Dövlətin ən həssas sərhədi xəritədə deyil
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlətin sərhədini pozmaq üçün həmişə tank lazım deyil. Bəzən ölkəni zəiflətməyin daha asan yolu insanının şüuruna girməkdir. Xəritədə görünməyən bu sərhəd insanın dövlətə, millətə, tarixə və öz kimliyinə münasibətidir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ölkələrinin təhlükəsizlik rəsmiləri ilə görüşdə səsləndirdiyi fikirlərin mahiyyəti də buradadır. Müasir təhlükəsizlik enerji marşrutundan gəncin dünyagörüşünə qədər uzanan vahid sistemdir.
Prezident bunu açıq ifadə etdi: "Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir".
Bu sözlərin məhz təhlükəsizlik görüşündə səslənməsi göstərir ki, milli kimlik artıq milli təhlükəsizliyin elementidir.
XXI əsrdə strateji obyektlərin siyahısına insan şüuru da əlavə olunub.
Bu gün informasiya əməliyyatı üçün sərhədi keçmək lazım deyil: alqoritmlər siyasi təsirin coğrafiyasını ləğv edib.
Prezidentin gəncləri xüsusi vurğulaması təsadüfi deyil. İlham Əliyev bildirdi: "Onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər".
İnsan iyirmi yaşında yalnız peşəsini deyil, dövlət anlayışını və milli kimliyini də formalaşdırır. Bu dövrdə onun informasiya məkanına hakim olan, düşüncəsinə də hakim olmağa başlayır.
Məsələnin həssas tərəfi də budur.
Xaricdə yaşayan hər kəs düşmən deyil. Hakimiyyəti tənqid edən hər kəs antimilli qüvvə deyil. Jurnalist, bloqer və ya siyasi fəal olmaq insanı avtomatik olaraq xarici mərkəzin alətinə çevirmir. Xaricdən maliyyə alma faktının özü də konkret hüquqi və faktoloji kontekstdən kənarda xəyanət sübutu sayıla bilməz.
Amma bu həqiqətin arxasında gizlənərək başqa həqiqəti də görməməzliyə vurmaq olmaz. Əgər fəaliyyətin arxasında gizli siyasi sifariş, qanunsuz maliyyələşmə, koordinasiyalı dezinformasiya, saxta məlumatların dövriyyəyə buraxılması, ölkədə etimadsızlıq yaratmaq və konstitusiya quruluşunu qanunsuz üsullarla sarsıtmaq cəhdi varsa, məsələ artıq "fikir müxtəlifliyi" çərçivəsindən çıxır. Belə halda jurnalist vəsiqəsi də, "bloqer" adı da, "siyasi fəal" etiketi də heç kimə toxunulmazlıq vermir.
Çünki peşə adı əməlin mahiyyətini dəyişmir.
Amma problemin daha çirkin və mənəvi baxımdan daha ağır tərəfi də var. Söhbət xaricdə yaşayan bütün azərbaycanlılardan, siyasi mühacirlərdən, jurnalistlərdən və ya hakimiyyəti tənqid edən insanlardan getmir. Söhbət "siyasi mühacir", "bloqer", "ictimai fəal", "hüquq müdafiəçisi" kimi təqdim olunan statusu siyasi alver predmetinə çevirən, Azərbaycan haqqında nə qədər qara mənzərə yaratsa, özünün xaricdə qalmaq imkanının bir o qədər artacağını düşünən müəyyən şəxslərdən gedir.
Burada qəribə bir siyasi metamorfoz baş verir.
Adam Azərbaycandan gedir və bir müddət sonra sanki yalnız ölkəsini deyil, yaddaşını da dəyişir. Dünən yaşadığı küçə birdən ona "cəhənnəm", onu yetişdirən cəmiyyət "geridə qalmış kütlə", onunla razılaşmayan milyonlarla insan isə "aldadılmış xalq" kimi görünməyə başlayır. Azərbaycanın hər uğuru kiçildilir, hər problemi böyüdülür, hər mübahisəli hadisə fəlakət kimi təqdim edilir. Fakt uyğun gəlmirsə, fakt kəsilir. Kontekst uyğun gəlmirsə, kontekst atılır. Həqiqət siyasi məqsədə xidmət etmirsə, onun yerini şayiə tutur.
Beləcə, bəzi hallarda siyasi sığınacaq üçün hazırlanmış dosye tədricən siyasi fəaliyyət proqramına çevrilir.
Əgər insan həqiqətən təqib olunubsa, onun beynəlxalq müdafiə mexanizmlərindən istifadə etmək hüququ var. Bu, mübahisə predmeti deyil. Amma siyasi sığınacaq institutu kiməsə öz ölkəsinə qarşı böhtan yaymaq üçün mənəvi lisenziya vermir. Başqa ölkədə yaşamaq insanın Azərbaycan vətəndaşlarını təhqir etmək, milli dəyərləri məsxərəyə qoymaq, dövlətin hər uğursuzluğuna sevinmək, hər qarşıdurmadan öz ölkəsinin zərər görməsini arzulamaq hüququ yaratmır.
Siyasi mühacirət insanı avtomatik olaraq siyasi müdrik etmir. Pasportdakı möhür vicdan yaratmır. Yaşayış icazəsi isə ləyaqətin əvəzi deyil.
Üstəlik, burada söhbət yalnız sərt publisistik qiymətləndirmədən getmir. Azərbaycan məhkəmələrinin konkret qərarları da mövcuddur. 2025-ci il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi xaricdə yaşayan yeddi bloqer barədə qiyabi hökm çıxardı. Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan isə 9 il müddətinə azadlıqdan məhrum edildilər. Bunlar sosial şəbəkədə yazılmış emosional ittihamlar deyil, konkret məhkəmə qərarlarıdır.
Başqa nümunə: xaricdə yaşayan bloqer İmaməddin Əlimanovun barəsində dövlət əleyhinə açıq çağırışlarla bağlı çıxarılmış yeddi illik həbs hökmü 2025-ci ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldı. İş materiallarında söhbət sadəcə hökumətin tənqidindən deyil, hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə açıq çağırışlardan gedirdi.
2026-cı ilin martında isə xaricdə gizləndiyi bildirilən Manaf Cəlilzadə dövlət əleyhinə açıq çağırışlarla bağlı cinayət işi üzrə qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum edildi.
Bunların hər biri ayrıca hüquqi işdir və hər iş yalnız öz sübutları əsasında qiymətləndirilməlidir. Məhz buna görə siyasi mühacirətlə cinayət məsuliyyətini, sərt tənqidlə zorakı çağırışı, müxalif mövqelə xarici sifarişi bir-birinə qarışdırmaq olmaz.
Amma bunun əksi də doğrudur: "mən siyasi fəalam" cümləsi insanı qanundan üstün etmir.
Ən təhlükəli manipulyasiya da burada başlayır. Konkret əmələ görə ittiham olunan şəxs xaricdə özünü yalnız "hakimiyyətin tənqidçisi" kimi təqdim edir, ittihamın hüquqi mahiyyəti isə auditoriyadan gizlədilir. Beləcə, cinayət işinin predmeti siyasi əfsanə ilə əvəz olunur. Sonra həmin əfsanə xarici mediaya ötürülür, oradan beynəlxalq təşkilatların hesabatlarına, siyasi bəyanatlara və yenidən Azərbaycan informasiya məkanına qayıdır.
Siyasi informasiya istehsalının belə qapalı dairəsi yaranır: əvvəl iddia yaradılır, sonra həmin iddia xaricdə təkrarlanır, daha sonra onun xarici mənbədə dərc olunması ilkin iddianın "sübutu" kimi Azərbaycana qaytarılır.
Prezident İlham Əliyev hələ illər əvvəl bu mexanizmin məhz belə işlədiyini deyirdi: əvvəl xaricdə yalan yaradılır, sonra böhtan kampaniyası başlanır, ardınca həmin material xarici mediada dərc olunur və nəhayət, həmin dərc yeni siyasi kampaniyanın əsasına çevrilir.
Bu gün sosial şəbəkələr həmin mexanizmi yüz dəfə sürətləndirib.
İndi televiziyaya belə ehtiyac yoxdur. Kamera qarşısında oturub Azərbaycan haqqında ən ağır ittihamı səsləndirmək, onu sensasiyalı başlıqla yaymaq və bir neçə saat ərzində on minlərlə baxış toplamaq mümkündür. Burada həqiqətin keyfiyyəti deyil, qəzəbin intensivliyi monetizasiya olunur. Nə qədər kobudsan, bir o qədər görünürsən. Nə qədər radikalsan, alqoritm səni bir o qədər irəli çıxarır. Nə qədər ağır ittiham səsləndirirsən, auditoriyanın emosiyasını bir o qədər asan istismar edirsən.
Beləliklə, bəziləri üçün "siyasi fəaliyyət" peşəyə, Azərbaycanı söymək isə biznes modelinə çevrilir.
Ən acınacaqlısı isə başqa şeydir.
Siyasi mövqeyini dəyişmək olar. Hakimiyyətlə razılaşmamaq olar. Prezidentin siyasətini tənqid etmək olar. Dövlət qurumlarının səhvini göstərmək olar. Bunların hamısı siyasi diskussiyanın normal elementləridir.
Amma öz xalqını aşağılamaq siyasi mövqe deyil. Azərbaycanın faciəsinə sevinmək müxalifətçilik deyil. Ölkənin uğursuzluğunu arzulamaq azad fikir deyil.
Şəxsi siyasi nifrəti bütöv millətə yönəltmək isə heç bir demokratik terminologiya ilə ləyaqətli davranışa çevrilmir.
İnsanın hökumətlə problemi ola bilər. Amma hökumətlə Azərbaycan eyni anlayış deyil. Hakimiyyət dəyişə bilər, siyasi sistem dəyişə bilər, partiyalar yaranıb yox ola bilər. Azərbaycan isə qalır.
Bu sadə fərqi anlamayan adamın problemi artıq yalnız siyasətlə deyil, siyasi mədəniyyətlədir.
Bəzi "bloqerlərin" və "ictimai fəalların" dilinə baxmaq kifayətdir. Arqument əvəzinə söyüş, fakt əvəzinə şayiə, polemika əvəzinə şəxsi təhqir, siyasi analiz əvəzinə ailə üzvlərinə hücum. Sanki xaricdə yaşamaqla insan elementar tərbiyə normalarından da siyasi sığınacaq alıb.
Halbuki azad sözün ən böyük düşməni senzura qədər məsuliyyətsizlikdir.
Söz azaddırsa, onun məsuliyyəti də böyükdür.
Jurnalistikanın gücü kimisə daha ağır söyməkdə deyil, başqasının gizlətdiyi həqiqəti sübut edə bilməkdədir. Siyasi fəallığın mahiyyəti isə ölkəsinə nifrət etmək deyil, onun gələcəyi haqqında alternativ təsəvvür irəli sürməkdir.
Alternativi olmayan nifrət siyasət deyil. O, sadəcə nifrətdir.
Və burada bir sual qaçılmazdır: əgər adam illərlə yalnız Azərbaycanın məğlubiyyətini, böhranını, beynəlxalq təzyiq altında qalmasını gözləyirsə, hər uğuru istehza ilə qarşılayırsa, dövlətə qarşı ən ağır ittihamı sübutsuz yayırsa və öz auditoriyasını daimi nifrət vəziyyətində saxlamağı siyasi fəaliyyət hesab edirsə, onun məqsədi Azərbaycanı dəyişməkdir, yoxsa Azərbaycanla hesablaşmaq?
Bu iki anlayış arasında uçurum var.
Birincisi siyasətdir. İkincisi şəxsi qisasın siyasi maskasıdır.
Dövlət də məhz burada soyuqqanlı olmalıdır. Kiminsə kobudluğuna kobudluqla deyil, sənədlə cavab verməlidir. Xarici maliyyələşmə varsa, mənbə göstərilməlidir. Qanunsuz fəaliyyət varsa, hüquqi sübut ortaya qoyulmalıdır. Xarici xüsusi xidmətlə əməkdaşlıq varsa, məhkəmədə sübuta yetirilməlidir. Cinayət yoxdursa, siyasi tənqid cinayət kimi təqdim edilməməlidir.
Çünki Azərbaycanı müdafiə etmək üçün həqiqəti şişirtməyə ehtiyac yoxdur.
Həqiqətin özü kifayət qədər güclüdür.
Və Azərbaycanı xaricdən hədəfə alan istənilən informasiya kampaniyasına veriləcək ən ağır cavab da məhz budur: fakt, hüquq, nəticə və dövlətin dayanıqlığı.
Vətəndən uzaqda yaşamaq insanı Vətəndən azad etmir. Siyasi sığınacaq keçmişi silmir.
Xarici auditoriyanın alqışı isə insanın öz vicdanı qarşısında bəraəti deyil. Çünki insan ölkəsini tərk edə bilər. Amma ləyaqətini də sərhəddə qoyub gedirsə, bunun adı siyasi mühacirət deyil. Bu, artıq mənəvi mühacirətdir.
Yalanı jurnalist söyləyəndə həqiqətə çevrilmir. Dezinformasiyanı bloqer paylaşanda onun mahiyyəti dəyişmir. Xarici siyasi mərkəzin hazırladığı tezisi "vətəndaş mövqeyi" adı altında təkrarlamaq həmin tezisə milli legitimlik qazandırmır.
Burada dövlət üçün ən düzgün və ən güclü cavab emosional ittiham deyil, faktdır. Maliyyə izi varsa, göstərilməlidir. Qanun pozuntusu varsa, sübut edilməlidir. Xarici koordinasiya varsa, sənədləşdirilməlidir. Çünki güclü dövlət şayiə ilə mübarizə aparmır, sübutla danışır.
Son illərin beynəlxalq təcrübəsi informasiya məkanının dövlətlərarası rəqabətin əsas meydanlarından birinə çevrildiyini göstərir. ABŞ, Avropa ölkələri, Rusiya, Çin və digər güclər xarici təsir, siyasi reklam, koordinasiyalı kampaniyalar, maliyyə şəffaflığı və dezinformasiya ilə bağlı mexanizmləri sərtləşdiriblər. Məsələ xarici təsirin başqa ölkənin daxili siyasi prosesinə harada başlayıb, harada bitməsidir.
Azərbaycan da bu mübarizədədir. 1991-1993-cü illər göstərdi: dövlət zəifləyəndə boşluğu daxili qarşıdurma və xarici təsir doldurur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti institusional əsas qazandı: 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1997-ci ildə 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi.
Otuz il əvvəl insan informasiya axtarırdı. İndi informasiya insanı axtarır.
Ona görə gəncə "oxuma" demək yox, oxuduğunu təhlil etməyi öyrətmək lazımdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə suverenliyin bütün ərazidə bərpası gəncliyin siyasi psixologiyasında tarixi dönüş yaratdı: otuz ilə yaxın işğalla yaşayan nəsil qələbəni gördü.
Məğlubiyyət yaddaşı keçmişə bağlayır. Qələbə yaddaşı gələcəyə məsuliyyət yaradır.
İndi vəzifə hərbi qələbəni intellektual və iqtisadi üstünlüyə çevirməkdir, burada isə TDT önə çıxır.
Prezident İlham Əliyev TDT barədə deyir: "Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq".
Bu, Türk dünyasının gələcək geosiyasi statusuna dair iddiadır.
Prezident əlavə edir: "Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil".
Orta Dəhliz də artıq sadəcə logistika deyil, türk dövlətlərini bir-birinə bağlayan sistemdir.
Amma dəmir yolu ilə dövlətləri birləşdirib insanları ayrı saxlamaq olmaz. Ortaq tələbə, mübadilə və media savadlılığı proqramları buna görə vacibdir.
Çünki xalqları müqavilələr yaxınlaşdırır, nəsilləri isə insanlar bağlayır.
Burada Azərbaycan cəmiyyətinin mühüm üstünlüyü də nəzərə alınmalıdır. Xaricdən yönəldildiyi və maliyyələşdirildiyi iddia edilən radikal siyasi şəbəkələrin sosial bazasının həqiqi miqyası yalnız şəffaf faktlarla qiymətləndirilməlidir. Sosial şəbəkədə səs-küy həmişə cəmiyyətdə real dəstək demək deyil. Minlərlə şərh milyonlarla insanın mövqeyi deyil. Rəqəmsal platformaların ən böyük illüziyalarından biri azlığın səsini çoxluğun səsi kimi göstərə bilməsidir.
Bir insan gündə iyirmi paylaşım edə bilər. Amma iyirmi paylaşım iyirmi insan demək deyil.
Dövlətin cavabı yalnız müdafiə mövqeyi olmamalıdır. Daha güclü yol öz informasiya və intellektual üstünlüyünü yaratmaqdır.
Gənci yalnız çağırmaq yox, dinləmək lazımdır. Dinlənilməyən insanı başqası dinləyəcək, boş informasiya məkanını başqası dolduracaq. İdeoloji təhlükəsizliyin ən güclü silahı qadağa deyil. Etimaddır.
Ən güclü təbliğat şüar deyil. Nəticədir.
Ən güclü vətənpərvərlik dərsi isə gəncin öz ölkəsində gələcəyini görə bilməsidir.
Prezidentin çıxışından aydın görünür: Azərbaycan TDT-də sadəcə iştirakçı deyil, təhlükəsizlik gündəliyini formalaşdıran mərkəzlərdən biridir.
Amma əsas ölçü insandır. Neft tükənə, marşrut dəyişə bilər. Kimliyini, biliyini və gələcəyə inamını qoruyan nəsil varsa, dövlət yenidən sərvət yaradacaq.
Müasir Azərbaycanın qoruduğu sərhəd yalnız Araz boyunca və Xəzər sahilində deyil. Başqa sərhəd ailədən, məktəbdən, telefondan və insanın şüurundan keçir. Əsgər torpağın sərhədini qoruyur. Millətin gələcəyini isə manipulyasiyanı həqiqətdən ayıran və dövlətinin taleyinə öz taleyi kimi baxan nəsil qoruya bilər.
XXI əsrin böyük döyüşlərindən biri bunun uğrunda gedir.
Torpaq uğrunda müharibənin xəritəsi olur.
Şüur uğrunda müharibənin isə xəritəsi yoxdur.
Elçin Alıoğlu
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 17 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















