Din və dünyəvilik: Azərbaycan Doktrinası
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
s.e.ü.f.d. Dos. Orxan Vəliyev
Xəzər Universiteti siyasi elmlər və fəlsəfə departamentinin müdiri,
Bakı, Azərbaycan
Müasir dövlət dünyəvilik prinsipi çərçivəsində formalaşmışdır. Bu səbəbdən, ictimai müqavilə kimi qəbul edilən və dövlətlə cəmiyyət (vətəndaş) arasındakı münasibətləri tənzimləyən konstitusiya mətnlərində dünyəvilik prinsipi öz əksini tapmışdır. Azərbaycan Konstitusiyasında da dövlətin xarakteri müəyyən edilərkən dünyəvilik prinsipinə yer verilmişdir.
Azərbaycan doktrinası geniş anlayışdır. Lakin bu yazıda son günlərdə ölkə gündəmini məşğul edən əsas məsələlərdən biri olan din və dünyəvilik münasibətləri nəzərdən keçirildiyindən, mətn əsasən bu mövzuya həsr olunmuşdur.
Tarixi və nəzəri çərivə
Siyasət nəzəriyyəçiləri müəyyən sərhədlər daxilində keçərli olan suverenliyi milli dövlətlərin əsası kimi müəyyən etmişlər. Belə olan halda, dövlətlər vahidliyi, bütövlüyü, bölünməzliyi və mütləqliyi ehtiva edən suverenliyi paylaşmağa və kənar müdaxiləni qəbul etməyə meyilli olmamışlar. Milli dövlətlərin digər özünəməxsus xüsusiyyəti sosial, iqtisadi, mədəni və siyasi həyatın dünyəvilik (secularism) prinsipi çərçivəsində müəyyən edilməsi olmuşdur. Avropada dünyəviliyin carçısı Volter, Azərbaycanda isə Axundzadə olmuşdur. Beləliklə, dini doktrina və xanədanlar əsasında formalaşan dövlət modeli öz yerini milli suverenliyə əsaslanan dövlət modelinə vermişdir. Birinci Azərbaycan Cümhuriyyəti və Türkiyə Cümhuriyyəti də bu prinsip çərçivəsində təsis edilmişdir.
Lakin ötən əsrin 1970–1980-ci illərində düşüncədə, sənətdə, siyasətdə və iqtisadiyyatda baş verən dəyişikliklər XIX əsrdə formalaşmış modern nizamı sarsıtmağa başladı. Belə ki, milli dövlətlərin formalaşmasında mühüm rol oynamış klassik kapitalizm öz yerini maliyyə kapitalizminə verməyə başladı. Bu proses, öz növbəsində, postmodernist və neoliberal düşüncənin təşviqinə şərait yaratdı. Burada texnologiyanın yeni forma və mahiyyətdə təzahürünü və ictimai həyata müdaxiləsini də nəzərdən qaçırmaq olmaz. Bütün bunlar modernizmin sərt dünyəvilik anlayışı çərçivəsində məbədlərlə məhdudlaşdırdığı dinə sosial, iqtisadi və siyasi müstəvilərdə yenidən görünürlük qazandırdı. Bu, müəyyən mənada, cəmiyyətdə yaranan ehtiyacın da təzahürü idi. Lakin 30–40 illik mübarizənin sonunda dövlətlərin postmodernist və neoliberal yanaşmalar üzərində üstünlük qazandığı aydın görünür.
Azərbaycan doktrinası
Din də kimliyin bir parçasıdır. Lakin müasir dünyada kimliklər əsasən milli və etnik əsaslar üzərində formalaşdırılmışdır. Belə olan halda, Qarabağ Azərbaycan xalqı üçün dini deyil, milli bir mübarizə idi. Bununla belə, İslam da Azərbaycan kimliyinin və mədəniyyətinin bir parçasıdır. Bu səbəbdən, işğaldan azad edilmiş torpaqlarda əsgərlər əvvəlcə bayrağı dalğalandırmış, daha sonra isə minarələrdən azan səsləndirilmişdir.
Hər şeydən əvvəl, Azərbaycan milli kimliyi özündə türklüyü (ethnie) inkar etmir. Daha doğrusu, türklüyün ehtiva olunması özünəməxsus və sağlam milli kimliyin inşasının əsas şərtlərindəndir. Tarixi perspektivdən yanaşdıqda, Azərbaycan kimliyinin məhz türklük və ya türkçülük vasitəsilə formalaşaraq meydana çıxdığı aydın olur. Bu, azərbaycanlılara parçalanma təhlükəsi ilə üzləşən çar imperiyası daxilində özünəməxsusluq qazandırmışdır. Bununla belə, Azərbaycanın milli kimlik siyasətinin əsasları və siyasi-hüquqi bazası azərbaycançılıq çərçivəsində formalaşdırılmışdır. Bu yanaşma müəyyən bir məkan — vətən və ölkə — çərçivəsində formalaşan Azərbaycan milli kimliyinə özünəməxsusluq və varlıq qazandırmışdır.
Qısası, türk dövləti olan Azərbaycan Respublikası öz varlığını və özünəməxsusluğunu əvvəlcə ölkə daxilində, daha sonra isə beynəlxalq müstəvidə təmin etmək və möhkəmləndirmək məqsədilə azərbaycançılıq kimi əsas və multikulturalizm kimi tamamlayıcı elementlərdən təşkil olunan “Azərbaycan doktrinası”nı mənimsəmişdir. Əks halda, Azərbaycanın qonşu dövlətlərin tərkib hissəsinə çevrilməsi təhlükəsi qaçılmaz ola bilərdi. Beləliklə, Azərbaycan öz ayaqları üzərində dayanmağı, başqa sözlə, müstəqil dövlət kimi mövcud olmağı öyrənməlidir.
Bu mənada, qonşuluğumuzda yerləşən və siyasətin birbaşa və ya dolayı yolla dinin təsiri altında formalaşdığı İran və Türkiyədən fərqli olaraq, Azərbaycanda özünəməxsus din siyasətinin formalaşdırıldığı aydın görünür. İranda siyasi sistem şəriət prinsipləri əsasında qurulmuşdur. Türkiyədə isə dünyəvi dövlət anlayışı mühafizəkar dəyərləri də ehtiva edəcək şəkildə transformasiyaya uğramışdır.
Prezident İlham Əliyev də Əl-Ərəbiyyə telekanalına müsahibəsində bu məsələyə xüsusi yer ayırmışdır. Prezidentin müsahibəsindən istinad etdiyim aşağıdakı fikirlər Azərbaycan dövlətinin keçmişdən bu günə dinə və məzhəb məsələsinə münasibətini əks etdirir:
(…) Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin ümumiyyətlə yeri yoxdur. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq.
Beləliklə, din milli kimliyimizin bir parçası olmaqla yanaşı, cəmiyyətin əksər hissəsinin inancı olan İslamın siyasət institutlarına və cəmiyyətə birbaşa təsiri Türkiyə və İranla müqayisədə daha zəif olmuşdur. Bu faktoloji vəziyyətin sosial-tarixi səbəbləri vardır. Belə ki, qismən Osmanlı, əsasən isə Səfəvi hakimiyyəti altında olan Şimali Azərbaycanda hər iki imperiyanın idarəçiliyi dövründə dinə dair geniş institusional və yazılı ənənənin, xüsusilə də mədrəsə sisteminin formalaşmadığı müşahidə edilir. Çünki indiki Azərbaycan dövlətinin formalaşdığı coğrafiya hər iki imperiyanın tərkibində “ucqar ərazi” (frontier) rolunu oynamışdır. Müqayisə üçün qeyd edək ki, Səfəvi dövlətinin dini mərkəzləri Cənubi Azərbaycanda (Ərdəbil, Təbriz və s.), Osmanlının dini ənənəsi isə Anadoluda (Konya, Bursa və s.) formalaşmışdır. Beləliklə, Azərbaycanda dünyəvi cəmiyyətin formalaşdırılması qonşu iki ölkə ilə müqayisədə daha asan olmuşdur. Osmanlı və Səfəvi irsi də institusional baxımdan əsasən Türkiyə və İran tərəfindən mənimsənilmişdir. Hazırda Azərbaycan öz imkan və qabiliyyətlərinə, tarixi təcrübəsinə və ehtiyaclarına uyğun din siyasəti formalaşdırmağa çalışır.
Unutmamaq lazımdır ki, Azərbaycanın müasir tarixinin gedişatı Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) yaradan qərarlar kimi kənar müdaxilələrin təsiri altında formalaşmışdır. Bu baxımdan, Azərbaycan 2020 və 2023-cü illərdə əldə etdiyi zəfərlər nəticəsində tam təşəkküllü suveren dövlətə çevrilmək üçün gələcəyə yönəlmiş addımlar atmağa çalışır. Türk dünyası da bu mənada ölkənin xarici siyasətinin əsasını və mərkəzini təşkil edir.
Heç şübhəsiz, dinin ictimai məkandan sıxışdırıldığı 70 illik Sovet dövrünü də unutmamaq lazımdır. Bu tarixi təcrübə və kontekst praktik nəticə, başqa sözlə, müəyyən bir mədəniyyət forması doğurmuşdur. Həmin mədəniyyətin transformasiyası da, əsas etibarilə, Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun şəkildə baş verməlidir. Əks halda, kənar müdaxilə nəticəsində formalaşdırılacaq din siyasətinin davamlılığını təmin etmək mümkün olmayacaqdır.
Prezident İlham Əliyevin yuxarıda sitat gətirilən “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bu məsələyə xüsusi diqqət ayırması da nəzərdən qaçırılmamalı məqamdır. Hökumətlər iqtisadi və mədəni hakimiyyət qurmaq məqsədilə öz maraqlarına uyğun siyasi diskursu mənimsəməyə çalışırlar. Bu baxımdan, Azərbaycan dövləti və hökuməti üçün siyasətin dini mahiyyət daşımasının, eləcə də siyasi fəaliyyətin bir sıra müsəlman ölkələrində olduğu kimi dini sektalar, qruplar və camaatlar tərəfindən yönləndirilməsinin prioritet olmadığı aydın görünür. Çünki belə bir vəziyyət Azərbaycan dövlətinin mahiyyəti, imkanları və fəaliyyət qabiliyyəti ilə ziddiyyət təşkil edə bilər. Unutmamaq lazımdır ki, ölkənin tarixi təcrübəsi, imkanları və fəaliyyət qabiliyyəti onun yalnız dinə deyil, millətçiliyə olan ehtiyacını da müəyyən edir.
Azərbaycan hökumətinin və dövlət qurumlarının dinə, dini qurumlara və dini icmalara münasibətdə həyata keçirdiyi multikultural siyasət məlumdur. Bununla yanaşı, dinin siyasi institutlara təsirinin yeni formaları nəzərə alındıqda, Azərbaycan dövlətinin din sahəsində özünəməxsusluğunu qoruyacaq strategiyaya malik olması da zəruridir. Başqa sözlə, dinin tamamilə nəzərə alınmadığı sərt dünyəvi siyasətin davamlılığını təmin etmək də mümkün deyildir. Daha doğrusu, Volterin, Kantın və Axundzadənin formalaşdırmağa çalışdıqları dünya artıq transformasiyaya uğrayaraq yeni bir kimlik qazanmışdır. Bu səbəbdən Azərbaycan dövləti din sahəsində öz siyasətini, tədris və tədqiqat imkanlarını formalaşdırmağa çalışır. İlahiyyat İnstitutuna da bu kontekstdə yanaşmaq mümkündür. Beləliklə, türklük və azərbaycançılıq kontekstində formalaşan milli özünəməxsusluq özünü din siyasətində də göstərir.
Bununla belə, Azərbaycan dövləti din sahəsində öz siyasətini formalaşdırmağa davam edir. Belə ki, işğaldan azad edilmiş Şuşada atılan ilk addımlardan biri məhz Gövhər Ağa məscidinin bərpası ilə bağlı olmuşdur. Gövhər Ağa məscidi başda olmaqla, dini məbədlərin bərpası, Şuşada ənənəvi memarlıq xüsusiyyətlərini də özündə ehtiva edən müasir üslubda məscidin inşası, eləcə də Bakıda dini azlıqların ibadət məkanlarının fəaliyyətinə göstərilən siyasi dəstək dövlətin dinə və dindarlara biganə qalmadığını nümayiş etdirir.
Beləliklə, din Azərbaycan kimliyinin bir parçası olmaqla yanaşı, siyasi və hüquqi qərarların qəbulunda müəyyənedici səlahiyyətə malik deyildir. Bununla belə, zəfərdən sonra müəyyən yenilənməni tələb edən milli kimliyin qurulması və bu sahədə həyata keçirilən siyasət dinə münasibətdə yeni yanaşmanı zəruri edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















