Icma.az
close
up
RU
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” Artur Rasizadə KONKRET

“Elə bilirlər ki, Baş nazir olmaq asandır” Artur Rasizadə KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda Baş nazir vəzifəsinin rolu zaman-zaman ictimai müzakirələrin mərkəzinə qayıdır. Xüsusilə icra hakimiyyətinin effektivliyi, dövlət idarəçiliyində məsuliyyət bölgüsü və siyasi institutların funksionallığı müzakirə edilərkən bu postun əhəmiyyəti daha aydın görünür.

Azərbaycanın idarəçilik modelində Baş nazir daha çox icraedici funksiyaları koordinasiya edən fiqurdur. Prezident idarəçiliyinin dominant olduğu sistemdə Baş nazir hökumətin gündəlik fəaliyyətinin təşkili, iqtisadi proqramların icrası və müxtəlif dövlət qurumları arasında əlaqələndirmə kimi mühüm vəzifələr daşıyır.

KONKRET.az modern.az-a istinadla xəbər verir ki, bu kontekstdə uzun illər ölkənin Baş naziri olmuş Artur Rasizadə tez-tez nümunə kimi xatırlanır.

Artur Rasizadə Azərbaycan siyasi tarixində daha çox sakit, diqqət çəkməyən, lakin sistem daxilində sabitliyi qoruyan idarəçi kimi yadda qalıb. Onun fəaliyyəti daha çox texniki idarəçilik və icra intizamı ilə xarakterizə olunurdu. Bu, bir tərəfdən Rasizadənin texnokrat imicini gücləndirirdi, digər tərəfdən isə geniş ictimaiyyət üçün onu bir qədər “kölgədə qalan” fiqura çevirirdi.

Artur Rasizadənin təvazökar üslubu bəzi ekspertlər tərəfindən yüksək insani göstərici kimi qiymətləndirilir. Çünki dövlət aparatında sabitlik çox vaxt görünməyən, lakin davamlı işləyən mexanizmlərlə təmin olunur.

Uzun illər Nazirlər Kabinetinin mətbuat katibi işləmiş Akif Əlinin sözlərinə görə, hökumətdə birgə işlədikləri illər ərzində Artur Rasizadəyə dəfələrlə haqqında yazmaq təklif olunsa da, o razılaşmayıb:

“Son dərəcə təvazökar təbiətli bu alicənab insan özü barəsində nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib…

Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm”.

Keçmiş mətbuat katibinin sözlərinə görə, 26 fevral tarixində – Xocalı faciəsi günündə doğulmuş Artur Rasizadə soyqırımı baş verəndən – 1992-ci ildən sonra heç vaxt özünə ad günü keçirməyib.

Akif Əli vəzifədən gedəndən sonra ““Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri” adlı kitab yazıb.

“Mən bu kitabı 2019-da Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən könüllü şəkildə ərizə yazaraq ayrıldıqdan sonra yazmışam…

…Kitabda Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasizadənin həyat və fəaliyyətinə dair bir sıra ilginc məqamlar, xarakterinin özəllikləri, çoxşaxəli fəaliyyətindəki müəyyən epizodlar, həmçinin NK Aparatının fəaliyyəti barədə maraqlı faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr yer alıb.

Onu deyim ki, kitab 2020-ci ildə A.Rasi-zadənin 85 illik yubileyinə hədiyyə kimi yazılsa da, dünyanı bürüyən koronavirus pandemiyası dövründə tətbiq olunan qlobal karantin rejimi səbəbindən çapı ləngidi və yalnız ötən il, – 2025-ci ilin yayında çapı mümkün oldu”, – A.Əli bildirib.

Vaxtilə Artur Rasizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzvü olmuş keçmiş təhsil naziri Misir Mərdanov da onunla bağlı xatirələrində keçmiş Baş nazirin şəxsi sadəliyi və təvazökarlığını önə çəkib:

“15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratiya yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir”.

O, Artur Rasizadəni gözü-könlü tox şəxsiyyət kimi xarakterizə edib:

“Bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim”.

“Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa, onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı, dünya ədəbiyyatının klassikləri- Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq”, – M.Mərdanov əlavə edib.

Misir Mərdanovun sözlərinə görə, Artur Rasizadənin vəzifədə işlədiyi dövrdə heç bir biznes obyekti olmayıb:

“22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olub, sadə və təvazökar həyat yaşayır Artur Rəsizadə!”

Artur Rasizadə Modern.az saytına verdiyi keçmiş açıqlamalarının birində Baş nazir postunda işləməyin heç də asan olmadığını bildirmişdi:

“Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutumuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər… Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Modern.az-ın Artur Rasizadə ilə yenidən əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Rasizadəyə yaxın olan keçmiş məmurlar bildiriblər ki, 91 yaşlı sabiq Baş nazir hazırda səhhətilə əlaqədar dincəlməyə, mətbuatdan uzaq drumağa üstünlük verir…

Artur Rasizadə 26 fevral 1935-ci ildə anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair və müəllim Tahir Rasizadənin oğludur.

A.Rasizadənin anası milliyətcə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella…

Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust – noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə keçməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qayıdıb.

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı – qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.

2025-ci il fevralın 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə 90 illik yubileyilə əlaqədar Artur Rasizadə  Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordeni təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Aprel 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri