Ermənistandan Gürcüstana keçmək istəyən italiyalı jurnalistin ölkəyə girişinə icazə verilməyib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistandan Gürcüstana keçmək istəyən italiyalı jurnalist Cakomo Ferraranın ölkəyə girişinə icazə verilməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist özünün "Telegram" kanalında yazıb.
Cakomo Ferraranın sözlərinə görə, o, Ermənistandan Gürcüstana daxil olmaq istəyib, lakin sərhəddə polis ona 5 000 lari məbləğində cərimə ödəməli olacağını, əks halda ölkəyə buraxılmayacağını bildirib.
Jurnalist qeyd edib ki, bu məlumat onun üçün gözlənilməz olub. Ferrara iddia edir ki, o, martın 31-də Tbilisidə keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə cərimələnib. Onun sözlərinə görə, aksiyada iştirak etməməsi, sadəcə aksiyanı işıqlandırması ilə bağlı arqument də heç bir işə yaramayıb.
"Bir-iki turist səfəri istisna olmaqla, mən həmişə Gürcüstana məhz jurnalist kimi səfər etmişəm... Mən fəal deyiləm, etirazçı da deyiləm. Mənim işim hadisələri müşahidə etmək, sənədləşdirmək və onlar barədə xəbər verməkdir - başqa heç nə", - deyə jurnalist yazıb.
O əlavə edib ki, bu dəfə oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkisini işıqlandırmaq üçün Gürcüstana gedirmiş.
İtaliyalı cərimə ödəməkdən imtina edib və pasportunu geri tələb edib, pasport iki saat sonra ona qaytarılıb. Jurnalist baş verən hadisə ilə bağlı İtaliyanın Gürcüstandakı səfirliyinə və Beynəlxalq Jurnalistlər Federasiyasına məlumat verib.
Qeyd edək ki, bu, avropalı jurnalistlərin Gürcüstana girişinə qadağa qoyulduğu ilk hal deyil. Bundan əvvəl çexiyalı jurnalist Rey Beysli və fransalı fotomüxbir Jerom Şabo da ölkəyə buraxılmayıb. Onlar hamısı Tbilisidəki etirazları işıqlandırırdılar.


