Əsir mühəndisdən Səhra gülü nə
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çingiz ABDULLAYEV
Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri
İkinci Dünya müharibəsi haqqında yazılan kitabları, lentə alınan bədii və sənədli filmləri, qələbə münasibətilə keçirilən təntənəli paradları insanlar bu gün də maraqla izləyirlər. Bu da səbəbsiz deyil. Bu dəhşətli savaş hər bir ailədə kədərli izini buraxıb. Kitab və filmlərdə, çəkilən tablolarda hər birimiz yaxınımızı axtarır, bədii qəhrəmanları onlara bənzədirik.
Təkcə Avropanın deyil, dünyanın qorxunc yuxusuna çevrilən və "Qoca qitə"nin xəritəsini dəyişən İkinci Dünya müharibəsi bizim ailədən də izsiz ötüşməyib. Ana babam Ələkbər Zeynalov müharibədə həyatını, ata babam Yaqub Məmmədov isə bir ayağını itirib. Bu itkilər, sovet-alman savaşının kədərli epizodları barədə yaşlı qohum-qonşuların xatirələri uşaqlıq yaddaşımda silinməz iz kimi qalıb.
Gənclik illərindən taleyim elə gətirib ki, ömrümün çox hissəsini almanlarla təmasda keçirmişəm. Əlaqələr bu gün də davam edir. 1990-cı ildən Almaniyada fəaliyyət göstərməyə başladığım vaxtdan İkinci Dünya müharibəsi mövzusu müxtəlif situasiyalarda qarşıma çıxıb. Tarixi qələbənin növbəti ildönümü və yubiley tarixləri ərəfəsində həmin məqamları tez-tez xatırlayıram.
İndi artıq gizli deyil ki, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, Sumqayıtda, Mingəçevirdə, Salyanda, Xızıda, indiki Göygöl rayonunda alman əsirləri yaşayıb və əsasən də onlardan tikinti-quruculuq işlərində ucuz işçi qüvvəsi kimi istifadə edilib. O da məlumdur ki, Bakı şəhərinin memarlığında xüsusi iz buraxmış bir neçə əzəmətli binanı məhz hərbi əsirlər tikiblər. Həyatını itirən alman hərbi əsirlərinin sadalanan şəhər və rayonlardakı məzarlıqlarının bu gün də qorunub saxlanılması Azərbaycan tolerantlığının bariz nümunəsidir. Bütün çətinliklərə rəğmən, sağ qalan hərbi əsirlər isə Almaniyanın o zamankı kansleri Konrad Adenauerin Sovet İttifaqı rəhbərliyi ilə danışıqları nəticəsində 1950-ci illərin ortalarında əsirlikdən azad olunaraq vətənlərinə dönə biliblər. Vətəninə dönə bilən alman hərbi əsirlərindən biri, Hoyzenştam (Heusenstamm) şəhərindən olan Villi Deş (Willi Desch) 50 il sonra oğlu Tomasla birlikdə Mingəçevirə də səyahət edib, bir zamanlar salınmasında yaxından iştirak etdiyi şəhəri gəzib, mühəndis kimi gördüyü işlərdən danışıb, xatirələrini yerli sakinlərlə bölüşüb. Mingəçevirdən Hoyzenştama dönərkən əsirlik dövründə tərtib etdiyi xatirə dəftərini muzeyə bağışlamağı da unutmayıb.
Bu hadisəni Əməkdar incəsənət xadimi Elçin Musaoğludan eşitmişəm. İllər öncə eşitdiyim bu gerçək əhvalat mənə çox maraqlı gəldi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə sənədli film çəkmək ideyası gerçəkləşdi. Almaniyadakı əlaqələrimdən istifadə edərək Villi Deşlə təmas qurduq, 2003-cü ilin martında Maynts şəhərində Alman-Azərbaycan Cəmiyyətinin iştirakı ilə təşkil olunmuş Azərbaycan Mədəniyyət günlərinə onu da dəvət etdik. Ömrünün müəyyən hissəsi Azərbaycanla bağlı olan cənab Villi Deş dəvətimizi məmnuniyyətlə qəbul edərək tədbirdə iştirak etdi. 2007-ci ildə Azərbaycan-Alman dostluğuna həsr olunan filmin əsas çəkilişləri Almaniyada aparıldığından Villi Deşlə müsahibə onun Azərbaycana bəslədiyi məhəbbətin səmimi ifadəsinə çevrildi. Sağollaşıb ayrılarkən unudulmaz anlar yaşadıq. Çiskinli havada evinin astanasından bizimlə sağollaşan Villi Deşin əlində Azərbaycan bayrağını tutması yaddaşımıza həkk olunan təsiredici məqam idi.
Çəkilişlər zamanı alman dostlar azərbaycanlıların humanistliyi və ölkəmizdəki multikultural mühit haqqında xeyli xoş sözlər söylədilər, fikirlər səsləndirdilər. Azərbaycanı, burada yaşayan insanları həmişə xoş hisslərlə xatırlayan Villi Deş əlyazma şəklində qeydlərini Cəmiyyətimizə hədiyyə etdi.
İkinci Dünya müharibəsi mövzusunu düşünərkən daha bir maraqlı məqamı xatırlayıram. 1991-ci ilin mayında Köln şəhərində səfərdə idim. Savaş zamanı Türküstan Legionunun rəhbəri olmuş özbək əsilli alim Baymirzə Həyati məni şəhərətrafındakı evinə qonaq dəvət etdi. Həmin gün masa ətrafında Rusiyanın tanınmış din xadimi, Ümumrusiya müftisi Ravil Qaynutdin, Qırğızıstan Respublikasının keçmiş mədəniyyət naziri, SSRİ Xalq artisti Çolpanbek Bozarbayev kimi maraqlı insanlar da var idi. Səmimi və unudulmaz söhbətimizin xeyli hissəsi İkinci Dünya müharibəsinin acıları ilə bağlı oldu.
Mövzunun davamı kimi Almaniyada Azərbaycan Legionu haqqında tədqiqat aparan Nəsiman Yaqublunu rəhmətlə anıram. Bu gün aramızda olmayan Nəsiman bəy Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Neu-Ulm şəhərinə səfər edə bildi, soydaşımız Bəşir Əlizadə ilə görüşlərdən əldə etdiyi maraqlı məlumatları qələmə aldı.
Almaniyada yaşadığım dövrdə Azərbaycan Legionunun üzvlərindən Ali Lodos və Qılınc Avarla ötəri görüşlərimi, onların əzablı həyat hekayələrini unuda bilmirəm. Dəhşətli müharibə, onun gətirdiyi fəlakətlər, qırılan talelər...
Təsirli məqamlardan biri də Samuxdan olan Əzim kişinin Cəmiyyətə təşrif buyurması oldu. Onun müharibə illərində yaşadığı taleyin Frankfurt şəhərinə qədər uzanması, yaşlı çağlarında belə bəzi alman sözlərini xatırlaması görüşə xüsusi duyğusallıq qatdı. Bu unudulmaz görüş çəkdirdiyimiz xatirə şəkli ilə yaddaşımıza həkk olundu.
Yazımın əvvəlində qeyd etdiyim kimi, qanlı-qadalı müharibənin başa çatmasından 80 il keçməsinə rəğmən, insanlar o dövrü anladan əsərlərə yenə də maraq göstərirlər. Kinorejissor Tahir Tahiroviçin lentə aldığı "Rudolfun gündəliyi" sənədli filminin keçən il Avstriyanın paytaxtı Vyanada nümayişi zamanı yaşananlar buna bir nümunədir. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində filmə baxış zamanı tamaşaçıların keçirdikləri həyəcan başadüşüləndir.
Yeri gəlmişkən, Tahir Tahiroviç bu mövzunu kino dilində əvvəllər də uğurla çatdırıb. Rejissor müharibə vaxtı yaralı azərbaycanlı əsgərə qayğı göstərən və sonradan həyatını Naxçıvana bağlayan Erika xalaya həsr etdiyi "Səhra gülü" sənədli filmində məhz müharibənin bir insanın taleyində buraxdığı izlərdən bəhs edir.
Ötən ay Berlindəki "Urania" Elm Mərkəzində maraqlı tədbir keçirilib. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirdə görkəmli rejissor Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi nümayiş etdirilib. Azərbaycanın mərd və qəhrəman oğlu Mehdi Hüseynzadənin obrazı filmdə ustalıqla canlandırılıb.
Alman-Azərbaycan Cəmiyyəti bu mövzunu daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, əsirlikdə vəfat edən azərbaycanlı əsgər, əslən Qərbi Azərbaycanın Meqri bölgəsindən olan Balaca Məmmədxan oğlu Hacıyevin Almaniyanın Zeithain Şəhər Məzarlığındakı qərib məzarını ziyarət etmək üçün Cəmiyyətimiz onun qohumlarına səfər imkanı yaratmışdı.
2021-ci ilin oktyabrında Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə tarix elmləri doktoru Həcər Verdiyevanın rəhbərliyi altında tarixən Azərbaycanda məskunlaşmış almanların Sibirə və Qazaxıstana deportasiya olunmasının 80 illiyinə həsr edilmiş beynəlxalq konfrans da tarixin yaddaşına bir səyahət oldu.
Almaniyada deportasiyanın 85 illiyinə həsr olunmuş "Das Bestrafte Volk" ("Cəzalandırılmış xalq") sənədli filmi lentə alınaraq ictimaiyyətə təqdim olundu.
Yuxarıda sadalanan xatirələr ağrılı-acılı olsa da, 1941-1945-ci illərdəki qanlı savaş və ondan sonrakı dövr tarixin unudulmaz səhifəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Oktyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















