Dağlarıdan boy verən Vətən sevgisi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəzən insan doğulduğu torpağı sadəcə xatırlamır, onu ömrünün bir parçası kimi yaşadır. Bəzən bir kəndin dağları, dərələri, bulaqları, yolları insanın yaddaşında bütöv bir dünyaya çevrilir. Şair üçün isə bu dünya sözə, misraya, şeirə çevrilir. Əmirxan Burzuyevin yaradıcılığında da doğma torpağa bağlılıq belə bir başlanğıcdan keçir: Əmirvandan başlayıb Vətənə, Vətəndən isə qəhrəmanlıq zirvəsinə yüksəlir.
Qəbələnin axar-baxarlı, gözəl təbiəti ilə seçilən Əmirvan kəndində dünyaya göz açan Əmirxan Burzuyev ali təhsilli tarix müəllimidir. Uzun illər şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub. Onun doğulduğu Əmirvan qədim yaşayış məskənlərindən biridir. Kənd əhalisinin həyatında əkinçilik, maldarlıq və digər təsərrüfat sahələri mühüm yer tutur. Bu torpağın insanları həmişə zəhməti, el-obaya bağlılığı ilə seçilib. Lakin Əmirvanın tarixində daha ağır, daha müqəddəs səhifələr də var: Birinci və İkinci Qarabağ müharibələrində kənd yeddi şəhid verib, onlarla sakini döyüşlərdə iştirak edib.
Bu faktlar şairin yaradıcılığına kənardan gəlmir. Onun şeirlərində torpaq sevgisi, zəhmət, insanlıq, milli qürur və şəhidlik bir-birindən ayrı anlayışlar deyil. Əksinə, biri digərinin davamıdır. Doğma kəndi sevməkdən doğma Vətəni sevməyə, yaxşı insan olmağa çağırışdan Vətən uğrunda canından keçən insanın qəhrəmanlığını anmağa qədər uzanan mənəvi bir yol var.
Bu yolun ilk addımlarından biri “Gözəldir” şeirində atılır:
Sevək ölkəmizi, a dostlar, qəlbdən,
Bizə canımızdan üstündür Vətən.
İlhamla yaradaq, quraq biz onu,
Hər kəs ucaltmalı doğma yurdunu.
Bu misralarda Vətən sevgisi sadəcə duyğu kimi qalmır. Şair “sevək” deməklə kifayətlənmir, “yaradaq”, “quraq”, “ucaltmalı” deyir. Sözlərin bu ardıcıllığında mühüm bir fikir gizlənir: Vətəni sevmək onu qurmaq, qorumaq və yüksəltmək məsuliyyətini də öz üzərinə götürməkdir.
Şairin Vətəni böyük sözlərlə deyil, insanın gündəlik əməli ilə ucalan bir məkan kimi düşünməsi diqqət çəkir. Ölkəni sevmək yaxşı işləməkdən, faydalı olmaqdan, doğma torpağın sabahına məsuliyyətlə yanaşmaqdan başlayır. Bu baxımdan “Gözəldir” şeirindəki çağırış həm sadə, həm də düşündürücüdür: Vətən bizdən yalnız sevgi gözləmir, əməl də gözləyir.
Bu düşüncənin davamını “Öyrən” şeirində görürük. Burada şair insanın necə yaşamalı olduğu barədə təbiətin özündən dərs almağı təklif edir:
İnsanda vacibdir qəlbin saflığı,
Zəhmətdən güc alar əli, ayağı.
Torpaqdan min cürə nemət almağı,
Zəngin təbiətli çöllərdən öyrən.
Şairin nəzərində təbiət susmayan bir müəllimdir. Torpaq zəhməti, çöl səxavəti, həyat isə dözümü öyrədir. Amma bu öyrənmənin başlanğıc nöqtəsi insanın öz qəlbidir. “Qəlbin saflığı” ifadəsi təsadüfən birinci sırada dayanmır. Çünki şair üçün zəhmətin də, Vətən sevgisinin də, insanlara faydalı olmağın da kökündə təmiz niyyət dayanır.
Əmirxan müəllim “Unutma heç zaman bu həqiqəti” şerində bir məqama da diqqət çəkir. Şair insanı öz gücü ilə öyünməkdən çəkindirir:
Öyünmə söyləyib var-güc məndədi,
Sel gəlib dağıdar qurduğun bəndi.
Zaman sorğu edən, sual edəndi,
Unutma heç zaman bu həqiqəti.
Bu misralarda şairin səsi bir qədər sərtləşir. Həyatın qarşısında insanın nə qədər kövrək olduğunu xatırladır. “Bənd” insanın qurduğu dayaqların, “sel” isə qəfil sınaqların obrazına çevrilir. İnsan öz gücünə arxayın ola bilər, amma zaman onun qarşısına ən ağır sualları çıxara bilər. Bu baxımdan şeir sadəcə nəsihət vermir, insanı öz ömrü və əməlləri haqqında düşünməyə çağırır.
Şairin milli düşüncəsi də məhz bu mənəvi xəttin içində üzə çıxır:
Ordumuzun qüdrətini gördük biz,
Zərbəsinə tab gətirmək çox çətin.
Fəxr eləyir varlığı ilə ölkəmiz,
O qüruru, dayağıdır millətin.
Burada ordu yalnız hərbi qüvvə kimi deyil, xalqın qüruru və dayağı kimi təqdim olunur. Beləliklə, fərdi mənəviyyatdan başlayan düşüncə milli müstəviyə keçir. İnsan özünü, ailəsini, elini düşündüyü kimi Vətənini də düşünməlidir.
“Sağlam yaşayasan...” şeirində isə bu mənəvi xətt insan ömrünün mənası ilə tamamlanır:
Elin xeyir-şərini özünkü sanıb,
Vətənə, xalqına qəlbən bağlanıb.
Ömür yollarını mətin adlayıb,
Sağlam yaşayasan, yaşayanda da.
Burada “sağlamlıq” yalnız bədənin sağlamlığı deyil. Şair üçün sağlam yaşamaq həm də xalqın dərdinə şərik olmaq, Vətənə bağlanmaq, həyatın çətinliklərindən alnıaçıq keçməkdir. İnsan yalnız özü üçün yaşamamalıdır. Onun ömrü başqalarına toxunursa, fayda verirsə, mənalıdır.
Bu fikir şeirin daha yığcam, lakin təsirli misralarında özünü tamamlayır:
Yaşamaq gözəldir faydalı olub,
Həyatda özündən xoş izlər qoyub.
Zərərli nə varsa, ondan qorunub,
Sağlam yaşayasan, yaşayanda da.
“Xoş iz”...Bəlkə də bu ifadə şairin insan ömrünə münasibətini ən yaxşı ifadə edən söz birləşmələrindəndir. İnsan dünyadan köçür, amma onun yaxşılığı, xeyirxahlığı, əməli, adı və xatirəsi qalır. Deməli, ömrün uzunluğundan çox, nə ilə yaşandığı əhəmiyyətlidir.
Əgər “Öyrən”də insanın necə yaşamalı olduğu, “Sağlam yaşayasan...”da faydalı ömrün mənası göstərilirsə, “Zirvəyə qalxdın” şeirində bu dəyərlər artıq sınaq qarşısında dayanır. Şəhid Elvin Abdurahmanova həsr olunan əsərdə sözün tonu dəyişir. Burada artıq nəsihət yoxdur; şəhidliyin qarşısında ehtiram var.
Döyüşdə olduğun, o ötən günlər,
Tanındın hünərli bir gizir kimi.
Keçib yüksəkliklər, çətin səngərlər,
Bir daha tanıtdın öz kimliyini.
Bu misralarda qəhrəmanın döyüş yolu qısa, lakin yaddaqalan cizgilərlə canlandırılır. “Çətin səngərlər”, “yüksəkliklər”, “hünərli gizir” sözləri döyüşçünün keçdiyi yolu göz önünə gətirir. Ancaq ən mühüm ifadə “öz kimliyini” sözləridir. Çünki qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən cəsarət deyil; insanın çətin anda kim olduğunu ortaya qoymasıdır.
Füzuli uğrunda döyüşlərə həsr olunan bənddə isə bu qəhrəmanlıq konkret bir torpağın taleyi ilə bağlanır:
Füzuli uğrunda döyüşlərdə sən
Çox böyük rəşadət göstərə bildin.
Gərgin döyüşlərdə aşıb sədləri,
İşğaldan qurtardın doğma kəndləri.
Buradakı “doğma kəndlər” ifadəsi xüsusilə təsirlidir. Çünki torpaq anlayışı yenidən insanla, evlə, kəndlə, xatirə ilə birləşir. Şairin yaradıcılığında başlanğıcda Əmirvanın dağ-dərəsi kimi görünən doğmalıq burada daha böyük Vətən coğrafiyasına çevrilir. Kənd sevgisi Vətən sevgisinin kiçik, amma ən canlı başlanğıcıdır.
Bu baxımdan “Əmirvanım” şeiri həmin poetik yolun ən səmimi dayanacaqlarından biridir:
Hər tərəfin dağ-dərə,
Ürək açan mənzərə.
Sanki dağın qoynundan
Boylanırsan göylərə.
Əmirvanım, Əmirvanım.
Burada şairin səsi daha yumşaq, daha doğmadır. “Dağ-dərə”, “ürək açan mənzərə”, “dağın qoynu”, “göylər” — bütün bu sözlər bir kənd mənzərəsi yaratmaqla yanaşı, uşaqlığın və doğmalığın da mənzərəsini yaradır. Əmirvan dağın qoynundan göylərə boylanan canlı bir varlıq təsiri bağışlayır. Şairin “Əmirvanım” deməsi isə bu mənzərəyə duyğu qatır. Kənd artıq xəritədəki bir nöqtə deyil, ürəyə məxsus olan bir yurddur.
Elə buna görə Əmirxan Burzuyev “Sevirəm” şeirində təbiətə münasibət də adi mənzərə təsvirindən kənara çıxır:
Göylərə boylanan uca dağları,
Baharla oyanan bağca-bağları.
Tarda, kamançada xoş avazları,
Yaradan mizrabı, teli sevirəm.
Burada dağlar, bağlar, tar, kamança eyni poetik məkanda görüşür. Təbiətin səsi ilə milli musiqinin səsi bir-birinə qarışır. Şairin sevdiyi gözəlliklərin dairəsi genişdir: uca dağdan baharla oyanan bağa, mizrabın səsindən insan gözəlliyinə qədər uzanır.
İkinci bənddə bu mənzərə daha da rənglənir:
Zirvədə ağaran saf, təmiz qarı,
Arada kükrəyib coşan çayları.
Mirvari düzülmüş kəmər uyarı,
Bir incə gözəldə beli sevirəm.
Qarın saflığı, çayın coşqunluğu, qadın gözəlliyinin zərifliyi bir-birini tamamlayır. Şairin estetik dünyasında gözəllik parçalanmır. Dağda da, çayda da, musiqidə də, insanda da onu eyni duyğu qarşılayır. “Sevirəm” sözünün təkrarı isə bu hissləri bir nöqtədə birləşdirir.
Lakin insanı yalnız gözəlliyə heyran olmaq xilas etmir. Gözəlliyi qorumaq, həyatı yaxşı əməllərlə zənginləşdirmək də lazımdır. “Gözəlləşdirək” şeirində şair məhz bu məsuliyyəti önə çəkir:
Bir könül sındırıb incitsən, əgər,
Ən azı günahdır, başa düş onu.
Düşüb əyri yola gedəsi olsan,
Səni peşman edər o yolun sonu.
“Könül sındırmaq” burada sadəcə bir insanı incitmək deyil, mənəvi sərhədi aşmaqdır. "Əyri yol” isə yanlış seçimin, yanlış həyatın obrazıdır. Əmirxan müəllim insanı seçimlərinin nəticəsi barədə düşünməyə çağırır. Çünki hər yolun bir sonu var və insan bir gün öz addımlarının qarşısında dayanmalı olur.
Ardınca isə yolun doğru istiqamətini göstərir:
Ən düzü şirin dil, düzgün əməldir,
Yolun da düzünü seçəsən, gərək.
Həyat da o zaman gözəl olur ki,
Gözəl əməllərlə gözəlləşdirək.
Bu dörd misra Əmirxan Burzuyevin bir çox şeirlərindən keçən mənəvi xətti sanki bir cümlədə tamamlayır: həyat hazır şəkildə gözəl verilmir, onu gözəlləşdirmək lazımdır. Bunun yolu isə nə böyük iddialardan, nə də gurultulu sözlərdən keçir. Şirin dildən, düzgün əməldən, doğru seçimdən başlayır.
Və beləliklə, Əmirxan Burzuyev yaradıcılığında bir xətt aydın görünür. Bu xətt Əmirvanın dağ-dərəsindən başlayır, insanın qəlbindən keçir, zəhmətin və faydalı ömrün mənasına toxunur, Vətən sevgisinə yüksəlir və nəhayət, şəhidlik zirvəsində dayanır.
Şairin doğma kəndə sevgisi sadəcə nostalji hiss deyil. O sevgi Vətənə bağlılığın başlanğıcıdır. “Öyrən”dəki qəlb saflığı və zəhmət, “Sağlam yaşayasan...”dakı faydalı ömür, “Gözəldir”dəki Vətən çağırışı, “Gözəlləşdirək”dəki insanlıq ölçüsü və “Zirvəyə qalxdın”dakı şəhidlik bir-birindən ayrı mövzular təsiri bağışlasa da, əslində eyni mənəvi yolun müxtəlif dayanacaqlarıdır.
Bu yolun son nöqtəsi isə bəlkə də yoxdur. Çünki Vətən sevgisi bitən yerdə deyil, insanın özündən sonra qoyduğu xoş izdə davam edir. Onun sözə çevirdiyi də məhz budur: doğulduğun torpağı sev, onun gözəlliyini qoru, insanlara faydalı ol, doğru yoldan dönmə və Vətən qarşısında borcunu unutma.
Əmirxan Burzuyevin poeziyasında söz bəzən bir kəndin dağlarına boylanır, bəzən yorğun ürəyə “hələ vaxtı deyil” deyir, bəzən insanı yaxşı əmələ səsləyir, bəzən də şəhidin qarşısında susub ehtiramla dayanır.
Çünki Vətən sevgisi əvvəlcə ürəkdə doğulur, sonra əməldə görünür, ən uca məqamına isə qəhrəmanlıqda çatır.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:124
Bu xəbər 04 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















