Düşənbədə: dünən və bugün
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Akif ƏLİ,
Əməkdar jurnalist,
fəlsəfə doktoru,
yazıçı-publisist.
Noyabrın axırlarında beynəlxalq konfransla bağlı Tacikistanın paytaxtında oldum. Bu mənim Düşənbəyə üçüncü səfərim idi.
İlk dəfə çox illər qabaq, hələ Sovet vaxtı, ilk gənclik, yeniyetməlik dövründə Düşənbədə olmuşdum. O zamanlar əksər gənclər kimi, mənim də kinoya böyük həvəsim var idi və orta məktəbin yuxarı siniflərində oxuyanda tez-tez yaxınlığımızdakı “Azərbaycanfilm” kinostudiyasına gedib-gəlirdim. Sonra professor Adil İskəndərovun yaratdığı 2-illik Kinoaktyorluq kurslarında oxudum. Kursda ustad dərsləri keçən görkəmli kinorejissor Kamil Rüstəmbəyov bizi kino çəkilişi ilə yaxından tanış etmək üçün özünün lentə aldığı “Axırıncı aşırım” filmində kütləvi səhnələrdə iştiraka aparırdı. Sonra mən kinorejissor Oqtay Mirqasımovun çəkdiyi “1001-ci qastrol” filmində rejissor yardımçısı kimi işləməyə başladım.
“1001-ci qastrol” filmində baş rolu dahi müğənni Rəşid Behbudov ifa edirdi. Rejissor yardımçısı kimi mən müxtəlif çəkiliş zərurətləri ilə əlaqədar bu qeyri-adi şəxsiyyətlə mütəmadi ünsiyyətdə olurdum. Hətta aramızda səmimi dostyana münasibət yaranmışdı. Həyatda rast gəldiyim çox dəyərli şəxsiyyətlərdən biri kimi, Rəşid Behbudovla tanışlığı da taleyin naxışı hesab edirəm. Onunla bağlı xatirələrim başqa bir yazının mövzusu olsa da, konkret onu deyim ki, Rəşid Behbudovla ünsiyyət həm həyata, həm də sənətə baxışlarımın formalaşmasında müstəsna rol oynayıb.
Biz Suxumi, Adler, Qaqra şəhərlərində çəkilişlərdə olanda eşitdim ki, “Tacikfilm” kinostudiyasından bir nəfər qadın rejissor assistenti aktyor axtarışı ilə Zaqafqaziya respublikalarına səfərə çıxıb və bizim kinostudiyada da olub. O, studiyanın Kinoaktyor şöbəsində kataloqdan ştatdakı bir neçə aktyorun fotoşəkilini seçib özü ilə Düşənbəyə aparıb. Mən ştatda olmasam da, Kinoaktyor kurslarında oxuduğum üçün kartotekada mənim də fotoşəklim var idi...
Bir gün Düşənbədən teleqram gəldi. Məni “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” bədii filmində əsas obrazın sınaq çəkilişlərinə dəvət edirdilər. Təbii, çox sevindim və deyilən vaxtda Düşənbəyə getdim. Filmi yerli kinorejissor Abdusalom Rahimov və Leninqradlı (indi Sankt-Peterburq) Stanislav Çaplin birgə çəkirdilər. Ssenari ilə tanışlıqdan sonra sınaq çəkilişləri oldu. Həm Zaqafqaziya, həm də Orta Asiya respublikalarından çoxlu gənc peşəkar aktyor sınaq üçün dəvət edilmişdi.
Kinorejissor Stanislav Çaplinlə xeyli yaradıcılıq söhbətlərimiz oldu; o, müasir sovet kinosu, aktyor oyunu, obrazın xarakteri, dünyagörüşü və s. barədə mənim fikirlərimlə maraqlanırdı. Sənətə münasibətdə bizim mövqelərimiz demək olar ki oxşar idi. Bir-birimizi yaxşı başa düşürdük. Nəhayət, çəkilişlər bitdi və biz köhnə tanışlar kimi sağollaşıb ayrıldıq.
Mən Bakıya qayıdıb “1001-ci qastrol” kinoqrupunda öz işimi davam etdirdim. Aradan bir müddət keçəndən sonra Düşənbədən teleqram aldım: “Təbrik edirəm. Siz “Uzun müharibədə qısa görüşlər” filmində baş rola - Rüstəm obrazına təsdiq olunmusunuz. Hörmətlə, Stanislav Çaplin”.
Təbii, sevincimin həddi-hüdudu yox idi. Kinostudiyadakı dost-tanış da, evdəki qohum-əqraba da bu xəbəri həm maraqla, həm də təəccüblə qarşıladılar.
Bir ay sonra mən artıq yeni filmin çəkilişlərində idim. Bu dəfə kinoaktyor kimi və baş rolda. Tərəf-müqabilim Özbəkistandan məşhur kinoaktrisa Tamara Şakirova idi. Filmi müxtəlif məkanlarda çəkirdik: paytaxt Düşənbədə, Semiqanç adlı dağ qışlağında, Moskvada, Leninqradda, Fin körfəzində... Təbii ki, bədii filmdə baş rol üzərində işləmək, tamam ayrı bir mühitdə, başqa səviyyəli və xarakterli insanlar arasında çalışmaq gənc kino həvəskarı üçün növbəti həyat və sənət məktəbi idi.
O zamanlar Düşənbə Orta Asiyanın çox da böyük olmayan, Sovetin bütün xarakterik cizgilərini özündə daşıyan, hətta vaxtilə Stalinabad adlandırılan sadə, sakit əyalət şəhəri idi. Gəzməli-görməli yerləri o qədər də çox deyildi. Adi küçələri bizim “xruşşovkalar” kimi eyni qəlibdən çıxmış balaca, standart panel evlər bəzəyirdi. Yadımda qalan ən böyük bina Opera Teatrının binası idi. Bir də Düşənbənin zəngin bazarı unudulmazdır: bal kimi şirin çarcou yemişi bütün bazar ərazisində topa-topa yığılmışdı, piştaxtaların üstü iri qara kişmiş təpəcikləri ilə, dadlı badam, qoz, fındıq çərəzləri ilə dolu idi...
Düşənbənin özü kimi sadə adamları isə çox səmimi, böyük qəlbli insanlar kimi yadımda qalıb. Orda çox yaxşı dostlar qazandım. Sonralar da əlaqə saxlayırdıq. Ancaq Qorbaçovun “perestoykası” aləmi qarışdırdı, bütün əlaqələr itdi, hərə bir tərəfə dağıldı. Onsuz da əzəldən “Sovet demokratiyasına” dözümsüz olan Stanislav Çaplin isə sərhədlər açılan kimi İsrailə köçdü... Çəkiliş qrupunda bir-iki gəlmə rus əməkdaşdan, xüsusən ayıq vaxtını görmədiyim qansız-imansız adminstrasiya nəfərindən fərqli olaraq, yerli taciklərin qonaqpərvərliyi, mehribanlığı, hətta rəğbətli münasibəti, mədəni davranışı çox rahat iş şəraiti yaradırdı. “Tacikfilm”dəki çəkilişlərdən bir ömürlük xatirə ilə ayrıldım.
Biz Leninqradda çəkilişlərdə olanda, başqa bir teleqram aldım. Bakıdan - “Azərbaycanfilm”dən kinorejissor Rasim Ocaqov məni “Tütək səsi” filmində Tapdıq rolunun sınaq çəkilişlərinə dəvət edirdi...
***
Düşənbəyə ikinci səfərim artıq müstəqillik illərinə təsadüf etdi. Mən onda artıq dövlət qulluqçusu idim və Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdım. Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən MDB Hökumət Başçıları Şurasının növbəti iclasına gəlmişdi.
Həmin səfər öncədən hazırlanmış və razılaşdırılmış dəqiq protokol çərçivəsində keçdiyi üçün, şəhərdə olduğumuz günləri ancaq rəsmi iclaslarda, qəbullarda, görüşlərdə keçirdik. Düşənbə şəhərini tədbirdən-tədbirə şütüyən avtomobil karvanında maşının pəncərəsindən görə bilirdik. Yalnız sonuncu gün axşam tədbirlər bitəndən sonra, təxminən 22 radələrində nümayəndə heyətimizin üzvləri Baş nazirlə birlikdə şəhəri piyada gəzməyə çıxdı. Gecə vaxtı olduğundan mən bu Düşənbəni Sovet Düşənbəsindən ayıran cəhətləri çox da sezə bilmirdim. Ancaq bir yeni işıqlı abidə yadımda qalıb ki, onun da nə olduğunu yalnız üçüncü səfərimdə təxmin edə bildim.
***
Nəhayət, üçüncü dəfə - bu ilin noyabrında yaradıcılıqla bağlı Düşənbədə oldum. Və bu dəfə müstəqillik dövrü Düşənbəsinin Sovet dövrü Düşənbəsindən fərqini aydın şəkildə gördüm. Şəhər çox dəyişilmişdi. İlk səfərdən fərqli olaraq, mən bu dəfə artıq böyük, yaraşıqlı, müasir bir şəhərə gəlmişdim. Enli küçələr, geniş meydanlarda güllərdən qurulan gözəl ornamentli xalçaya bənzər sahələr, yolların kənarında əkilən əlvan gül kolları, müasir avtomobillər, çoxlu sayda hündürmərtəbəli binalar, milli üslubda tikilmiş yaraşıqlı evlər, əzəmətli dövlət və hökumət iqamətgahları... Düşənbə çox dəyişmişdi. Qaldığım möhtəşəm “Hyat Regency” oteli yeni dövranı göstərən ən bariz nümunələrdən biri idi. Sovet vaxtı qaldığım sadə, adi rayon mehmanxanasından fərqli olaraq, bu mehmanxana təkcə Avropa səviyyəli yaraşıqlı, möhtəşəm binası ilə deyil, daxilindəki yüksək səviyyəli işçi personalı və xidmətləri ilə də əsil rahatlıq, dinclik məkanı idi.
Düşənbədə təkcə şəhər bazarı dəyişməz qalmışdı: eynilə tay-tay yığılmış bal kimi şirin çarcou yemişləri, piştaxtaları bəzəyən iri-iri qara kişmişlər, dadlı badam, qoz, fındıq çərəzləri ilə dolu zəngin bazar...
Şəhərin mərkəzində ölkənin rəmzi sayılan Şah İsmayıl Somoninin şərəfinə əzəmətli abidə kompleksi ucaldılıb. Yadıma düşdü ki, keçən səfər Baş nazirlə gələndə gecə vaxtı gördüyümüz hündür yeni tikili məhz bu abidə imiş. Taciklərin Milli qəhrəmanı olan Şah İsmayıl Somoni ölkənin qurucusu sayılır. Tacik pul vahidi də onun şərəfinə “somoni” adlanır. Heykəlin yerləşdiyi möhtəşəm kompleksin lap üstdəki pik nöqtəsində şah tacına bənzər iri fiqur qoyulub. Heykəlin önündəki “gül xalçasının” ətrafında, yaxınlıqda salınmış Orta əsrlər idilliyasını xatırladan “Ustad Rudəki Bağı”nda insanlar gəzişir, şəkil çəkdirir, istirahət edirlər. Somoninin heykəlinin yanında isə daimi qarovul çəkən polis postu qurulub. Mən polisə yaxınlaşıb maraqlandım ki, burda post qurub heykəli qorumaq nə üçündür, qranit abidəyə nə təhlükə ola bilər? O isə cavab verdi ki, baxın, kompleksin ən üst hissəsində gördüyünüz nəhəng şah tacı - təmiz qızıldandır!
***
...Düşənbəyə gəlişim ziyalı insanlar üçün xüsusi maraq doğurdu. Onlar vaxtilə “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” filmini xatırlayıb, baş qəhrəman Rüstəm obrazını yaradan Azərbaycanlını Düşənbədə “canlı” görməkdən məmnunluqlarını gizlətmirdilər.
Tacikistan Milli Kitabxanasının direktoru Türkiyədə səfərdə olduğu üçün, direktorun müavini Muhammadikboli Ato məni səmimiyyətlə qarşıladı. Azərbaycan-Tacikistan ədəbi-mədəni əlaqələrindən danışdıq, məni şair, yazıçı, satirik dostları ilə tanış etdi. Kitabxana fondunda Azərbaycan ədiblərinin 500 kitabının saxlanıldığını dedi. Mənim də kitabımın məmnuniyyətlə fondda saxlanılacağını bildirdi. Gəzdiyim dünya şəhərlərinin bir neçəsində olduğu kimi, burada da seçilmiş əsərlərdən ibarət “Yaradan” adlı kitabımı Milli Kitabxanya hədiyyə etdim. O da mənə maraqlı bir kitab bağışladı: müəllifi Haşim Qado. Bu həmin Haşim Qadoyevdir ki, “Azərbaycanfilm” kinostudiyasında “Dədə Qorqud” filmində Qazan xan obrazına çəkilib. İndi artıq 88 yaşını haqlamış bu məşhur kinoaktyor Tacikistanda xalqın sevimli sənətkarlarındandır. Muhammadikbolun dediyinə görə, qocaman kinoaktyor indi kitab yazmaqla məşğuldur və yüzlərlə kitabın üzərində Haşim Qado imzası var. Keçmişin sevilən populyar kinoaktyoru çox məhsuldar yazıçı-publisist kimi çalışmaqdadır. Əsasən öz xatirələrini, gördüklərini, çoxsaylı görüşlərini, müşahidələrini, müsahibə mətnlərini, şəxsi fikir-düşüncələrini, haqqında deyilənləri qələmə alır. Bildirildi ki, Tacikistanda əhalinin mütaliəyə marağı böyükdür. Kitabxanaların oxucu problemi yoxdur.
Düşənbədə olmağım barədə xəbər kino və televiziya əməkdaşlarının da diqqətini cəlb etmişdi. Kinorejissor Rüstəm Şoazimov mehmanxanaya zəng vurub özünü təqdim etdi, çəkdiyi filmlərdən, kinofestivallarda qazandığı uğurlardan danışdı və görüşmək arzusunu bildirdi. Həmçinin tanınmış jurnalist, teleaparıcı Nəsibə Rustamzoda-Bazarova da zəng vurub intervyü götürmək istədiyini dedi. Vədələşdik ki, hamımız bir yerdə “Sinema TV”-də görüşək. Həm bir-birimizlə tanış olaq, həm də TV üçün çəkiliş aparaq.
“Sinema TV” Düşənbədə yayımlanan xüsusi kinofilmlər kanalıdır. Bu kanal Tacik kinosunun təbliği məqsədilə yaradılıb. Kanalda mütəmadi həm kinofilmlər nümayiş olunur, həm də kino xadimləri ilə, - rejissor, operator, aktyor, rəssam, bəstəçi və s. yaradıcı işçilərlə görüşlər, portretlər, müsahibələr çəkilib efirə verilir. Bu məxsusi kino telekanalı dövlət tərəfindən maliyyələşdirilir. Məqsəd Tacikistanda kinematoqrafiyanın inkişafına yardım etmək, onu regionda öncül yerə çıxartmaqdır.
Əvvəllər də maraqlı özünəməxsus filmləri olan digər Orta Asiya respublikaları da son illər kinonun inkişafına daha böyük diqqət yetirməyə başlayıblar. Müasir informasiya zamanında onlar vizual sənətin təsir gücünü lazımınca qiymətləndirib ölkənin, xalqın dünyada daha geniş tanıdılması üçün nəzərlərini bu sahəyə yönəldiblər. Xüsusən Qazaxıstanda və Özbəkistanda kinoya dövlət qayğısı böyükdür. Büdcədən kinoya həm külli miqdarda vəsait ayrılır, həm də bu vəsaitin istiqməti üzrə səmərəli xərclənməsinə, qazax və özbək xalqının qədim tarixinə, mədəniyyətinə, milli özgürlüyünün təbliğinə dair filmlərin peşəkar səviyyədə çəkilməsinə ciddi nəzarət edilir.
Yeri gəlmişkən, bizim ictimai-mədəni arealda Tomris əfsanəsi geniş yayılıb və bu cəsur qadın haqqında tarixi materiallar kifayət qədər məşhurdur. Ancaq bir-neçə il öncə Qazaxıstan studiyası “Tomiris” filmini çəkdi və onu dünyaya qazaxların milli qəhrəmanı kimi tanıtdı. Halbuki tarixdən məlumdur ki, Tomrisin ən böyük şücaəti sayılan və bu mövzuda Avropa İntibah rəssamlarının da böyük tablolar çəkdiyi mövzu – qan tökməkdən doymayan fars şahı Kirin başının bədənindən ayrılıb qanla dolu tuluğa salınması hadisəsi - məhz Arazın bu tayında, Azərbaycan ərazisində baş verib... Ümumiyyətlə, oxşar ibrətamiz və örnək hadisələrlə zəngin Azərbaycan tarixi milli kinomuz üçün zəngin materialdır. Ancaq müasir dövrdə kino sahəsində fəaliyyət göstərən işçilər üçün bu sayaq tarixi mövzular ya maraqsızdır, ya da naməlum...
Düşənbə söhbətinə qayıdaraq, deyim ki, “Sinema TV”də istedadlı teleaparıcı Nəsibə xanım mənimlə bağlı maraqlı veriliş hazırladı. “Nəqşi mən” adlanan bu proqramda Nəsibə xanım tacik tamaşaçısına vaxtilə “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” filminin baş qəhrəmanını geniş təqdim etdi. Studiyada ətraflı söhbət zamanı biz efirdə həm filmlə bağlı xatirələrdən, o illərin çəkiliş proseslərindən danışdıq, həm də sonrakı illərdə mənim “Azərbaycanfilm”də yaratdığım “Tütək səsi” filmindəki Tapdıq, “Arxadan vurulan zərbə” filmindəki Fazil müəllim obrazları haqqında danışdıq. Verilişi hazırlayarkən Nəsibə xanım həmin filmlərdən bəzi epizodları da montajı zamanı müsahibəmizə illüstrasiya kimi daxil edib.
Kinodan sonra, aparıcı mətbuat sahəsinə keçid etdi, 40 ildən artıq ömrümü həsr etdiyim jurnalist fəaliyyətimlə bağlı söhbət açdı. Radio və televiziya verilişlərim, qəzet məqalələrim, elmi-publisistik yazılarım, kitablarım barədə ətraflı danışdıq... Bir sözlə, veriliş boyu vaxtilə böyük kinoya Tacikistanda ilk addımlarını atan şəxs haqqında tacik tamaşaçılarına müfəssəl məlumat verildi, Düşənbə üçün yad olmayan adamın bütün həyat və fəaliyyəti foto-kino-materialların müşaiyəti ilə lakonik şəkildə təqdim edildi.
Telestudiyadakı çəkilişlərə nəzarət etmək üçün tanınmış kinorejissor Rüstəm Şoazimov özü şəxsən pult arxasında əyləşdi. Studiyada dekorasiyanın tərtibatı, kameraların yerləri, kadrların rakursu, işığın düzgün qurulması üçün həm o, həm də tele-operatorlar Mizrob Malikov, Ziyo Nabiyev, Daler Avazov peşəkarcasına çalışdılar.
...“Nəqşi mən” verilişi efirə gedəndə mən artıq Bakıda idim. Bu barədə Nəsibə xanım mənə məlumat verdi. Və tele-proqramın linkini göndərdi. Verilişi yaxın günlərdə sosial şəbəkələrdə yayınlamağı nəzərdə tuturam.
Düşünürəm Azərbaycan mədəniyyəti Tacikistanda sevildiyi kimi, Tacik mədəniyyətinin də Azərbaycanda təqdim olunması sənətsevərlər üçün eynilə maraqlı olar. Bütün hallarda, müxtəlif xalqlar arasında mədəni mübadilənin intensivləşdirirlməsi ölkələr arasında qarşılıqlı faydalı əlaqələrin də daha möhkəm və davamlı olmasına vəsilədir.
Hesab edirəm Düşənbədə tacik dostlardan gördüyüm səmimi, həssas, isti münasibət təkcə mənim personama görə deyil, ümumən Azərbaycana və azərbaycanlılara olan xüsusi rəğbətdən irəli gəlirdi. Mən ölkəmizə və xalqımıza olan bu rəğbəti illər əvvəl Düşənbəyə gəldiyim ilk səfərimdə də hiss etmişdim, indiki son səfərimdə də daha artıq hiss etdim...
Doğma Vətənimiz haqqında dost ölkədə mövcud olan geniş bilgilərə daha bir kiçik informasiyanın da əlavə olunmasında iştirakdan çox məmnunam.
22 dekabr 2025
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















