Icma.az
close
up
RU
Diləfruz Fərzalinin şeir dünyası

Diləfruz Fərzalinin şeir dünyası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Diləfruz Fərzalinin “Taleyin səsi” adlı şeirlər kitabı poeziyada lirik duyumun incəliyini, poetik təfəkkürün fərdiliyini və müəllifin daxili dünyasının zənginliyini əks etdirən diqqətəlayiq nümunələrdən biridir. Kitabla ilk tanışlıqdan aydın olur ki, müəllif poetik sözün imkanlarından istifadə edərək həm emosional, həm də fəlsəfi qatları olan bir şeir dünyası qurmağa nail olmuşdur. Lirika Diləfruz xanımın poeziyasında dünyanı poetik dərk etməyin əsas vasitəsidir; o, gerçəkliyi yalnız təsvir etmir, onu yenidən yaradır, duyğuların süzgəcindən keçirərək mənalandırır. Bu poeziyada söz sadəcə ifadə vasitəsi deyil, həm də hissin, düşüncənin və ruhun nəfəsinə çevrilir. Onun yaradıcılığında lirika dünyanı dərk etməyin əsas vasitəsi kimi çıxış edir və şair ətraf mühiti öz daxili hisslərinin prizmasından təqdim edir. 

Diləfruz xanımın poeziyası yalnız duyğuların ifadəsi ilə kifayətlənmir, eyni zamanda oxucunu daxili bir dialoqa dəvət edir. Onun şeirlərində hər bir misra sanki insan ruhunun dərin qatlarına enmək üçün bir körpü olur, oxucunu sözlə deyil, hisslə düşündürür.

Bu poeziyada təbiət motivləri aparıcı yer tutur. Təbiət burada sadəcə təsvir obyekti deyil, həm də düşüncə və hisslərin ifadə vasitəsidir. Şeirlərdə təbiətin “insanlaşması” ilə qarşılaşırıq; külək danışır, çiçəklər pıçıldayır, səhər mehi sanki bir sirdaş kimi şairin könlünə toxunur. Müəllif təbiətlə təkcə həmsöhbət olmur, onunla ruhən qovuşur. Külək, səhər mehi, gül, bülbül kimi obrazlar şairin daxili aləmini ifadə edən simvollara çevrilir. Bu baxımdan onun yaradıcılığını təbiət lirikasının zərif nümunəsi kimi qiymətləndirmək mümkündür. Şair təbiətdə həm sığınacaq, həm də cavab axtarır, onu mənəvi dayağa çevirir. Şairin təbiətə yanaşmasında diqqət çəkən cəhətlərdən biri onun təbiəti statik deyil, dinamik bir varlıq kimi təqdim etməsidir. Təbiət hadisələri dəyişir, danışır, hiss edir və bu xüsusiyyətləri ilə insan taleyi ilə səssiz bir paralel qurur:

Sən əsdiyin yerlərə,
Bəlkə mən də əsəydim.
Gecikmiş arzuları
Bəlkə orda görəydim.

və ya:

Bəlkə külək əsəndə,
Əl eləyib saxlayım,
Deyim, kömək et mənə,
Sevgilimi axtarım.

Bu misralarda külək obrazı həm ümidin incə titrəyişi, həm də sonsuz axtarışın rəmzi kimi səslənir. “Leylək” şeirində isə külək Leyləyi tülkü yuvasını qovan amansız bir qüvvə kimi təqdim olunur.   çıxış edir. obrazlar vasitəsilə çıxılmazlıq və həyatın mürəkkəbliyi poetik simvollara çevrilir.

Şairin yaradıcılığında dini-fəlsəfi motivlər də mühüm yer tutur. Tanrıya inam onun poeziyasında dərin və səmimi şəkildə əks olunur. Lakin bu inam yalnız sakit qəbul deyil; burada sual da var, axtarış da, daxili nigarançılıq da. Diləfruz Fərzalinin Tanrı ilə bağlı düşüncələri bəzən mistik çalarlarla zənginləşir. O, ilahi varlığı yalnız inanılan bir qüvvə kimi deyil, həm də hiss edilən, duyulan bir həqiqət kimi təqdim edir. Təbiət və Tanrı arasında qurulan körpü şairin poetik dünyasında varlığın sirrini açmağa yönəlir:

Təbiətin gözünü,
Yaradanın özünü,
Əgər görmək istəsən,
Xan bulağa gələrsən.

Bu misralarda təbiət ilahi gözəlliyin aynasına çevrilir. Şair Tanrını harmoniyanın, gözəlliyin və varlığın nəfəsi kimi təqdim edir və ona dərin mənəvi bağlılıq nümayiş etdirir.

Məhəbbət mövzusu Diləfruz Fərzalinin poeziyasında xüsusi yer tutur və bu mövzu əksər hallarda təbiətlə vəhdətdə təqdim olunur. Sevgi burada təkcə bir duyğu deyil, ruhun yanğısı, qəlbin işığıdır. Şairin məhəbbət lirikasında diqqəti cəlb edən əsas cəhət hisslərin təmizliyi və səmimiliyidir. Sevgi pafosdan uzaqdır, lakin dərin və sarsıdıcıdır; o, insanı ucaldan, saflaşdıran bir mənəvi hal kimi təqdim edilir:

Şeyda bülbül səsi gəlir o çöldəki gülüstandan,
Açır bir-bir düymələri bülbül gülün yaxasından.

Bu cür təsvirlər klassik poeziyanın nəfəsini xatırlatsa da, müəllifin fərdi duyumu ilə yeni ahəng qazanır. Şairin məhəbbətə münasibəti fədakarlıq və sonsuz bağlılıq üzərində qurulmuşdur:

Yanmaram, canıma od vursan əgər,
Yanaram, qəlbinə dəyərsə kədər.

və ya:

Dedim, ömür bir şamdır, sönə bilər hər anda,
Tanrı olsun köməyin, sənə mən olmayanda.

Bu misralarda sevgi sadəcə hiss deyil, mənəvi məsuliyyət kimi təqdim olunur.

Diləfruz xanımın yaradıcılığında vətənpərvərlik motivləri də mühüm yer tutur. Azərbaycan sevgisi onun poeziyasında sadəcə sözlə deyil, ürəyin döyüntüsü ilə ifadə olunur. Onun vətən mövzusuna yanaşması həm duyğusal, həm də məsuliyyətlidir. Vətən onun üçün yalnız doğulduğu torpaq deyil, nəfəsi, varlığı, kimliyidir:

Gedib-gələn nəfəsimsən,
Hər açılan səhərimsən,
Əyilməyən vətənimsən,
Gözəl yurdum, Azərbaycan!

Bu misralarda vətən obrazı mənəvi zirvəyə yüksəlir. Qarabağ mövzusu, şəhidlik və qəhrəmanlıq anlayışları isə poeziyada yaddaşın, qürurun və vətəndaşlıq mövqeyinin ifadəsinə çevrilir:

Böyükdür Yaradan, Vətəndir böyük,
Adını tarixə yazandır böyük,
Vətənə can verib gedəndir böyük,
İğidlər böyüdən anadır böyük,
Şəhid zirvəsinə çatandır böyük,
Yarası sağalmaz qazidir böyük.

Diləfruz Fərzalinin poeziyasında həyatın fəlsəfi dərki də mühüm yer tutur. Zamanın keçiciliyi, gözəlliyin faniliyi və insan taleyinin kövrəkliyi onun misralarında sakit, lakin dərin bir kədər kimi səslənir. Şair mürəkkəb fəlsəfi fikirləri sadə, axıcı və təsirli dillə təqdim edir:

Gözəllik zamanıdır, keçib gedəcək,
Məhəbbət alovdur, yanıb sönəcək.

Onun poetik dili xalq ruhuna yaxındır, bayatı və aşıq yaradıcılığının ahəngi bu şeirlərdə yenidən doğulur:

Könül təbiətin bir hissəsidir,
Yazılmış əsərin səhifəsidir.

Nərgiz gülünə həsr etdiyi misralar isə şairin zərif poetik təxəyyülünü əks etdirir:

Zərif, incə gülü gözəl,
Əynindəki donu gözəl,
Ləçəkləri mirvari tək,
Kirpikləri sarı gözəl.

“Taleyin səsi” kitabında yer alan illüstrasiyalar da şeirlərin poetik ruhunu tamamlayan mühüm bədii elementlər kimi diqqəti cəlb edir. Kitabdakı vizual materiallar sözlə təsvir olunan duyğulara yeni çalarlar qatır, oxucunun estetik qavrayışını daha da zənginləşdirir. Anna İbrahimbəyovanın fotoları və Günel Yevanın rəsmləri şeirlərlə üzvi bir vəhdət təşkil edərək vahid bədii ahəng yaradır; sanki söz, rəng və işıq eyni hissin müxtəlif təzahürlərinə çevrilir.

Diləfruz Fərzalinin poeziyası təbiət, məhəbbət, Tanrı və Vətən anlayışlarının üzvi vəhdəti üzərində qurulmuşdur. Onun şeirləri həm fərdi duyğuların incə ifadəsi, həm də ümumbəşəri məsələlərin poetik təcəssümüdür. Bu poeziya oxucunu yalnız oxumağa deyil, hiss etməyə, düşünməyə və daxili aləminə enməyə səsləyir. 

Fəridə Səfiyeva

filologiya elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri