Icma.az
close
up
RU
Cənnətdə görüşünə ümid etdiyim ağ atlı müəllimim... “Geriyə bax, qoca!..”

Cənnətdə görüşünə ümid etdiyim ağ atlı müəllimim... “Geriyə bax, qoca!..”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

(Yazıçı və maarif  xadimi Əslixan Hüseynoğlunun əziz xatirəsinə)

“İşğal nəticəsində Laçından, Ağanusdan didərgin düşmüş bir yazıçının həmin illərdə belə bir əsər yazması onun öz davranışları, xarakteri, əqidəsi qədər təbiidir...”

Bu gün – 31 avqust yazıçı, maarifçi, pedaqoq uzun illər Laçın rayonunun təhsil sistemində çalışan, neçə-neçə nəslin müəllimi olmuş Əslixan Hüseynoğlunun vəfatından 2 il ötür.

...İnsan həyatdan köçür, amma onun yaratdığı dəyərlər, yetişdirdiyi insanlar, yazdığı əsərlər və yaddaşlarda qoyduğu iz yaşayır. Əslixan müəllim də belə insanlardandır. Onun ömrünü yalnız yazıçılığı ilə deyil, müəllimliyi, maarifçiliyi, doğma Laçına, Bağırbəyli obasına, Ağanus kəndinə,  Qarabağ-Zəngəzura və bütövlükdə Azərbaycana bağlılığı ilə birlikdə xatırlamaq gərəkdir...

Əslixan Hüseynoğlu — Əslixan Hüseyn oğlu Məhərrəmov — 1949-cu ildə Laçın rayonunun Ağanus kəndində dünyaya göz açıb. Ömrünün ilk çağları həmin torpağın təbiəti, insanları və yaddaşı ilə bağlı idi. Sonralar düşmən işğalı nəticəsində tale onu doğma yurddan didərgin saldı. Lakin Ağanus, Bağırbəyli eli-obası və Laçın onun yaddaşından heç vaxt silinmədi. Əksinə, doğma yurddan uzaq düşdüyü illərdə Laçın yaddaşı onun yaradıcılığında daha da gücləndi...

“Geriyə bax, qoca!..”

Əslixan Hüseynoğlunun 1999-cu ildə nəşr olunan “Geriyə bax, qoca!..” əsərinin adı bu baxımdan olduqca mənalıdır. Bu, sadəcə bir romanın adı deyil. Bu sözlər sanki bir çağırışdır:

Geriyə bax!..

Doğulduğun yerə bax.

Uşaqlığına bax.

Ata-babalarının, Bağırbəyli obasının izinə bax.

Keçmişinə bax...

Soykökünü unutma!

Doğma yurdunu yaddaşından silmə!..

İşğal nəticəsində dədə-baba yurdu Laçından, Ağanusdan didərgin düşmüş bir yazıçının həmin illərdə belə bir əsər yazması Əslixan müəllimin öz davranışları, xarakteri, əqidəsi qədər təbiidir. Çünki insan üçün doğma yurd yalnız xəritədəki bir nöqtə deyil. Yurd - insanın uşaqlığıdır, ata ocağıdır, kəndinin yolu, bulağı, dağı, meşəsi, məktəbi, qonşusu, müəllimi, məzarı, xatirəsidir... Yurdu itirmək, torpağı itirmək - qədər, yaddaş uğrunda mübarizə deməkdir. Əslixan Hüseynoğlu öz qələmi ilə məhz həmin yaddaşı qorumağa çalışırdı...

Bir müəllim kimi Əslixan müəllim...

Əslixan Hüseynoğlunun həyatının ən böyük və qiymətli bir hissəsi Laçın rayonunun təhsilinə həsr olundu. O, uzun illər müxtəlif vəzifələrdə — müəllim, məktəb direktoru, rayon Təhsil Şöbəsində metodist və müfəttiş kimi çalışdı... Bu vəzifələrin hər birində onun əsas qayəsi qarşıda duran bütün çətinliklərə rəğmən düşmən təcavüzü nəticəsində 70 minə yaxın sakini yurd-yuvasından didərgin düşərək ölkənin 50-60 bölgəsinə səpələnmiş Laçın rayonunun təhsil sisteminin, məktəblərinin bərpasıyla yanaşı, mümkün qədər inkişafına, məcburi köçkün müəllimlərin peşəkarlığının artırılmasına, şagirdlərə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət idi...

Bu prosesin çoxu öncə rəhmətlik atam – Ağanus məktəbinin fəaliyyətini 1992-ci ildə Bərdə şəhərində bərpa etmiş direktor Ağayar İsmayılovun, Laçın təhsil sisteminin digər əməkdaş və müəllimlərinin, həmçinin mənim və ailə üzvlərimin gözü önündə baş verirdi... 

...Çətinliklər hədsiz dərəcədə çox idi... 

İşğaldan sonra Laçın rayon təhsil şöbəsi Ağcabədi rayonundakı Taxtakörpü köçkün qəsəbəsində yerləşirdi. Əslixan müəllim isə məcburi köçkün kimi Bakıda yaşayırdı... O, şöbədəki bir neçə digər həmkarlarıyla çiyin-çiyinə on illərlə yol maşınları, avtobus, qatar marşrutlarıyla, Bakı-Ağcabədi, Bakı-Bərdə-Ağcabədi və əksinə, həmçinin Azərbaycanın digər bölgələrindəki didərgin Laçın məktəblərini ziyarət etmək, köçkün müəllim və şagirdlərin problemlərinin həllinə çalışmaq məqsədilə on min kilometrlərlə yollar qət etmiş, Ağcabədidə ailəsiz, kirayədə yaşamağa, Bərdədə, Gəncədə, Şəkidə, Qaxda, Qəbələdə, Oğuzda, Ağdaşda, Ağsuda, Göyçayda və s. bölgələrdə günlərlə mehmanxanalarda, yaxud tanışların, yerlilərin mənzillərində qonaq qalmağa məcbur olurdu...

Əslixan müəllim Bərdədə atam-anamla birgə qaldığımız evdə də il boyu dəfələrlə sevimli qonağımız olurdu. O qədər sevimli ki, bir neçə gün görünməyəndə artıq darıxırdıq... Çünki artıq yerişi, oturuşu-duruşu, danışığı, nitqi, səmimi baxışları ilə həm zahirən, həm batinən yetərincə çəki-düzənli bu insanı ailəmizin bir üzvü sanırdıq...

Payızın, qışın küləkli, şaxtalı-sazaqlı, qarlı, yayın qızmar günlərində, hələ digər bölgələr kimi Bərdə də təbii qaz verilişinin bərpa edilmədiyi, onsuz da zəif işığın gecə-gündüz dəfələrlə söndüyü, neft lampasına, odun və “salyarka” sobasına möhtac qaldığımız  o illərdə onun bu yollarda nələr çəkdiyinin, gecələr bəzən soyuqdəymədən, qızdırmadan, digər ağrılardan səhərədək yata bilmədiyinin, buna rəğmən səhər tezdən "uf" da demədən tələsik bir stəkan çay içib Ağcabədiyə, yaxud Bakıya  yollandığının, bəzən leysan tökülən gecə qaranlığında gəldiyinin də şahidi olmuşuq... 

Fəqət həmin günlər mənim üçün çox xoşbəxt günlər idi. Uşaqlıqda yalnız müəllim, qohum kimi tanıdığım bu yazıçı-pedaqoqla ünsiyyətdə olmaq, onunla ədəbiyyatımız, dilimiz, tariximiz, məmləkətdəki ictimai-siyasi durum barədə söhbətləşmək həddindən artıq ülvi, çox gözəl məqamlar idi...

Artıq onunla bir müəllim, məndən az qala 20 yaş böyük bir qohum kimi yox, bir dost, əqidədaş kimi dərdləşərdik... Gəncliyindən, tələbəlik illərindən də bəhs edər, ona dərs demiş tanınmış pedaqoqlardan, şair və yazıçılardan danışar, müxtəlif əsərlərdən gözəl mənzərə təsvirləri söyləyər, hansısa şairin çox qeyri-adi, çoxlarının eşitmədiyi şeirini xatırladar, bəzən də öz  yazdığı şeirlərdən də parçalar söyləyərdi... 

O  həm də gözəl tənqidçi idi. Birdən hansısa məşhur şairin, yazıçının bir misrasını, bir cümləsini elə tutarlı tənqid edərdi ki, "haqlısız" deməkdən başqa əlac qalmırdı... 

Bir xasiyyəti də var idi. Daim ya yorulduğunu, ya xəstələndiyini, ağrıdığını mümkün qədər gizlətməyə çalışar. Nə işdə, nə də qaldığı, gecələdiyi məkanlarda heç kəsi incitməməyə, narahat etməməyə çalışardı... Bir sözlə, adına uyğun bir bəndə- bəy oğlu bəy idi... 

Gördüyü işlər müqabilində aldığı cüzi əmək haqqı ilə müqayisədə Əslixan müəllimin bütün bu çətinliklərə sinə gərməsini yalnız doğma didərgin rayonun, el-obanın və son nəticədə ölkənin təhsilinin inkişafı uğrunda fədakarlıq adlandırmaq olar...

Əslixan müəllim üçün müəllimlik sadəcə peşə deyildi...

Müəllimlik onun həyat tərzi idi. Bunu onun keçmiş şagirdlərinin xatirələrində də görmək mümkündür. Mənim üçün isə Əslixan müəllimin xatirəsi həm də şəxsi bir tarixdir...

Atamın şagirdi -  mənim müəllimim...

Əslixan müəllim orta məktəbdə mənim rəhmətlik atam - Ağayar İsmayılovun şagirdi olmuşdu. İllər sonra isə həyatın qəribə və gözəl təsadüfü ilə mən də Əslixan müəllimin şagirdi oldum. Beləliklə, bizim ailədə onunla bağlı yaddaş iki nəslin xatirəsini birləşdirir: əvvəl atamın şagirdi, sonra mənim müəllimim...

...6-cı sinifdə kənddə ixtisas müəllimi olmadığı üçün bizə keçdiyi Coğrafiya dərslərini bu gün də unutmuram. Öz ixtisası olmasa da, Əslixan müəllimin dərslərində coğrafiya sadəcə dərslikdəki xəritələrdən, adlardan və rəqəmlərdən ibarət deyildi. O, bizə doğulduğumuz və yaşadığımız torpağa başqa gözlə baxmağı öyrədirdi. Xüsusən də məni Ağanus kəndinin topoqrafik xəritəsini və peyzajını çəkməyə həvəsləndirməsi yaddaşımda silinməz iz buraxıb... Bəlkə də o zaman bunun nə qədər böyük məna daşıdığını tam dərk etmirdim...

Amma bu gün geriyə baxanda anlayıram ki, Əslixan müəllim mənə sadəcə xəritə çəkməyi öyrətmirmiş. O, mənə doğma torpağa baxmağı, onu görməyi, onun relyefini, təbiətini, mənzərəsini yadda saxlamağı öyrədirmiş... 

Bu gün “Geriyə bax, qoca!..” sözlərini oxuyanda həmin uşaqlıq xatirəm də gözümün önünə gəlir...

Ağ atının belində, çiynində tüfəng kənd yollarından keçən cavan, qamətli bir oğlan…

 ...Rəhmətlik atası Hüseyn kişi kimi o da at həvəskarı idi, mütəmadi ova gedərdi. El-obamızın yaddaşında Əslixan müəllim çox vaxt belə canlanır: ağ atının belində, çiynində tüfəng kənd yollarından keçən cavan, qamətli bir oğlan kimi… Bu mənzərə Ağanusun o vaxtkı həyatının, kənd adamının təbiətlə və atla bağlılığının, Qarabağ- Zəngəzur kənd məişətinin özünəməxsus bir parçası idi. İndi həmin günlərə qayıdanda, insanın gözləri önündə təkcə bir insanın obrazı deyil, bütöv bir dövrün mənzərəsi canlanır…

Sözsüz ki, Əslixan müəllimin sonrakı yaradıcılığında "Geriyə bax, qoca"dakı, "Yəhərə bağlanmış kəfən"dəki kimi at, yurd, təbiət, insan və keçmiş yaddaşı kimi obrazların bu qədər canlı təsvir edilməsinin köklərindən biri də onun Ağanusdakı uşaqlıq, gənclik mühitində idi…

Onun Ağanus kəndinin, ümumiyyətlə, keçmişdə 10-a yaxın kənddən ibarət olmuş qədim Bağırbəyli obasının keşməkeşli tarixindən, indi bəzilərinin xoşuna gəlməyən gerçək hekayətlərindən bəhs edən “Geriyə bax, qoca!..” əsərinin adını bu xatirənin işığında oxuyanda isə sözlər daha fərqli səslənir. Çünki geriyə baxmaq bəzən böyük tarixi hadisələrə deyil, ilk növbədə öz uşaqlığına, ata ocağına, kəndinə, atasının, özünün ağ atlarına, doğma dağlara və yaddaşda qalan insanlara baxmaq deməkdir…

Əslixan müəllimin yazıçılığına həyat verən yaddaşın bir ucu da məhz orada — Ağanusun torpağında, uşaqlıq xatirələrində və ailə yaddaşında idi…

Xəritədən yaddaşa…

İllər sonra Əslixan müəllimin yazdığı “Geriyə bax, qoca!..” əsərinin adı mənim üçün tamam başqa məna kəsb edir. Bir vaxtlar onun dərsində Ağanusun xəritəsini çəkən şagird kimi qarşımdakı kağız üzərində kəndin yollarını, relyefini, mənzərəsini canlandırmağa çalışıram… Sonralar isə həmin Ağanus işğal olunmuş torpağın, itirilmiş yurdun simvollarından birinə çevrildi... Əslixan müəllim isə öz əsərləri ilə həmin yaddaşı sözə çevirdi…

Mən xəritədə Ağanusu çəkməyə çalışırdım, o isə Ağanusu ədəbiyyatda yaşatmağa çalışırdı…Bu baxımdan bizim müəllim–şagird münasibətimizin mənası mənim üçün illər keçdikcə daha da aydınlaşır…

Tarix, nəsil və yaddaş…

Əslixan Hüseynoğlunun yaradıcılığında tarixə marağın xüsusi yeri vardı. Onun “Geriyə bax, qoca!..” və “Yəhərə bağlanmış kəfən” romanları tarixi mövzulara müraciəti ilə seçilir. Onun Qarabağın, Zəngəzurun tarixinə marağının kökündə yalnız yazıçı marağı deyil, həm də ailə, nəsil-şəcərə yaddaşı dayanırdı.

Əslixan Hüseynoğlu Hacı Molla Şükür Məhərrəmzadə nəslinin nümayəndəsi idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şuşanın tanınmış dini və ictimai, elm, təhsil xadimlərindən olan Hacı Molla Şükür maarifçi fəaliyyəti, savadı və ictimai mövqeyi ilə seçilən şəxs kimi xatırlanır. Belə bir nəsildən gələn yazıçının tarixə və Qarabağın keçmişinə həssas münasibəti təsadüfi ola  bulməzdi. Onun üçün tarix kitab səhifələrində qalmış hadisələrdən ibarət deyildi…

Tarix nəsil yaddaşı idi…

“Geriyə bax” çağırışı bu gün daha çox eşidilir. Bu gün xarici düşməndən Laçın azaddır. Ağanus da doğma Laçının digər kəndləri kimi öz tarixi yaddaşına qovuşmaq yolundadır…

Bu gün Əslixan müəllimin “Geriyə bax, qoca!..” əsərinin adına başqa bir prizmadan baxmaq mümkündür. O çağırış artıq yalnız keçmişi xatırlamaq çağırışı deyil. Bu, yaddaşın və kökə bağlılığın çağırışı olmaqla həm də düşmənin talayıb darmadağın etdiyi dogma yurdlara qayıdışın, qurub-yaratmağın, yeni yaşayış, təhsil, mədəniyyət, ibadət ocaqları qurmağın çağırışıdır…

Geriyə baxmaq — yalnız keçmişi xatırlamaq deyil…

Geriyə baxmaq həm də gələcəyə hansı yaddaşla getdiyini bilməkdir. Doğma kəndinin adını, ata-baba yurdunu, uşaqlıq xatirələrini, müəllimlərini, məktəbini, kənd qəbiristanlığını, bulağını, dağını, dərəsini unutmayanda insan özünü də unutmur… Əslixan müəllimin əsərlərində və pedaqoji fəaliyyətində yaşatdığı əsas dəyərlərdən biri də məhz budur…

Əslixan müəllimin əsl ömrü davam edir…

Əslixan Hüseynoğlunun vəfatından 2 il ötür... Lakin onun ömrünün 2 il əvvəl başa çatdığını demək doğru olmaz. Çünki onun ömrü doğmalarının, şagirdlərinin, hələ də həyatda olan qohum və dostlarının yaddaşında, illərlə birgə işlədiyi, dərs dediyi müəllimlərin, həmkarlarının xatirəsində, Laçın təhsilinə verdiyi töhfələrdə, yazdığı əsərlərin səhifələrində davam edir...

Bu sətirlərin müəllifinin yaddaşımda isə Əslixan müəllim həmişə 6-cı sinifdə bizə Coğrafiya dərsi deyən, məni Ağanusun xəritəsini və peyzajını çəkməyə həvəsləndirən, ağ atın belində gəzən cavan bir  müəllim olaraq qalacaq…

…İndi düşünürəm ki, onun həmin tapşırığı adi bir məktəb işi deyildi. Bəlkə də o, bizə fərqinə varmadan bir ömürlük dərs verirdi:

Doğulduğun torpağı tanı.

Onun xəritəsini yaddaşında saxla.

Onun mənzərəsini unutma.

Keçmişinə bax.

Soykökünü unutma.

Və doğma yurdunu heç vaxt yaddaşından silmə…

Əslixan müəllimin “Geriyə bax, qoca!..” sözləri bu gün mənim üçün məhz belə səslənir.

Sonda bir çox təsirili şeirinin iki bəndi də qulağımda duyulur:

"...Dərd  içində  boğulmuşuq,
 Diriyiksə,  oğulmuşuq.
Anadan  bir  doğulmuşuq,
Yaşdaşımdı—
Ürəyimdən  asılan  daş...

O  da  mənimtək  fağırdı,

Nə  hayqırdı,  nə  bağırdı.
Bilirsən,  niyə  ağırdı?
Başdaşımdı—
Ürəyimdən  asılan  daş..."


 Allah sənə qəni-qəni rəhmət eləsin, ruhun şad olsun, Əslixan Hüseynoğlu... 

Doğma Laçının, Ağanusun əsrarəngiz təbii gözəllikləri timsallı Cənnətdə görüşmək ümidi ilə, ağ atlı müəllimim!..

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Avqust 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see571

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see358

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see321

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see315

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see294

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see285

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see280

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see266

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see256

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see256

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see255

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see250

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see250

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see244

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see243

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see219

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see219

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see216

Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq

29 Avqust 2026 16:09see193

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri