Deputat: “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
“Son zamanlar Rusiya-Azərbaycan münasibətləri ətrafında yayılan bəzi fərziyyələr, şayiələr, xüsusilə də, radikal müxalifət və xaricdə fəaliyyət göstərən bəzi şəxslər tərəfindən yayılan iddialar cəmiyyətə qeyri-obyektiv, çaşdırıcı mesajlar verir. Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətini milli maraqlarına uyğun şəkildə və balanslı formada həyata keçirir. Rusiya ilə münasibətlər də bu çərçivədə - qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qurulub. Bu münasibətlər konkret şəxslərin adı ilə və ya hansısa fərdi maraqlar fonunda dəyərləndirilə bilməz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar isə əsassızdır və bu cür şəxsi mülahizələrin dövlətlərarası münasibətlərə şamil olunması doğru yanaşma deyil. Azərbaycan tərəfi hər hansı münasibətini şəxslərə görə formalaşdırmır. Bu, dövlətin institusional yanaşmalarına ziddir. Rusiya ilə Azərbaycan arasında əlaqələrin davam etməsi və mövcud münasibətlərin qarşılıqlı hörmət və fayda əsasında inkişaf etdirilməsi ölkəmizin xarici siyasət kursunun tərkib hissəsidir. Məsələyə emosional və spekulyativ yanaşmalar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür və reallığı əks etdirmir”, - deputat bildirib.
Aytəkin Qardaşova


