Energetika Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Energetika Nazirliyində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanovun iştirakı ilə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, uzun illər Energetika Nazirliyində səmərəli fəaliyyət göstərmiş, 70 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilən Akif Əfəndiyev Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Komitə sədri çıxışında qeyd edib ki, həmkarlar ittifaqları təkcə əməkdaşların sosial-iqtisadi maraqlarının müdafiəsi ilə deyil, həm də uzun illər fəaliyyət göstərmiş, təcrübəsi və biliyi ilə kollektivə töhfə vermiş insanların əməyinə dəyər verilməsi ilə fərqlənir.
Nazir müavini Kamal Abbasov Akif Əfəndiyevin çoxillik səmərəli fəaliyyəti, işə məsuliyyətli və alicənab münasibəti, həmçinin gənc əməkdaşlara göstərdiyi dəstəyindən danışıb, ona gələcək həyatında uğurlar arzulayıb.
Akif Əfəndiyev göstərilən diqqət və qayğıya görə Energetika Nazirliyinin rəhbərliyinə və həmkarlar ittifaqına minnətdarlığını bildirib.
İclasda Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti barədə məlumat verilib, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.


