Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat körpüsüdür
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Aİ bu regiondakı layihələrə 200 milyon avro ayıracaq
Bugünlərdə Cənubi Qafqaz ətrafında müşahidə olunan diplomatik fəallıq göstərir ki, region beynəlxalq siyasətdə nəqliyyat, enerji və ticarət marşrutlarının mühüm elementlərindən birinə çevrilir. Avropa İttifaqının (Aİ) regiona artan marağı, Azərbaycan və Ermənistanın nəqliyyat-kommunikasiya layihələri ilə bağlı səsləndirdiyi açıqlamalar, eləcə də yeni investisiya təşəbbüsləri Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinə dair yeni mənzərə formalaşdırır.
Bu mənzərənin əsas cizgiləri Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ankara, Bakı və İrəvana səfərindən sonra daha aydın görünməyə başlayıb. O, səfərin sonun da “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Aİ regional bağlantıların inkişafını yeni mərhələyə keçirməyi hədəfləyir: “Mən yenicə Türkiyə, Azərbaycan və Ermənistandan qayıtmışam, orada biz qarşılıqlı bağlantıların inkişafı üzrə işimizi növbəti mərhələyə keçirdik. Bu, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirməklə Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına kömək edə bilər. Genişlənmə və qarşılıqlı bağlantıların inkişafı bir-biri ilə sıx bağlıdır. Hər ikisi Avropada sabitliyin, firavanlığın və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”.
Bu siyasətin praktiki ifadəsi “Qlobal qapılar” təşəbbüsüdür. Aİ bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayırmağa hazır olduğunu açıqlayıb. Layihələrin məqsədi yolların, dəmir yollarının, enerji sistemlərinin və rəqəmsal infrastrukturun inkişafını sürətləndirmək, regionu qlobal iqtisadi zəncirlərə daha sıx inteqrasiya etməkdir. Bu, həm də Avropanın dəyişən geosiyasi şəraitdə alternativ ticarət və enerji marşrutlarını genişləndirmək strategiyasının tərkib hissəsi hesab olunur.
Aİ-nin bu yanaşması Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasəti ilə də üst-üstə düşür. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirib ki, regional bağlantılar uzun illərdir Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Ölkə başçısının sözlərinə görə, ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı və təşəbbüskarı kimi çıxış edir. Prezident vurğulayıb ki, Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır və buna uyğun olaraq dəniz limanlarının, dəmir yolu şəbəkəsinin və digər logistika imkanlarının genişləndirilməsi istiqamətində investisiyalar davam etdirilir.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycan-Ermənistan normallaşmasının artıq iqtisadi nəticələr verməyə başladığını qeyd edərək, Azərbaycanın Ermənistan istiqamətində tranzit yüklərinə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdığını və Ermənistana yanacaq tədarükünə başladığını bildirib. Bu addımlar regionda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinin mümkünlüyünü göstərən nümunələrdir.
Bu proseslər fonunda rəsmi İrəvan da öz tranzit imkanlarını genişləndirməyə çalışdığını nümayiş etdirmək istəyir. Ermənistan artıq Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına yönəlmiş proseslərə başlayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib: “Bu işləri həyata keçirəcəyik. Dəmir yolunun qalan hissəsinə gəlincə isə, işgüzar müzakirələri davam etdirəcəyik, o cümlədən rusiyalı tərəfdaşlarımızla”.
Baş nazir vurğulayıb ki, regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz.
Qeyd edək ki, Gümrü–Axurik dəmir yolu Ermənistanın şimal-qərbindən Türkiyə sərhədinə qədər uzanır. Axurik sərhəd məntəqəsinin qarşı tərəfində Türkiyənin Akyaka stansiyası yerləşir və bu xətt davam edərək Qars istiqamətinə gedir. Yəni bu hissə Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpasına xidmət edir. Arazdəyən isə Ermənistanın cənub-qərbində yerləşir və buradan xətt keçmiş sovet marşrutu üzrə Naxçıvan Muxtar Respublikası sərhədinə çıxır. Plan bu hissəni bərpa edərək Yerasx–Naxçıvan dəmir yolu əlaqəsini yenidən işlək vəziyyətə gətirməkdir.
Diqqətçəkən məqamlardan biri də odur ki, son günlər səsləndirilən açıqlamalar fərqli paytaxtlardan gəlsə də, eyni strateji istiqamətə işarə edir. Brüssel regional bağlantıların inkişafını Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın mühüm elementi hesab edir. Azərbaycan artıq formalaşdırdığı nəqliyyat və logistika infrastrukturu üzərində bu prosesdə aparıcı rolunu gücləndirməyə çalışır. Ermənistan isə uzun illər bağlı qalmış nəqliyyat xətlərini yenidən açaraq regional tranzit sisteminə inteqrasiya olunmağa səy göstərir.
Cənubi Qafqazın geosiyasi əhəmiyyəti də məhz bu nöqtədə daha aydın görünür. Əgər əvvəllər region daha çox təhlükəsizlik problemləri və münaqişələrlə assosiasiya olunurdusa, indi beynəlxalq aktorlar onu enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar və qlobal ticarət zəncirlərinin mühüm hissəsi kimi qiymətləndirirlər. Avropa İttifaqının maliyyə təşəbbüsləri, Azərbaycanın infrastruktur investisiyaları və Ermənistanın yeni dəmir yolu layihələri də bu dəyişən geosiyasi yanaşmanın praktik ifadəsi kimi çıxış edir.
Regional kommunikasiyaların tam açılması, nəqliyyat marşrutlarının işlək vəziyyətə gətirilməsi və investisiya layihələrinin uğurla icrası ilk növbədə bölgədə sülhün və etimadın möhkəmlənməsindən asılı olacaq. Əgər bu proses davamlı xarakter alarsa, Cənubi Qafqaz yaxın illərdə Avropa ilə Asiyanı birləşdirən ən mühüm strateji qovşaqlardan birinə çevrilə bilər.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 04 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















