Icma.az
close
up
RU
Ehsan qalsın, ya qalmasın?..

Ehsan qalsın, ya qalmasın?..

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə ilin söhbətidir. Tanış bir jurnalistlə "Azadlıq” radiosundan çıxırdıq. Dedi ki, bu gün filankəsin yas mərasimidir. Getdik. Təzəcə oturmuşduq ki, ehsan verilməyə başlandı. 

Bəri başdan etiraf edim. Yas mərasimlərində sanki ağzım "qıfıllanır”, heç nə yeyə bilmirəm. Diqqəti özümə çəkməmək üçün uzağı pendirin qırağından azca qoparıb ağzıma atıram ki, desinlər guya bu da yeyir. 

Bilirsinizmi, nəyə görə? Hüzür mərasimləri kədərli yerlərdir. Ona görə yox ki, bütün dünyadan köçənlər bizi eyni dərəcədə qəmləndirir, amma istər-istəməz fikirləşirsən ki, ey dili-qafil, axı bu gündən sənin də yaxınların, hətta özün üçün də var! İndi bir özünüz deyin: adamın beynindən bu cür fikirlər keçəndə boğazından nəsə keçərmi?

Nə isə. Qayıdaq az əvvəl toxunduğumuz mərasimə. Bəlkə bunu demək qətiyyən düzgün deyil, çünki adam başqasının hər hərəkətinə diqqət yetirməməlidir. Amma qarşımızda bir hüquq müdafiəçisi əyləşmişdi. İlahi, bu adam necə yeyirdi! Sanki bir il ac saxlamışdılar zalım oğlunu.

Ən maraqlısı budur ki, heç də tək-tük hadisələrdən deyil bu. Fikir vermişəm, bizim insanlar hüzür mərasimlərində heç də toydakından az iştahla yemirlər, inanmazsız, bəlkə daha da iştahla yeyirlər. Səbəbini bilmirəm. Bəlkə də ona görə ki, bizim insanlar deyir, guya ehsandan yeyəndə dünyasını dəyişənin ruhu daha şad olur. 

Doğrusunu bilimirəm, amma bu məsələ mənim üçün tamam anlaşılmazdır. Bilirsiniz, toy başqa məsələdir və mən şəxsən toylarla bağlı məhdudiyyətlərin tərəfdarı deyiləm, çünki insanlar toya əylənmək, şənlənmək, lap açığı, yeyib-içmək üçün gəlirlər. Burada pis nə var ki? Sadəcə, hamımız toya saldığımız pulu yaxşı-yaxşı indeksasiya etməliyik ki, toy sahibi çox borca-xərcə düşməsin, xərcini–borcunu ödəyə bilsin. 

İnsafən, insanların böyük əksəriyyəti elə belə də edirlər və hamını deyə bilmərəm, amma dost-tanışın söz –söhbətindən belə məlum olur, toy sahiblərinin əksəriyyəti gəlir götürə bilməsələr də, hər halda, borclu da qalmırlar və bunun özü də çox yaxşı haldır.

Qayıdaq yas mərasimlərinə. Dövlət necə ildir bu məsələdə sahman yaratmaq istəyir və bunun özü çox gözəldir və adi bir vətəndaş kimi rica edərdim ki, bütün bunlar tövsiyə xarakterli olmasın, inzibati qaydada tətbiq edilsin. Son illərdə dövlət bizim "mentalitet”imizi də dəyişmək üçün böyük cəhdlər edir. Bunlar dəyərləndirilməlidi, çünki elə məsələlər var ki, onlar ümumilli önəm kəsb edir. 

Əlbəttə, bu xüsusda söhbət gedəndə ilk növbədə Qarabağın qaytarılmasını, ölkənin erməni separatçılarından təmizlənməsini qeyd etmək lazımdır – bir daha deyirik ki, bu, həqiqətən də möhtəşəm, tarixdə qalacaq hadisədir. 

Amma bununla yanaşı daha iki hadisəni qeyd edərdim. Biri bütünlüklə latın qrafikasına keçmək, digəri isə qohum nikahların qadağan edilməsi oldu. 

Sonuncuya da çox önəm veririk, çünki biz də tayfaçılıqdan, qəbiləçilikdən çıxıb müasir və bütöv millət olmalıyıq, ya yox: nə vaxta qədər regionlara, qəbilələrə-tayfalara bölünəcəyik? Hamımız oralı-buralı olmaqla bahəm ilk növbədə həm də azərbaycanlıyıq.

İndi ehsan məsələsilə bağlı edilən növbəti cəhdlərə də mən bayaq sadaladığım mühüm hadisələr rakursundan baxıram. Başa düşürəm, çox çətindir. "Mentalitet”imiz bu məsələni də həll etməyə çətinlik yaradır. 

Birincisi, hamımız fikirləşirik ki, insanlar filankəs öz yaxınlarına əməlli-başlı ehsan da vermədi, deyəcəklər. 

İkincisi, özümüzün də beynimizə yeriyib ki, guya yaxşı ehsan verməsək, doğmalarımızın ruhu bizdən inciyər. 

Üçüncüsü, etiraf etmək lazımdır ki, mollaların maraqlarına cavab vermədiyi üçün onların da bəzisi (hamısı yox, bəzisi!) prosesə mane olur. 

Dördüncüsü, belə "arqument”lər səslənir ki, yasa uzaqdan gələnlər də olur və ən azı onlara görə ehsan vermək zərurəti yaranır.

Bəlkə başqa da hansısa arqumentlər var, mən burada ağlıma gələnləri yazdım. "Uzaqdan-yaxından gələnlər”lə bağlı deyim ki, süfrəyə xurma, qoğal-filan qoymaq olar ki, belələri "mədələrinin qurdunu öldürə” bilsin. 

Belədəsə, insanlarımız Ramazan-orucluq zamanı bir ay ac qala bilirsə, bir gün azca gec nahar etmək niyə belə problemli olmalıdır? Həm də biz yas mərasimlərində saatlarla, günlərlə oturmuruq ki! Uzağı yarımca saat oturub dururuq ayağa. Yarım saat gec yesək dünya dağılarmı?

Bilirsinizmi, ehsanla bağlı problemdə ən böyük arqument nədir? Təsəvvür edin, insan yaxınını itirib. O, ölüsünün, dünyadan gedəninin dərdini çəksin, yoxsa bizim mədələrimizin?

Belədəsə, yenə sadə-sıravi bir müsəlman kimi düşünürəm ki, məsələ təkcə ehsanla da bağlı deyil. Həqiqətən də problemlər çoxdur. 

Hələ böyük Mirzə Cəlil gileylənirdi (səhv etmirəmsə!) ki, yazıq müsəlman ilin ən azı yarısını yas içərisində keçirir, onun başqa məsələlər haqqında düşünməyə vaxtı olurmu: bəli, otuz gün oruclıuq, əlli gün məhərrəmlik, həftədə bir dəfə cümə axşamı, gündə üç dəfə namaz və s. və i. Bütün bunları sadələşdirmək, bəli, başqa bir şey yox, heç olmasa, bir azca sadələşdirmək olmazdımı? 

Əlbəttə, dinin üstünə rəhmətlik Mirzə Fətəli kəskinliyilə getməyin tərəfdarı deyilik: yox, səbrlə, təmkinlə hərəkət etmək lazımdır, çünki insanların min illərlə tapındıqları inancları bir günün içində dəyişmək olmaz. Amma 21-ci əsrdə, məsələn, Həccə getməyi az qala rütbə almağa çevirmək olmaz axı! Qardaş, Həccə getmisən, lap yaxşı, Allah ziyarətini qəbul etsin. Amma bu, nə ulduzdur, nə paqon ki, durub yaxana taxasan... 

Bəlkə də mən düzünü-dəqiqini bilmirəm, səhv edirəmsə, üzürlü sayın, amma başqa yerlərdə, məsələn, bizdəki kimi "hacı” titulunun olduğunu eşitməmişəm. 

Bir daha deyirəm, dini savadım elə də dərin deyil, yanılıramsa, üzürlü hesab edin, amma başqa müsəlman ölkələrində "hacılar”, "kərbalayilər” və "məşədilər” varmı? 

İnanmazsınız, bəziləri özlərini nəinki "hacı filankəs” kimi təqdim edir, eləsi var az qala kabinetlərinin qapısına belə lövhə də vururlıar. 

Zaman dəyişir. Biz dindarlar da dəyişməliyik. Amma baxırsan bizdə də hətta bəzi gənc qadınlar təzədən çadra örtməyə başlayıblar. 

Əlbəttə, nə geyinmək, necə geyinmək hərənin öz işidir, qarışa bilmərik, amma adam qeyri-ixtiyari demək istəyir ki, ay qızım, ay balam, Tanrı bu gözəl dünyanı ona görə yaradıb ki, bəndələri onu görsün, sən niyə özünü dünyadan, dünyanı özündən gizlədirsən? Axı sənin heç bir suçun, gizlənmək üçün bir eybin yoxdur.

Bəlkə bir az kobud səslənəcək (belə olsa, üzürlü sayın), amma mən mollaları elə də sevmirəm. İlahiyyatçılar başqa məsələdir, çünki ilahiyyat elm kimi fəlsəfəyə çox yaxındır, hətta fəlsəfə özü illahiyyatdan, ilk olaraq dini təsəvvürlərdən yaranıb. 

Ona görə də ilahiyyatçıların bəzisini (hamısını yox, bəzisni) dinləmək nəinki maraqlıdır, hətta xoşdur, hərçənd, onların da çoxu hər il bizə oruc tutmağın qaydalarını başa salmaqla məşğuldur. 

Amma görün, ilahiyyatın nə qədər fəlsəfi problemi var? Məsələn, ruh nədir? Mövcuddurmu? Niyə Tanrı onu canlılardan yalnız insana bəxş edib? Və yaxud da indi "paralel kainatlar”dan, "güzgü kainatları”ndan, "anti-dünyalar”dan çox söhbət gedir. Şəxsən bir sıravi müsəlman və keçmiş fizik-kosmoloq kimi soruşuram: bütün bunların, bu yeniliklərin fonunda "axirət dünyası” haqqında təsəvvürlər hansı məna kəsb edir?

Amma sözüm bunda da deyil. Bir-iki dəfə təsadüfən ilahiyyatçı ilə də rastlaşmışam. Məsələn, soruşmuşam ki, bizim yaxınlarımız üçün oxutdurduğumuz "Yasin”in ölülərə bir aidiyyatı varmı? Hamısı deyib ki, yoxdur və əlavə ediblər ki, "Yasin” də, digər Quran surələri də ölülər üçün yox, dirilər üçündür ki, onlar bunları eşidib-oxuyub özləri üçün bir nəticə hasil etsinlər.

Odur ki, sual olunur: dini hamımızdan mükəmməl bilən ilahiyyatçılar belə deyirsə, biz niyə hesab edirik ki, lap ibtidai insanlar kimi yaxınlarımızın hüzüründə geninə-boluna yeyib- içsək, onlar üçün "karlı ehsan” versək, bu yazıqların guya ruhu şad oalcaq? Harada yazılıb bu, haradan götürülüb bütün bunlar? Böyük dini savad-təhsil yiyəsi deyilik, amma səhv etmiriksə, heç yerdə belə şey buyrulmayıb axı...

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see505

Hidayət Məhərrəmli yarım milyonumu ələ keçirtdi, məni dəfələrlə döydü Fotolar

11 Sentyabr 2025 16:54see171

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see140

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see139

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see134

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see133

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see130

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see126

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see125

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see122

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see122

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see122

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see122

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see121

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see119

Orban: Ursula fon der Leyen istefa verməlidir

11 Sentyabr 2025 14:47see119

Su varsa, həyat da olacaq!

11 Sentyabr 2025 10:36see119

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see117

Türkiyəni həyəcanlandıran xəritə: Vəziyyət hər gün daha da pisləşir

11 Sentyabr 2025 06:07see117

Çin insan beynini təqlid edən süni intellekt modeli təqdim etdi

11 Sentyabr 2025 04:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri