Əri həbsdən çıxan qadın qonşu kişi ilə gəzdi, oğulları buna şahid oldu TƏFƏRRÜAT
Moderator-ə istinadən Icma.az xəbər verir Əri həbsdən çıxan qadın qonşu kişi ilə gəzdi, oğulları buna şahid oldu TƏFƏRRÜAT.
Hacıqabul rayonunda 1980-cı il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyaşıdı və qonşusu Elmanı (adlar şərti verilib – red.) qətlə yetirib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Sərxan qonşusu Elmanın qətl hadisəsindən üç ay əvvəl gecə saatlarında onun yaşadığı evin həyətyanı sahəsinə gizlicə daxil olaraq ailə üzvlərini izləməsindən və arvadı ilə münasibətinin olmasından şübhələnib.
Bunu aydınlaşdırmağa çalışıb, lakin məqsədinə nail olmayaraq qısqanclıq və aralarında uzun müddət davam etmiş qərəzli münasibətlər zəminində Elmanı öldürmək qərarına gəlib.
Sərxan 19 avqust 2023-cü ildə saat 23:47-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Hacıqabul şəhəri Z.Tağıyev küçəsində Elmanın evinə gəlməsini gözləyib. Onun qarşısını kəsib, özü ilə evdən gətirdiyi bıçaqla ona zərbələr vurub. Elman aldığı zərbələrdən vəfat edib.
Hadisədən əvvəl, 14 iyul 2023-cü ildə saat 14 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan saxlanılıb, onun üzərində narkotik vasitə də aşkarlanıb. Həmin gün saat 15:40-da Sərxanın evində axtarış aparılıb. Evdən sənədsiz ov tüfəngi götürülüb.
Qətl isə bu hadisələrdən sonra baş verib.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə yox, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
“Ayaqqabımda iki büküm narkotik tapdım”
Sərxan ifadəsində göstərib ki, Elmanı xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb: “Qonşu olmuşuq, uşaqlıqdan birlikdə böyümüşük. Ölüm hadisəsindən üç-dörd ay əvvəl gecə vaxtı həyətə çıxdım. Bu zaman həyətdə Elmanı gördüm. Evin pilləkəninin yanında gizlənmişdi. Ondan həyətimə gəlməsinin səbəbini soruşdum. Məni çağırmağa gəldiyini, lakin əsəbi olduğumu görərək geri qayıtmaq istədiyini dedi.
Söylədikləri məni qane etmədiyindən onunla mübahisə etdim. Elmanın kiçik oğlu Bahadur bizi ayırdı.
Elmanın həyətimə girdiyi gündən sonrakı gün ayaqqabımı geyinmək istəyəndə içindən iki büküm narkotik aşkar etdim. Sonralar Elmanla görüşərək bu məsələni danışmaq istəsəm də, mümkün olmadı. Elman məndən dəfələrlə polisə şikayət edib”.
“Qışqıra-qışqıra öz evinə tərəf getdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, yəni 19 avqust 2023-cü ildə küçəyə çıxanda Elmanı görüb: “Elman mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı birdən o, əlini ataraq cibindən bıçaq çıxardı və məni vurmaq istədi. Onu təpiklə vurdum. Üzərimdə bıçaq da vardı. Elmanın bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi yetirdim. O, qışqıra-qışqıra öz evinə tərəf getdi.
Hadisə yerini tərk edərək bacım Səbinənin evinə yollandım. Darvaza açıq olduğundan həyətə daxil oldum. Əlimdəki qanı yudum, bıçağı bağa atdım, bacımgili çağırdım. Səsimə bacım qapıya çıxdı. Hadisəni ona danışdım, ondan uşaqlarıma yaxşı baxmasını istədim və təslim olmaq üçün polis şöbəsinə gedəcəyimi bildirdim.
Narkotikdən istifadə etdiyimə görə əvvəllər tutulmuşam və məhkumluğum olub. Həbsdən çıxandan sonra narkotikdən istifadə etməmişəm. İyulun 14-də üzərimdə narkotik olmayıb. Habelə evimdən aşkar olunmuş silah mənə məxsus deyil”.
“Tikə-tikə doğrayardım”
Sərxan bildirib ki, arvadı ilə Elmanın arasında hər hansı yaxın münasibət olmayıb: “Onların arasında yaxın münasibət olması barədə mənə heç kim heç nə deməyib. Elman mənim arvadımı narahat etməyib. Elə bir hadisə olsaydı, Elmanı tikə-tikə doğrayardım.
Hadisə günü Elmanı gözləməmişəm, onunla görüşməyi qabaqcadan planlaşdırmamışam. Mətbəxdən bıçağı küt olduğuna görə itiləmək üçün götürmüşdüm, evin qapısını bağlayaraq çölə çıxanda bıçaq da üzərimdə qalıb.
Çöldə gecə saat 12 radələrində əvvəlcə Elmanın oğlunu, daha sonra özünü görmüşəm. Elmanla təsadüfən görüşmüşəm. Onu öldürmək niyyətim olmayıb”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun əvvəlki ifadəsi açıqlanıb.
“Babamdan yadigar qalıb”
Sərxan həmin ifadəsində özünü ittihamlar üzrə təqsirli bilib və göstərib ki, narkotik istifadəçisidir: “13 iyul 2023-cü ildə saat 9 radələrində Hacıqabul rayonunun qəsəbəsində yolla piyada gəzən zaman yerdə sellofan bükümü gördüm. Maraq yaratdığı üçün bükümü açdım və içərisində əvvəlcədən tanıdığım heroin olduğunu gördüm.
Bükümü istifadə etmək üçün cibimə qoydum və evə getdim. İyulun 14-də saat 14 radələrində yaşadığım evdən çıxaraq qəsəbəyə gedərkən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları mənə yaxınlaşdılar, özlərini təqdim edərək, üzərimdə narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirdilər. Məni polis şöbəsinə dəvət etdilər.
Şöbədə mənə müdafiəçi dəvət edilərək videoçəklişlə şəxsi axtarış aparılmamışdan əvvəl üzərimdə hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması soruşuldu. Şalvarımın sağ cibində olan sellofan kəsiyi bükümünü təqdim etdim, bükümdə heroin olduğunu bildirdim.
Həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürləndi. Yaşadığım evdə qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşuldu, olmadığını bildirdim. Yaşadığım evə baxış keçirilməsinə etirazımın olmaması barədə ərizə yazdım. polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığım evə videoçəkiliş vasitəsilə baxış keçirildi. Yataq otağında pəncərənin qarşısında sellofan torbada olan ov tüfəngi götürüldü. Ov tüfəngi babamdan yadigar qalıb”.
“Sərxan dədəmi vurdu, qaçdı”
İş üzrə zərərçəkmiş Elmanın hüquqi varisi qismində ifadə verən anası Gülnarənin sözlərinə görə, təqsirləndirilən Sərxan onun qonşusudur, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmayıb:
“Mərhum Elman isə oğlumdur. 19 avqust 2023-cü ildə gecə saatlarında evdə yatdığımız vaxt səs eşitdim, Elman qışqıraraq oğlunu çağırırdı. Nəvəmə “çıx çölə, gör nə olub, bəlkə atan içkilidi, yıxılıb səni köməyə çağırır” dedim.
Nəvəm darvazadan küçəyə çıxdı. Mən də onun arxasınca küçəyə qaçdım. Nəvəmdən Elmanın harada olduğunu soruşdum. "Sərxan dədəmi vurdu, qaçdı” cavabını verdi. Atasının qapının qarşısına uzandığını dedi. Mən həyəcandan Elmanı görməmişdim”.
“Oğlumun yatağına girib”
Gülnarə qeyd edib ki, Elman Sərxanın həyətinə girdiyinə görə onu vurubsa, bunu elə onu gördüyü anda edərdi: “Fikrimcə, Sərxan birinci öz arvadını öldürməli, sonra mənim övladımı vurmalı idi. Oğlumun heç bir günahı olmayıb.
Sərxan bir dəfə mənə oğlum Elmanı öz həyətində tutduğunu demişdi. Mən də “həyətində tutmuşdunsa, elə oradaca vurardın” söylədim.
Sərxanın ailəsi ilə bizim ədavətimiz olmayıb. Hadisələrin bu yerə gəlib çıxmasına Sərxanın öz ailəsi, yəni arvadı səbəb olub. Sərxanın arvadı Səidə mənim oğlum Elmanın yatağına girib. Oğlumu dəfələrlə evinə çağırıb. Bu barədə Səidə ilə danışmışam. Səidə də mənə Elmanın ac olduğu üçün onun evinə gəldiyini dedi.
Elmanla Səidə arasında yaxın münasibət olduğunu hadisədən iki-üç ay qabaq eşitmişdim. Hətta oğluma irad da bildirmişdim. Ona görə oğlum məni danışdırmırdı.
Sərxan pis qonşu deyildi. Günahkar onun arvadıdır”.
“Atamı qovmasını demişəm”
İş üzrə şahid qismində ifadə verən Elmanın oğlunun sözlərinə görə, anası vəfat edib, atasının başqa qadınlarla münasibətini görməyib:
“Yalnız Səidə ilə münasibətinin şahidi olmuşam. Atam mütəmadi olaraq Səidənin evinə gedib, mən də bunu görmüşəm. Atam həm Sərxanın cəza çəkdiyi dövrdə, həm də azadlığa buraxıldıqdan sonra Səidə ilə görüşürdü.
Səidə atamla münasibətini inkar etsə də, bunu təsdiq edən sübutlar, səsyazıları var. Səidənin bacısı Aydanın da bütün bunlardan xəbəri olub. Aydan bir dəfə evinin boş olduğunu bildirmişdi. Atam həmin evə getdikdən sonra Səidə özünün də ora gələcəyini demişdi. Bu sübutlar atamın mobil telefonundadır, həmin telefon da hazırda evimdədir.
Səidə ilə münasibəti barədə atamla da danışmışdım. Ondan Səidə ilə əlaqəni kəsməsini istəmişdim. Səidənin evimizə gəlib-getdiyini də görmüşdüm.
Sərxanın oğlu ilə dost olduğumdan o da atamın onlara gedib-gəldiyini söyləyirdi. Ona atam gələndə qovmağı məsləhət bilmişdim. Sərxanın qızının da bunlardan xəbəri vardı. Sərxanı atamı arvadı ilə yaxın münasibətə görə vurub”.
“Ərimi təhqir etdiyini eşitdim”
İş üzrə şahid qismində ifadə verən Səidənin sözlərinə görə, təqsirləndirilən Sərxan onun əridir:
“19 avqust 2023-cü ildə hadisə baş verən vaxt öz evimdə deyildim, anamgildəydim. Anamgilin evi bizim evə yaxındır. Axşam çağı Sərxan özü məni və qızımı anamgilə qoyub getdi.
Gecə saatlarında Sərxanla qonşuluqda yaşayan Elmanın mübahisə etdiklərini və Elmanın Sərxanı təhqir etdiyini eşitdim. Səs-küyə həyətə çıxdım. Bir müddət sonra təcili tibbi yardım və post-patrul xidmətinin gəldiyini gördüm. Polis əməkdaşları gələndə hadisə barədə öyrəndim. Hadisə Sərxan bizi anamgildən götürməyə gələndə baş verib”.
“Ərimə bildirməmişəm”
Səidənin ifadəsinə görə, hər bir ailədə olduğu kimi əri Sərxanla da arasında ara-sıra mübahisələri olub: “Mərhum Elmanla qonşuluq münasibətləri saxlamışıq. Onun ailəsi ilə düşmənçiliyimiz və ya ədavətimiz olmayıb. Lakin onların Sərxanla ədavəti vardı. Sərxanı Elmanın anası Gülnarə tutdurmuşdu.
Sərxan yeyib-içəndi, səsi yüksək çıxan kimi Elman polisə şikayət edərək Sərxanın söyüş söydüyünü deyirdi. Anası da təqsirin öz oğlunda görür, Elman adında oğlu olmadığını deyirdi.
Hadisə vaxtı evdə olmadığımdan qətlin səbəbini bilməmişəm. Sərxan məni Elmanla tutduğuna görə cinayət törətməyib. Bizim aramızda başqa problem vardı. Sərxan mənə Elmanın həyətimizi güddüyünü, bunu belə qoymayacağını demişdi.
Sərxan azadlıqda olduğu dövrdə Elman bizə gəlib-gedib. Ərim nəinki Elmangilə, ümumiyyətlə, qonşuların evinə gedib-gəlməyib. Sərxan cəza çəkdiyi dövrdə də Elman bizə gəlib. Həyətimizdə usta işləyəndə Elman da fəhləlik edib. Bir neçə dəfə sərxoş vəziyyətdə qapımızı döyüb. Ayıq olanda bu barədə onunla danışmamışıq. Elman məni narahat edirdi. Bu barədə ərimə arada düşmənçilik olmasın deyə bildirməmişəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 18 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)