Icma.az
close
up
RU
GECİKMİŞ MİNNƏTDARLIQ Rafael Hüseynov yazır

GECİKMİŞ MİNNƏTDARLIQ Rafael Hüseynov yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

İnsan istedadla daşanda, fayda vermək bir kəsin cövhərində olanda hara düşsə, orda parlaya bilir, ən dar macalda da faydasını verir. Xurşid Qacar müğənni idi və qadınlarımızın səhnədə hələ seyrək olduğu çağlarda misilsiz töhfələrini verə, opera tariximizə adını biryolluq həkk edə bilmişdi. Ancaq onun qismətində həm özü, həm də elə Azərbaycançün büsbütün yeni olan bir istiqamətdə də çalışmaq, bu sahədə də təməlqoyucu, sağlam bünövrəyaradıcıya çevrilmək fürsəti də varmış.

1934-cü ildə "Azərnəşr"in nəzdində musiqi nəşriyyatı yaratmaq haqda qərar verilir. Əslində buna çoxdan ehtiyac duyulurdu. Azərbaycanın mükəmməl konservatoriyası da vardı, konservatoriya nəzdində musiqi məktəbi də fəaliyyətdə idi. Respublikada musiqi təhsili durmadan inkişaf edirdi, Bakıda da, Azərbaycanın ayrı-ayrı bölgələrində də bir-birinin ardınca musiqi məktəbləri yaranmağa başlayırdı. Təbii ki, tədris üçün not əsərlərinin qıtlığı öz sıxıntısını büruzə verməyə bilməzdi. Ancaq başqa bir əhəmiyyətli məqam da vardı. Həm Üzeyir Hacıbəyli nəslinin, həm də onlardan sonra musiqimizdə sözünü deməyə başlamış bəstəkarların arzusu idi ki, yeni bəstələdikləri əsərlər yalnız əlyazmada qalmasın, çap edilsin, tirajlansın. Əlbəttə, Moskvada, Leninqradda, Kiyevdə və SSRİ-nin digər bir para şəhərlərində not nəşrləri həyata keçirilirdi. Lakin ora yol tapmaq, növbə tutmaq yetərincə müşkül idi. Odur ki, Azərbaycanda not nəşri işinin başlanması əlamətdar hadisə idi və bəstəçiliyimizin, musiqi təhsilimizin inkişafına müsbət təsirini göstərəcəyini elə irəlicədən vəd edirdi. Ən yaxşı cəhətlərdən biri bu idi ki, yeni işə başlayan "Musiqi nəşriyyatı"na Xurşid Qacar kimi səviyyəli, təşəbbüskar, işgüzar, eyni zamanda ciddi və tələbkar bir insan rəhbər təyin edilmişdi. İlk addımlar atılırdısa da, Xurşid xanım artıq qazanılacaq uğurlara təminatçı sayıla biləcək tədarüklər görmüşdü və gələcəkdə nələr ediləcəyinin çərçivəsini də müəyyənləşdirmişdi. Onun 1935-ci ildə hazırladığı bir hesabat mənzərəni dəqiq cızır: "Bizdə musiqi nəşriyyatının təşkil edilməsi türk musiqisinin həm Azərbaycanda, həm də kənarda təbliği üçün fövqəladə dərəcədə mühüm amildir.Bu istiqamətdə ayrı-ayrı şəxslərin əvvəllər etdiyi cəhdlər təsadüfi, qeyri-mütəşəkkil səciyyə daşıyırdı və təbii ki, not nəşriyyatı qarşısında duran tələbləri tam əhatə edə bilməzdi".

Xurşid xanım bu işin indiyədək baş tutmamasının, bu səmtdə hər hansı hərəkətin müşahidə edilməməsinin və bütövlükdə türk musiqisinin inkişafına əngəl olan bu niyyətin gerçəkləşməməsinin səbəbini təşəbbüskar bir insanın və təşkilatın irəli düşərək məsələylə məşğul olmamasında görürdü və belə təəssüflənirdi: "Yerli bəstəkarlar illərcə yaradıcılıq üçün münasib şərait və imkan olmadan öz əsərlərini yazmışlar. Onların əsərləri nəşr edilmədən qalmış və bəstəkarlar əməklərinin bəhrəsini duymamışlar. İndi isə bəstəkarlarımızın əsərlərində biz sağlam bir özək görürüksə, həmin əsərləri işləməyi öhdəmizə götürür və geniş kütlələrçün təxirə salmadan çap edirik. Biz musiqi yaradıcılığında diletantizmə yol verə bilmərik, bizim musiqi mədəniyyəti yalnız yüksəksavadlı olmalıdır. Əsl Şərq məhsulları ilk dəfə not sisteminə salınır və biz Avropa texnikasını tətbiq edərək həmin əsərlərin musiqi şəklinin dəqiqliyinə riayət edirik" (Xurşid Kadjar. Notnoeizdatelğstvopri Azerneşre. 1935).

Not nəşriyyatının nəzdində professor Rudolfun rəhbərliyi ilə daimi fəaliyyət göstərən məşvərət şurası yaradılıbmış, çap ediləcək əsərlərin dairəsi də müəyyənləşdirilibmiş: ifaçılığın tədrisi üçün musiqi repertuarı, musiqi təhsili müəssisələrindən ötrü nəzəri ədəbiyyat, dərsliklər, üstünlüyü türk milli musiqisinə verməklə musiqi elminin müxtəlif sahələrinə aid elmi-tədqiqi əsərlər.

