Heydər Əliyevin gənclər siyasəti və sevgisi
Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur. Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir.
Heydər ƏLİYEV
Ümummilli lider Heydər Əliyev üçün gənclik amili milli şüurun və yaddaşın keşiyində ayıq-sayıq dayanmaq amalı qədər əhəmiyyətli idi. Daha doğrusu, Heydər Əliyevə görə onlar qoşa qanad kimi eyni yüksəlişin fəza elementi sayılırdılar. Gəncliyin milli tarixdə və taledə tutduğu yerə, çəkiyə elm-dövlət nisbətində, yaddaş-məfkurəçilik istiqamətində heç kəs Heydər Əliyev qədər aydın mövqe təsnifi, missiya, rol bölgüsü və modeli təqdim etməyib: “Bu qədər gərgin işləri aparmaqda mənə ilham verən ən böyük qüvvə Azərbaycanın gəncləridir”! Gənclər siyasəti və sevgisi konsepsiya olaraq bu tamlıqda və bütövlükdə öz ifadəsini məhz, Heydər Əliyevin əməlində və işində tapır. Əslində bu gün müasir Azərbaycanda müstəqilliyin də, sabit dövlətçiliyin də, yaddaşda və əxlaqda suverenliyin də təməl məqamı bu konsepsiyadır.
Heydər Əliyevin elm, sənət, ədəbiyyat adamlarına verdiyi dərin qiymət onun da, bizim yaxın tarixin tərcümeyi-halının da ən qürurlu səhifələrindən biridir. Məlumdur ki, sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, bu yaradıcı şəxsiyyətlər haqqında aparılan tədqiqat-təbliğat işləri onların mənsub olduğu xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir. Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan etmişdir ki: “Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”. Heydər Əliyev bu şəxsiyyətlərin tanıdılması məqamını vurğulayarkən daha çox gənclik amilinə həssas yanaşırdı. Məsələn, dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağındakı Heydər Əliyevin böyük əks-səda doğurmuş nitqində yeni tarixi epoxada səslənən mülahizələrdə Azərbaycanın, xalqımızın ədəbi şəxsiyyətlər vasitəsilə tanıdılmasının qayğıları aydın surətdə əhatə edilir: “Bu yubileyi keçirərkən, biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən əsası qoyulmuş yazıçı zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Mirvarid Dilbazi “Qurtardın bölümdən Azərbaycanı” şeirində Heydər Əliyevin Azərbaycana, hakimiyyətə qayıdışını alqışlayır, bunu vətən və millət miqyasında fədailik adlandırmaqla yanaşı, Ümummilli Liderin gənclərə, gəncliyə böyük ərməğanı kimi dəyərləndirirdi:
Qurtardın bölümdən Azərbaycanı!
Sən ey ağlı ümman,
Ürəyi incə!
Sən həyat bəxş etdin minlərlə gəncə.
Açıb xəyanətin sən iç üzünü,
Silməkçün torpaqdan bu qan izini
Çağırdın, səs verdi sənə millətin.
Xalqı məğlub etmək çətindir, çətin!
Heydər Əliyevin siyasətinin əsası gənclərlə bağlı böyük amallara söykənirdi. Bu amallar o qədər prioritet idi ki, Ulu Öndərin istər ən sevincli, istərsə də ən kədərli anında unudulmur, onun fikir və mülahizələrinin ana xəttinə çevrilirdi. 1994-cü ilin 23 iyununda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində etdiyi bir çıxış var: “Ağır dövrdə yaşayan Azərbaycan xalqı bu gün böyük bir matəmə bürünmüşdür. XX əsrdə Azərbaycanın görkəmli simalarından biri - şair, yazıçı, filosof, alim, xalq azadlığı uğrunda fədakar mübariz, böyük vətəndaş Xəlil Rza Ulutürkü itirmişik. Bu böyük itkidir. ... Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək olmuşdur”.
Bütün hallarda gəncliyə örnək olmaq! Ümummilli Liderin gənclər siyasəti onun Azərbaycan dilinə münasibətində daha bariz önə çıxır. Onun xüsusilə, ana dili haqqında fikirləri birbaşa gəncliyin doğru istiqamətdə, milli zəmində yetişməsi üçün uğurlu bir yol xəritəsi idi: “Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz... Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.
Heydər Əliyev 2001-2003-cü illərdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi”, “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” fərmanlar vermişdir. Ulu Öndər demişdir: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.
Dil amili Heydər Əliyev üçün xalqın milli kimliyini təyin edən başlıca amil, dəyər vahidi idi. Mövlud Süleymanlı “Qırx ilin yeddi görüşü” memuar-əsərində Heydər Əliyevlə bağlı xalq arasında şifahi yayılmış maraqlı məqamlardan bəhs edir. Bunlardan biri Azərbaycan dili barəsindədir: “Yadımdadır, 70-ci illərin ortalarıydı, Novruz bayramı ərəfəsində böyükdən-kiçiyə hamı Şıx çimərliyi səmtində ağac əkməyə çıxmışdı. Yazıçılar İttifaqının ayrıca sahəsi vardı, orda ağac əkirdik. Heydər Əliyev sahələri dolaşıb, adamlarla görüşüb axırda yazıçıların yanına gəldi. Həmişə olduğu kimi səmimiydi, ərki çatanlarla zarafat edir, gənclərlə maraqlanırdı. Şair Qabil yenə özünəməxsus orijinallığı ilə seçildi: “- Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!” Heydər Əliyev astadan gülüb dedi:
“- Qabil, sən niyə mənim rusca gözəl danışmağıma təəccüb etmirsən, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız” Bu söz, bu fikir elə oradaca alqışlarla qarşılandı... Amma onunla bitmədi, çoxlarımızın xəbəri olmadan bu söz, bu fikir kiçik məcrasından çıxdı. Uzun müddət milli tərbiyəmizdə iş gördü... Bu da faktdır ki, bir az əvvəl yuxarı səviyyələrdə Azərbaycan dilində ümumiyyətlə danışıq getmirdi, rus dilini pis bilənləri işə götürmürdülər, ona pis baxırdılar və s. Adi bir iməcilik günündə deyilmiş bu söz, bu fikir və ümumiyyətlə Heydər Əliyev fəaliyyəti doğma dilimizə olan soyuq münasibəti dəyişdirdi. Yeri gəldi-gəlmədi rus dilində danışan və danışmağa can atan kütləviliyin qarşısı alındı”.
Yüksək mədəniyyət və mənəviyyat daşıyıcısı olan Heydər Əliyev bütün ömür yolunun süzgəcindən keçirdiyi, əməllərində dəfələrlə sübuta yetirdiyi həyat qənaətlərini gənclərlə bölüşürdü. O, gəncləri qoruyur və hamilik edirdi. Elmira Axundova “Şəxsiyyət və zaman” roman-tədqiqatında yazır: “60-cı illərin əvvəllərində Azərbaycan əks-kəşfiyyatı əməkdaşları üçün “başağrısı” olan yeni mənbə - Bakıda yaranan gənclərin gizli təşkilatının üzvlərinin talelərini sındırmamağa və profilaktik tədbirlərlə kifayətlənməyə inandırmaq üçün Heydər Əliyev bəzən bütün natiqlik məharətini işə salmalı olurdu...”.
Yazıçıların 1981-ci il qurultayında Heydər Əliyev Anarla açıq polemikaya girərək onun “gənclərin səhv etmək səlahiyyəti” barəsində fikrinə düzəlişlər etmişdir:
“Heydər Əliyev: Amma sən belə dedin ki, əgər o, səhv etməsə, cavan olmaz ki, o, yetişmişdir. Səhv etmək qətiyyən mütləq olmalı şey deyil.
Anar: Şübhəsiz.
Heydər Əliyev: Səhv ola bilər. Ancaq o cavan, o gənc ki, dünyanı əvvəldən düzgün mövqelərdə başa düşür, o ya səhv etmir, ya da az səhv edir. Səhv etmək, şübhəsiz ki, bizim həyatın dialektik qanunudur. Bu aydındır, bunu heç kəs inkar etməməlidir. Amma nə qədər çalışsaq ki, bizim gənclər öz yüksək istedadlarını düz istiqamətdə inkişaf etdirsinlər, o qədər gənclər mətləbə tez çatar. Elədirmi?”
Heydər Əliyev gəncliyin mümkün qədər səhvlərdən arınıb həyat yollarının düzgün seçilməsinin tərəfdarı idi. Onun gənclərə göstərdiyi qayğının alt qatında məhz bu niyyət dayanırdı. Buna görə onların vaxtlarının səmərəli keçirilməsi, uğurlu təşkili, kitab, rəsm, musiqi, sənət mühitində formalaşmaları üçün bütün mümkün imtiyazlarından yararlanırdı. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabından oxuyuruq: “1990-cı illərin ortaları üçün olduqca çətin durumda olan Azərbaycan Yazıçılar Birliyinə Heydər Əliyev Dövlət himayəsini bərpa etdi. Birliyin əsas nəşrləri - “Ədəbiyyat qəzeti” və “Azərbaycan” jurnalının dövlət hesabına çıxması təmin olundu. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyev və b. XX əsr ədəbiyyatı korifeylərinin yubiley mərasimlərinin də təntənəli surətdə qeyd olunması ədəbiyyata ümumxalq sevgisinin qaytarılmasında böyük rol oynadı. Heydər Əliyevin klassiklərlə yanaşı, müasir yazıçıları da dəyərləndirməsi, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi canlı klassiklərə xəstə ikən baş çəkməsi, qayğı göstərməsi, Məmməd Araz, Mirvarid Dilbazi, Anar, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov və b. yazıçıların yubileylərində iştirakı, Xalq yazıçısı fəxri adı, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif etməsi də ədəbiyyata diqqətin qayıtmasını nümayiş etdirirdi. Ümummilli Liderin 1997-ci ilin oktyabr ayında keçirilən Azərbaycan Yazıçıları Birliyinin X qurultayında şəxsən iştirakı, qurultaydan qabaq Prezident İqamətgahında yazıçıların nümayəndələri ilə, həmçinin ədəbi gəncliklə səmimi görüşləri ədəbi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı”.
Səməd Vurğunun ev muzeyindəki görüş zamanı Heydər Əliyev “Fərhad və Şirin” tamaşasını xatırlayarkən gənclik amilinə xüsusi vurğular vururdu: “İndi biz buradakı şəkillərə baxarkən Aybəniz xanım dedi ki, Səməd Vurğunun “Fərhad və Şirin” pyesi 50 il bundan qabaq tamaşaya qoyulmuşdur. Mən onun fikri ilə razıyam ki, indiki gənc nəsildən çoxları “Fərhad və Şirin” pyesinin tamaşasına baxmayıblar və ya bəziləri bu əsəri oxumayıblar... Bu tamaşanı mən vaxtilə çox böyük məmnuniyyətlə gedib Azərbaycan Dövlət Dram Teatrında görmüşəm. Bu əsər mənə çox böyük təsir bağışladı. Onu gedib yenidən görmək mənə də, sizə də lazımdır. Amma gənclərə xüsusən lazımdır...”
Ümummilli Lider üçün gənclik cəmiyyətin, ölkənin sabahı demək idi. Gənclərlə görüşündə hər kiçik problemə nüfuz edir, onların qayğıları ilə maraqlanır, onların həlli istiqamətində mühüm addımlar atırdı. 1997-ci il 29 oktyabrında Heydər Əliyevin yaradıcı gənclərlə görüşündəki çıxışından bəzi nüanslara diqqət yetirmək yetər ki, Ümummilli Liderin içindəki Vətən sevgisi, məfkurə ruhu bütün aydınlığı ilə görünsün: “Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyimiz nailiyyətlər buna, belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha da müstəqil, azad olanda: şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir”.
O da önəmli faktlardandır ki, Ulu Öndərin hər bir məsələyə dair çıxışının mütləq sonluğu, mütləq vurğusu gənclərin xalq, Vətən, cəmiyyət qarşısında missiyasını unutmamağa çağırışla bitirdi: “Ancaq hesab edirəm, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz. Bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu çox vacibdir, çox lazımdır...”.
Heydər Əliyev bütün dəyərləri, bütün gözəl ənənələri gənclərə ötürməyi təlqin edirdi: “Ona görə də biz gənclərimizi daha da çox vətənpərvərlik hissiyyatları ilə tərbiyələndirməliyik. Siz gərək ordumuzla yaxın əlaqədə olasınız. Burda kimsə sizi ittiham etdi ki, cəbhəyə getmisiniz, şəhid olmusunuz, ya yox? Şairin şəhid olması lazım deyil. Amma şairin daim ordunun içərisində olması, əsgərlərlə görüşüb söhbət aparması, onlara vətənin nə demək olduğunu, torpağın nə demək olduğunu, müstəqilliyin nə demək olduğunu anlatması çox vacibdir...”.
Heydər Əliyevun bu fikirləri onun əlbəttə ki, çox müdrik siyasi xadim, strateq olmağından irəli gəlir. O, ədəbiyyatı sevirdi, ədəbiyyatın gücünə inanırdı, yaddaş itkisini ərazi itkisindən daha böyük faciə sayırdı. Ona görə bütün çıxışlarında ən uca vurğunu bu məsələlərin üzərinə salır, onları şah mətləbə, ana xəttə çevirirdi: “Gənclərimizin düzgün tərbiyə olunması və Azərbaycana, müstəqilliyimizə sədaqət, hesab edirəm ki, sizin yaradıcılığınızın əsas mövzusu olmalıdır. Bu mövzu heç vaxt köhnəlmir. Bu, elə bir mövzudur ki, heç vaxt tükənmir. Çünki biz nə qədər yaşayırıq, o qədər də gərək müstəqilliyimizi möhkəmləndirək...”.
2020-ci il! 44 günlük müharibə! Gənclər ordusunun gücü ilə geri alınmış torpaqlarımız! Yaddaşlı yetişən bir nəslin gücü! Heydər Əliyev siyasətinin gücü!
O güc ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də siyasətinin təməlində dayanır! Çağdaş dövrümüzdə gəncliyə açılmış geniş meydan İlham Əliyev dövrünün də mühüm reallıqlarıdır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır.
İndi, 2025-ci ilin bu çağından boylananda - zəfərini qazanmış, ərazi bütövlüyünü bərpa etmiş, güclənmiş, artmış, böyümüş dövlətimizin gücündən nəzər salanda Azərbaycana, azərbaycançılıq əqidəsinə sədaqət ruhunu bütün hallarda uca tutan və qoruyan Ulu Öndər şəxsiyyətinin nəhəngliyi və uzaqgörənliyi görünür.
ELNARƏ AKİMOVA,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru