Icma.az
close
up
RU
Ermənistanda konstitusiya islahatları: zərurət və məcburiyyət

Ermənistanda konstitusiya islahatları: zərurət və məcburiyyət

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yeni əsas  qanundan gözləntimiz və...

Deməli, Ermənistan Konstitusiya İslahatları Şurası növbəti iclasını keçirib. Bu barədə məlumat verən ölkənin ədliyyə naziri Srbui Qalyan deyib ki, yeni konstitusiya gələn ilin martında hazır olacaq: “Ədliyyə Nazirliyinin öz üzərinə götürdüyü mətnin hazırlanması və onun hazırlanma müddəti ilə bağlı öhdəliyi bir daha təsdiqləmək istəyirəm. ghdəlik ondan ibarətdir ki, konstitusiyanın yeni mətni mart ayında hazır olmalıdır”. 

Qeyd edək ki, Ermənistanda konstitusiyadan söz düşəndə məsələ Bakının tələbi şəklində təqdim olunur. Xüsusən, ölkənin revanşist və şovinist xislətli müxalif kəsimi iqtidarı aşağılamaq üçün bildirir ki, baş nazir Nikol Paşinyan administrasiyası əsas qanunu yeniləmək məcburiyyətindədir, çünki Azərbaycandan qorxur. Əlbəttə, demək istəmirik ki, hay hakim dairələri qorxmurlar. Amma məsələnin, yəni ümumən Paşinyan iqtidarının Ermənistanda konstitusiya islahatları mövzusunun tarixi qorxunun yarandığı vaxtdan qabaqdır.

Əvvəlcə bildirək ki, hay hakim dairələrinin ölkədə konstitusiya islahatları ilə bağlı mövqeyində dəyişiklik olub. Yəni ilk dövrlərdə konstitusiyaya dəyişikliyi vacib sayılırdısa, indi yeni konstitusiya məramı gündəmdədir. Məsələ isə ondadır ki, N.Paşinyan Ermənistanın əsas qanununa əl gəzdirmək ideyasını ortaya hakimiyyət kreslosuna əyləşər-əyləşməz atmışdı. O, 2018-ci ildə bildirmişdi ki, 2015-ci il konstitusiyası demokratik legitimlik baxımından problemlidir. Nikol hakimiyyətin balanslaşdırılması və məhkəmə sisteminin dəyişməsi üçün düzəlişlərə ehtiyacın olduğunu vurğulamışdı. 

Amma 2018-ci ildə Ermənistanda rəsmi islahat mexanizmi yaradılmadı. Yəni Paşinyanın dilə gətirdiyi tezislər siyasi bəyanat statusundan çıxmadı. 2019-cu ildə isə konstitusiya dəyişikliklərinin zəruriliyinə dair fikirlər yenidən səslənməyə başladı. Amma bu dəfə məsələyə əməli fəaliyyət prizmasından yanaşıldı və erməni hökuməti ilkin işçi qrupları formalaşdırılmaq kursu yeritdi. Seçki sistemini, referendum mexanizmini, məhkəmə hakimiyyətini və hibrid parlament elementlərinin dəyişdirilməsi hədəfi müəyyənləşdirildi. 

N.Paşinyan 2020-ci ildə bir qədər də irəli gedərək, Konstitusiya İslahatları üzrə Peşəkar Komissiya adlı qurum formalaşdırdı ki, onun məqsədi əsas qanunun təhlilinin həyata keçirilməsi və dəyişiklik paketinin hazırlanması idi. Həmin ilin martında Nikol ölkədəki QHT-lərin iştirakı ilə genişlənmiş islahat formatı məsələsini gündəmə gətirdi ki, bu da daha çox siyasi gediş xarakteri daşıdı. Belə ki, əsas tezislər qismində idarəetmədə şəffaflıq, hakimiyyət bölgüsünün dəqiqləşdirilməsi kimi məsələlər gündəmdə oldu. Lakin Paşinyan gözlənilmədən özünün yaratdığı islahat komissiyasını ləğv etdi. O bildirdi ki, yeni format lazımdır və cəmiyyətlə daha fərqli birbaşa dialoqun qurulmasına ehtiyac var. Həmin il “COV,D 19” pandemiyası və 44 günlük müharibə nəzərdə tutulanların icrasını yarımçıq qoydu. 

N.Paşinyan konstitusiya ilə bağlı islahat məsələsini 2021-ci ilin yazında yenidən gündəmə gətirdi. O, 2015-ci il əsas qanununun ölkəyə funksional problemlər yaratdığını, habelə siyasi sabitlik naminə dəyişikliklərin qaçılmaz olduğunu bildirdi və başlıca olaraq üç məqama fokuslandı. Bunlar parlament sisteminin səmərəlisizliliyi, prezident institutunun səlahiyyətlərinin dəqiqləşdirilməsi və Konstitusiya Məhkəməsinin yenilənməsi zərurəti idi. Amma həmin dövrdə “tam yeni konstitusiya” məsələsi gündəmdə deyildi. 

N.Paşinyan 2022-ci ilin yanvarında haqqında söz açdığımız Konstitusiya İslahatları Şurası adlanan qurum formalaşdırdı. Yeni təsisat əvvəlkindən daha geniş götürüldü və onun tərkibində hüquqşünaslar, ictimai təşkilatların, dövlət orqanlarının və parlament fraksiyalarının nümayəndələri təmsil olundular. Yeri gəlmişkən, Ermənistan Milli Assambleyasının müxalif fraksiyaları formata qoşulmaqdan imtina etdilər. 

Beləliklə, Konstitusiya İslahatları Şurası qarşısına konstitusiyaya düzəlişlər layihəsi hazırlamağı və ehtiyac yaranarsa, tam yeni konstitusiya variantını da araşdırmaq vəzifəsini qoydu. Başlıca müzakirə mövzusu güc balansına, icra və parlament münasibətlərinə, həmçinin istintaq orqanlarının roluna dair məsələlər oldu. hmumən, 2023-cü ildə konstitusiya ilə əlaqədar geniş ictimai müzakirələr keçirilmədi və Paşinyan tədrici islahat xəttini davam etdirdi. Müxalifət isə bildirdi ki, islahatlar Nikolun öz hakimiyyətini möhkəmləndirməsi üçündür. Sonuncu məqama qayıdacağıq. 

Əlqərəz, N.Paşinyan 2024-cü ilin əvvəlindən başlayaraq, tam yeni konstitusiya təşəbbüsünü irəli sürdü. Durumu əsaslandıran başlıca tezislərə gəldikdə, bir çox ekspertlər mövcud xüsusda daxili siyasi motivləri, regional dəyişiklikləri, yenə də əvvəldə barəsində söz açdığımız 2015-ci il əsas qanununun qeyri-legitimlik paradiqmasını, hakimiyyət balansı məsələlərini, ən başlıcası isə Azərbaycanla münasibətlər kontekstini vurğulayırlar. 

Reallıq isə ondadır ki, 2020-ci il müharibəsindən və ondan sonrakı mərhələdə Ermənistanın təhlükəsizlik arxitekturası dağıldı, ölkənin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və əsas müttəfiqi Rusiya ilə münasibətlərində etimad böhranı yaşandı, həmçinin Ermənistan yeni geosiyasi xəttə keçid edərək, Qərbyönümlü modernləşmə kursunu  Avropa İttifaqı ilə genişləndirilmiş tərəfdaşlıq xətti, 2024-2025-ci illərdə Aİ müşahidə missiyasının möhkəmləndirilməsi  götürdü. Bütün bunları arqumentləşdirən Paşinyanın sözlərindən gəlinən qənaət belə oldu ki, keçmiş təhlükəsizlik modelinə uyğun yazılmış konstitusiya artıq işlək deyil, əsas qanun müdafiə və təhlükəsizlik mexanizmlərinin yenilənməsini, suverenlik və xarici siyasət kursunda dəyişiklikləri, habelə qonşularla, xüsusən Azərbaycan və Türkiyə ilə uzunmüddətli sülhə uyğun hüquqi çərçivə müəyyənləşdirməlidir.

Əlbəttə, erməni iqtidarının təmsilçiləri, o cümlədən Paşinyan nə qədər desə ki, konstitusiya ilə bağlı məsələ Azərbaycanın tələbindən irəli gəlmir, buna inanan yoxdur və ya azdır. Çünki ölkəmizin rəsmiləri qətiyyətli şəkildə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu ritorikasını diri tuturlar. Əslində, Nikolun özü də açıqlamalarının birində bildirmişdi ki, erməni əsas qanununun 1990-cı ilin İstiqlaliyyət Bəyannaməsinə istinadı sülh üçün problemlər yaradır. Daha doğrusu, o, bəyannamədəki “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsinin problematik mahiyyət daşıdığını önə çəkmişdi. Görünür, Paşinyanın konstitusiyanın “sülhə uyğunlaşdırılması” tezisi bundan qaynaqlanır. Hərçənd, baş nazir təzadlı ritorikaya da üstünlük verir. Məsələn, o çox tez-tez bildirir ki, erməni əsas qanunu heç bir dövlətə qarşı ərazi iddiası ruhunda deyil. Hər halda, bu deyim başadüşüləndir. Çünki Paşinyan ağ yalanı ört-basdır etməlidir. Həm də ona görə ört-basdır etməlidir ki, diqqətlər yeni konstitusiyanın Azərbaycanın tələbinin yerinə yetirilməsi olduğuna dair müxalif baxışlardan yayınsın. 

Bəli, Paşinyan məhz həmin müxalif baxışları sıradan çıxarmaq üçün pafosa da üstünlük verir və müəyyən mənada böyük səslənən “xalqla dövlət arasında yeni sosial kontrakt” ideyasını ortaya atır. Əslində, o, 2018-ci ildə səsləndirdiyi “2015- ci il konstitusiyası demokratik legitimlik baxımından problemlidir” fikrinə qayıdır və hazırkı əsas qanunun xalq tərəfindən özününküləşdirilmədiyini vurğulayır. Hərçənd, indi Nikol daha konkretdir və deyir ki, əvvəlki konstitusiya sabiq prezident Serj Sarkisyanın hakimiyyətini uzatmaq üçün yazılmışdı. 

Əlbəttə, Nikol haqlıdır. Lakin haqqın başqa tərəfi var. Məsələ ondadır ki, 2015-ci ilin əsas qanunu mahiyyət etibarilə 2018-ci il “məxməri inqilabı”nın legitimliyini təsdiqləmir. Nəticədə Paşinyanın hakimiyyətdə olması qeyri-qanuni hal kimi görünür. Ona görə baş nazir deyir ki, Ermənistan ictimaiyyəti “məxməri inqilab”dan sonra yeni siyasi sistem gözləyirdi. Axı 2015-ci il konstitusiyası ölkəni parlamentli respublika elan etsə də, praktikada durum fərqlidir. Yəni idarəçilikdə məsuliyyət bölgüsü qeyri-müəyyəndir və bu, gələcəkdə prezident və parlament sistemləri arasında gərginlik doğura bilər. Deməli, mərkəzləşmə və parlament balansı məsələsi aktualdır. Yəqin elə buna görədir ki, tənqidçiləri yeni konstitusiyanı Paşinyanın öz hakimiyyətini möhkəmləndirmək istəyi kimi görürlər. Onlar baş nazirin səlahiyyətlərinin genişləndiriləcəyi, müxalifətin institusional təsir imkanlarının məhdudlaşdırılacağı və prezident institutunun rolunun daha da zəiflədiləcəyi qənaətini bölüşürlər. Əlbəttə, bu arqumentlər Nikolun “daha funksional dövlət qurmaq” pafosu qarşısında zəifdir.

 Sonda onu da deyək ki, Ermənistanın ədliyyə naziri S.Qalyan gələn ilin martında yeni konstitusiya layihəsinin ərsəyə gələcəyini bildirsə də, sənədin konkret olaraq hansı müddəalardan ibarət olacağı müəmmalıdır. Çox güman, belə bir vacib layihədən əvvəl onun ətrafında ictimai müzakirələr təşkil olunacaq və təfərrüatlar açıqlanacaq. Əlbəttə, qonşu və regionda lider ölkə olaraq Azərbaycan üçün erməni əsas qanununun məzmunu maraq doğurmaqdadır və bunun səbəbini açıqladıq. Paşinyanın yeni konstitusiya baxımından arqument kimi gətirdiyi bir çox məsələlər də tərəfimizdən müsbət qiymətləndirilə bilər. 

Bəli, Ermənistan konstitusiyası ilə bağlı marağımızı şərtləndirən ən başlıca məqam ölkənin işğalçılıq üçün heç bir hüquqi əsasının qalmamasıdır. Həqiqətənmi belə olacaq, yoxsa hay iqtidarı yalnız sırf özünə sərfəli cəhətlər üzərində dayanacaq, gedişatı zaman göstərəcək. Hələlik isə Paşinyanın bir fikri üzərində də dayanaq. O, bu günlərdə demişdi ki, Ermənistanda yeni konstitusiya referendumu 2026-cı ilin parlament seçkilərindən sonra keçiriləcək. Nikolun sözlərindən həm də bu qənaət hasil olmuşdu ki, nəzərdə tutulan fəaliyyət 2027-ci ilə saxlanılmayacaq. 

Necə deyərlər, yaşayarıq, görərik. Eyni zamanda, Azərbaycan-Ermənistan yekun sülh müqaviləsinin imzalanmasını görməyi də arzulayırıq. Nəzərə alaq ki, prosesin gerçəkləşməsi yeni erməni əsas qanunundan, daha doğrusu, sənədin gözlədiyimiz pozitiv mahiyyətli strukturundan asılıdır.

Ə.CAHANGİROĞLU

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri