Deputat: Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Beş il öncə noyabrın 8-də Qarabağın simvolu olan Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, müstəqil dövlətimiz şanlı Zəfərə qədər böyük yol qət edib. Belə ki, 30 il ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Həmin müddətdə davam edən danışıqlar nəticə vermədi. Amma beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi. Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ermənistanın davamlı olaraq təxribatçı addımları isə müharibəni qaçılmaz etmişdi. Nəticədə 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi baş verdi.
Deputat qeyd edib ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu.
“2020-ci il noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli Bəyanat imzalanmaqla Ermənistan kapitulyasiya aktına qol çəkdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, eyni zamanda, erməni mifini də məhv etdi”, - deyə o vurğulayıb.
S.Fətəliyeva qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi, Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsi imzalanmaqla Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. 2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Eləcə də, 2023-cü il sentyabrın 19-20-da ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu və suverenliyimiz tam təmin edildi. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaldıldı.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənib, bu istiqamətdə uğurları daha da artmaqdadır. Bu ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün böyük ümidlər yaradır. Azərbaycan dövlətinin və onun Liderinin siyasi iradəsi sayəsində regionumuzun tezliklə sülh və əməkdaşlıq məkanına çevriləcəyinə inanırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 08 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