Nəşriyyat hələ vur-tut dördcə ay idi çalışırdı, fəqət ortada olanlar və görülməsi düşünülən işlərin dairəsi elə geniş idi ki, artıq nəşriyyatın sabahına inamlı ümidlə baxmağa qaneedici əsas vardı. İlk 4 ay ərzində nəşriyyat artıq Asəf Zeynallının "Seyran", "Sərhədçi" mahnılarını və "Səndən mənə yar olmaz" xalq mahnısını işləməsini, Üzeyir bəyin "Komsomolçu"sunu, Lev Abın (1893-1942) "Sus, mənim çiçəyim", Mailyanın "Səfa" operasından "Yallı"nı buraxmışdı. Çapda olanları və çapa hazırlananları - qovluqdakıları sadalayırdı: burada Asəf Zeynallı, Üzeyir bəyin, Reynqold Qliyerin və daha bir neçə bəstəkarın əsərləri ilə yanaşı, xalq musiqisi əsasında işləmələrin də bolluğu diqqət çəkir. Cabbar Qaryağdıoğlunun oxusundan "Ləbləri şəkər" mahnısını Ab işləmişdi, "Yaxan düymələ"ni Paltseva, Sarabskidən alınmış "Muğan" mahnısını Ab işləmişdi, "Dağlar"ı Q.Burşteyn, İppolitov İvanov isə "Azərbaycan-Şərq təranələri"nin not yazılarından ibarət toplu hazırlamışdı. Başqa sözlə, not nəşriyyatının elə ilk aylardan tutduğu xətt beləymiş ki, xalq musiqisinin notlaşdırılaraq nəşr edilməsi başlıca vəzifələrdən biri kimi müəyyənləşdirilibmiş.

Mətndəki işarələrdən bəlli olur ki, nəşriyyatın bir rüblük fəaliyyəti haqqında hesabat və görüləsi işlər, öhdəliklər haqqında soraqvermə biçimli bu yazı əslində Xurşid xanımın azərbaycanca "Kommunist" qəzeti redaksiyasının təşəbbüsü ilə təşkil olunmuş konsertdən öncə musiqi ictimaiyyəti qarşısında çıxışının mətni imiş.

Görülmüş və görüləcək işlərdən bəhs edəndən sonra Xurşid xanım, yəqin ki, onu dinləyənlər arasında kömək göstərə biləcək səlahiyyət sahiblərinin olduğunu nəzərə alaraq, mövcud çətinliklərdən də söz açırdı: "Öz istehsalatımızın olmaması, not işindən baş çıxaran qravüraçı rəssamların yerli-dibli yoxluğu, notların çapı üçün daş lövhələrin olmaması işimizi çətinləşdirir. Daş lövhələrin hər birini sözün əsl mənasında savaşa-savaşa əldə edirik. Çünki Bakpoliqraf bu daş lövhələrdə xüsusi sifarişlərlə reklam plakatları və digər o qəbil məhsullar buraxır".

90 illik uzaqda qalmış bu söhbətləri indi genişliyi ilə ona görə diqqətə çatdırırıq ki, görəsiniz imkanların məhdud halında belə insanlar necə fədakarlıqla çalışırmış.

Bir dəfə Tofiq Quliyev evində mənə bir əlyazma göstərdi. Qara Qarayevin not xətti idi, muğamlarımızdan birini, gərək ki, "Rast" idi, Qurban Pirimovun çalğısından işləmişdi. Yəqin, həmin əlyazma Tofiq Quliyevin arxivində qalmaqdadır.

Bir söhbəti qoyaraq digərinə ona görə keçir və bu ayrıntını vurğulayıram ki, Qara Qarayevdə xalq musiqimizə, muğamlarımıza bağlılığı dərində olduğu üçün gərəyincə tuta bilməyənlər agah olsun ki, böyük bəstəkarımız bu məsələlərə xüsusi həssaslıqla yanaşırmış, hətta yenə Tofiq müəllimin söyləməsincə, məqsədi də varmış ki, muğamların nota alınması işinin ardınca onların simfonizəsi məsələsinə də əl qatsın.

Xurşid xanım Qacardan qalan və nəşriyyata aid sənədləri, əlyazmaları araşdırdıqca bu da aydın görünür ki, muğamların nota alınması məsələsinə də o, sistemli yanaşırmış, məqsədini gerçəkləşdirməkdən ötrü qabil cavan bəstəkarları bu işə daha çox cəlb edirmiş.

Asəf Zeynallının yetirmələrindən olan iki bəstəçinin - Tofiq Quliyevlə Zakir Bağırovun o vaxtlar Mədəniyyət Nazirliyinə göndərdiyi arayış da bunu təsdiq etməkdədir: "1936-cı ildə Azərbaycan musiqi nəşriyyatının direktoru Xurşid Qacar Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq Azərbaycan muğamlarını fortepiano üçün işləməklə nota almağı təşkil etmişdi. Xurşid xanım bu işə bizi də cəlb etmişdi və biz, xalq musiqisinin bilicisi Mirzə Mansurun tarda çalğısından üç muğamı -"Dügah", "Rast", "Segah zabul"u nota saldıq.

Xurşid Qacarın təşəbbüsü və onun muğamı nota almaq işini fəal şəkildə aparması Azərbaycan musiqi mədəniyyətinin inkişafına qiymətli töhfə olmuşdur. Bu iş yoldaş Ruhulla Axundov tərəfindən yüksək dəyərləndirilmiş və onun təklifi ilə Sergey Mironoviç Kirovun işıqlı xatirəsinə həsr edilmişdir".

Ruhulla Axundov dərin və əhatəli bilikli, həm də siyasətcil adammış və o vaxt muğama aid not nəşrlərini sovetin nəzərində yüksək tutulan bir rus partiya liderinin xatirəsinə həsr etmək təklifini irəli sürməklə həm Xurşid xanımı, həm də muğamı qoruyurmuş ki, hansı bədxahlarsa bu işləri köhnəliyin təsirinə qapılmaq, millətçilik qoxusu gələn fəaliyyət kimi ləkələyib qarşısını almaq istəyəndə Kirovun adı qoruyucuya çevrilsin.

Moskva Konservatoriyasının tələbələri Tofiq Quliyevlə Zakir Bağırovun nota saldıqları ilk muğamların fortepiano və fleyta ifasında birinci təqdimi 1936-cı il avqustun 10-da Opera teatrında baş vermişdi. Həmin konsertə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov, Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov, Bakı Şəhər Partiya Komitəsinin katibləri M.Nərimanov və R.Qulbis, XKS-nin İncəsənət İşləri İdarəsinin rəisi Ruhulla Axundov, digər partiya və hökumət məsulları, musiqi ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Leninqrad Filarmoniyasının solisti, Əməkdar artist Triznonun fleytada, Vladimir Kozlovun pianoda ifa etdiyi muğamları tamaşaçılar hərarətlə qarşılamışdılar.

1936-cı il avqustun 15-də "Bakinskiy raboçiy" qəzeti bu mövzuya səxavətlə yer ayırmış, redaksiya məqaləsindən əlavə Üzeyir Hacıbəylinin, Xurşid xanımın özünün, Tofiq Quliyev və Zakir Bağırovun, Simfonik Konsertlər İdarəsinin direktoru Mədətovun, Azərbaycan Dövlət Konservatoriyasının direktoru A.Ter-Hevondyanın, İsrafil Cahangirovun yazılarını dərc etmişdi. Azərbaycanda muğama qayıdışın və onu yeni bir səviyyədə təqdim etmənin unudulmamalı səhifəsi ilə bağlı o yazıların üstündən elə dilucu söz açaraq ötmək düz olmazdı. Bunlar heç də indinin gözüylə baxıb bugünkü ağlıyla düşünürkən görünən sadəlikdə olan məsələlər deyildi. Bunlar zəmanəyə görə sadəcə sənət hadisəsi deyil, qəhrəmanlıq sayılası əməllərdi.

Bunlar daxilində üzdən görünən və görünməyən neçə girdab qaynayan qəliz və qəddar bir dövrdə vətənpərvər insanların qeyrətli mübarizələrinin tarixçəsidir.

1936-cı ildi. Tara və muğama elə çadraya, papağa olan kimi həqarətlə "rədd ol" bağırıldığı, "səsini kəs" deyildiyi günlərin tozanağı hələ soyumamışdı, o dövr idi ki, tarixə, keçmişə, əski irsə çox meyl edənlər hər gün-günaşırı mətbuatda həyasız bolşevik qırmızılığı ilə qırmanclanırdılar, həya pərdəsi götürülmüşdü, müqəddəs, toxunulmaz sayılan dəyərləri və adları adiləşdirmək, bəsitləşdirmək, cılızlaşdırmaq, yağılaşdırmaq siyasəti xərçəng mikrobları kimi cəmiyyətin canına yeridilirdi.

Heyif, şahidlərdən qalanlar yoxdur ki, muğamla əlaqədar Xurşid xanımın təşkilatçılığı ilə gerçəkləşmiş nəşrlərin niyə belə dəstə ilə, hətta bir az da nümayişkaranə təbliği və müdafiəsinin aparılmasının pərdəarxası səbəbləri barədə soruşum. Bəlkə kimlərsə bu addımların əleyhinə orda-burda mızıldanırmış, o səbəbdən narahatmışlar ki, götürüb Moskvaya-filana yazar.

"Bakinskiy raboçiy" xəbər verirdi ki, konsert bitincə İncəsənət İşləri İdarəsinin rəisi Ruhulla Axundovla, Xurşid Qacarla, Mirzə Mansurla, Tofiq Quliyev və Zakir Bağırovla söhbətində Mərkəzi Komitə və Bakı Komitəsi Kommunist Partiyasının katibi Mircəfər Bağırov və Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov görülmüş işin Azərbaycan musiqi mədəniyyəti üçün yüksək əhəmiyyətini qeyd etdilər. Onlar göstərdilər ki, görülmüş işlər türk xalqının (bəxtəvər başımıza! Hələ millətimizin adı naməlumlaşmayıb, hələ ki gələniləcənhər yerdə adımızı "türk" yazırlar - R.H.) zəngin musiqi folklorundan və klassik musiqi irsindən hərtərəfli istifadə işinə qiymətli töhfədir və qeyd etdilər ki, bu istiqamətdə Azərbaycanın musiqi təşkilatları və xadimləri gərgin və səylə çalışmaqda davam etməlidirlər".

Xurşid Qacar qəzetin o sayındakı "Gənc kadrlar yetişmişlər" (Belə sanballı işlər görürdülərsə, həqiqətən, yetişmişdilər. Ancaq nə yaşları vardı ki?! Zakir 20 yaşında idi, Tofiqinsə heç 19 yaşı tamam olmamışdı - R.H.) sərlövhəli məqaləsində yazırdı ki, edilənlər bu sahədə yerinə yetirilməli olan nəhəng işlərin yalnız başlanğıcıdır.

Tofiq Quliyevlə Zakir Bağırovun "Bakinskiy raboçiy"in o nömrəsindəki "Muğamların nota alınması ilə bağlı biz necə işləyirdik?" adlı məqaləsi isə mühüm bir incəliyə, daha dəqiqi - 2 vacib məqama diqqəti cəlb edir. Birincisi odur ki, sən demə, bu işin qızğın əleyhdarları varmış, hətta başlanmış işin sona çatdırılmasına belə macal vemək istəmirlərmiş: "Muğamatın nota salınması məsələsi son vaxtlaracan həll olunmamış qalırdı. Çünki dırnaqarası "nəzəriyyəçilər" deyilən bir qrup vardı ki, muğamatı nota almanın orijinala yaxın belə gələ bilməməsindən dəm vururdular və bizim işimizin sona yetirilməsinin əleyhinə idilər".

İkinci diqqət çəkən nöqtə isə odur ki, bu xeyirxah işin həyata keçməsinin qığılcımı ali qiyməti hələ indiyədək layiqincə verilməmiş ən cəfakeş ziyalımız Ruhulla Axundovdan gəlirmiş. Tofiq Quliyevlə Zakir Bağırov həmin kiçicik məqalələrində bu həqiqəti tarix üçün əmanət ediblər: "Biz işə Xalq Komissarları Şurası İncəsənət İşləri İdarəsinin rəisi Ruhulla Axundovun tapşırığı ilə başladıq.

Tapşırıq qoyulmuş müddətdən əvvəl yerinə yetirildi. 22 iyulda İncəsənət İşləri İdarəsində yazılmış rapsodiyaların dinlənişi oldu. Yazının çalaraq yoxlanılması pianoçu Kozlova həvalə edilmişdi".

Zəmanənin bütün çalxantılarına rəğmən, mədəni mühitin xoşbəxtliyi onda idi ki, meydanda Üzeyir bəy kimi zirvə vardı. Elə müdrik, sözükeçər bir ağsaqqal ki, onun verdiyi qiyməti kimlərinsə cığallığa, qərəzə salaraq mübahisələndirməsi ağlabatmaz idi. Sənətin, ədəbiyyatın, elmin evi onda yıxılır ki, hamının etiraf etdiyi belə münsiflər tükənir, yaxud olanlar da elə hörmətsizləşdirilir, elə dəyərsizləşdirilir ki, hər yerindən duran hərzə-hərzə danışmaq, özünü irəli dürtmək girəvəsi qazanır.

"Möhtəşəm mədəni zəfər" adı qoyduğu balaca, amma tarixi məqaləsində (Üzeyir bəyin ayrı-ayrı qəzet-jurnalların səhifələrində qalmış o qədər belə yazıları var ki! Hərəkətə gələrək o dahinin bütün irsini əhatə edən mükəmməl akademik nəşri hazırlamaq borcumuzdur!) Üzeyir bəy uğurun mahiyyətini belə açırdı: "Gənc bəstəkarlar Quliyev və Bağırovun nota saldıqları muğamatı mən pianino və fleytada böyük sevinclə dinlədim. Bu yazılışla Azərbaycanın musiqi həyatında böyük çevriliş baş vermişdir. Qiymətli musiqi materialı olan muğamlar tərk edilmiş qədim abidəni xatırladırdı. Onların nota yazılması ilə Azərbaycan incəsənətinə mühüm xidmət göstərilmişdir. İndiyədək belə fərz edilirdi ki, muğamları nota salmaq mümkün deyil. Təsdiq edirdilər ki, Şərq musiqisi müasir not sisteminə yata bilməz. Quliyev və Bağırov bu yanlış baxışları tamamilə darmadağın edir.Mən muğamların notla ifasını böyük diqqətlə izlədim və yəqin etdim ki, muğamlar öz gözəlliyini, öz çalarlarını itirməmişlər. Aydın məsələdir ki, ifaçıdan da çox şey asılıdır, ancaq mübahisəsiz olan bir cəhət var - hər sənətkar Azərbaycan klassik musiqisinin nümunələrini notla ifa edə bilər".

"Azərnəşr"in musiqi bölməsinin bilavasitə rəhbərliyi ilə, başqa sözlə, Xurşid Qacarın daimi nəzarəti və idarəçiliyi ilə gerçəkləşərək musiqi tariximizin əlamətdar hadisəsinə çevrilmiş bu addımı dəyərləndirənlər arasında bir erməni də vardı ki, onun da yazısı "Bakinskiy raboçiy"in həmin sayındakı məqalələr cərgəsində idi. A.Ter-Hevondyan o vaxt Azərbaycan Dövlət Konservatoriyasının direktoru işləyirmiş və Xurşid xanıma da məxsusi rəğbətlər bəsləməsi mütəmadi olaraq hədiyyə etdiyi əsərlərindəki hərarətli avtoqraflardan hiss edilməkdədir. Yazırdı ki, əlyazması 150 səhifəni tutan və qədərincə dəqiq yerinə yetirilmiş köçürmə türk xalq yaradıcılığının zənginliyi ilə maraqlanan istənilən bəstəkar üçün hüdudsuz tematik materialdır. Üç muğamın yazılması, belə görünür ki, aparılmalı olan böyük işin yalnız əvvəlidir. Azərbaycan xalq yaradıcılığı el sənətinin dərin qatlarının zənginliyinə baxmayaraq, indiyədək nəinki ayrı-ayrı musiqi xadimləri tərəfindən, müvafiq təşkilat və müəssisələr tərəfindən də az tədqiq edilmişdir. Bunu da alqışlamaq lazımdır ki, görülmüş iş çapa göndərilir və yaxın zamanlarda geniş ictimaiyyətin ixtiyarına veriləcəkdir".

Doğrudan da, çox çəkmir ki, muğamların not yazıları ayrı-ayrı kitablar şəklində professor Leopold Moritseviç Rudolfun (1877-1938) redaktəsi ilə hər biri 1000 nüsxə olmaqla nəşr edilir.

"Bakinskiy raboçiy"in elə baş vermiş hadisə kimi tarixi siqləti olan, bir konsertə ayrıca səhifə həsr edən sayındakı geniş məqaləsində həmin dövrdə bir müddət Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarənin rəisi olmuş İsrafil Cahangirovdə başverəni Azərbaycan musiqisi tarixində "ciddi dönüş" adlandıraraq vurğulayırdı: "Elə bir iş görülüb ki, onun əhəmiyyəti Azərbaycan hüdudlarından çox kənarlara çıxır. Muğamların nota yazılması ilə belə səsdüzümü sisteminə malik bunca mürəkkəb materialın nota alına bilməsi mümkünlüyü sübuta yetirilmişdir. İndi bütün dünya qarşısında Azərbaycanın musiqi zənginliyinə qapılar geniş açılır".

Bütün bu yazıları oxuduqca onu da düşünürəm ki, ola bilsin, muğamın nota alınması işinə başlanmasına maneçilik törədənlər bu işin faydası və mənasını həmin işin tez baş tutmasına çalışanlardan da yaxşı anlayırlarmış. Elə bunu yaxşı dərk etdikləri üçün də qarşı çıxırmışlar ki, daha gen üfüqlərə çıxmaq fürsətlərimiz azalsın.

"Bakinskiy raboçiy"in bu sayının işıq üzü görməsinin ertəsi günü - 1936-cı il avqustun 16-da Azərbaycan Xalq Komissarları Şurasının sədri Hüseyn Rəhmanov sərəncam imzalayır. Həmin sərəncamla İncəsənət İşləri İdarəsinə 1937-1938-ci illərdə bütün əsas muğamların nota alınaraq nəşr edilməsini təmin etmək tapşırılır. Elə həmin sərəncamla artıq 3 muğamı nota salmış və Moskvada təhsil alan Tofiq Quliyev və Zakir Bağırova təhsili başa vuranadək ayda 300 rubl miqdarında yüksək təqaüd təyin edilir. Musiqi texnikumunun tar müəllimi Mansur Mansurova sanatoriya müalicəsi təyin edilməsi haqda Səhiyyə Nazirliyinin müvafiq idarəsinə göstəriş verilir.

Xurşid xanımı isə belə mükafatlandırırlar ki, XKŞ-nin ehtiyat fondundan 1500 rubl ayırmaqlaonu 1 ay müddətinə Moskvaya elmi ezamiyyətə göndərmək qərarı çıxarılır.

Söz yox, bu sərəncamdakı hər bənd qədirşünaslıq nümunəsi kimi diqqətəlayiq idi, amma hər halda bəndlərin ən vacibi növbəti iki ildə bütün əsas muğamların notlaşdırılaraq nəşr edilməsini başa çatdırmaq əzmi idi.

Ancaq 1937, ardınca 1938 dəhşət illəri kimi gəlir, çox çıraqlar söndürülür, çox tifaqlar dağılır.

Xurşid xanım Qacar da 1938-ci il martın 21-də - Novruz bayramı günü ərizəsini yazaraq öz xahişi ilə vəzifəsindən gedir.

Ancaq Xuşid xanım bütün muğamların notlaşdırılaraq çap edilməsi haqda sərəncam çıxandan sonra qaynar həvəslə işə başlayıbmış, mümkün müəlliflər dairəsini müəyyənləşdirərək danışıqlar aparırmış, hətta layihənin çəkisini bir az da artırmaq, ona ümumittifaq səciyyəsi verməkçün Moskvadan Aram Xaçaturyanı da əməkdaşlığa cəlb edibmiş. Ona "Dügah" muğamı tapşırılıbmış, hətta 5 min rublluq müqavilə də bağlanıbmış.

1938-ci il iyunun 11-də İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin Azərbaycan İdarəsindən Aram Xaçaturyan və Xurşid Qacara məktub göndərilir.

Məktubda göstərilirdi ki, 1936-cı il oktyabrın 20-də Xurşid Qacarın vasitəçiliyi ilə bəstəkarla müqavilə bağlanaraq ona 1500 rubl ödənilsə də, işin təhvil verilməsindən ötrü razılaşdırılmış müddət bitsə də, indiyədək ortada heç nə yoxdur. Bildirilirdi ki, Azərbaycan XKŞ həmin səbəbdən də ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib və bu təqdirdə də məsələ həllini tapmazsa, artıq "Musiqi nəşriyyatı"ndakı vəzifəsindən çıxmış olsa da, bəstəkarın qaytarmadığı məbləğ Xurşid Qacardan tutulacaqdır.

Amma əslində Aram Xaçaturyan vədə xilaf çıxmamışdı. Xurşid xanım nəşriyyatdan aralanandan sonra onunla rabitələr də soyumuşdu. Ancaq bəstəkar başlanğıcda işə məsuliyyətlə girişmişdi. Xurşid xanımın arxivində bəstəkarın ona 1936-cı ilin 10 dekabrında yazdığı məktubun əlyazması da qalır.

"Çox hörmətli Xurşid xanım! Vəziyyət elə gətirib ki, mən sizə bu məktubu yazıb bəzi xahişlərimi etməliyəm. Burada İncəsənət İşləri üzrə Komitənin məsul işçilərindən xəbər tutdum ki, Azərbaycan martda Moskvaya gəlməyəcək, bu gəliş payıza saxlanılıb. Sizdən aldığım tapşırığın çətinliyinin nədən ibarət olmasını mən sizə burda demişdim. Ondan əlavə, mənə Azərbaycan melodiyalarının üslub və xarakterini açan adamların olmaması (Quliyevlə Bağırovu mən ay ərzində tapa bilmirəm. Baxmayaraq ki, onlara ismarış yazıb qoymuşam, yoldaşları vasitəsilə məktub da göndərmişəm) əsas çətinliklərimdəndir. Üstəlik, başqa yaradıcılıq tapşırıqlarının məsuliyyəti də var. Stalin haqda bir əsəri 20 oktyabra qədər bitirməliyəm. Bütün bunlar məni məcbur edir ki, sifarişinizlə bağlı işimi yüngülləşdirməyi sizdən rica edim. Ya istəyirsinizsə, məni bu işdən tamam azad edin. Sizin köməyiniz nədən ibarət ola bilər? Birincisi, mənim xahişimlə müqaviləni ləğv etmək olar, onda mən də aldığım avansı dərhal geri qaytararam. İkincisi, müqaviləni dəyişib başqa bir sifarişlə, məsələn, mahnılarla əvəz etmək olar. Və nəhayət, mənə daha uzun möhlət vermək olar ki, tələsməyim, həm mənim, həm səninçün prinsipial məna daşıyan bu əsərlə bağlı sakitcə düşünə bilim. Sizin sifariş etdiyiniz mövzunu konyunktursuz yazmaq barədə söz də ola bilməz. İstərdim ki, mənim bir yaradıcı adam olaraq vəziyyətimin bütün mürəkkəbliyini və psixologiyamı başa düşəsiniz, məni narahat edən məsələlərin həllinə kömək göstərəsiniz. Demək artıqdır ki, mən sizinlə və Azərbaycanla ən ciddi şəkildə bağlanmaq niyyətindəyəm. Düşünün, öz aranızda müzakirə edin və mənə yazın".

Görünür, vəziyyət elə mürəkkəbləşib ki, daha bu qəbil məsələlərin ardınca olmağa Xurşid xanımın gücü çatmayıb.

Yəqin, həm də cani-dildən danışmağa gücü çatmadığına, haqsızlıq duyduğuna görə müəyyən qədər küskünləşib, müvazinətini itirmək təhlükəsi də yaşayıb.

Aram Xaçaturyana gəlincə, onun yaradıcılığında sonrakı illərdə yazdığı əsərlərdə birbaşa Azərbaycan təsiri, muğam dalğası, bizim musiqi folklorunun aşkar ahəngi hiss edilməkdədir.

Belə anlaşılır ki, Xurşid xanımın verdiyi sifariş yerinə yetirilməsə də, bəstəkarın həmin bağlaşma əsasında apardığı hazırlıq işləri səmərəsiz ötmür, bir başqa şəkildə onun yaradıcılığında əhəmiyyətli izini buraxır.

O, Xurşid xanımı unutmurmuş. Üstündən xeyli vaxt ötəndən sonra, 1963-cü ilin 29 oktyabrında, artıq Xurşid xanımın həyatda olmadığı çağlarda Sovet İttifaqında ən tanınmışlardan birinə çevrilmiş bəstəkar belə yazırdı: "Azərbaycan musiqisinin inkişafı üçün çox enerji və əmək sərf etmiş fəal Xurşid xanımı dərin ehtiramla yad edirəm. Onun yüksək mədəniyyəti və Azərbaycan musiqisinin inkişafı məsələlərini necə dərk etməsi daim mənim diqqətimi çox cəlb edərdi".

Ancaq tək o deyilmiş. Xurşid xanım "Musiqi nəşriyyatı"nı idarə etdiyi illərdə SSRİ-də musiqi həyatında öncül mövqedə olan bir sıra başqa məşhur simaları da Azərbaycanla bağlamağa, yaradıcılıq əməkdaşlıqlarını genişləndirib dərinləşdirməyə səy edirmiş.

Xurşid xanımın SSRİ-də musiqişünaslıq elminin inkişafında əvəsiz xidmətləri olan, Azərbaycanın milli musiqisi haqqında da bir sıra dəyərli araşdırmalar aparmış professor Viktor Mixayloviç Belyayevlə də (1888-1968) sıx əlaqələri vardı. Viktor Belyayev 1935-ci ilin 27 martında Xurşid Qacara ünvanladığı məktubunda belə yazırdı: "Nəhayət, Moskvaya qayıtdım və ümid edirdim ki, gəlib Bakıdan göndərilmiş bir neçə məktubun məni gözlədiyini görəcəyəm. Ancaq belə məktublara rast gəlmədim. Mənə maraqlıdır ki, Səid Rüstəmovun məcmuəsinə yazdığım və sizə hələ Tiflisdən göndərdiyim müqəddiməmi almısınızmı?

Sizin nəşriyyatda qravüra bölməsini xüsusi əziyyət çəkmədən yaratmaq olar. Notları əks etdirmənin yeni üsullarından da yararlanmaq mümkündür. Bunların nümunələri bu günlərdəəlimə çatacaq, alınca sizə də göndərərəm. Beləliklə, poliqrafik not bazasının yaradılması məsələsi sizdə o qədər də çətin başa gəlməməlidir.

Bilmirəm, Bülbül tar haqqındakı, ona barəsində danışdığım 2 çap vərəqi həcmində kitabımı əldə etməkdə maraqlı olacaqmı? Çox istərdim bu məsələni tezliklə aydınlaşdırım ki, yaxın vaxtlarda həmin kitabçanı yazmağa başlayım. Sənə yazdığım əsnada Bülbülə və Səid Rüstəmova da məktublar göndərirəm. Sizinçün də nəşrlərimizi toplayıb göndərərəm, sizin də nəşrləri gözləyirəm. Daşkənddən onların dövlət nəşriyyatında musiqi şöbəsi yaratmaq haqda təklif almışam. Bakını, orada keçirdiyim günləri məmnuniyyətlə xatırlayıram. Natalya Osipovna da (musiqişünasın həyat yoldaşı - R.H.) daim sizə təzim edir. Uğurlar arzulayır, cavab gözləyirəm".

Xurşid xanımın arxivində Viktor Belyayevin Azərbaycan musiqisi ilə bağlı yazdığı bir neçə məqalənin əlyazması da qalmaqdadır. Altında 1935-ci il 10 mart tarixi qoyduğu "Bakıda musiqi" adlı müfəssəl məqaləsində Viktor Belyayev səriştə ilə Azərbaycanın oçağkı musiqi gerçəkliyinin dolğun mənzərəsini çızır və bu müstəvidə yenicə fəaliyyətə başlamış "Musiqi nəşriyyatı"nı da yaddan çıxarmır: "Azərbaycanda musiqi nəşriyyatı işinə gəlincə, bu sahəyə rəhbərlik "Azərnəşr"in musiqi bölməsinin rəhbəri, enerjili və musiqi baxımından yüksək peşəkarlıqlı Xurşid Qacarın möhkəm əllərindədir. O, 1934-cü ildə çox iş görüb və Azərbaycanda milli musiqi nəşri işini düzgün əsaslarda qurub".

Xurşid xanımın bu sahədə yaratdığı qəlbəyatan nizamın ayrı bir şahidi onun tərtib etdiyi kiçik bir albomdur. Orada Xurşid xanım "Musiqi nəşriyyatı"nın nailiyyətlərindən deyən qəzet kəsiklərini toplayıb. "Na rubeje Vostoka" qəzetinin 1934-cü il 18 noyabr sayında "Türk dilində ilk dəfə not yazısı çapının başlandı"ğını xəbər verən məqaləsində bu sorağı da çatdırır ki, qocaman xanəndə Cabbar Qaryağdıoğlunun verdiyi oxumaq üçün 80 qədim xalq melodiyasının da nəşri gözlənilir. Cəfər Cabbarlının librettosu əsasında yazılan "Od gəlini" operası haqqında müxtəlif qəzetlərdə dərc edilmiş məqalələr sırası da unudulmuş bir tarixçəyə işıq salır. "Bakinskiy raboçiy" 1935-ci il 18 yanvar sayında yazır ki, dramaturq Cəfər Cabbarlının arxivində çox maraqlı bir əlyazma - "Od gəlini" operasının əlyazması tapılıb. Bu məlumat da verilir ki, Cəfər Cabbarlı həmin operanı Rimski-Korsakovun şagirdi bəstəkar Hevondyanla birgə işləməyə başlayıbmış. Dəqiqləşdirilir ki, dramaturq və bəstəkar birlikdə "Od gəlini" operasının proloqunu tam yazıb başa çatdırıblarmış.

"Cabbarlı yazdığı layihədə pyesini maksimal dərəcədə opera janrına yaxınlaşdırmışdır və musiqi tərtibatı üçün gözəl material verir". Məqalənin davam edən sətirlərinin aydınlatdığı digər mühüm həqiqətsə ondan ibarətdir ki, Xurşid xanım yenicə çalışmağa başladığı nəşriyyat sahəsində işini heç də yalnız ayrı-ayrı notların çap edilməsi ilə məhdudlaşdırmır, mötəbər musiqi təşkilatçılığı ilə də məşğulmuş: "Azərnəşr"in "Musiqi nəşriyyatı"nın təklifi ilə bəstəkar Hevondyan "Od gəlini" operası üzərində işini davam etdirir. Artıq bəstəkar opera üçün marş və müxtəlif kiçik parçaları yazmışdır. "Azərnəşr"lə bağlanan müqaviləyə görə, bəstəkar operasını 1935-ci ilin sonunadək təhvil verməlidir".

Qısa müddət ərzində Xurşid xanım nəfis tərtibatlı ilk not əsərlərimizdən ibarət bir kitabxana yarada bilmişdi.

Bu not əsərlərinin hər biri onların üstündə imzası yer alan bəstəkarlar, tərtibçilər, redaktorlarçün son dərəcə əzizdi. Axı bunların hamısı əvvəlinci göyərçinlər - ilk milli not nəşrlərimiz idi! O müəlliflərin hər biri bu nəşriyyatın araya-ərsəyə gəlməsinin, bu nəşrlərin ortaya çıxmasının səbəbkarı Xurşid xanıma minnətdar idilər və ürək sözlərini yazaraq ilk nüsxələrdən ona hədiyyə də etmişdilər.

Bu, Üzeyir bəyin "Komsomolçu qız"ıdır (Musiqi Üzeyir bəyindir, söz Məhəmmədhüseyn Təhmasibin. Əlbəttə ki, o sözlər bu gün gərəksizləşib, Üzeyir bəyinsə hansısa əsəri demirəm, heç bircə musiqi cümləsi də haçansa köhnələ bilərmi? Ürəyimdən keçir ki, yaddan çıxmış bu mahnının sözlərini dəyişim, bir Üzeyir yadigarı da dirilib təzədən həyata qayıtsın).

Üstündə Üzeyir bəyin öz dəsti-xətti: "Möhtərəm Xurşid xanım! Səy və çalışqanlığınızın nəticəsi olaraq təb və nəşr edilmiş bu əsərimi sizə təşəkkürlərlə təqdim və proletar musiqi mədəniyyəti cəbhəsində göstərməkdə olduğunuz müvəffəqiyyətlər dolayısı ilə sizi təbrik edirəm! Üzeyir. 16.V.1934".

Səid Rüstəmov xeyli illər sonra artıq səlahiyyətləri çoxalmış, boyu artmış və ayrıca dövlət nəşriyyatına çevrilmiş Azərbaycan Dövlət Musiqi Nəşriyyatında 1950-də çıxan "Azərbaycan xalq rəqsləri" kitabının üz qabığında yazdığı avtoqrafda Xurşid xanımın bir naşir olaraq ona ötən illərdə göstərdiyi qayğıları bir-bir sadalayırdı: "Çox hörmətli Xurşid xanım Qacar! Mənim xalq musiqisinə aid "Tar məktəbi. 1935", "Azərbaycan xalq rəqsləri. 1937", "50 Azərbaycan xalq mahnısı. 1938", "Azərbaycan aşıq mahnıları"nın 4 toplusunun 1938 nəşrində mənə göstərdiyiniz böyük köməklərə görə bu toplunu sizə minnətdarlığımın nişanəsi olaraq təqdim edirəm".

Uçub gedən anı tuta bilmək insanı həmişə düşündürüb. Hansısa mətləb səni çox düşündürürsə, gec-tez onun çarəsini tapırsan. Musiqi də quş kimidir, suya bənzəyir - uçur, axır, bir yerdə qərar tutmur. İnsan var olduqca, minillər boyu, təsəvvür edin ki, nə qədər gözəl musiqi lövhələri yaranıb. O əski əyyamlarda musiqini yazıya almaq üsulları kəşf edilsəydi, indi dünya və insan daha zəngin olardı. Tarixin sübuta yetirdiyi həqiqətlərdən biri də budur ki, insanın musiqidən daha ortaq, daha müştərək olan sərvəti yoxdur. Hətta ədəbiyyat da musiqi qədər hamınınkı ola bilmir. Bütün digər ruhi cazibələrindən savayı, yəqin, həm də ona görə ki, musiqinin dili yoxdur. Yox, musiqinin dili olmağına var, hər xalqın öz musiqi dili başqasından seçilir. Ancaq musiqinin dilinin sehri və üstünlüyü ondadır ki, hansı xalqınkı olur-olsun, tərcüməyə ehtiyacı yoxdur, onu duymaqla anlayırsan və yəqin, gələcəkdə dünyadakı bütün insanların ortaq dili yaranacaqsa, o elə musiqi üstündə köklənmiş olacaq.

Faydalı adam, istedadlı şəxsiyyət Xurşid Qacar XX yüzilin otuzuncu illərində qaynar həvəslə, gördüyü işin lazımlılığına dərin inamla və ən vacibi - şövqlə, sevgi ilə keçilməmiş bir yolla irəliləyirdi, yeni istiqamət, irs yaradırdı.

Nəsillər dəyişib, o günlərin, o hadisələrin şahidlərini vaxt aparıb. Böyük millət quruculuğu işinin ayrılmaz parçası olan bu xidmətlər ki itib-batmayıb, tarixin dünənindən boy verməkdədir.

Bəlkə elə Xurşid Qacar illərin solub-saraltdığı bu vərəqləri toplayıb saxlayanda sabahlara ümidlə baxaraq bunu da düşünürmüş ki, haçansa hökmən zamanı yetişəndə kimsə bunları qaldıracaq, "sağ ol!"u, minnətdarlığı çox gecikmiş olacaq, amma heç olmazsa biləcək, başqalarının da bilməsinə çalışacaq ki, sələflərimiz bizi biz etməkçün o çağlar hansı zəhmətlərə qatlaşıblarmış.

14 mart 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see643

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see134

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see126

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see125

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see119

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see119

Rusiya və Efiopiya birgə dəniz təlimləri keçirəcək

17 Mart 2025 19:38see117

Nəsrin sevgilisi ilə Yunanıstana getdi

17 Mart 2025 18:11see117

Bolta Jiquli ilə qoşulmağa icazə verildi FOTOFAKT

17 Mart 2025 17:17see117

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see116

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see116

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see116

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see116

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see116

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see115

Lənkəranda keçirilən turnirin qalibi müəyyənləşdi

17 Mart 2025 19:00see115

Tramp İranı hədələdi

17 Mart 2025 21:55see113

Ürəyi zəif olanlar baxmasın: Manyaklar haqqında ən yaxşı 6 film VİDEO

17 Mart 2025 19:04see112

Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb

17 Mart 2025 17:01see112

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri