Dünyanın ən təhlükəli supervulkanının gizli mexanizmi üzə çıxdı
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Uzun müddət elm dünyasında belə hesab olunurdu ki, Yelloustoun (Yellowstone) supervulkanını qidalandıran maqma mənbəyi Yerin çox dərin qatlarında yerləşir. Lakin Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun (IGGCAS) alimləri tərəfindən aparılan yeni üçölçülü (3D) modelləşdirmə tamamilə fərqli bir mexanizmi üzə çıxarıb. Bu unikal araşdırma supervulkanların daxili fəaliyyəti haqqındakı elmi təsəvvürləri kökündən dəyişə bilər.
Superpüskürmələr planetimizdə baş verən ən dağıdıcı vulkanik hadisələrdən biridir. Bu fəlakətlər zamanı atmosferə 1000 kubkilometrdən çox maqma və kül atılır ki, bu da qlobal iqlimi, ekosistemləri və bəşəriyyəti tamamilə iflic etmək gücünə malikdir. İllər boyu geoloqlar elə düşünürdülər ki, supervulkanların altında tamamilə maye maqma ilə dolu olan böyük və qalıcı kameralar mövcuddur. Lakin son tədqiqatlar göstərir ki, aktiv supervulkanlarda belə daimi rezervuarlar yoxdur; maqma bütövlükdə litosfer qatına yayılmış "maqmatik sıyıq" (bərk və maye süxurların qarışığı) şəklində paylanır.
Nüfuzlu "Science" jurnalında dərc olunan yeni araşdırmada alimlər Şimali Amerikanın qərb hissəsinin litosfer və onun altında axan mantiya təbəqəsini imitasiya edən geniş qabaqcıl geodinamik modelini hazırlayıblar. Məhz bu model sayəsində Yelloustounun altındakı real proseslərin izahı tapılıb. Məlum olub ki, supervulkanın maqması əvvəllər güman edildiyi kimi Yerin nüvəsindən yüksələn dərin mantiya plyumundan (isti kütlə axınından) deyil, səthə daha yaxın olan astenosfer qatından gəlir.
Yeni elmi fərziyyəyə görə, qədim "Farallon" tektonik tavasının uzunmüddətli subduksiyası (bir tavanın digərinin altına keçməsi) nəticəsində şərqə doğru hərəkət edən güclü bir "mantiya küləyi" yaranıb. Bu qlobal axın astenosferin qaynar materialını birbaşa Yelloustoun tərəfə daşıyır və təzyiqin düşməsi nəticəsində süxurların əriməsinə, yəni maqmanın daxili hasilatına şərait yaradır. Şərqə doğru hərəkət edən bu mantiya axını litosferin qalın kök hissəsini itələyir, qərbdəki üzən litosfer isə buna əks-qüvvə yaradır. Nəticədə meydana çıxan bu rəqabətli güclər materik litosferini sanki "parçalayaraq" cənub-qərbə tərəf meylli olan xüsusi bir kanal formalaşdırır. Məhz bu kanal maqmanın yuxarıya doğru effektiv şəkildə qalxması və təkamül etməsi üçün unikal magistral yol rolunu oynayır. Yeni kəşf supervulkanların altında bu dərəcədə nəhəng maqmatik sistemlərin məhz hansı şəraitdə və necə qurulduğunu elmi cəhətdən tam sübuta yetirir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 01 İyul 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















