Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sərxan Xavəri
Filologiya elmləri doktoru
“Yuvasız qaratoyuq” hekayəsinin müəllifi Xaqana açıq məktub
Üzünü görmədiyim əziz dostum Xaqan!
“Qaratoyuq” bir müddətdir ki, heç cür ağlımdan çıxmır. Bir şeyi səmimi etiraf edim. Mənim ədəbi stixiyam nəsr deyil, poeziyadır. Şeir mənə həmişə daha doğma olub. Elə buna görə xeyli vaxtdır nəsr əsərlərinə müraciət etməmişdim. Təsadüfən qarşıma çıxan “Qaratoyuq”u oxuyanda düşünürdüm ki, sürətlə oxuyub keçəcəyəm. Amma alınmadı. Hekayə məni saxladı, geri qaytardı, düşündürdü və bədii süjet mükəmməlliyi, hər obrazı bir fəlsəfi simvol olan məzmun dərinliyi ilə heyrətə saldı. Hətta etiraf edim ki, poeziyaya bu qədər bağlı biri olaraq nəsrin məndə belə güclü estetik və fəlsəfi sarsıntı yarada bilməsi özlüyündə mənim üçün gözlənilməz oldu. Bunun bir səbəbi hekayənin özüdürsə, digər səbəbi hekayənin assosiativ olaraq yadıma saldığı bir hadisədir. Müsəlmaçılığa salıb, öz əhvalatımdan başlayım, sonra keçərəm hekayəyə.
Haşiyə. Yaxın çevrə belə hesab edir ki, mən Füzulini bir az bilirəm. Namizədlik dissertasiyam Füzulidən olub. On il ali məktəbdə Füzulidən xüsusi kurs aparmışam. Uzun illər heç bir akademik öhdəlik olmadan fasiləsiz olaraq Füzulini oxumuş, ondan da on dəfə çox haqqında düşünmüş, qeydlər aparmış, poetikasından daha çox, mətnlərinin arxasında dayanan insan və varlıq münasibətlərini anlamağa çalışmışam. Son illərə qədər mənə elə gəlirdi ki, bu sirli qalanın açarını tapmışam. Füzuli poetikasının fəlsəfi əsasında poetik və təsəvvüfi strukturların vəhdəti dayanır, insanın yolu nəfsdən ruha, fanidən əbədiyə, insani eşqdən ilahi eşqə doğru hərəkətdir. Bu model mənə digərlərindən daha bütöv görünür, məni tam qane edirdi.
Təxminən bir-iki il bundan əvvəl həmin bütövlükdə ilk çat yarandı. Həyatımda baş verən bir para hadisələrin təsiri ilə ekzistensial düşüncə varlığıma yenidən hakim kəsildi (”yenidən” deyəndə ki, biz doxsanıncı illərin gəncləri o illərdə Qərb fəlsəfi axınların acgözlüklə oxuyurduq), təsəvvüfə olan baxışlarımı da fundamental olaraq dəyişdi. Füzulidə təsəvvüflə oxunan kodların başqa bir fəlsəfi dildə daha aydın danışa bildiyini gördüm: insanın dünyadakı tənhalığı, ayrılıq, həsrət, yetə bilməmək, özündən kənara çıxmaq ehtiyacı, varlığın əlçatmazlığı, ölüm və sonluluq. Haydeqqerin “həsrət uzaqdakının uzaqlığı yox, uzaqdakının yaxınlığı əzabıdır” tezisi iynə kimi beynimə sancıldı. Epoxalar ayrı, kulturoloji tipologiyalar ayrı, fəlsəfi baxışlar ayrı, dinlər ayrı, dillər ayrı... Necə ola bilər ki, bu düstur vəhdəti-vücud fəlsəfi modelinin və bu model əsasında formalaşan bütöv bir mədəni sivilizasiyanın mahiyyətini bu qədər dəqiqliklə izah edə bilsin? Bütöv Şərq-müsəlman ilahi sevgi poeziyası bu yaxınlıqla uzaqlıq arasındakı təzadın və harmoniyanın axtarışı deyilmi? Nə isə həmişə Füzulini oxumaq üçün müəyyənləşdirdiyim köhnə optika yerindən oynadı. Mən başa düşdüm ki, ilahi eşqə doğru hərəkət kimi qiymətləndirdiyimiz anlayışın altında daha iri platforma dayanır: insanın ona verildiyi varlıqla kifayətlənə bilməməsi, daim öz sərhədindən kənara can atması. Beləcə, təsəvvüf mənim üçün tədricən Füzulini yeganə izahedici platforma olmaq gücünü itirdi. Onun yerində insanla varlıq arasındakı daha qədim və daha əzəli qarşıdurma görünməyə başladı.
