Icma.az
close
up
RU
“Əmək” ordenli Afiq Əliyevin torpaq sevgisi

“Əmək” ordenli Afiq Əliyevin torpaq sevgisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fermer Mil düzünün bərəkət damarından möhkəm yapışıb

Səhər hələ açılmayıb. Kəndin üzərinə çökmüş sübh sükutunu arabir eşidilən quş səsləri pozur. Amma saatın əqrəbləri 5-i tamamlamamış “Əmək” ordenli təcrübəli fermer Afiq Əliyev sahəyə tələsir. Beləcə, o hər gün hava işıqlanmamış sahədə olur. Sübh günəşini burada qarşılayan fermer torpağın nəfəsini duyur, cərgələrin arasından keçir, pambığın vəziyyətinə baxır. Bu, illərdir dəyişməyən bir həyatdır. “Yaxşı işləsən, bəhrəsini də görərsən”, – deyir.

Afiq Əliyev 1970-ci ildə Beyləqan rayonunda dünyaya göz açıb. Torpağa bağlılığı uşaqlıqdan başlayıb. Valideynləri təsərrüfat adamları olub, ailənin ruzisi torpaqdan çıxıb. Əkin sahələrinin, zəhmətlə yetişən məhsulun içində böyüyən təsərrüfat adamı söhbətə belə başlayır: – Uşaqlıqdan bu sahənin içindəyəm, görürəm ki, torpağa sevgi ilə yanaşanda, onun nəvazişini çəkəndə barı-bəhrəsi bol olur.

Söhbətimizi sahədə davam etdiririk. Afiq Əliyev deyir: – Pambıqçılıqda təbiətin öz hökmü var. Havanın dəyişməsi, suvarmanın bir gün gecikməsi sahənin taleyinə təsir edə bilər. Bütün işlərdə çətinlik olur. Amma çalışanda bu çətinliklər arxa plana keçir. Çəkdiyin ağrıları da unudursan. Bol və keyfiyyətli məhsul görəndə özümdə böyük ruh yüksəkliyi hiss edirəm. Hər gün səhər tezdən sahəyə gəlib pambıq kolları ilə “danışıram”, ondan xüsusi ləzzət alıram. Dövlətimizin dəstəyindən də tam razıyam. Şumdan tutmuş əkinə qədər hər işdə dəstəyi hiss edirik. Heç bir problemimiz yoxdur. Sadəcə, işləmək lazımdır.

Onun iş qrafiki isə dəyişməzdir. Hər səhər saat 5-də sahədə olur, işçiləri qarşılayır, iş bölgüsü aparır, ərazini gəzir. 50-yə yaxın işçi günün ikinci yarısında evlərinə gedir, fermerin işi isə gün batana qədər davam edir. Çünki torpağın saatı yoxdur. Suvarma vaxtıdırsa, suvarılmalıdır. Sahəyə qulluq lazımdırsa, gecikmək olmaz. Məhsul yetişibsə, onu itkisiz toplayıb təhvil vermək lazımdır.

Təsərrüfatda aqrar sığortadan da hər il istifadə olunur. Suvarma işləri vaxtında aparılır. Fermer yaxşı bilir ki, torpaqda gecikən bir iş sonradan daha böyük problemə çevrilə bilər. Afiq Əliyevin torpaqda çəkdiyi zəhmət dövlət tərəfindən də qiymətləndirilib. 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafında göstərdiyi xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Bununla belə, ordenindən, yüksək məhsuldarlıqdan, 100 ton pambıqdan danışanda səsində qətiyyən lovğalıq hiss olunmur. Son dərəcə təvazökarlıqla danışır. Sanki bütün bunlar onun həyatının adi bir hissəsidir. Onun üçün ən böyük mükafat bəlkə də səhər sahəyə gələndə gördüyü mənzərədir, ağaran pambıq kolları, bol məhsul...Və bütün bunların arxasında görünməyən zəhmət.

Fermer təsərrüfatda – 7 hektar sahədə pambıqla yanaşı, yonca və şəkər çuğunduru da becərir. Toxum seçiminə isə xüsusi diqqət yetirilir, əsasən Türkiyədən gətirilən toxumlardan istifadə olunur.

Deyir ki, hər əkinin öz qayğısı, hər məhsulun öz zəhməti var, amma pambığın yeri başqadır. Çünki pambıq onun üçün, sadəcə, məhsul deyil, onun həyatının bir parçasıdır. Bu səbəbdən də cərgələr arasında aramla irəliləyir, bir anlığa dayanır, bitkilərə baxır, əlini pambığa toxundurur. Sanki yenə onunla “danışır”. Bu “söhbət”də sözlər olmasa da, illərin tanışlığı, doğmalığı var. Uşaqlıqdan torpağın içində böyüyən bir insanın torpaqla qurduğu səssiz bağlantı.

Afiq Əliyevə torpağa sevgi valideynlərindən miras qalıb. İndi isə onu gənclərə ötürür: zəhmətdən qorxmamaq, torpağa qulluq etmək, pambığı sevərək onun qayğısını çəkmək və halal əməyin bəhrəsinə inanmaq.

Fermer tarlaya hər çıxarkən unudulmaz şairimiz Mikayıl Müşfiqin “Pambıq şaxları” şeirini xatırlayır. Çünki şair pambıq tarlalarını və Mil düzünün dəyişən mənzərəsini orijinal təsvir edir:

O bəyaz хülyaya toхunun yavaş,
Yoхsa ürəyində duyar bir təlaş.
Dalğın bir şairin хülyasıdır o,
Mil düzünün bəyaz röyasıdır o.

… Axşam düşür. Mil düzünün üzərinə günəşin son şüaları yayılır. Təsərrüfatdan ayrılırıq, fermer bir anlıq geriyə–sahəyə baxır. Çünki onun üçün torpaq, sadəcə, qazanc yeri deyil, həyatdır. Pambıq isə bu həyatın ağ rəngli hekayəsidir…

O, sabah yenə saat 5-də burada olacaq.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Beyləqan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri