Dövlətin əsas hədəfi: yüksəkixtisaslı peşəkar kadrların hazırlanması
Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycanın ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Bu səbəbdən də azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu istiqamət üzrə Dövlət Proqramı da qəbul edilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"na daxil edilən doktorantura səviyyəsi üzrə kvota sayı da müəyyənləşib.
Reytinqli universitetlərdə yüksəkixtisaslı peşəkarlar kimi yetişən və elm sahəsində öz sözünü deyə biləcək gənclərimizin hər biri ölkəmizin güclü kadr və intellekt potensialıdır. Bu məsələ daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır.
Prezident çıxışı zamanı bildirib ki, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox: "Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq.Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir".
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan universitetlərinin məzunları üçün dövlət tərəfindən müəyyən imkanlar yaradılmışdır. Bu istiqamətdə sonuncu dövlət proqramı 2022-2028-ci illəri əhatə edir. Bu proqramın ilkin mərhələsində doktorantura səviyyəsi üzrə xaricdə təhsil üçün yerlər nəzərdə tutulmamışdı. Lakin son iki ildə doktorantura üzrə təhsil almaq istəyən şəxslər üçün də bu imkan yaradılmışdır. Əvvəlki proqramlarla müqayisədə bu, mühüm yenilik hesab edilə bilər: "Əvvəlki illərdə xaricdə doktorantura təhsili alan Azərbaycan vətəndaşları əsasən "2019-2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almış, bununla bağlı müvafiq razılıq və öhdəliklər əldə etmişdilər. Həmin şəxslər təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq ali təhsil müəssisələrində, xüsusən də doktorantura və elmi bölmələrdə fəaliyyət göstərirdilər. Lakin 2022-2028-ci illəri əhatə edən sonuncu proqramda bu məsələlər əvvəlki proqramlardakı kimi konkret şəkildə göstərilməyib. Proqrama əsasən, xaricdə təhsil alan şəxslərin ölkəyə qayıtdıqdan sonra dövlət sektorunda, o cümlədən ali təhsil müəssisələrində və ya digər dövlət qurumlarında fəaliyyət göstərməsi nəzərdə tutulur. Proqramda qeyd olunur ki, xaricdə təhsil almış şəxslər ölkəyə qayıtdıqdan sonra minimum 5 il, bəzi hallarda isə 15 il müddətində ölkə daxilində əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Bu tələbin pedaqoji yönümlü ixtisaslar üçün məntiqli olduğunu qəbul etmək olar. Lakin qeyri-pedaqoji ixtisaslar üzrə də eyni tələbin tətbiq edilməsi, düşünürəm ki, birmənalı qarşılanmamalıdır və bu məsələ ilə bağlı gələcəkdə müvafiq qərarların verilməsi mümkündür. Qeyd etmək lazımdır ki, həmin şəxslərin fəaliyyət sahəsi yalnız ali təhsil müəssisələri ilə məhdudlaşmır; onlar digər dövlət strukturlarında da çalışa bilərlər. Beşillik əmək fəaliyyəti tələbi yalnız ali təhsil sahəsi üçün deyil, ümumilikdə dövlət sektorunda fəaliyyət göstərmək şərti kimi müəyyən edilib. Məlumdur ki, əvvəlki proqramlar çərçivəsində xaricdə təhsil alan bəzi vətəndaşlarımız dövlət büdcəsi hesabına maliyyələşdirilmələrinə baxmayaraq, təhsillərini bitirdikdən sonra ölkəyə qayıtmayıb, digər ölkələrin iqtisadiyyatına və elmi potensialına töhfə veriblər. Halbuki onların təhsil xərcləri Azərbaycan dövlət büdcəsi və vətəndaşlarımızın ödədiyi vergilər hesabına qarşılanıb. Məhz bu səbəbdən sonuncu proqramda belə bir qərar qəbul edildi ki, xaricdə təhsil alan hər bir vətəndaş mütləq şəkildə ölkəyə qayıtmalı və minimum 5 il ərzində ölkə daxilində əmək fəaliyyəti göstərməlidir. Bu fəaliyyət əsasən dövlət strukturlarında həyata keçirilməlidir. Əslində məsələnin həlli üçün iki qaydadan biri tətbiq edilsə, problem olmaz. 1) Əsas deyil, ikinci iş yeri olmaq tələbi. 2) Yüksək məvacib hesabına əsas iş yeri".
Təhsil eksperti Elmin Nuri hesab edir ki, doktorantura səviyyəsi üzrə təhsil alan şəxslər təkcə akademik müstəvidə-universitet və elmi institutlarda deyil, həm də müxtəlif istehsalat obyektlərində kifayət qədər bacarıqlı ola bilərlər. Odur ki, onların bu səviyyə üzrə təhsillərini bitirdikdən sonra 5 il ərzində ancaq universitetlərdə işləmələri, yəni bu müddətdə sırf akademik fəaliyyətlə məşğul olmaları müəyyən məhdudluq və demotivasiya hallarına yola aça bilər: "Doktorantura bitirənlərin akademik fəaliyyətlə məşğul olmaları, öz bilik və təcrübələrini universitetlərdə daha da inkişaf etdirməklə yanaşı, müəyyən hallarda yaya bilmə bacarıqları bu işin müsbət tərəfidir. Lakin prosesin məntiqi zəncirinin sonrakı halqaları - istehsalat, praktiki bacarıqların tətbiqi meyarı qırılır ki, bu da gənc alim namizədlərə bir neçə istiqamətdə problemlər yaradır. Bugünün doktorantı həm də müasir dünyanın trendlərinə uyğun olaraq akademik nəzəri baza ilə, praktiki peşəkar bilgiləri sintez etməli və hər iki meyar üzrə bacarıqlarını ortaya qoymalıdır. Məhz bu zaman o bütöv halda hansısa ixtisas üzrə öz verimliliyini daha da artırmış olacaqdır. Məhz bu zaman ali təhsil pilləsi üzrə bütün səviyyələrin-eləcə də PHD (doktorantura) əsas inkişaf düsturu olan elm-innovasiya-sənaye üçbucağı həm fərdin özünə, həm də ətrafa çox ciddi fayda verə biləcəkdir. Təəssüf ki, doktorantura təhsilindən sonra yalnız akademik fəaliyyətlə məşğulolma tələbi ilk növbədə bu üçbucağın inkişaf dinamikasına ciddi zərbə vurur. Bu fərdləri iki seçim arasında - akademik müstəvi, universitet və sənaye-istehsalat dilemması arasında qoyur. Nəticədə onlardan yalnız birini seçməyə məcbur olan doktorant məzunun məmnunluq və özünifadə faizi də çox yüksək olmayacaqdır. Bu isə onun birbaşa verimliliyinə, faydalılığına çox ciddi təsir göstərmiş olacaqdır. Odur ki, doktorantura təhsilindən sonrakı 5 il ərzində akademik müstəvi ilə sənayə müstəvisinin sintezinin yaradılnması, doktorant məzuna nəzəriyyə ilə yanaşı, praktiki bilgilərin də tətbiqində yardımçı olmaq çox vacibdir. Belə olduğu halda elm-innovasiya-sənaye üçbucağı da müsbət tərəfə doğru dəyişmiş olar".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















