münasibətilə 1934-cü ildə Bakıda buraxılmış nəfis kitabı hədiyyə etmişdi və orada Mirzə Möhsünün bədii tərcümə etdiyi dastan da yer alır. Cəfər müəllim danışırdı ki, həmin kitabın çıxmasından illər əvvəl Firdovsidən etdiyi tərcümələri Mirzə Möhsün onlara fars dili dərslərində oxuyar, şeir yaza bilənlərə gələcəkdə fars dilində yaradılmış klassik ədəbiyyatın bədii tərcüməsi sahəsində çalışmağı tövsiyə edərmiş.

Cəfər Rəmzinin ovaxtkı tələbə yoldaşlarının da bir çoxu sonranın məşhurları  idi. Cəfərlə yanaşı orda eyni illərdə Əbdüləzəl Dəmirçizadə (1909-1979), Cəfər Xəndan (1910-1961), Hüseyn Natiq (1912-1941) və digərləri dərs alırdılar. Azərbaycanın çox parlaq bir gəncliyi yetişməkdə idi və onlara dərs deyənlərin də hərəsi bir zirvə insan idi - ədəbiyyatda, mədəniyyətdə, elmdə. Ancaq çox keçməyəcək, 1930-cu illərin siyasət səmumları o müəllimlərin də, bu gənclərin də neçəsini heçlik girdabına sovuracaq, kimlərinsə həyatına müharibə son qoyacaq, bir qismi də Cəfər kimi həbs və sürgünlərdə ömrün ən işləməli illərini itirəcək.

Azərbaycanda, ümumən oçağkı Sovet İttifaqında siyasi repressiyaların ən müdhiş, ən amansız çağları 1937-1938-ci illərə təsadüf edəcək. Ancaq bu bəla Cəfər İsmayılzadəni başqalarından daha erkən, 1935-ci ildə haqlayacaq.

Ancaq hələ Cəfər Rəmzinin həyatına sonunu gətirən 1935-ci ilin iyun günlərinə xeyli qalırdı. 1930-cu ildə Bakıdakı ikiillik Müəllimlər İnstitutu ilə Darül-fünun birləşdirilir və onların təməlində Azərbaycanın gələcəkdə aparıcı ali təhsil ocaqlarından birinə dönən Dövlət Pedaqoji İnstitutu yaranır. Cəfər Rəmzi 1932-ci ildə həmin ali məktəbdən məzun olur və onu Qazax rayonunda müəllim işləməyə göndərirlər. Ordakı Pedaqoji texnikumda 2 il çalışır və artıq ədəbi fəaliyyətlərini də genişləndirməyə başlayır. Mütəmadi olaraq Qazaxdan ayrı-ayrı qəzetlərə, jurnallara məqalələrini, şeirlərini göndərir. İlk qoşquları həmin dövrdə dərc edilsə də, Cəfər şeir yazmağa hələ 15 yaşından başlamışdı və birinci şairlik adı da "Sufi" olmuşdu. Bu təxəllüsü əski ədəbiyyata, klassik şeirə bağlılığına görə götürmüşdü. Ancaq özü həyat sevgisi ilə daşan Cəfər müəllim tərkidünyalıqdan, inzivaya çəkilməkdən, dünya ləzzətlərinə biganəlikdən uzaq şəxsiyyət idi. Şeirlərində də daha çox müasir həyatı tərənnüm edirdi. Ancaq elə həmin illərdən Cəfərin ürəyinə bir başqa arzuda düşmüşdü. İstəmişdi ki, yeni zamanın ilk təzkirəsini düzəltsin. Başlamışdı ayrı-ayrı Abşeron şairlərinin şeirlərini toplamağa, onların özlərinin ömür yolu barədə bilgilər əldə etməyə. Ayların üstünə aylar gəldikcə bu vərəqlər artır, qalın-qalın qovluqlara çevrilirdi.

Qazaxda 1932-1933-cü illərdə Pedaqoji texnikumda işləyəndən sonra Bakıya gəlir, 1933-1935-ci illərdə buradakı 21 saylı məktəbdə dil-ədəbiyyat dərslərini aparır.

Ona şirni üçün verilən 10-15 qəpikləri yığaraq kitablar aldığı vaxtlar keçmişdə qalmışdı, indi özünün yaxşı məvacibi vardı, arada dərc edilən yazılarına görə də qələmhaqqı alırdı və imkanları çoxaldıqca kitabçün ayırdığı manatlar da çoxalırdı. Qazaxdan Bakıya gəlib məktəbdə dərs deməyə başladığı zaman artıq kitabları bir evə sığmırdı. Özü söyləyirdi ki, xırda-paralar nəzərə alınmazsa, seçmə kitablarının miqdarı 5 mini keçirmiş. Yaşadığı mənzilə kitabları yerləşmədiyindən İçərişəhərdə ayrı bir otağı da kirayə götürərək qalan kitablarını da ora yığıbmış. Ancaq 1935-ci il iyunun 21-i gecəsi saat 2-də həm İstiqlaliyyət küçəsində yaşadığı mənzilin, həm də İçərişəhərdə kirayələdiyi otağın qarşısında maşınlar dayanır. Orda da, burda da axtarışlar başlanır. Nə qədər əlyazması, məktubları, topladığı sənədlər, kitabları varsa, hamısını qamarlayıb aparırlar. Təbii ki, onlarla birgə Cəfərin özünü də.

Cəfəri ittiham edirdilər ki, antisovet məzmunlu şeirlər yazıb və qarşısına da əlyazmalar qoymuşdular. Makinadan çıxmış şeirlər idi, amma ayrı-ayrı sətirlərin üstündə Cəfər Rəmzinin xətti ilə edilmiş düzəlişlər, dəyişmələr vardı. Ekspert rəyi də vardı ki, bu xətt məhz Cəfər İsmayılzadəninkidir.

Ha and-aman edirsə ki, bu şeirlər mənimki deyil, dostum Hüseyn Natiqin yazdıqlarıdır, mənə vermişdi əl gəzdirim, bəzi yerlərini təshih edim, mən də yalnız onun şeirlərində yüngülvari redaktələr aparmışam. Kim idi onun dediyinə qulaq asan?! Tutulmağının əsas səbəbi heç həmin vərəqlər də deyildi. Bütün bunlar sadəcə bəhanə idi. Onu "NKVD" zirzəmisinə gətirib çıxaran bacısının ərinin Baba Əliyev olması idi.

Cəfər Rəmzi özü hətta Sibirlər görüb qayıdandan sonra da israrla boynuna almasa da, onun sirdaşlarından olan Əkrəm Cəfər mənə danışmışdı ki, əslində Cəfər müəllimin həbsinin səbəbi yazdığı və cinayət işinin arasında olmayan başqa bir şeir idi. O şeiri tapmağına tapmışdılar. Ancaq cinayət işinin arasına ona görə qoymurdular ki, bir həcv idi və içərisi ən kəskin həcvlərə xas təhqiramiz ifadələr və yağlı söyüşlərlə dolu həmin həcv Mircəfər Bağırova həsr olunmuşdu.

Cəfər Rəmzinin altında imza qoymadığı o həcv imzasız idi və anonim şeir qısa müddətdə Bakıda, Abşeronda dodaq-dodaq dolaşaraq əzbərlənmişdi. Həmin şeirin yaranmasına səbəb isə Mircəfər Bağırovun Baba Əliyevin əleyhinə etdikləri idi.

Baba Əliyev köhnə inqilabçılardan idi, bolşeviklər partiyasına 1905-ci ildən üzv olmuşdu, 1920-ci ilin iyununda yaradılan ilk Fövqəladə Komissiyada sədr olaraq qısa müddət - həmin ilin 19 oktyabrına qədər işləsə də, sonralar yenə yüksək vəzifələr tutmuşdu, Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi olmuşdu. Baba Əliyevi Mərkəzdə də yaxşı tanıyır və qiymətləndirirdilər, Bağırov ona da potensial rəqiblərindən biri kimi baxırdı. Peşəkar keyfiyyətləri və digər göstəriciləri ilə ondan yuxarıda dayananlarısa həmin şəxsiyyətlərin hər birindən daha qüvvətli olan hiyləgərliyi və məkri ilə aradan götürmək Mirqəzəbin şakəri idi.

Cəfər Rəmzi də bacısının həyat yoldaşına, ona da yaxşılıqları dəymiş, təmizliyi də hər kəsə bəlli olan insana qarşı törədilən qısnamalara, təqiblərə dözməmişdi, intiqamını neştərli sözü ilə almağa cəhd etmişdi. Amma bu ürəkboşaltma da ona çox baha başa gəlmişdi.

Təcridxanadakı bir neçə ay sürən üzücü dindirmələrdən sonra Cəfər İsmayılzadənin əksinqilabi təşkilatın üzvü olduğunu "sübuta yetirmiş", onu müsavatçı Məmmədəli Əlizadənin cinayət şəriki kimi 1938-ci il dekabrın 29-dək 3illik müddətə azadlıqdan məhrum etmiş, sürgünə göndərmişdilər.

Həmin hadisələrdən yarım əsr keçəndə, artıq 1980-ci illərdə Cəfər müəllim mənimlə söhbətlərində itkilərindən bəhs edərkən qüssə ilə ən əvvəl bunu söyləyirdi ki, onu daha çox yandıran qovluqları olub.

"Yadıma saldıqca məni həmişə dilxor edən həmin qovluqları bir cildçiyə məxsusi olaraq düzəltdirmişdim, hərəsinə 300-400 vərəq rahatca sığışırdı. O qovluqlara Abşeron şairləri haqqında məlumatları, onların köçürdüyüm şeirlərini, bəzilərinsə mənə verdiyi əlyazmalarını, toplaya bildiyim qədər fotoşəkillərini  toplamışdım. Hamısı getdi".

Üstündən yarım əsr keçəndən sonra Cəfər Rəmziyə həyatının ən vacib əsərlərindən birini - ədəbi simalar və onlardan gətirilən örnəklərlə Abşeronun şeir mühitinin bir neçə əsrə sığan mənzərəsini nişan verən "Deyilən söz yadigardır" adlı kitabını buraxmaq müyəssər olacaq. O kitabda Abşeronda XIII yüzildən üzü XX əsrə qədərki ayrı-ayrı sanballı şairlər haqqında bilgilər yer almış, onların ən yaxşı şeirlərindən seçmələr sıralanmışdı. Ancaq Cəfər müəllim nəşrini illərcə həsrətlə gözlədiyi, çıxmasına da həddən ziyadə sevindiyi bu kitabdan təəssüfsüz danışa bilmirdi. Söyləyirdi ki, bu kitab indikindən qat-qat qalın, dəfələrlə zəngin ola bilərdi: "1920-ci illərin axırlarında, 1930-cu illərin birinci yarısında elə Abşeron şairlərinin şeirlərini yığmışdım, elələrindən bütöv "Divan"larını götürmüşdüm, elələri ilə ətraflı söhbətlərimi sözbəsöz yazıya almışdım ki, 1950-ci illərdə artıq onların çoxunun izi-tozu qalmamışdı. Neçəsini həbs edib güllələmişdilər, tutulanda əlyazmalarının da axırına çıxmışdılar, hansılarınınsa oğul-uşağı onlardan sonra qalan əlyazmalarının qədrini bilməmişdi, itə-bata salmışdı. Elə bir sərvət əldən getdi ki, daha onu geriyə qaytarmaq, nə illah elədimsə, mümkün olmadı".

Cəfər Rəmzi İsmayılzadənin Xüsusi Xidmətlərimizin arxivində qorunan iki cinayət işi ilə illər öncə tanış olarkən maraqlanmışdım ki, bəlkə ilk həbsi zamanı evindən aparılmış qovluqlarla bağlı bir izə düşəm. Xəfif də olsa ümidim vardı ki, bəlkə nələrsə salamat qalıb - ümidlərim doğrulmamışdı.

1950-ci illərin sonlarında, həbslərdən, sürgünlərdən sonra vətənə qayıdıb yenidən ədəbi fəaliyyətə başlayarkən Cəfər İsmayılzadənin Abşeron kəndlərini qapı-qapı gəzərək bir vaxt ixtiyarında olmuş şeirləri yenidən axtararkən xəyal qırıqlığı ilə qarşılaşması yalnız ona görə deyildi ki, əli boşa çıxırdı. İş ondadır ki, bir çox şair tərcümeyi-hallarını bərpa etməkçün ona kömək göstərə, dünəndə qalmış hansısa hadisələri dəqiqləşdirməkçün şahidlik edə biləcək qocaların da çoxu ötmüş çətin, iztirabları və sıxıntıları bol olan illərdə həyatdan getmişdi.

...1935-ci ildə Azərbaycanda yay girəndə həbsə alınan Cəfər İsmayılzadə ona kəsilən cəza müddətini çəkməkçün qışı təxminən bitməyən Komi Respublikasına yola salınmışdı. Ora çatcağın olmazın müsibətlərlə üzləşmiş, adət etmədiyi qılınc kimi kəsən şaxtadan, aclıqdan, ağır əməkdən üzülərək xəstəliyə düçar olmuşdu. Söyləyirdi ki, mən bir müsəlman ailəsindən çıxmışdım, dilimizə heç vaxt haram dəyməmişdi, kasıb yaşasaq da, bir parça çörəyimiz həmişə olmuşdu. Ordasa çörək üzünə həsrət qalmışdıq, donuz əti verirdilər, dilimə vura bilmirdim. Elə oralara təzə düşdüyüm aylardaca tutulduğum xəstəlikdən gedə bilərdim. Ancaq Allah üzümə baxdı, bir xeyirxah insan orda məni ağır mədə xəstəliyindən türkəçarə yoluyla müalicə edib sağaltdı.

Həyatdan ulu hansı müəllim ola bilər?! Yaşanmış yaşanılmazlar Cəfər Rəmziyə ən nicatsız görünüən şəraitdə də sağ qala bilmək dərslərini vermişdi və həmin macəralı günlərdən onillər keçirkən, əzablı Sibir sınaqlarını vaxtın o tayında qoymuş Cəfər İsmayılzadənin bədəni elə möhkəmlənmişdi ki, nəinki hansısa ciddi xəstəliklər, heç zökəm-filan da ona yaxın durmurdu.

İlk dustaqlığı və sürgünü 3 il çəkmişdi. 1935-ci ilin 21 iyununda tutulanda bir də 1938-ci ilin 26 dekabrında buraxılmışdı. Azadlığa çıxıb evinə-eşiyinə qayıdanda ona verilən sənədlərin arasındakı kağızlardan birində xüsusi qrafada 39 rəqəmi də yazılmışdı. 39 rəqəmi o demək deyildi ki, 1938-ci il bitir, qarşıdan 1939-cu il gəlir. "39"un mənası ondan ibarət idi ki, məhbəsdən azad olunan bu şəxs vətəninə qayıtdıqdan sonra əvvəlki yerində - mərkəzdə yaşaya bilməz, öz vətənində də onu mütləq hansısa ucqara göndərmək lazımdır.

Yəni sözdə guya azad edilmişdisə də, əslində sürgün davam edirdi. Paytaxtda qalmaq ona yasaq edilmişdi və artıq onun vətənin içərisində, Azərbaycanın özündə sürgünü başlayırdı. Cəfər İsmayılzadə Bakıya çatınca onu Qubaya istiqamətləndirirlər. "39" burda da işləyirdi - sovetin nəzərində etibarı olmayan şəxs rayonun mərkəzində qalmamalı, Qubanın içərisində də daha ucqara göndərilməli idi.

Sənədlərinə baxırlar, onu ali pedaqoji təhsili olduğuna görə əvvəlcə Xınaçı kənd məktəbinə dil-ədəbiyyat müəllimi yollayırlar. Ancaq Xınaçı Qubaya nisbətən yaxın olan kəndlərdən idi, bunu da keçmiş məhbusa rəva görmürlər. Az sonra onu daha ucqar bir kəndə - Möhücə, ordakı məktəbə müəllim köçürürlər.

Öz aləmlərində guya bununla da Cəfərə əlavə cəza vermiş olurdular. Lakin gedib Komidəki dəhşətləri görəndən sonra vətəndəki ən şəraitsiz yerdə Cəfər üçün elə cənnətə bərabərdi.

26 oktyabr 2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see209

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see193

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see143

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see125

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see125

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see123

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see122

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see121

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri