Əsl şair haqqa qovuşdu: Azərbaycan ədəbiyyatı dərin kədər içindədir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Canına yazığı gələn adamdan şair olmaz - Əlisəmid Kür istisnadır
Səni ölüm yox, həyat öldürdü, Əlisəmid. Qan-tər içində yaşadığın ömür başa çatıb
Azərbaycan ədəbi fikir və milli düşüncə tarixinin görkəmli nümayəndələrindən biri, şair Əlisəmid Kür vəfat edib. Şairlə dünən Salyan rayonunun Hacı Tağı məscidində vida mərasimi keçirilib, rayon qəbiristanlığında dəfn edilib. Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib. Mərasimdə çıxışçılar Əlisəmid Kürün yaradıcılığı barədə söhbət açıb, onunla bağlı xatirələrini dilə gətiriblər.
Qeyd edək ki, Əlisəmid Kür (Cəfərli) ötən gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib. Ailə üzvlərinin məlumatına görə, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilib.
Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Onun əsərləri sadəcə ədəbi nümunə deyil, həm də dərin fəlsəfi düşüncə və ictimai mövqenin ifadəsi olub. Vətən sevgisi, xalqın taleyi və insan vicdanı onun yaradıcılığında daim ön planda dayanırdı. Əlisəmid Kür oxucularına yalnız sözlə deyil, həm də düşüncə və vicdanla müraciət edən bir ziyalı idi. Əlisəmid Kürün ölkənin müasir poeziya mühitində özünəməxsus üslubu seçilən yaradıcılığı bir neçə nəsil oxucu və ədəbiyyatsevərin qəlbində iz qoyub. Onun poeziyası, estetik zövqü, şəxsiyyəti hər zaman diqqət çəkib. Onun şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dərc edilib. “Rəngli kölgələr”, “Əlisəmid və qırx tanış üz”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində”, “Tənha kentavr” kitablarının müəllifi, bir sıra ədəbi mükafatlar laureatıdır. Onun əsərlərində Vətən sevgisi, xalq taleyi və insan vicdanı daim ön planda dayanırdı. O, sadəcə bir ədib deyil, həm də milli kimlik uğrunda mübarizə aparan ziyalı idi.
Şairin ölümü dostlarını, ədəbi mühitin nümayəndələrini dərindən sarsıdıb, sevənləri şairlə bağlı xatirələrini dilə gətiriblər.
Şairin ölümünə kədərlənən oxucuları sosial şəbəkələrdə onu
-“Hara gedirsən, Kentavr?
- Kimdən qaçırsan, Kentavr?…”
sözləri ilə xatırlayıb. Bu sözlər onun yaradıcılığının və şəxsiyyətinin dərin izlərini əks etdirir, eyni zamanda oxucuların və yaxınlarının qəlbində Əlisəmid Kürün yadigar qalmasını simvollaşdırır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Əməkdar mədəniyyət işçisi Umud Rəhimoğlu Əlisəmid Kürlə sıx dostluqlarından söhbət açıb:
“Mən ilk dəfə və sonuncu dəfə Əlisəmidlə Salyana gəldim və Əlisəmidsiz Bakıya qayıdıram. Biz 45 ildir dostluq edirdik. Əlisəmid Kür öz poeziyası ilə Türk dünyasının dəyərli şairləri sırasında yer almışdı. Biz onunla çox tez-tez görüşürdük, söhbətlərdən usanmırdıq. Bütün söhbətlərinin içində Vətən, torpaq, sevgi var idi. Ruhu şad olsun”.
Şair Aqşin Yenisey Sherg.az-a açıqlamasında Əlisəmid Kürün ölümü ilə bağlı üzüntüsünü bu cür dilə gətirib:
“Bir dəfə yekəqarın dostlarımızdan biri soruşdu ki, bizim istedadlar niyə öz qədirlərini bilmirlər? Cavab verdim ki, öz qədrini bilən istedad deyil, bacarıqdır, fərasətdir. İstedad öz qədrini bilməyəndir. Çünki istedad qədirdən çox yuxarıda olan bir dəyərdir. İstedadın qədrə ehtiyacı yoxdur.
Bir də sənin kimilərlə eyni dünyada yaşamaqdan ötrü istedad niyə özünə əziyyət verib qədrini bilməlidir? İstedad qədri bilinsə də, öz işini görəcək, bilinməsə də. Çünki istedad qiymətləndirmənin nəticəsi olaraq var olan bir şey deyil. Qiymətləndirilən şey bacarıqdır. Qiymətləndirilmədikdə zibilə dönür. Bizdə ölən istedadlı adamların arxasınca tez-tez belə bir söz deyirlər: Canına yazığı gəlmirdi. Ay millət, canına yazığı gələn adamdan şair olmaz, rəssam olmaz, musiqiçi olmaz. Ümumiyyətlə, yaradıcı adam olmaz. Yaradıcılıq can alan işdir. Sizi yaradıcılığın imitasiyasıyla məşğul olub özünün, arvad-uşağının, katibəsinin, sürücüsünün zadın qədrini bilən, özüylə bərabər bütün nəslinin canına yazığı gələn adamlarla aldadıblar. Əlisəmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi, ölüsüylə dirisinin bir fərqi olmayan yüzlərlə pis şairdən biri olacaqdı. Halbuki bu gün bütün ədəbiyyat mühiti bilir ki, əsl şair ölüb. Əsl şairdən geriyə əziz xatirə qalmır, qorxu, əzab, dəhşət, vahimə qalır...Ruhu şad olsun!”.
Yazıçı Tural Cəfərov da Sherg.az-a açıqlamasında Əlisəmid Kürün onun üçün doğma adam olduğunu deyib:
“Tərcümə Mərkəzində bir otaqda otururduq. Futboldan danışırdıq, kinodan danışırdıq, ədəbiyyatdan, həyatdan danışırdıq. Onun haqqında bir film də çəkmişdik. Adı da “Şairin günü” idi. Məndən xahiş edirdi ki, şərhləri onun üçün kağızda çap edim. Mən də çap edirdim, oxuya-oxuya uşaq kimi sevinirdi. O, insanları sevirdi və əvəzində onlardan sevgi gözləyirdi. Onun haqda çox, lap çox danışmaq olar. Bir az da özü danışsın, biz qulaq asaq…”.
Yazar Əsəd Qaraqaplan isə şairin ölümü ilə bağlı hisslərini bu cür ifadə edib:
“Həyatımdakı ən kədərli ölümdür. Elə bilirəm, Əlisəmid Kür yox, şeir öldü”.
Şair Kəramət Böyükçöl hesab edir ki, Əlisəmid Kürün qan-tər içində yaşadığı ömür başa çatıb: “Həmişə haqqında nəsə yazanda və ya xoşuna gələn bir yazım olanda yolun o üzündən də olsa əl eləyirdi ki, oxudum. Görəsən, indi bu yazdığımı da oxuya bilirsənmi? Səni ölüm yox, həyat öldürdü, Əlisəmid. Ruhun şad olsun!”.
Yazıçı Fəxri Uğurlu qeyd edib ki, Əlisəmid Kürün sözü qıraqdan gəlməyib, öz bəxtindən mayalanıb, eynən özünə oxşayır: “Onun ömür yoluna bələd olanlar bilirlər ki, Əlisəmidin həyatı çox da rahat keçməyib, xarakterimi deyim, alın yazısı, qismətimi deyim, onu çox bəlalara atıb. Onun evini başına uçurmuş zəlzələlərin dağıntıları altından nəinki hər şair, heç özündən deyən hər igid də salamat çıxa bilməzdi. Amma Əlisəmid çıxdı, sözün, qələmin, onu istəyən, qədrini bilən dostların sayəsində çıxdı. Ən böhranlı günlərində belə Əlisəmidin poeziyadan küsdüyünü, sözünün tükəndiyini görmədim. Az yazdı, amma yazdı, öz taleyinə, qismətinə, qəzavü-qədərinə diaqnoz qoydu, ömrünün mənzərəsini dönəm-dönəm, epizod-epizod qələmə aldı, həyatını bir toxucu səbriylə ilmə-ilmə kağıza hördü. Bu dünyada cin çapmış at kimi rahatlıq tapmadın, barı o dünyada yerin rahat olsun.
Ruhun şad olsun, Əlisəmid, Kür kimi dəli-dolu şair!”.
Yazar Sevinc Elsevər Şairə Allahdan rəhmət, yaxınlarına, dostlarına səbr diləyib:
“Təəssüf ki, şəxsi tanışlığımız olmadı. Hətta tədbirlərdə rast gəlmişdim bir neçə dəfə. Görüşməmişdim. Belə məsələlərdə mən utancağam. Ünsiyyət qurmaqda çətinlik yaşayıram. Hətta bir müddət jurnalist kimi çalışmağım da bu xasiyyətimi dəyişə bilməyib. Onu ötən yaz gördüm. Bir tədbirdən bərabər çıxdıq. Keçidə düşdük, çıxdıq. Amma iki yad adam kimi. Amma qələmini sevdiyim, hörmət etdiyim şairlərdən olub həmişə. Şeirlərini sevgiylə oxumuşam. Kimsə xəstələnəndə, ya başına nəsə gələndə deyirsən gərək özünü qoruyaydı, gərək belə etməyəydi, belə yaşamayaydı. Amma Azərbaycan elə ölkədir ki, burada bacardığın kimi yaşayırsan. Ayrı cür mümkün deyil. Həkimlər çıxıb məsləhət verəndə ki, bunu yeməyin, onu yeyin, əsəbiləşirəm. Camaat nə tapır, onu yeyir. Seçim şansımı var? Kişilərin içməmək şansımı var? Vaxtsız ölməmək şansı varmı adamların? Nə isə. Kədərlidir. Kədərimi bölüşürəm dostlarla! Əlimdən bu gəlir ancaq təəssüf ki!”.
Şərif Ağayar:
"Mənim üçün nəinki Bakının, Azərbaycanın, hətta dünyanın rənglərindən biri azaldı. Şair kimi də, insan kimi də, zahiri görünüşcə də olduqca fərqli, maraqlı, yaddaqalan idi. Dostuna, yoldaşına ürəyini çıxarıb verərdi. Fədakarlığı bacarırdı. Həyatı da dramatik, ziqzaqlı, narahat yaşamağı sevirdi. Əlisəmid ocağın közərən yeri kimi ömür sürdü. Şeirlərini də orada yazdı. Ona görə heç vaxt unudulmayacaq. Ruhu şad olsun!
Nasir Səfər Alışarlı da şair dostunun itkisindən dərin sarsıntı keçirib:
“Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir. Doğrudur, mən bunu istiqlalçılarla bağlı yazmışdım, ancaq Əlisəmidi milli istiqlaldan kim ayıra bilər ki?! Onun hər bir şeiri mənəvi intibahın poetik nəfəsi, hissi və həyəcanı ilə süslənib. İndi şair haqda xatirə yazmaq bir az çətindir. Sosial mediada o qədər ləyaqətsizə o qədər boğazdanyuxarı təriflər yağdırırlar ki, adam layiqlilər haqda o sözləri deməyə qorxur. Əlisəmid heç nədən qorxan adam deyildi, nəyi vardısa, ədəbiyyata qurban vermişdi. Bir quru canı vardı, onu da sonda yazılmamış misra kimi bizə bağışladı. Şeiri necə yazmışdısa, çörəyi necə qazanmışdısa, arağı necə içmişdisə, o cür də mərdi-mərdanə, qorxusuz-hürküsüz, sanki zarafatla öldü ki, sabah bizimlə qarşılaşanda təəccüblənməyək”.


