Azərbaycan Ədəbiyyatı Muzeyində “Kəsilməyən işıq”
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub.
“Kəsilməyən işıq” adlı ədəbi-musiqili məclisi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov şair Sərdar Əsədin muzeylə bağlılığından danışaraq bildirib ki, şair bu mədəniyyət ocağına ilk dəfə ötən əsrin 50-cı illərində, tələbəlik çağlarında gəlmişdir. Həmin dövrdə Ədəbiyyat Muzeyi artıq fəaliyyətə başlamış, Azərbaycan ədəbiyyatının və ədəbiyyatsevərlərin mühüm mərkəzlərindən birinə çevrilmişdi.
Muzey direktoru vurğulayıb ki, millətinə söz və yaradıcılıq nümunələri miras qoyan insanların əsl mənəvi ünvanı onların əsərlərinin yaşadığı, gələcək nəsillərlə görüşdüyü məkanlardır. Onun sözlərinə görə, şairin ailə üzvləri tərəfindən şəxsi əşyalarının, əlyazmalarının və digər yadigarlarının Ədəbiyyat Muzeyinə təqdim edilməsi də məhz bu mənəvi bağlılığın davamıdır. Artıq şairin xatirəsi və irsi muzeyin ekspozisiyasında əbədiləşir. Bundan sonra muzeyə gələn hər kəs Sərdar Əsədin həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, onun mənəvi dünyasına səyahət etmək imkanı əldə edəcək.
Sərdar Əsədin cəmi 46 il ömür sürdüyünü xatırladan akademik bu müddətin şairin istedadını və yaradıcılıq imkanlarını tam ifadə etməsi üçün kifayət etmədiyini, onun həyatının ən məhsuldar çağında dünyasını dəyişdiyini bildirib.
Rafael Hüseynov Sərdar Əsədin də yaşadığı dövrün ağır mənəvi-ictimai şərtlərindən təsirlənmiş, öz istedadını və yaradıcılıq imkanlarını sonadək reallaşdırmaq fürsətindən məhrum olmuş sənətkarlardan olduğunu bildirib. “Belə yaradıcı insanların həyatını, yaradıcılığını və taleyini araşdırmaq, onların irsini qorumaq milli yaddaş qarşısında mühüm vəzifədir”, – deyən alim Sərdar Əsədin xatirəsinə həsr olunmuş ekspozisiyanın bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra ədəbiyyatşünas-alim, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, “Yaşayan Sərdar Əsəd” kitabının müəlliflərindən olan şair, yazıçı-publisist Əli Rza Xələfli, Sərdar Əsəd yaradıcılığı haqqında genişmiqyaslı tədqiqatın müəllifi, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Natella Quliyeva, dilçi-alim, professor İsmayıl Kazımov, yazıçı, ssenarist, publisist Orxan Fikrətoğlu, şairin oğlu Qoşqar Əsədli, ailə üzvləri çıxış ediblər.
Məclisdə tanınmış bəstəkar və opera müğənnisi Rizvan Sədirxanovun Sərdar Əsədin sözlərinə bəstələdiyi mahnılar, müğənni Rəvan Qaçayevin ifasında “Cıdır düzündə” mahnısı səsləndirilib, İncəsənət Gimnaziyasının şagirdləri şairin müxtəlif şeirlərini ifa ediblər.
Daha sonra muzeyin Gənc Alimlər Şurasının sədri, rəssam Nuran Bağırovanın çəkdiyi Sərdar Əsəd portretinin və şairin Ədəbiyyat Muzeyində yaradılmış ekspozisiyasının nümayişi olub.
Q.ƏLİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















