Icma.az
close
up
RU
“Dəmir yumruğ”un baş məşqi Aprel döyüşlərində qələbə

“Dəmir yumruğ”un baş məşqi Aprel döyüşlərində qələbə

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qarabağ Zəfərinin qaranquşu idi

Bu gün çağdaş tariximizin ən şərəfli və qürurverici səhifələrindən sayılan qəhrəmanlıq dastanının 10-cu ildönümünü qeyd edirik. 2016-cı il aprel ayının 1-dən 5-dək davam edən toqquşmalar hərb salnaməmizə qızıl hərflərlə əbədi həkk olunub. Hadisələrin inkişaf dinamikası təsdiqlədi ki, tətbiq edilən asimmetrik hərbi strategiya düşmənin müdafiə xəttini darmadağın etməklə yanaşı, eyni zamanda, erməni cəmiyyətində kök salmış “məğlubedilməzlik” mifini tarixin zibilliyinə atdı. Rəşadətli ordumuzun qazandığı uğurlar həm diplomatik masada, həm də döyüş meydanında yaranmış durğunluğu birdəfəlik məhv etdi.

ARAYIŞ: Azərbaycan Müdafiə Nazirliyi tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb. Döyüşlər nəticəsində 300-dən artıq erməni hərbçi məhv edilib, 500-dən çoxu isə yaralanıb. Eyni zamanda, düşmənin xeyli sayda hərbi texnikası sıradan çıxarılıb. Məlumata görə, 30-dan çox tank və digər zirehli texnika, 25-dən artıq artilleriya qurğusu, o cümlədən 6 ədəd “D-30” haubitsası və 1 ədəd “BM-21 Qrad” yaylım atəş sistemi məhv edilib. Bundan əlavə, müxtəlif sayda minaatanlar, hərbi avtomobillər və mühəndis-istehkam vasitələri sıradan çıxarılıb.

Geosiyasi konyunkturanı araşdıran mütəxəssislər yaxşı bilirlər ki, qeyd olunan dövrədək mövcud siyasi mənzərə fərqli idi. 90-cı illərin əvvəllərində beynəlxalq hüququn təməl prinsiplərini kobudcasına tapdalayan, qonşu dövlətin suveren ərazilərinə qarşı hərbi təcavüz həyata keçirən işğalçı rejim cəzasızlıq mühitindən arxayınlaşmışdı. Dünya dövlətlərinin, beynəlxalq qurumların qətiyyətsizliyi, nümayiş etdirilən ikili standartlar təcavüzkar qüvvələri daha da azğınlaşdırırdı. Danışıqlar masasında nümayiş etdirilən destruktiv mövqe, paralel olaraq cəbhə xəttində törədilən ardıcıl təxribatlar düşmənin sülh istəmədiyini açıq formada isbatlayırdı. Lakin dövlətimiz qeyd edilən illər ərzində vaxtını əbəs yerə sərf etmirdi. Ölkə daxilində nəhəng iqtisadi layihələr icra edilir, ordu quruculuğuna milyonlarla vəsait ayrılırdı. Müasir silahların alınması, peşəkar hərbi kadrların NATO standartlarına uyğun hazırlanması istiqamətində misilsiz işlər görülürdü. Bütün sadalanan mürəkkəb strateji addımlar yeganə ali məqsədə xidmət edirdi: işğal altındakı torpaqların şərtsiz, qəti şəkildə azad edilməsi.

***

2016-cı ilin yaz aylarında düşmən tərəfinin daxili siyasi xaosdan diqqəti yayındırmaq, korrupsiya bataqlığında boğulan rejimi xilas etmək niyyəti növbəti hərbi cinayətlərin törədilməsinə rəvac verdi. Digər tərəfdən, qəhrəman ordumuzun cəbhə xəttində qurduğu üstün mövqelər Ermənistan rəhbərliyini daim təşviş içərisində saxlayırdı. Aprelin əvvəllərində Füzuli, Ağdam, Tərtər istiqamətlərində dinc əhalinin sıx məskunlaşdığı kəndlər ağır artilleriya atəşinə məruz qaldı. Xain düşmən yenə ənənəvi taktikasını tətbiq edərək məktəbləri, xəstəxanaları, mülki vətəndaşların yaşadıqları evləri hədəf seçirdi. Vətəndaşların təhlükəsizliyini təmin etmək, düşmən qüvvələrinə sarsıdıcı zərbə endirərək atəş nöqtələrini susdurmaq zərurəti yarandı. Ali Baş Komandanın qəti tapşırığı əsasında ordu bölmələrimiz ildırımsürətli əks-hücum əməliyyatına başladılar. Taktiki cəhətdən olduqca mürəkkəb coğrafi relyefdə həyata keçirilən xüsusi əməliyyat 4 gün ərzində işğalçının illərlə formalaşdırdığı "keçilməz sədd" mifini darmadağın etdi. Yüksək dəqiqliyə malik silah sistemlərinin tətbiqi, xüsusi təyinatlı dəstələrin şücaəti sayəsində işğalçılar nəyə uğradıqlarını anlaya bilmədilər. Düşmən cəbhəsində yaranmış xaos, komandanlıqla əlaqələrin kəsilməsi, fərariliyin kütləvi xarakter alması qarşı tərəfin daxildən necə çürüdüyünü nümayiş etdirirdi. Cəbhənin şimal və cənub istiqamətlərində qazanılan taktiki qələbələr strateji üstünlüyə çevrildi. Cənub cəbhəsində, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi hərbi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Həmin coğrafi mövqe uzun illər boyunca işğalçı qüvvələrə Arazboyu əraziləri, xüsusən Horadiz şəhərini daim təhlükə altında saxlamaq imkanı verirdi. Təcavüzkar tərəf Lələtəpədən istifadə edərək mülki infrastrukturu mütəmadi olaraq artilleriya atəşinə tutur, dinc insanların həyatını kabusa çevirirdi. Qəhrəman xüsusi təyinatlılarımızın həyata keçirdiyi əməliyyat nəticəsində həmin strateji yüksəklik ələ keçirildi. Düşmənin canlı qüvvəsi, eyni zamanda, ağır texnikası ərazidə tamamilə məhv edildi. Cəbhənin şimal istiqamətində, Tərtər rayonunun Talış kəndi ətrafında yerləşən dominant yüksəkliklər də azad edildi. Talış dağlarının nəzarətə götürülməsi Naftalan, Goranboy, eyni zamanda, Tərtər rayonlarının təhlükəsizliyinin təmin olunması baxımından həyati önəm kəsb edirdi. Düşmənin komanda idarəetmə məntəqələri, raket sistemləri böyük məharətlə darmadağın edildi. Uğurlu gedişat göstərdi ki, ordumuz tamamilə yeni müharibə strategiyasına, yüksək innovativ idarəetmə üsullarına yiyələnib. Artilleriya birləşmələri ilə hava kəşfiyyatının sinxron fəaliyyəti, kəşfiyyat-zərbə dronlarının fəal tətbiqi müasir hərb sənətində nadir rast gəlinən dəqiqlik nümayiş etdirdi.

***

Əldə edilmiş nailiyyətlərin siyasi mənasını ən mükəmməl şəkildə izah edən vacib məqam dövlət başçısının həmin hadisələrə verdiyi yüksək qiymətdir. Prezident İlham Əliyevin müvafiq məsələ barədə dediklərindən qısa sitat gətirmək kifayətdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”. Aydın görünür ki, cəbhə xəttində düşmənə vurulan ağır zərbə yalnız taktiki gediş hesab edilmir, bütövlükdə dövlət mexanizminin, ictimai şüurun, hərbi potensialın sıx vəhdətinin nümayişi kimi dəyərləndirilir. Sözügedən tarixi zəfər, eyni zamanda, beynəlxalq müstəvidə yaranmış psixoloji bariyerlərin təmamilə aradan qalxması demək idi. İllər boyu ədalətsizliyin hökm sürdüyü diplomatik koridorlarda Azərbaycanın haqlı mövqeyi artıq dəstəklənirdi.

Hadisələrin cəmiyyətdə yaratdığı rezonansa xüsusi diqqət ayırmaq zəruridir. Şəhərlərdə, kəndlərdə minlərlə gənc könüllü şəkildə hərbi komissarlıqlara axışır, cəbhəyə getmək istədiklərini bəyan edirdilər. Dövlət, ordu, vətəndaş həmrəyliyi ən yüksək zirvəyə çatmışdı. İnsanlarımız gecə-gündüz televiziya ekranları qarşısında zəfər sədalarını gözləyirdilər. Cəmiyyətdə qətiyyən qorxu, təşviş əlaməti yox idi. Əksinə, yaranmış coşqu, milli qürur hissi qəlblərə hakim kəsilmişdi. Xalq sübut etdi ki, ötən illər ərzində işğal faktı ilə əsla barışmayıb, doğma torpaqların nisgili həmişə ürəklərdə daşınıb. Uzaqdan gələn top səsləri işğaldan qurtuluşun müjdəsi idi. Tarixi təcrübə isbatlayır ki, arxasında yenilməz xalq iradəsi dayanan ordu istənilən düşməni diz çökdürməyə qadirdir.

Torpaqların işğaldan azad olunmasına gedən yolda Lələtəpə, eləcə də Talış ətrafındakı uğurlar mühüm qayıdışın başlanğıcı hesab edilir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu qayıdışın canlı simvoluna çevrildi. Strateji yüksəkliklərin işğalçılardan təmizlənməsi sözügedən kənddə insanların təhlükəsiz yaşamasını tam təmin etdi. Qısa müddət ərzində dövlət tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri Böyük Qayıdış fəlsəfəsinin reallaşmış pilot layihəsi idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı viran qalmış əraziləri qısa zamanda cənnətə çevirməyə, qurub-yaratmağa tam qadirdir. Cocuq Mərcanlıya dönən hər sakin, əslində, gələcəkdə Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama qayıdacaq insanların elçisi idi.

Aprel zəfərinin onuncu ildönümünün qeyd edilməsi müasir dünyada dövlətimizin artan nüfuzunu, qlobal çəkisini göstərir. Arxaya baxarkən, bu gün qürurla deyirik: yürüdülən uzaqgörən dövlət siyasəti, diplomatik həmlələr, iqtisadi müstəqillik qüsursuz nəticələrə səbəb oldu. 44 günlük Vətən müharibəsindən sonrakı 24 saatlıq antiterror əməliyyatları ilə tam bərpa edilmiş dövlət suverenliyimiz məhz 2016-cı ilin yazında atılmış cəsarətli addımların davamı oldu. Biz indi bütöv, vahid dövlət kimi inkişaf edir, regionda sülhün, sabitliyin mütləq qarantına çevrilmişik. İşğalçı, revanşist ideologiya daşıyıcıları dərk etməlidirlər ki, hər hansı hərbi təxribat “dəmir yumruğ”un növbəti sarsıdıcı zərbəsi ilə nəticələnəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:455
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri