“Çobanbayatı”da elat tərəkəmə həyatı
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Şakir Albalıyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Şair-publisist Əkbər Qoşalı imzası Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır. Publisist yazılarında oxucuları düşündürən, narahat edən problemlərin analitik şərhi, izahı ilə rastlaşırıqsa, poeziyasında keçmişlə indinin, mif dünyası ilə müasir reallığın üzvi sintezini görürük. Onun 2023-cü ildə “Xan” nəşriyyatında işıq üzü görmüş şeirlərindən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildini gözdən keçirirəm. Mərhum millət vəkili Qənirə Paşayevanın “İdeyalı ədəbiyyatın layiqli təmsilçisi” adlı giriş sözü və tənqidçi – ədəbiyyatşünas Vaqif Yusiflinin ön sözü ilə açılan kitabı gözdən keçirdikcə, doğrudan da, “XXI əsrin poetik təfəkkürü ilə” (V.Yusifli) rastlaşırıq. O mənada ki, gerizəkalılıq düşüncəsi ilə Əkbər Qoşalı yaradıcılığını anlamaq çox müşkül olar. Əzəmətli tarixi keçmişimizdən, zəngin mifoloji dünyagörüşümüzdən xəbərdar olmadan, onun şeirlərini (hətta publisistikasını da!) tam təfsilatı ilə, dərinliyi ilə başa düşmək, dərk eləmək olmaz. Mən bu yazıda şairin lirik-emosional duyğulara bülənd olmuş “Çobanbayatı” poeması üzərində fikirlərimi bölüşmək istəyirəm.
Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,
Kədər vardı,
fərəh vardı,
dəvət vardı o səsdə...
Əlim qaşımın üstündə, qulağım dinşəmədə,
axşamüstü yol dəyişdim o ilahi səs səmtə.
“Az getdim-üz getdim,
dərə-təpə düz getdim”,
Bir saatın tamamında ol məkana yetişdim.
Dağ döşündə bir çobandı üzü-gözü fərəhli,
Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində.
Salam verdim, salam aldım.
Dedim, qardaş,
nə çalır, nə oxurdun? –
buralara
o ilahi
səsdən tutub gəlmişəm.
Dedi, “”Çobanbayatı”ydı – “bizim Çobanbayatı” –
Çobanların həyatı”...
Dedim, pəki,
qızındırmı yamacda çiçək yığan?
Dedi, qızımdır, əmisi, çobanyastığı yığar;
Dedim, boğazım quruyub... –
Tez səslədi övladını,
dedi, götür kuzəni,
en bizim Çobanbulağa,
doldur gətir, yubanma...
Bu cür başlanır poema. Fikir versək görərik ki, müəllif uzaqlardan gələn tütək səsi”nin – yəni keçmişimizin əks-sədasının tütək səsində - çobanın tütəyindən eşitdiyimiz “Çobanbayatı” havasından “havalanıb” – vəcdə gəlib qələmə alıb bu əsəri. Və lirik mən obrazı bu səsin sehrinə düşüb, “əlini qaşının üstünə qoyub” sanki o uzaqlara – ulu keçmişimizə zəndlə baxa-baxa və “qulağıyla bu səsi dinşəmədə” – hissiylə, varlığıyla bu səsi dinləmədə, ruhuna hopdurma həvəsindədir. Təsadüfi deyil ki, Əkbər burada nağıl dilinə - nağıllarımızın ənənəvi başlanğıc formullarından olan “az getdim, üz getdim...” ifadəsinə müraciət edir. Çünki şair nağıldilli bir aləmdən söz açmaq istəyir şeirin mövzusunda və burada çoban obrazı ilə daxili mükalimə aparır, “nə çalır, nə oxuyursan” sorğusuna aldığı cavaba diqqət edək: “Çobanbayatı” – Çobanların həyatı şəklində mənalandırılır.
Müəllifin “Çobanbayatı”nı Çobanların həyatı şəklində mənalandırmağı da təsadüfi deyil. Çünki bayatı xalqımızın ən qədim lirik folklor janrlarından olub, xalqın düşüncə və duyğularını rəngarəng şəkildə özündə əks etdirir. Poemanın başlanğıcında da şair bu məqama işarəylə göstərir ki, o, tütək səsində də “Çobanbayatısı” havasının səsində “kədər vardı, fərəh vardı, dəvət vardı” - yəni hər bir insanın həyatı kimi, çobanların həyatının tərcümanı olan bu tütək səsində kədər də, sevinc də öz ifadəsini tapıb və bu səsdəki “dəvət” ilə insanları bu kədərlə həmdərd olmağa bu sevincə şərik çıxmağa dəvət edir; həmçinin də ki, bu dəvət bir azərbaycanlı düşüncəsindəki qonaqpərvərliyin – evinə qonaq dəvət etməyin inikası kimi dəyərləndirilməlidir. Məhz bu fikirlərin təsdiqi kimi lirik mən obrazı çobanın tütək səsinin sehrinə aludə olub, çobanın alaçığına təşrif buyurur. Soruşur ki, yamacda çiçək dərən qızındırmı. Aldığı cavabda maraqlı detallar üzə çıxır: Yamacda “çobanyastığı” çiçəyi yığan qızına səslənir ki, səhəngi götürüb “Çobanbulağından“ qonağımızçün su gətir.
Burada Əkbər Qoşalı “Çobanyastığı” gülü, “Çobanbulağ”ın suyu ifadələrindən təsadüfi söz açmır. Dilimizin polifunksional çalarlarından həm ədəbi priyom kimi faydalanır, həm də ki, bəhs etdiyi çoban həyatında çobanın adına bağlı gülün-çiçəyin və suyun-bulağın olduğunu diqqətə çəkməklə çobanla vətən təbiətinin bağrıbadaş olduğunu, ayrılmaz olduğunu sözarası çatdırmaq istəyib. Burada çobanın qızının bulaqdan su götürüb-qayıtmasını cəldlik mənasında “quşötkünü qayıtdı” şəklində ifadə edir ki, bu məqam da yadımıza “çobanaldadan” deyilən bir quşun da olduğunu salır. Əlbəttə, bu, şairin quşun adını dilə gətirmədən oxucu təxəyyülündə canlandıra bilməsinə bir sübutdur. Çoban qızının gətirdiyi suyu nuş edən qonaq bu arada el alqışı və el qarğışı söyləyir: “Salam olsun Hüseyni-şəhidə, lənət olsun yezidi-pəlidə”. Burada yezid adı islam tarixindən bəlli olan bir əhvalata işarədir və susuzlara su verməyən kafir timsalında anlaşılır. Bu da müəllifin milli-etnoqrafik lövhələri poemanın ruhunda təbiiliklə canlandırmasının bir təzahürüdür. Elə bu alqış-duaların dalısınca çobanın dediyi “yaddaşı var suların…” ifadəsi isə elmi biliyin şeir dilində əksini tapmasıdır. Çünki elm sübut edib ki, suyun yaddaşı var, suya söylənən dualar əbəs deyil. Su səsi – duanı öz yaddaşında saxlayır. Buna görə də çoban müsafirin dilindən “lənət sözünün eşidilməsini” müqabil saymır və əlavə edir ki, tanrı özü yaxşı bilir kimi necə cəzalandırmağı. Yəni sən tanrının öhdəsinə burax hər şeyi. Bu sözlərin müqabilində şair çobanı “irfan çobanı” kimi böyük ürək sahibi adlandırır. Daha sonra Ə.Qoşalı “qoyunların xalxal vaxtı, sağın vaxtı çatması” səhnəsini folklor-etnoqrafik lövhələr fonunda təqdim edir, tərəkəmə-elat həyatını təsvirdə canlandırır. Yaylağa muncuq təki yayılan qoyun-quzu sürüsünün kənd təsərrüfatı sahəsindəki, məişətdəki əhəmiyyətini şair dili ilə misralara belə düzür:
“Cana hopur yaylağın-yamacın yovşan ətri...
Biz bəsləyən heyvanların əti, südü, qatığı,
bulaması, dələməsi, süzməsi, şor-pendiri,
damaqlarda dad olur - hər biri bir aləmdi...
Saçaq-saçaq qoyun yunu - döşənir döşək olur,
işlənir yorğan olur;
hələ, bir də köynək, əlcək, corab... desən,
uzun qışı canımıza yoldaşdı.
Ev-eşikdə bər-bəzəkdi yun xalılar, gəbələr,
kilim, cecim və palaz... -
ağlına hər nə gələr... -
Çiyinlərdə heybə, xurcun
bu altun sürülərin yunundanca deyilmi?..
Nə deyirdi nənələr? -
"Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər;
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər...".
Əziz qonaq,
nə başını
ağrıdım,
Anasını,
balasını axtaranda
mələşər qoyun-quzu -
dağlarda, dərələrdə çiçəkləyər səsləri
bax, o vaxtda bu heybədən çıxararaq tütəyi,
"Qoyunhəngi" çalırıq;
qoyun-quzu səngiyir...
"Bu qoca dağların biri də bizik",
Təbiət biznəndir, biz təbiətnən;
Məktəb oxumadıq, həyat oxuduq,
İndi uşaqlarım gedir məktəbə,
Onlar təbiətdən dərs alıb zatən -
Nə ev yıxmaz, nə də ki, könülləri qırmazlar.”
Bu misralarda müəllif sanki xalqımızın “qoyun qızılı basıb” məsəlinin əyani açıqlamasını verir. Belə ki, məişətdə və təsərrüfatda qoyunçuluğun əhəmiyyətli dərəcədə vacib rolunun əlamətləri bu misralarda birər-birər sadalanır, maddi nemətlər bolluğu yaratması poetik ovqatda nəql olunur. Axırda isə deyilən sözlərə söykək kimi sayaçı sözlərə üz tutur, ata-babalarımızın qoyunlu evlərin qurulu yay, qoyunsuz evlərin qurumuş çay timsalında göründüyü qənaətini yada salır. Şairin çobanların dilindən söylədiyi “Məktəb oxumadıq, həyat oxuduq, indi uşaqlarım gedir məktəbə” misraları isə müəyyən mətləblərə işarə vurur. Yəni bizim dədə-babalarımız at belində elat-tərəkəmə həyatı keçiriblər, yayda yaylaqlara, qışda qışlaqlara köç edib, bu həyat yollarında həyat məktəbi keçiblər, “həyatı - həyatın özünü (hər üzünü) oxuyaraq” oxumamış alim mərtəbəsinə yetişiblər. Bu səbəbdəndir ki, rəhmətlik Bəkir Çobanzadədən tutmuş müasir dövrümüzədək Çobanov soyadı, Çoban adı pasportlaşaraq günümüzədək əzəmət-qeyrət, zəka simvolu kimi gəlib yetişibdir.
Çoban babalarımız sadəcə sürülər – heyvanlar otarmayıblar, cəmiyyəti “otarıblar” – yetişdiriblər öz dərin zəkaları, idrakları ilə. O dövrün məktəbi bu sayaq şifahi şəkildə sürü arxasında, at belində və s. nəsillərdən-nəsillərə ötürülürdü. İndiki müasir tipli məktəblərə də uğurla ayaq açıb, ali təhsilin müxtəlif pillələrində oxuyub püxtələşənlər də məhz “indi uşaqları məktəbə gedən” həmin çoban babalarımızın övladları olan biz müasir nəsilik. Əbəs deyil ki, bu məqama bir qədər sonra Əkbər Qoşalı bu səpkidə anlatma gətirir.
Bəs necədir sürü ilə dil tapmağın, de, necə? -
Şövqlə dedi:
isnişmişik, lap incədən də incə...
Dedim, çətindimi bu sənət, qardaş?
Dedi, peyğəmbərlər çoban olubsa,
nə sən sualı ver, nə mən cavabı...
Dedim ki, hər yerə də adınızı qoşmusuz:
Çobankənd, Çoban talası, Çoban bulaq -
Daha da neçə-neçə sizə yaxın-uzaq ad...
- O adları el veribdi, biz ad verən deyilik,
Eldən gələn adları da çevirən ha deyilik...
Dedim, sənin mənə sözün nə ola?
Dedi, siz söz əhlisiz,
biz hal əhliyik, qardaş,
Gəl, gedək, bardaş quraq;
Burda işimiz var, orda aşımız,
burda da, orda da qara daşımız...
Bil ki, ürəyimtək genişdi çadırım.
Beləcə, çobanlıq sənətinin peyğəmbərlərdən qalma bir məşğuliyyət olduğu qabardılmaqla əslində çobanlığın sözün dar mənasındakı anlamı yox, geniş çərçivədəki anlamı da ifadə etdiyini aydın görərik. Yəni peyğəmbərlərin zamanbazaman öz dövrünün adamlarına yol göstərən müdrik şəxsiyyətlər olması faktı çobanlıq peşəsinin adi peşə olmadığına bir işarədir. Üstəgəl, çobanın dilindən “biz hal əhliyik” deyilməsi də bu fikrə bir daha işıq salır. Çobankənd, Çoban talası, Çobanbulaq kimi yer-yurd adlarının çəkilməsi də xalqın bu sənəti yüksək tutduğunun göstəricisidir. Çobanın qaldığı alaçığın təsviri, koması olan çadırında ürəkaçıqlığı ilə qonaq-qara qəbul etməsi səhnəsi də olduqca təbii və təsirli poetik notlarla öz ifadəsini tapıb: “yeyim süfrəsi” ilə yanaşı “deyim – könül süfrəsi” də bol olan çobanın sazı dilləndirməsi səhnəsinə diqqət edək:
Birdən mənə elə gəldi
bu çoban
alaçıqdan daha artıq
aladağ yiyəsidir...
Bir azdan da divardakı saz endi
Elə ki, alaçıqda saz çalındı, saz dindi...
Dedim, əgər "Divani"dən
"Müxəmməs"ə kəsə keçsə,
durum gedim,
amma gördüm, "Divani"ni
bir deməyir, iki deyir,
iki demir, üç deyir.
Dedi: "Məktəb görməmişəm" -
amma məktəb görən məni açıq, heyran eyləyir...
Ustadlardan dedi, dedi, sonra özünə keçdi -
Orda mənə elə gəldi, bədahətən söz dedi:
"Yolunu azarsan yol səni səslər,
Nəsə itirərsən, ol səni səslər,
hər səsi çevirib söz etmək olmur,
qəlb kədəri gəzər, dil qəmi səslər.
Eyni yerdən gələr, başqadı adı,
başqadı səs dadı, başqa söz dadı;
Səslərin gözəli qara sazdadı,
Kərəmi çağırar, Dilqəmi səslər...
Burada da “məktəb görməyən” çobanın çaldığı saz havaları ilə “məktəb görənləri” - ali təhsilliləri heyran eləməsi də bir daha çobanlıq sənətinin ta qədimdən oxumamış alim timsalında müdriklik daşıyıcısı olduğuna aşkar işarə vurur. Bu minvalla şair Çoban obrazını müdriklik, ustadlıq mücəssəməsi kimi oxucuya təqdim edir. “Mənim havam “Dilqəmidi”dir” deyən şairə çobanın verdiyi “mənim havam “Ruhani”dir” cavabını şair “bunlar əkiz havadı” şəklində səciyyələndirir. Beləcə, sanki çobanla şairin saz havacatları ilə ilgili mükalimələri baş tutur. Halbuki bütün bunlar şair Əkbər Qoşalının özünün özü ilə daxili mükaliməsi fonunda çoban obrazını xəlqi dəyərlərin daşıyıcısı kimi oxucu auditoriyasına təqdim etmək məqsədi daşıyır. “Aran gözəlləməsi” oldu sonra çaldığı, bu havayla aranı sanki dağa daşıdı. Dedi tütəkdə “Çobanbayatı, Sazda bunsuz (yəni “Aran gözəlləmə”si – Ş.A.) qalmarıq… “Göründüyü kimi, bu bənddə müəllif “Aran gözəlləməsi”ni dağlar qoynunda çalıb ifa eləməklə aşığın (burada çobanın) sanki aranı dağa daşıyıb gətirdiyini təsəvvürdə canlandırır. Axı çoban özü də aran-yaylaq adamıdır, sürüsünü arandan yaylağa, yaylaqdan arana aparıb-gətirir. Bax beləcə, burdakı kontekstdən düşünəndə dilimizdə mövcud olan “aranı dağa, dağı arana daşımaq” tipli frazeoloji deyimimizin bir leksik mənası, qatı da burada açılır. Deməli, insanın fikri də, düşüncəsi də onu fikrən-xəyalən dağdan arana, arandan dağa aparıb çıxarır. Ona görə də deyərlər ki, filankəs dərin fikrə getdi, xəyalında dağı arana daşıdı, aranı dağa. Elə əslində Əkbər Qoşalı da bir milli ruhlu şair kimi bu kimi fikir kontekstindən çıxış etməklə poeziyasına bu cür incə və dərin mətləbləri gətirir. Prinsip etibarilə çoban obrazı da şairin söhbətləşdiyi ikinci özüdür - daxili Mən obrazı ilə əhvallaşıb - dilləşməsidir. Odur ki, çobanın saz havasını dəyişib “Təcnis” üstə keçməsinə də poemada keçid edir və gətirilən təcnislər də elə müəllifin özünə məxsusdur.
Dindən əvvəl sevgi özü din idi,
Onda aşiq vardı, onda yar aşiq.
Əvvəl sözün “susma!” idi, “din!” idi,
İndi isə susmaq olub yaraşıq…
Poemanın gerisində müəllifin sazı dilləndirməsi fonunda “çox köhnə, unudulmuş hava” səsləndirilir. Əslində buradakı eşitdiyimiz “köhnə, hətta unudulmuş hava” xalqın mif dünyasının dərin qatlarına işarədir. Dini-mifik düşüncə qatının - arxaik dünyagörüşün təsviri ilə yanaşı biz burada real həyatın bir-birilə poetik baxımdan əlaqələndirilməsini izləyirik: “Dərələr-təpələr şəkillənirdi, yer yerə bərkiyir, göy çəkilirdi…” misralarından dünyanın əzəlki kosmik çağının peyzajı görünməkdədir. Odur ki, az sonra bu fikirlərin məntiqi davamı kimi aşağıdakı bəndi oxuyuruq:
İlk kişi-ilk qadın gəldi göz-gözə,
Şimşəklər, şimşəklər belə yarandı.
İlk dəfə uzandı əllər əllərə,
Barmaqlar toxundu, Ay paralandı…
Adəmlə Həvva mifi burada ağıla gəlir. “Şimşəklər” ifadəsi isə burada metaforik anlam daşıyır: yəni sevgi dolu qəlblərin hərarəti ilə əllər əllərə uzanıb - toxunur və bu zaman sevgi qığılcımları olan odlar-alovlar - metaforik olaraq şimşəklər çaxır. Beləcə, ilk sevgililərin görüşü səhnəsi göydəki şimşəklərin çaxışı ilə eyniləşdirilərək müqayisəyə gətirilir. Göründüyü kimi, şair burada miflə reallığı qovuşuq tərzdə təqdim edir. Bir qədər sonra isə maraqlı poetik oxşarlıq da aparıb, bir ağayaqlı gözəlin ayaqlarına baxıb, aldanmaqla vaxtından tez açılan qar çiçəklərindən bəhs açır:
Sən yerə basırsan ayaqlar deyib,
Məncə, bu ayaqlar uçmaq üçündü.
Belə ayaqların eşqinə qalxıb,
Aldanıb açılır qar çiçəkləri.
Əlbəttə ki, bu, təbiətlə cəmiyyəti ayrılmaz vəhdətdə götürən şairin həyata poetik baxışlarından qaynaqlanan bədii-metaforik bənzətmə və bədii-mifik mənalandırmadır. Şair bir ağüzlü gözəlin ayaqlarının şümal ağlığını qarın ağlığı ilə müqayisədə götürüb, bunu sanki “qarın çiçəkləməsi” kimi mənalandırır və qar çiçəklərinin də bu ağlığa baxıb aldanaraq vaxtından tez açdığını - çiçəklədiyini illüzial olaraq təxəyyüldə canlandırır. Şair yaylaqda gecələdiyini, 3 gün çobana qonaq qaldığını misraların dili ilə nəql edir. Məişət həyatını, süfrə mədəniyyətini, bir sözlə, azərbaycanlı – tərəkəmə qonaqpərvərliyini detalları ilə oxucuya təqdim edir. “Alaçığın şen olsun!” deyib razılıq əhval-ruhiyyəsilə çobandan ayrılan ərəfədə çobandan aldığı cavab da mütəəssiredici bir səhnədir:
Çoban dedi, əziz qonaq, elə mən də qonağam –
Neçə ildir bu dağlara meyl salmış,
lap buralı olmuşam –
Uşaqların anasını mənə vermirdi qayınatam,
Biz də verdik əl-ələ, qoşulduq qaçdıq, neynək…
Sonra bizim el-oba işğal oldu, geri dönə bilmədik,
Uşaqlar da buralarda böyüdü –
Buralar da bizim üçün əzizdir –
Hərdən qalxıb dağ başına - lap o üzə baxıram,
Darıxıram, əziz qardaş, it kimi darıxıram.
Acığımı gah tütəkdən, gah da sazdan çıxıram”…
Mənə aydın oldu artıq
o tütəkdə, o sazdakı kədər də,
amma yenə nəsə vardı, onu çözə bilmirdim…
Burada bir incə detal da bədii ştrixlə verilib: elat-tərəkəmə həyatında ailə qurmağın bir yolunun da qızqaçırma adət-ənənəsi ilə reallaşması! Çoban öz həyat yoldaşına əl-ələ verib, bir-birinə qoşulub-qaçmaqla qovuşduğunu etiraf edir və s. Bu etirafların işığında şair “mənə tütəkdəki, sazdakı kədərin mənası artıq aydın oldu”, deyə nəticə çıxarır. Yəni həyatın qanunauyğunluğudu kədər də, sevinc də. Amma bütün bunlara rəğmən şair öz intuitiv duyğularına söykənib yenə düşünür: “amma yenə nəsə vardı, onu çözə bilmirdim”. Ancaq bu sirli duyğular da poemanın davamında açılır:
Tanrı verən nə vardısa səhər-səhər nuş etdik,
Qucaqlaşdıq çoban ilə, “bir də, qismət” söylədik.
Yoldaşı da bir balaca bağlama yollamışdı –
“yol azığı, çoban arması” deyirdilər,
götürməyə bilməzdim…
Sonra mənə elə gəldi, su atdılar dalımca…
Xeyli getdim, o naxışlı, o ətirli bağlamanı yoxladım,
ətim üyüşdü elə bil – içində məktub vardı:
“Şair, məni tanımadın?..
Amma sağ ol, o şeiri ki oxudun…
Bir də bir söz yazım,
biləsən ki, adın bizdə doğmadı,
Heç demədin oğlumuzun adı niyə Murazdı”?..
Aman, Tanrım! Ola bilməz!
Yox, yox!..
Amma
amma olmuşdu:
Gəncliyimin ağayaqlı, Günəşüzlü gözəli,
illər sonra, unamadan qarşımaca çıxmışdı…
Mən onlardan ayrılarkən
çoban sazmı çalırdı? –
sanki
sanki qara çoban qara sazla
“Xan Çoban” çağırırdı…
Deməli, bu epizoddan bir atalar sözümüzün məntiqi boy göstərir: “Dağ dağa rast gəlməsə də, insan insana rast gələr”. Şairin qonaq düşdüyü çobanın arvadı onun gəncliyində görüb vurulduğu, “ağayaqlı, günəşüzlü gözəl” kimi öyüb - vəsf elədiyi qızdır. “Bəli, bəli, arxamca da su atmış - doğruydu” bütün bunlara təəccüb qalan şair dərin fikirlər içində yoluna davam edir: “sanki mən yox, yol özüydü yeriyən”, - deyib, özündə olmadığını aşağıdakı tərzdə dilə gətirir:
“Sərt yoxuş”dan sərt də endim,
“Kor güney”dən kor kimicə dolandım,
“Quş yuvası” – quş ötgünü yol oldu,
“Yeddi bulaq”, “Keçid” və “Çay talası”,
“Ağamir”in addamacı, “Qozluq”, “Nənə bulağı”…
yola rəvan olmuşdum… -
sanki mən yox, yol özüydü yeriyən…
Gedən başı güzərgahım başqa yoldan olmuşdu:
“Dar dərə”ydi, “Kor bulaq”dı, “Nazik su” və “Qalaça”...
Hər birindən o da keçib, hər birində o da var…
Bu yolların gedişində mənəm bu gün,
Gəlişində bir də ollam? – Kim bilir?
Lap olsam da, mən onlara bir də, bir də gedəmmi?..
O mərd çoban elə sanar, mən oyun oynayıram…
Haşa, haşa! Haşa haşa! Heç elə şey olurmu?
Amma illa bir hikmət var,
illa da bir qovuşduran qüvvət var…
“Lə tucəd sadfətə fil aləm,
hunəkə təvafüq” – deyir ərəb –
deyir ki,
“Heç təsadüf-filan yoxdur aləmdə,
nə olsa, nə olsa təvafüqlükdür”…
Bax beləcə, Əkbər Qoşalı yer-yurd adlarını poeziyanın yaddaşına gətirir, bu adların mənasına müvafiq onlara bədii yorum verir: “Sərt yoxuş”dan sərt endiyini, “Kor güney”dən kor kimi gəlib keçdiyini və s. ifadə eləməklə yer-yurd adları ilə insanın daxili-psixoloji durumu arasında bağlılıq yaradır, bu yerlərdən “o”nun da keçib-getdiyini qeyd etməklə bu yollarda “o”nun da olduğunu - ruhunun, nəfəsinin, ayaq izinin olduğunu həssas duyumla dilə gətirir. Bu minvalla şair yarıəfsanəvi-yarıhəyati cizgilər fonunda tərəkəmə-elat həyatının füsunkarlığını oxucularına təqdim edib sevdirir. “Çobanbayatı” havasının işığında milli-etnoqrafik həyat lövhələrinin əyani mənzərəsini yaddaşlarda canlandırmağa nail olur.
Qələminə qüvvət, Əkbər qardaşımız
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 13 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















