Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu məhsulların qiyməti sürətlə artır KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Azərbaycanda heyvandarlıq məhsullarının qiyməti sürətlə artır, istehsal isə ildən-ilə azalır. Yaranmış vəziyyəti dəyişmək üçün təkcə subsidiyalar kifayət deyil. Ölkədə yem bazasını möhkəmləndirmək üçün daha geniş əkin və örüş sahələrinə ehtiyac var”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
.jpg)
“Hazırda heyvandarlığın yem təminatı ciddi çətinliklərlə üzləşir. Yonca, qarğıdalı, arpa və digər yem bitkilərinin becərilməsinə ayrılan sahələr azdır. Bu sahələrin bir çoxu son illərdə pambıqçılıq və ərzaqlıq buğda əkini məqsədilə dəyişdirilib.
Azərbaycanda istehsal olunan buğdanın əsas hissəsi yemlik məqsədlə istifadə olunur. Yerli un istehsalının isə 90 faizindən çoxu idxal buğdasından asılıdır. Bu da göstərir ki, ərzaq buğdası istehsalı planlaşdırıldığı kimi real nəticə verməyib”.
Mütəxəssis hesab edir ki, vəziyyətdən çıxış yolu kimi ölkədə örüş sahələrinin genişləndirilməsi, eləcə də pambıq sahələrinin tədricən azaldılaraq yenidən yem bitkilərinin becərilməyə verilməsi vacibdir.
“Necə ki, vaxtilə fermaların, yonca və qarğıdalı sahələrinə pambıq əkmişiksə, indi tərsinə addım atmalıyıq. Çünki pambıq bizə o qədər də ciddi gəlir gətirmir. Heyvandarlığın inkişafı üçün yem bitkiləri sahələri və örüşlər əsas prioritet olmalıdır,” – deyə A.Nəsirli bildirir.
Ekspert Azərbaycan hökumətinin kənd təsərrüfatına subsidiyalar ayırmaq imkanlarının kifayət qədər olduğunu qeyd edir. Amma bu imkanların real nəticəyə çevrilməsi üçün torpaq siyasətində ciddi dəyişikliklərə ehtiyac olduğunu vurğulayır.
Aynurə İsmayıl
KONKRET.az


