Deputatdan SOS siqnalı: Milli Məclisdə sahibsiz itlər problemi qaldırılıb
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Rəqəmlər sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq şəkildə göstərir”
Bu gün Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. Gündəliyinə 15 məsələnin daxil edildiyi iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı çıxış ediblər. Milli Məclisin sədri Sahibə Qafarova 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bildirib.
“Dünən ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilib. Etnik təmizləmələr, soyqırımı silsilələrinə, 200 il ərzində torpaq itkilərinə son qoyulub. Bu, xalqımızın bir daha soyqırımına məruz qalmaması üçün ən yaxşı təminatdır", - deyə spiker vurğulayıb.
“Bunun harası müstəqillik oldu, harası ləyaqət inqilabı oldu, harası avrointeqrasiya oldu?”
İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə çıxışında beynəlxalq aləmin ədalətsizliyi, yeni dünya nizamının qurulması haqqında danışıb.
Millət vəkili deyib ki, “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev dünyada yeni təhlükəsizlik arxitekturası haqda danışarkən Donald Tramp administrasiyası ilə güclü tərəfdaşlığa inandığını növbəti dəfə söyləyib: “Ölkə başçısı Ukraynada gedən müharibəni şərh edərkən, siyasətə və xüsusilə qlobal maraqların toqquşduğu coğrafiyalarda dövlət rəhbərliyinə gələn şəxslərə dərs, yol xəritəsi göstərdi. "Əgər siz həmişə kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, onda bir gün həmin şəxs gəlib sizdən hesabat istəyəcək", - deyə Prezident bildirdi. Bəli, bu, aksiomadır. İndi Ağ Evin yeni sahibi gəlib və ABŞ-ın ayırdığı pulların hesabını istəyir, 16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur. Lakin 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib. Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib. Heç bir millətə vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqillik oldu, harası ləyaqət inqilabı oldu, harası avrointeqrasiya oldu?”.
“Görün ki, Qorbaçovun "Pravda"sı ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir”
“İllərdir dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırkı Ukrayna ilə müqayisə etsin. Görsün ki, Ulu Öndər Heydər Əliyev məğlub AXCP hakimiyyətini necə kapitulyasiyadan xilas edib, qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar! Ulu Öndərdən öyrənin!. Çünki o, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib”, - Z.Oruc əlavə edib.

Deputat deyib ki, uzun on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, Landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar: “Görün ki, Qorbaçovun "Pravda"sı ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası olan “Osmanqızı”, “Azad söz” və digər muzdlu şəbəkə də məhv olacaqlar”.
“İndi qalib Azərbaycanın taleyi özündən asılıdır. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. Ermənistana sərhəddi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər. İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soyqırımı tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ Qələbəmizdir”, - deyə millət vəkili çıxışını yekunlaşdırıb.
“Utanmadan, qızarmadan qalxıb Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar”
“Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı. Məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır. Dünənə qədər bunu siyasətlə edənlər 44 günlük müharibədən sonra artıq bunu açıq şəkildə edirlər”. Bu sözləri çıxışında Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli səsləndirib.

Onun sözlərinə görə, ABŞ-ın, Qərbin imperialist təfəkkürlü ölkələri, siyasətçiləri və təşkilatları, bu 30 ildə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməmiş kimi, Azərbaycanın bir milyon insanı yurd-yuvasından qovulmamış kimi, işğal altında olan yüzlərlə kənd və şəhərimiz ermənilər tərəfindən yer üzündən silinməmiş kimi, minlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən məhv edilməmiş kimi, utanmadan, qızarmadan qalxıb Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar.
“Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil, erməni zehniyyətini əlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük”, - deyə millət vəkili vurğulayıb.
Ə.Ələkbərli qeyd edib ki, bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-ın Dini Azadlıq Komissiyasına xatırlatmaq lazımdır ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır: ““Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin”.
Gəncədə 1200-dən çox sakini it dişləyib
Deputat Naqif Həmzəyev isə iclasda Gəncədəki sahibsiz itlər problemini gündəmə gətirib. Millət vəkili deyib ki, son bir ildə Gəncə şəhərində 1200-dən çox it dişləməsi hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib: “Bu rəqəmlər sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq şəkildə göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır”.

N.Həmzəyev qeyd edib ki, şəhər və rayonlarda sahibsiz heyvanlar üçün sığınacaqlar yoxdur: “Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da vətəndaşlarımızın sağlamlığı üçün ciddi təhlükə yaradır”.
“Qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır”
Deputat sözügedən problemlərin həlli üçün bir neçə təklif irəli sürüb: “Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər. Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur. Eyni zamanda, sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır. Bununla yanaşı, sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir”.

“Hörmətli xanım sədr və həmkarlar, bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictiami dinləmə keçirməklə ən əsas töhvəni verə bilərik. İnanıram ki, sadaladığım addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcəkdir”, - millət vəkili çağırış edib.
Bundan sonra deputatlar Milli Məclisin iclasının gündəliyində olan məsələlərin müzakirəsinəö başlayıblar. Bir neçə qanuna əlavə və dəyişikliklər edilib.

