Icma.az
close
up
RU
Ərazilərin minalardan təmizlənməsi

Ərazilərin minalardan təmizlənməsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azad olunan ərazilərdə sentyabrın 29-dan oktyabrın 5-dək 74 tank əleyhinə mina, 82 piyada əleyhinə mina, 517 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, 1 432.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub.

Millət vəkili Fatma Yıldırım deyir ki, Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması hələ də ən böyük təhdidlərdən biridir. Vətən müharibəsi başa çatdıqdan sonra da çox vətəndaşımızın mina terrorunun qurbanı olması bizi çox üzür: "Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Dövlət tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu işlərlə məşğul olan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızı və Şərqi Zəngəzuru mina terrorundan təmizləmək üçün öz canlarını təhlükəyə atıblar".

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir: "Minatəmizləmə fəaliyyətimizin mütləq hissəsi ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər. Bütün silahların, o cümlədən, minaların tərkibindəki toksidlər illərlə torpağı və suyu zəhərləyir. Yəni mina problemi təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də təhdiddir".

Politoloq Tofiq Abbasovun sözlərinə görə, mənfur düşmən ölkəmizin böyük ərazilərində milyondan artıq mina və partlayıcı qurğu yerləşdirib. Demək olar ki, müharibə bitsə də, Ermənistanın mina terroru Azərbaycan xalqına qarşı hələ də qüvvəsini saxlayır. O bildirib ki, bu, tamamilə yolverilməz bir haldır və Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara müraciət edib: "Təəssüf ki, necə ki, işğal dövründə beynəlxalq ictimaiyyətdən ciddi reaksiya və təzyiq görmədik, eləcə də mina məsələsində də eyni vəziyyət müşahidə olunur. Cüzi yardımlar olsa da, əsas yük yenə Azərbaycanın üzərinə düşür. Mina təmizləmə prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Bu prosesdə xüsusi texnika və sursatlardan istifadə olunur. Həmin avadanlıqlar həm baha, həm də çətin əldə ediləndir. Bundan əlavə, bu texnikanı idarə edəcək peşəkar kadrların hazırlanması da həm vaxt, həm də maddi resurs tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işi öz gücü ilə həyata keçirir və bu sahədə də dünya birliyinin ikili standartlarının şahidi oluruq. Halbuki Azərbaycan həm müharibədən zərərçəkmiş ölkədir, həm də 20 faiz ərazisi dağıdılmış vəziyyətdə geri qaytarılıb. Bu torpaqların bərpası isə yalnız minalardan tam təmizlənməsi ilə mümkündür. Burada vətəndaş məsuliyyəti xüsusilə önəmlidir. İnsanlar təmizlənməmiş ərazilərə daxil olmamalıdırlar, çünki minalı zonalara girmək ölümlə nəticələnə bilər. Təəssüf ki, bəzi hallarda xəbərdarlıqlara baxmayaraq, insanlar özbaşına bu ərazilərə daxil olur və nəticədə həyatlarını və ya sağlamlıqlarını itirirlər. Ən böyük dəstək və yardım vətəndaşların təmkinli və məsuliyyətli davranmasıdır. Belə olarsa, minatəmizləmə işlərini aparan mütəxəssislər öz vəzifələrini daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Çünki bu, son dərəcə dəqiqlik və diqqət tələb edən bir prosesdir və hər bir ehtiyatsızlıq faciəyə səbəb ola bilər. Eyni zamanda, qardaş türk dövlətlərinin də bu məsələdə Azərbaycana dəstək verəcəyinə böyük ümid bəslənilir. Onlar bu çağırışları eşidiblər və Azərbaycanın hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirlər. Bu birliyimiz və həmrəyliyimiz, şübhəsiz ki, ölkəmizin mina bəlasından tezliklə xilas olmasına töhfə verəcək".

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, 44 günlük müharibədən sonra Araz çayından "Ohanyan səddi"nə kimi olan ərazilərin atəşkəs dövründə kütləvi şəkildə minalandığı müəyyən edilib: "Elə ərazilər var ki, 4-7 və 11 km dərinlikdə minalanıb. Azərbaycan hökumətinin israrlı tələblərindən sonra Ermənistan dörd mərhələdə minalanmış ərazilərin xəritələrini bizə verdi. Birinci mərhələdə verilən Ağdam rayonu üzrə xəritədə 97 min minanın olduğu bildirilirdi. Füzuli-Zəngilan regionu üzrə verilən xəritələrdə 92 min mina yerləşdirildiyi əksini tapır. Digər ərazilər üzrə konkret adlar və rəqəmlər göstərilməmişdi".

H.Səfixanovun rəhbərlik etdiyi təşkilatın tədqiqatlarından məlum olub ki, ümumiyyətlə, Kəlbəcər, Goranboy və Xocavənd rayonlarına aid 71 km-lik ərazilərə aid xəritələr Azərbaycan tərəfinə təqdim olunmayıb: "Yoxlamalardan sonra məlum oldu ki, verilən xəritələr də işə yaramır. Elə formulyarlar var ki, A4 kağızdır - heç nə oxunmur. Bundan başqa, antiterror əməliyyatından sonra məlum oldu ki, 2020-ci ildən 2023-cü ilədək olan dövrdə ikinci "cəbhə xətti" yaradıblar. Həmin ərazidə də 500 minə qədər minanın olduğu bildirilir. Azərbaycan hökuməti bunları nəzərə alaraq arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib. ANAMA yenidən qurulub. Maşın mexanizmləri, minaaxtaran itlər və siçanlar gətirilib. Minatəmizləyənlərin sayı hər il artırılır. Bütün bu işlər üçün xərclərin 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir".

Hərbi ekspert Ramil Məmmədli deyir ki, ərazilərin minalanması qayıdış prosesinə, vətəndaşlarımızın öz el-obasına qayıtması prosesinə ciddi problem yaradır, mənfi təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan hal-hazırda iki istiqamətdə minalardan təmizləmə işlərini həyata keçirir. Biri mülki təyinatlıdır, digəri isə hərbi təyinatlıdır - paralel olaraq həyata keçirilir: "Yəni hərbi strukturlar bu istiqamətdə fəaliyyət göstərir. Bizim Azərbaycan Ordusu, Silahlı Qüvvələrinin bütün qoşun növləri, demək olar ki, həmin ərazilərdə yerləşənlər bu mina təmizləmə işlərinə cəlb olunublar. Həmçinin ANAMA - yəni Mina Təmizləmə Milli Agentliyi bu prosesləri həyata keçirir. Konkret hansısa hərbi texniki avadanlıq haqqında danışmaq, hesab edirəm ki, o qədər də vacib deyil. Lazım olan bütün tədbirlər həyata keçirilir. Çünki minalardan təmizləmə prosesi elədir ki, bir göz qırpımında bunu tam həyata keçirtmək mümkün deyil və bunun üçün elə bir universal avadanlıq da yoxdur. Böyük bir hissəsi, xüsusən dağlıq və meşəlik ərazilərə düşdüyü üçün bu iş birbaşa əl əməyi ilə aparılır. Yəni birmənalı olaraq hansısa texnoloji vasitə bu prosesi tam həyata keçirə bilmir. Əl əməyi bu işdə əsas rolu oynayır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri