Cəmi 135 nəfərdən ibarətdir Dünyanın ən kiçik ordusu hansı ölkədədir?
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müasir dünyada güclü ordu anlayışı, yüzminlərlə əsgər, milyardlarla dollar dəyərində silah arsenalı və böyük hərbi büdcə ilə ölçülür. Çinin 2 milyona yaxın əsgəri, ABŞ-nin rekord həcmli müdafiə büdcəsi və Hindistanın sürətlə böyüyən ordusu bu yarışın əsas iştirakçılarıdır. Lakin bu güc balansının tam əks qütbündə, fərqli bir simvol dayanır – Vatikanın cəmi 135 nəfərlik İsveçrə Qvardiyası.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Vatikan ərazisində fəaliyyət göstərən İsveçrə Qvardiyası yalnız Papa və Apostol Sarayının təhlükəsizliyini təmin etmək üçün mövcuddur.
Ordunun əsası 16-cı əsrdə qoyulub və o dövrdə Avropada cəsarət və döyüş qabiliyyəti ilə seçilən İsveçrəli paralı əsgərlərdən təşkil olunub.
Bu birliyə qəbul olunmaq üçün namizədlər İsveçrə vətəndaşı, katolik, hərbi xidmət keçmiş və subay olmalıdır. Qvardiya üzvləri, rəngli və klassik üslubda dizayn olunmuş formaları ilə də diqqət çəkirlər.
Qeyd olunur ki, bu kiçik orduya baxmayaraq, daha da “kiçik” – yəni heç ordusu olmayan – ölkələr də mövcuddur. “Geo”nəşrinin məlumatına əsasən, Kosta-Rika, Panama və İslandiya daxil olmaqla təxminən 30 ölkənin rəsmi ordusu yoxdur. Bu ölkələr öz təhlükəsizliklərini digər hərbi güclərlə, əsasən də ABŞ ilə bağladıqları müdafiə anlaşmaları vasitəsilə təmin edirlər.
Rəsmi rəqəmlərə görə isə hazırda dünyanın ən böyük ordusu Çinə məxsusdur – ölkədə təxminən 2 milyon aktiv hərbçi var. Çinlə yanaşı Hindistan və ABŞ də əsgər sayına görə ön sıralarda yer alır. Hərbi xərclərə gəldikdə isə ABŞ açıq fərqlə liderdir – ölkənin müdafiə büdcəsi Çinlə müqayisədə üç dəfə böyükdür.
Bütün bu güc balanslarının fonunda Vatikanın 135 nəfərlik İsveçrə Qvardiyası hərbi qüdrətin yalnız texnika və əsgər sayı ilə ölçülmədiyini göstərən simvolik bir nümunə kimi diqqət çəkir.
Bəsti Rəfizadə
Sfera.az