Lakin məsələ bununla da bitmədi. Bir müddət sonra həmin yeni sistemin altından başqa bir çat açıldı: Freyd. Axı insan yalnız varlığının mənasını axtaran, sonluluğunu dərk edən metafizik məxluq deyil! Axı o, bütün bunlardan əvvəl və bütün bunlarla eyni zamanda həm də bədəndir. Arzulayan, seksual həzz istəyən, onu basdıran, basdırandan sonra yüz hoqqa ilə sublimasiya edən, qadağa yaradan və öz təbiətindən utanmağı öyrənən bir bədən! Əgər insanın “yuxarıya”. eşqə, müqəddəsliyə, mənaya, Allaha doğru hərəkətinin altında onun “aşağıdan” gətirdiyi, heç vaxt tam susmayan təbii varlığı da yaşayırsa, onda necə olsun? Bu sualdan sonra mənim üçün əvvəlki rahatlıq bir daha mümkün olmadı. Təsəvvüf insanın yüksəlişini izah edir, ekzistensializm onun varlıq qarşısındakı uçurumunu göstərir, psixoanaliz isə həmin uçurumun dibində bədəni və arzunu nişan verir.
Bunlardan hansını əsas götürməliyik? Bunlardan hansı əsl Füzulidir? Bir müddət sonra qəribə bir vəziyyətə gəlib çıxdım: Füzulini nə qədər çox izah etməyə çalışırdımsa, onu bir o qədər itirirdim. Beləcə illərlə getdiyim yol məni başlanğıca, yenidən sıfır nöqtəsinə qaytardı. İlin-günün bu vaxtında ərəb-fars izafət tərkibləri ilə “zəhlə tökən” “Divan”I və “Leyli və Məcnun”u yenidən qoydum qabağıma, sətir-sətir oxudum, düşündüm, sıfır yerindən tərpənmədi ki, tərpənmədi, bezdim, atdım kənara.
Xaqan bəy!
Sizin “Qaratoyuq” yaddaşımda bir neçə aydır ki, kənara atıb unutduğum Füzuli absurdunu yenidən assosiasiya etdi. Görəsən niyə? Yox, mən hekayədə Füzuli haqqında axtardığım sualların cavabını tapmadım, əksinə, həmin suallar yaddaşımda daha da böyüdü. Bəlkə təsəvvüf, ekzistensializm və psixoanaliz bir-birini inkar edən alternativlər deyil? Bəlkə insanın həqiqəti elə onların heç birinə ayrıca sığmamasındadır? İnsan eyni anda torpaqdır, amma göyə baxır, bədəndir, amma müqəddəslik axtarır, seksualdır, amma bundan həya duyur, arzulayır, amma arzusunu sublimasiya edir, sevir və öz sərhədindən kənara çıxmaq istəyir, dünyaya bağlanır və öləcəyini bilir. Bəlkə insan faciəsi onun bu parçalanmışlığında deyil, bütün bu ziddiyyətlərin eyni anda həqiqət olmasındadır. Bax “Yuvasız qaratoyuq” bu sualları mənim üçün yenidən aktuallaşdırdı.
İndi keçək hekayəyə. Məncə, bu hekayə yuxarıda adlarını çəkdiyim nəzəriyyələrin ayrı-ayrılıqda dediklərini heyrətamiz bir sadəliklə bir insanın taleyində birləşdirir: bu kiçik həcmli hekayədə bədən var, seksual arzu var, sevgi var, sublimasiya var, başqasının baxışı və utanc var, qadağa var, azadlıq var, cinayət və məsuliyyət var, tənhalıq var və ən nəhayəti ölüm var. Və bu kiçik hekayə boyuna uyğun gəlməyən bir iddia ilə sual edir: insan kimdir? Torpağın ehtiraslarını daşıyan bədənmi, göyə can atan müqəddəs varlıqmı, yoxsa bu ikisinin arasında heç vaxt özünə tam yuva tapa bilməyən faciəvi qaratoyuqmu?
Əziz Xaqan bəy, təqdim etdiyiniz süjet sadə, amma əhvalat kimi çox maraqlıdır. Anadangəlmə qısa qolları olan, hamının Lam çağırdığı Lamfada qonşu qızı Deytinanı sevir. Tütək çalır, qaratoyuq səsini yamsılayır, öz məhdud bədəninin içində özündən böyük bir sevgi və xəyal dünyası qurur. Qan qaynayan yaz günlərinin birində qonşunun dəcəl uşağı Lamı autoerotik həzz vəziyyətində görür və “bunu hamı biləcək, Lam” deyə onu hədələyir. Bu balaca cümlə Lamfadanın daxilində böyüyüb bütöv kəndin gözünə çevrilir. Rüsvay olmaq qorxusu onu dəhşətli cinayətə aparır. Qonşunun evini yandırır, ailə həlak olur. Lamfada tutulur və ölüm cəzasına məhkum olunur.
Hekayənin ikinci məkanı həbsxanadır. Burada məhbusların günlərini zəncir səsləri, addımlar və ölüm gözləntisi ölçür. Amma bu qapalı, daş məkanın içində bir qaratoyuq səsi dolaşır. Gözətçilər quşun harada yuva saldığını tapa bilmirlər. Sonra qəribə bir hadisə baş verir: ölüm cəzası ləğv edilir. Lakin Lamfada azadlığın bu ironik xəbəri eşidə bilmir. Gözətçi onun kamerasına çatanda yemək qabına uzana bilməyən qısa qollarını sinəsinə sıxmış Lamfadanı ölü görür. Gecikən ölümün qorxusundan onun ürəyi dayanmışdır. Lamfadanın gəlişi ilə həbsxanada eşidilən qaratoyuq səsi də onun ölümündən sonra bir daha eşidilmir.
Bu hekayəni yalnız filoloji alətlərlə, süjet, obraz, simvol, kompozisiya səviyyəsində qiymətləndirmək onun miqyasını kiçiltmiş olardı. Bu hekayənin həqiqi dərinliyi Freydlə Haydeqqerin kəsişdiyi məqamda görünür. Burada Freyd və Haydeqqer hekayənin iki ucunda dayanırlar. Freyd insanın içindəki uçurumu, bədəni, seksual arzunu, basqını, utancı göstərir. Haydeqqer isə qarşıda açılan uçurumu, sonluluğu və ölümü. Lamfadanın taleyi bu iki uçurumu bir-birinə bağlayır: bədəndən başlayan faciə ölüm şüurunda tamamlanır, arzudan utanmağa, utanmaqdan qorxuya, qorxudan cinayətə, cinayətdən həbsə, həbsdən ölümə doğru gedir. Birində uçurum insanın içindədir, digərində qarşısında. İnsan isə bu iki uçurumun arasında yaşayır.
Lamfadanın faciəsi kimin faciəsidir? Şikəstinmi, sevən bir gəncinmi, həyalı bir insanınmı, yoxsa ölüm cəzasına məhkum edilmiş məhbusunmu? Ayrılıqda bunlardan heç birinin, bütövlükdə bunların hamısının. Bu, mağaradan Marsa qədərki sivilizasiya yolunda addımlayan İnsanın universal antropoloji faciəsidir. İnsan təbiətə məxsusdur, amma təbiətlə kifayətlənmir, bədəndir, amma müqəddəslik axtarır, seksualdır, amma öz seksuallığından utanır, sonludur, amma daxilində sonsuzluq tələbi daşıyır. Bax “Qaratoyuq” bu ziddiyyətin heyrətamiz bədii metaforasına çevrilir.
Hekayədə bədəni ilə çata bilməyən insan səsi ilə çatır, yerə və taleyinə məhkum insan xəyalında uçur. Burada kompozisiyanın dəqiqliyi insanı valeh edir: bədən və arzudan sevgiyə, sevgidən sublimasiyaya, oradan baxış və utanca, utancdan cinayətə, həbsə və nəhayət ölümün dərkinə gedən hərəkət bir insanın fərdi faciəsini addım-addım ümumbəşəri ekzistensial faciəyə çevirir. Belə yerdə deyərlər: bax buna deyərəm drama!
Əsərin orijinallığı ayrıca götürülən motivlərin yeniliyində deyil, onların mükəmməl bir kompozisiya daxilində birləşdirilməsindədir. Əgər Freyd insanın içindəki uçurumu, Haydeqqer onun qarşısında açılan uçurumu göstərirsə, “Yuvasız qaratoyuq” bu iki uçurumu bir insanın taleyində birləşdirir.
Mənim bir klassik vərdişim var: mətn elmidirsə, dərhal sual: elmi problemi nədir? Mətn bədiiidirsə, yenə dərhal sual: ideyası nədir? Məncə, bütün indiyə qədərki dediklərimizi bir əsas formulda sıxsaq, hekayənin ideyası budur:
İnsan sonlu təbiətə həbs olunmuş, lakin daxilində sonsuzluq arzusu daşıyan yuvasız faciəvi varlıqdır.
Buradakı “əbədi yuvasızlıq” xüsusilə əhəmiyyətli anlayışdır. Məktubun əvvəlində Haydeqqerin həsrət yaxındakının yaxınlığı deyil, uzaqlığı əzabıdır tezisini qeyd etmişdim. Haydeqqer onu adını unutduğun bir alman şairinin “həsrət evə dönmək arzusudur” fikrindən götürmüşdür.
Yuvasız kimdir? Yuvası tapılmayan qaratoyuqmu, Lamfadamı, yoxsa İnsan? Yuvasız olan məhz İnsandır. İnsan təbiətin içindədir, amma artıq yalnız təbiət deyil. bədəni var, amma bədəninə sığmır. mədəniyyət yaradıb, amma instinktlərindən azad olmayıb, zamandadır, amma əbədiyyəti düşünür, yerə bağlıdır, amma qanad haqqında xəyal qurur. O, anatomiya ilə ontologiya, bədənlə ruh, sonluluqla sonsuzluq, ona verilmiş həyatla arzuladığı həyat arasında çırpınır. Bəlkə insanın ontoloji yuvasızlığı da elə budur: onun tam yerləşə biləcəyi bir məkan yoxdur.
Burada Füzulinin çox uzaqdan gələn bir obrazı “Yuvasız qaratoyuq”un semantik sahəsinə daxil olur.
Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl,
Qoymadı heç imarət bu binadan qeyri.
Ey dalğa, göz yaşlarından yaranan bu dəryanın üzərindəki hübabı, hava qabarcığını dağıtma, bu sel bu binadan başqa bir tikili saxlamayıbdır.
Göz yaşının selə çevrildiyi, bütün imarətlərin dağıldığı və suyun üzərindəki hübabın son kövrək sığınacaq kimi qaldığı həmin poetik təsəvvürdə “ev” artıq daşdan tikilmiş bina deyil. Bir dalğanın toxunuşu ilə yox ola biləcək qədər kövrəkdir. Füzulinin hübabı ilə Xaqanın qaratoyuğu arasında nə tarixi təsir, nə də birbaşa mətn əlaqəsi axtarmağa ehtiyac yoxdur. Onları yaxınlaşdıran başqa bir şeydir: sığınacağın mümkünsüzlüyü və ya kövrəkliyi. Füzulidə son sığınacaq suyun üzərində titrəyir. Xaqanda nəzarətçilər quşun yuvasını axtarırlar, amma tapa bilmirlər. Birində ev var, amma hər an dağıla bilər. digərində quş var, amma yuva yoxdur.
Və məhz burada Füzulinin poetik evsizliyi ilə Haydeqqerin ontoloji “evdə-olmamaq” düşüncəsi bir-birinə uzaqdan toxunur. Bunları eyniləşdirmək olmaz: Füzulinin metaforası klassik eşq poeziyasının iztirab və sığınacaq poetikasından, Haydeqqerin Unheimlichkeit anlayışı isə tamam başqa fəlsəfi problemdən doğur. Lakin Haydeqqerin erkən düşüncəsində insan mövcudluğunun “not-at-home”. tam evdə olmamaq təcrübəsi mühüm yer tutur. sonrakı düşüncəsində isə “məskunlaşmaq” insan mövcudluğunun əsas xarakteri kimi ayrıca inkişaf etdirilir. Bu iki uzaq mətn arasında Xaqanın qaratoyuğu qəribə bir sual verir: İnsanın evi haradadır? Bədənindədirmi? Sevdiyi insandadırmı? Cəmiyyətdəmi? Tanrıdamı? Xatirədədirmi? Yoxsa insan elə bir varlıqdır ki, bütün ömrünü yuva axtarmaqla keçirir və heç bir yuvaya bütövlükdə sığmır?
Bəlkə elə buna görə İnsan ontoloji mənada yuvasızdır. O, yalnız təbiət deyil, çünki təbiətini sual edə bilir. Yalnız bədən deyil, çünki bədəninin sərhədini təsəvvüründə keçir. Yalnız şüur deyil, çünki ən yüksək fikirlərinin altında bədəni yaşayır. Yalnız cəmiyyət deyil, çünki “hamı”nın hökmündən qaçmağa çalışır. Yalnız sevgi deyil, çünki sevdiyinə belə bütövlükdə çata bilmir. Yalnız ölüm deyil, çünki ölümlü olduğunu bilə-bilə əbədiyyət haqqında düşünür. İnsan səma ilə bədən arasında məskunlaşmış yuvasız varlıqdır. Onun ontoloji dramı nə yalnız aşağıda, nə də yalnız yuxarıdadır. yeraltı ilə səmanın, cismlə ruhun, libido ilə müqəddəsliyin, sonluluqla sonsuzluğun eyni varlıqda birləşməsindədir.
Dünya ədəbiyyatında Lamfadanın uzaq qohumlarını axtaranda qəribə bir mənzərə ilə qarşılaşırıq. Yusuf Atılganın “Anayurt Oteli”ndə seksual tənhalıqla cinayət arasındakı qaranlıq yol, Ceyms Coysun “Uliss”ində baxışla seksual fantaziyanın qovuşması, Şervud Andersonun “Hands” hekayəsində əlin ittiham, utanc və təcrid nişanına çevrilməsi, Kamyunun “Yad”ında cinayətdən həbsxanaya, oradan ölümün qaçılmazlığına gedən yol. bunların hərəsi Lamfada taleyinin ayrı bir damarına toxunur.
Bəli, ayrı-ayrılıqda bu motivlərin, demək olar ki, hamısının dünya ədəbiyyatında böyük və ciddi əcdadları var. Amma “Yuvasız qaratoyuq”un heyrətamizliyi onların heç birini sadəcə təkrar etməməsindədir. Mən onun yeniliyini motivlərin özündə deyil, həmin motivlərin bir insan taleyində qurduğu fövqəladə kompozisiyada görürəm. Başqa əsərlərdə ayrı-ayrılıqda qarşıma çıxan bədən, fiziki məhdudluq, seksual arzu, masturbasiya, sevgi, baxış, utanc, təcrid, cinayət, həbsxana, ölüm və azadlıq problemi burada sanki bir nöqtəyə yığılır və bir-birinin səbəbinə çevrilir. Freydin insanın içində açdığı uçurumla Haydeqqerin insanın qarşısında açdığı uçurum eyni qəhrəmanın taleyində qovuşur. Bəlkə məni ən çox heyrətləndirən də budur Dünya ədəbiyyatının müxtəlif böyük mətnlərində parçalanmış halda gördüyüm antropoloji motivlər burada son dərəcə kiçik bir süjetin daxilində bütöv bir insan faciəsinə çevrilir.
Lakin ən sarsıdıcı paralellərdən biri Vladislav Xodaseviçin 1923-cü ildə yazdığı “Под землёй” şeirindədir. Berlinin yeraltı ictimai ayaqyolunda bir qoca dayanıb. Mən vaxtilə bu şeiri Azərbaycan dilinə çevirməyə cəhd etmişdim:
Qara karbol qoxan tualet,
Hər yer üfunət iylənmiş,
Kafel önündə bir qoca
Arıq üzün önə əymiş...
Sonra məlum olur ki, bu qoca ətrafındakı adamlara məhəl qoymadan öz autoerotik aləminə çəkilib. Xodaseviç aktı anatomik çılpaqlıqla təsvir etmir: yüngülcə yellənən bədən, qıcolma ilə hərəkət edən köhnə pencək dirsəyi hər şeyi demədən deyir. Qəribədir: yerin altında bədən öz gizli dünyasını yaşayır, yerin üstündə isə İnsan Tanrı, ruh, əbədiyyət və sonsuzluq haqqında düşünür. Bunlar iki ayrı məxluq deyil. Berlinin yeraltı ictimai ayaqyolundakı qoca da, metafizikanın səmasında əbədiyyəti axtaran mütəfəkkir də eyni İnsandır. Bəlkə İnsanın ən böyük paradoksu elə budur: başı metafizikanın səmasına çatır, bədəni isə torpağın hökmündən çıxa bilmir. Berlinin yeraltı ayaqyolundan metafizikanın səmasına qədər uzanan bu nəhəng məsafənin özü İnsandır.
Xaqan bəy, məncə, Haydeqqer sizin hekayənizə ən çox həbsxanada yaxınlaşır. İnsan mövcudluğunun fundamental ölçülərindən biri ölümə-doğru-varlıqdır: insan ölümü yalnız gələcəkdə baş verəcək bioloji hadisə kimi yaşamır, onun gələcək ölüm haqqında biliyi indiki mövcudluğuna daxil olur.
Lamfada hələ sağdır, hökm hələ icra edilməyib, amma ölüm artıq onun kamerasındadır. Ayaq səsləri, zəncir cingiltisi, açılacaq qapının gözləntisi. gələcək ölüm indiki zamana köçür. Cəllad hələ gəlməyib, amma ölüm haqqında bilik artıq öz işini görür.
Ekzistensial düşüncənin insan haqqında ən ağır həqiqəti bəlkə də budur: insanın faciəsi yalnız ölümlü olmasında deyil, öləcəyini bilməsindədir. Quş da ölür, ağac da quruyur. İnsan isə gələcək yoxluğunu indiki zamanda təsəvvür edə bilir. Buna görə insan ölümə bioloji olaraq bir dəfə çatır, şüurunda isə ona dəfələrlə gedib qayıdır. Lamfadanın finalı bu paradoksu son həddə çatdırır: ölüm hökmü ləğv olunur, amma ölüm haqqında bilik ləğv edilmir. Dövlət onu öldürməkdən imtina edir, lakin qorxu artıq hökmünü icra etmişdir. Lamfadanı ölümün özü öldürmür. Ölüm haqqında düşüncə öldürür. Bioloji ölüm ontoloji ölüm təcrübəsinin arxasınca gəlir.
Üzünü görmədiyim əziz dostum, Xaqan bəy!
Sizin qolları ən anatomik yaxınlığa çatmayan Lamfada haqqındakı hekayəniz İnsan haqqında çox antoloji uzaqlardan soraq verir. Belə bir mətnin müəllifi olmaq, məncə, yaradıcı xoşbəxtlikdir. Yeni əsərlərinizi gözləyirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:430
Bu xəbər 10 Sentyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















