Icma.az
close
up
RU
DOSTOYEVSKİ HƏBSXANADAN QARDAŞINA NƏ YAZMIŞDI?

DOSTOYEVSKİ HƏBSXANADAN QARDAŞINA NƏ YAZMIŞDI?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Xaləddin İbrahimli,

professor

Giriş əvəzi: Məktubda Dostoyevskinin ölümün burnundan döndüyü və bu səbəbdən dərin eyforiya, qarışıq sevinc duyğuları girdabına düşdüyü açıq hiss edilir. Məktubda doğmalarına yönəlik sevgi ifadələri, başqalarını az maraqlandıran və ya heç maraqlandırmayan cümlələr çoxdur. Ancaq bir epizodda Dostoyevski iki-üç kiçik cümlə ilə özünü xatırladır. Bu yazı həmin o iki-üç cümlənin üzərində qurulub. Oxucu üçün də həmin cümlələrin maraq doğuracağına əminəm.

1849-cu il dekabrın 22-də Fyodor Dostoyevski ölümə hazır idi. Petraşevski dərnəyində iştirakına görə ölüm cəzasına məhkum edilmişdi. Həmin səhər digər məhbuslarla birlikdə Peterburqdakı Semyonovski meydanına aparıldı. Hökm oxundu, məhbuslara ağ köynəklər geyindirildi, ilk üç nəfər dirəklərə bağlandı, Dostoyevski altıncı idi. Özünün sonralar yazdığı kimi, yaşamağına cəmi bir neçə dəqiqə qaldığını düşünürdü. Son anda edam dayandırıldı və ölüm hökmünün katorqa ilə əvəz edildiyi elan olundu.

Elə həmin gün Dostoyevski qardaşı Mixailə məktub yazdı. Bu məktub ölümün tam yanından qayıtmış bir insanın həyata ilk dəfə baxırmış kimi yazdığı etirafdır. Orada qəribə bir şey baş verir: ölüm haqqında danışan adam əslində həyatdan bəhs edir.

Dostoyevski yazır: “Keçmişə baxanda və düşünəndə ki, nə qədər vaxtı boş yerə sərf etmişəm; nə qədər vaxt yanılmalara, səhvlərə, avaralığa, YAŞAMAĞI BACARMAMAĞA gedib; həyatı necə qiymətləndirməmişəm; neçə dəfə öz ürəyimə və ruhuma qarşı günah etmişəm — ürəyim qan ağlayır.” Ardınca həyatı mədh edir: “Həyat bir hədiyyədir, xoşbəxtlikdir. Hər bir dəqiqə bütöv bir xoşbəxtlik əsrinə çevrilə bilərdi.” Və fikrini fransızca üç sözlə tamamlayır: “Si jeunesse savait!” — Kaş gənclik biləydi!

Əslində bu, təkcə gəncliyə deyilmiş söz deyil. Bu, insanın faciəsinə verilmiş qısa addır. İnsan yaşamağı bacardığını düşünür. Halbuki yaşamaq da öyrənilən bir sənətdir. Gözəl pianino çalmağı öyrənmək qədər çətin bir sənət. Bizə işləmək, pul qazanmaq, yarışmaq, uğur əldə etmək öyrədilir, amma vaxtın necə yaşanacağı çox az öyrədilir. Ona görə də insan bəzən ömrünü böyük səhvlərlə deyil, əhəmiyyətsiz şeylərə həddindən artıq əhəmiyyət verməklə itirir.

Bir incikliyi illərlə daşıyır. Başqasının onun haqqında nə düşündüyünü həddindən artıq ciddiyə alır. Özünü başqaları ilə müqayisə edir. Həyatını daim gələcəyə saxlayır: “Bunu da həll edim, sonra yaşayacağam.” Amma həyat “sonra” başlanan bir şey deyil. Həyat, insan başqa bir həyat gözləyərkən keçən vaxtın özüdür.

Dostoyevskinin ölüm qarşısında gördüyü də bu idi. İnsan ölümə yaxınlaşanda dünyanın ölçüləri dəyişir. Dünən böyük görünən şeylər kiçilir, kiçik görünənlər isə birdən böyüyür.

Vəzifə, təkəbbür kiçilir, köhnə mübahisələr mənasızlaşır. Amma sevdiyin adamın səsi gurlaşır, bir səhərin işığı artır, vaxt uzanır. Çünki ölüm insana həyat haqqında yeni bir həqiqət vermir; çoxdan bildiyi, amma ciddi qəbul etmədiyi həqiqəti qəfil görünən edir.

Antik filosofların memento mori — “ölümü xatırla” deməsinin mənası da insanı qorxutmaq deyildi. Ölümü xatırlamaq həyatın ölçüsünü düzəltmək üçündür. Sonlu olduğunu bilən insan nəyin həqiqətən vacib olduğunu daha aydın seçə bilir.

Doğru yaşamaq bəlkə də hər şeyə eyni dərəcədə əhəmiyyət verməməkdir.

Nəyə vaxt sərf etməyə dəyər?

Sevgimizi kimdən əsirgəməməliyik?

Nəyi bağışlamalı, nədən vaz keçməliyik?

Hansı arzularımızı başqalarının fikrinə qurban verməməliyik?

Yaşamaq sənəti bu suallara verilən cavablardan yaranır. Çünki insanın ən böyük itkisi həmişə ölüm deyil. Bəzən insan yaşayır, amma öz həyatının içində iştirak etmir. Başqalarının gözləntiləri, qorxuları, müqayisələri və təxirə saldığı arzular arasında illər keçir. Sonra bir gün vaxtın sonsuz olmadığını anlayır. Məhz həmin anda “kaş” sözü başlayır. Kaş daha çox sevəydim; kaş daha az qorxaydım; kaş o qədər inciməyəydim; kaş həyatımı sonraya saxlamayaydım.

Bəlkə ölümqabağı insanı ən çox sarsıdan ölümün özü deyil. Yaşaya biləcəyi halda yaşamadığı həyatdır. Dostoyevskiyə bunu anlamaq üçün edam meydanı lazım oldu. Bizim isə belə bir meydana ehtiyacımız yoxdur və olmamalıdır. Çünki həyatın dəyərini anlamaq üçün onun əlimizdən alınmasını və ya əldən getməsini gözləmək çox baha başa gələn, geri dönüşü olmayan bir dərsdir. Doğru yaşamaq — ölməyəcəyimizi düşünərək yaşamaq deyil; bir gün öləcəyimizi bilə-bilə həyatı sonraya saxlamamaqdır. Məncə, ömrün sonunda insanın özünə verdiyi son sual da “Nə qədər yaşadım?” olmayacaq. “Mənə verilən həyatın içində gerçəkdən nə qədər var idim?” olacaq...

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri