Edqar Adilxanov: BƏZƏN OYUN YADIMDAN ÇIXIRDI
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Şamaxı”nın futbolçusu Edqar Adilxanov “Kəpəz”lə matçdan (4:1) sonra “Apasport”a müsahibə verib…
– Çətin Gəncə səfərində 4 qol vurdunuz. Belə hesab gözləyirdiniz?
– Əslində, bir səhvdən qol buraxdıq. Hesab bir qədər gözlənilməz oldu. Amma oyuna yaxşı daxil olmuşduq. Rəqibi də yaxşı analiz etmişdik.
– Bugünkü atmosferlə bağlı nə deyə bilərsən? Tribunalarda sanki Avropa matçının ab-havası var idi…
– Bəli, sanki Avropa matçı idi. Çox gözəl atmosfer var idi. Hətta bəzi məqamlarda bir-iki saniyə tribunalardakı atmosferə baxırdım, oyun yadımdan çıxırdı. Məncə, Azərbaycanda ən gözəl atmosfer bu stadiondadır.
– Belə atmosfer oyununuza da müsbət təsir edir?
– Əlbəttə, müsbət təsir edir. Azarkeşlər olanda daha çox futbol oynamaq, özünü göstərmək istəyirsən. Bu, bizə əlavə motivasiya verir.
– İlk hissənin ortalarında Dioqo Verdaşka ilə aranızda anlaşılmazlıq yaşandı. Həmin epizodda nə baş verdi?
– Əslində, orada topu itirmək olmazdı. Driblinq etmək istəyirdim, sadəcə alınmadı. O da arxadan gəlib məni itələdi. Mən də bir qədər emosional cavab verdim və ara qarışdı.
– Belə hallar futbolun gözəlliyidir, yoxsa ümumiyyətlə, yaşanmaması daha yaxşıdır?
– Əlbəttə, belə şeylərə ehtiyac yoxdur. Sadəcə emosiyalardır. Futbolda normal haldır.
– Bunun yaşanmasında azarkeşlərin yaratdığı atmosferin də təsiri var?
– Ola bilər. Məncə, bunun da müəyyən təsiri var.
– “Şamaxı” demək olar ki, yenidən qurulmuş komandadır. Komandanın potensialını necə qiymətləndirirsən? Daha yüksək nəticələr əldə edə bilərsiniz?
– Məncə, bundan da yaxşısını edə bilərik. Azər müəllim çox yaxşı komanda qurub. Komandada ab-hava əladır. Futbolçular çox keyfiyyətlidirlər. Məncə, çox şey edə bilərik.
– Səni bizlərə tanıdan Ayxan Abbasov olub. İndi isə Azər Bağırovun mütəxəssisin rəhbərliyi altında çıxış edirsən. Onların futbol fəlsəfəsi arasında hansı fərqlər var? Yeni məşqçinin tələblərinə uyğunlaşmaq çətin olmadı?
– Əlbəttə, taktiki baxımdan fərqlər var. Mən beşli yarımmüdafiənin mərkəzində oynamışam. Əvvəllər müdafiədən daha çox uzun ötürmələrlə çıxırdıq. Burada hər şey rəqibdən asılıdır. Rəqibi analiz edib ona uyğun oynayırıq.
– Yəni taktikanız rəqibdən asılı olaraq dəyişir?
– Əlbəttə.
– Hazırda oynadığın mövqedə özünü daha effektiv hesab edirsən? Bir növ “azad rəssam” rolundasan…
– Bu mövqe çox xoşuma gəlir. Amma solda da özümü göstərə bilərəm. Mərkəzdə də oynaya bilirəm.
– “Şamaxı”nın çalışdırıcısı “Kəpəz”in sabiq baş məşqçisidir. O, bu oyunda qələbə qazanmağa xüsusi önəm verirdi?
– Əlbəttə, o, bu oyunu qazanmaq istəyirdi. Biz də bunu bacardıq.
– Ayxan Abbasovun bu oyunu izləyəcəyi deyilirdi. Əsas millidən dəvət gözləyirsən?
– Əlbəttə. Əsas millidə oynamaq hər bir azərbaycanlı futbolçunun arzusudur. Mən də millidə oynamaq istərdim. Hər şey Ayxan müəllimin seçimindən asılıdır. İnşallah, çağırar. Mən də hər oyunda maksimum çalışıram ki, özümü göstərim və əsas milliyə dəvət alım.
– U-21-ə dəvət alsan, ruhdan düşməyəcəksən?
– Əlbəttə ki, yox. Azərbaycan millisində oynamaq üçün həmişə maksimumumu verməyə çalışıram.
– “Şamaxı” ev oyunlarını öz stadionunda keçirə bilmir. Bunun sizə təsiri necədir?
– Projektor problemi var. O da düzəldilir. Səhv etmirəmsə, 5 və ya 6-cı turdan ev oyunlarımızı Şamaxıda keçirəcəyik.
– Ardıcıl səfərlər yorğunluq yaratmır?
– Yorğunluq olur. Arada 5-6 saatlıq yol gedirik. Amma problem deyil, bizə ciddi təsir etmir. Yeni qurulmuş komandayıq və hər oyunda özümüzü göstərməyə çalışırıq.
– Bu mövsüm əsas hədəfiniz nədir, Premyer Liqada qalmaq, yoxsa turnir cədvəlinin orta pillələrində qərarlaşmaq?
– Ötən ildən daha yaxşı nəticə göstərmək istəyirik. Hər il əvvəlkindən daha yaxşı olmağa çalışmalıyıq. Məncə, biz Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq komanda deyilik. Çalışacağıq ki, turnir cədvəlinin orta pillələrində qərarlaşaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















