Icma.az
close
up
RU
Əyalət şəhərində spagetti əhvalatı İnsan mənzərələri silsiləsindən

Əyalət şəhərində spagetti əhvalatı İnsan mənzərələri silsiləsindən

525.az saytına istinadən Icma.az xəbər verir.

Əlisəfdər HÜSEYNOV

Uzaq əyalət şəhəri son vaxtlar sevindirici bir xəbərin havasında nəfəs alırdı - guya bir italyan şirkəti gəlib bu kiçik şəhərdə böyük bir spagetti fabriki tikəcək, işçilərə də yüksək - Avropa səviyyəsində maaşlar verəcəkdi.

Bu xəbəri kim eşidib yaymışdı - bilən yox idi. Amma xəbər elə sürətlə yayılmışdı ki, elə bil küləyin qanadlarında evlərin pəncərələrindən, sonra da orada yaşayanların qulaqlarından keçib  beyninlərinə mıxlanmış və həyatlarını çalxalayıb olan-qalan rahatlıqlarını əllərindən almışdı. Çünki çox yerdə olduğu kimi, bu şəhərin də qayğıları, problemləri başından aşıb daşırdı. Dünya sürətlə dəyişir, şəhər isə heç cür bu sürətə  uyğunlaşa, özünü tarazlaya bilmirdi. Sovet dönəmində camaatın çörək ağacı olan zavod, fabrik və kombinatlar öz ömürlərini başa vurub çökmüşdülər. Yenilərinin isə hələ izi-tozu görünmürdü. İşsiz-gücsüz qalan sakinlərin bəziləri qazanc dalınca mərkəzə, bəziləri isə daha uzaqlara getmişdilər. Küçələrində adamların sayı azalan şəhər elə bil insan kimi depressiyaya düşmüşdü. Mağazalarda, bazarda satıcıların sayı alıcılardan çox idi. Yalnız sayı get-gedə çoxalan apteklərin işi xod gedirdi. Bir vaxtlar uşaqların səs küy sala-sala oynadığı küçələr, hər axşam adamlarla dolu olan parklar indi səssizlik, durğunluq içində  darıxa-darıxa qalmışdı. Müştəriləri əskik olmayan çayxanalardan gələn gülüş, o çayxanalarda qocalı-cavanlı kişilərin nərd, domino oynaya-oynaya şaqqıldatdıqları daşların səsi adamların sevincindən çox, ağrısından xəbər verirdi.

Kərimovlar ailəsi bu xəbəri əvvəlcə çox sakit, hətta bir az ironiya ilə qarşılamışdı. "Vardı hər yarağımız, çatmırdı saqqal darağımız, hər şeyimiz yerli-yerindəydi, bircə italyan spagettimiz əksik idi". Şam eləyəndə Qasım kişinin dediyi bu sözlərə arvadı Güldəstədən başqa, hamı gülmüşdü. Güldəstə spagettinin nə olduğunu bilmirdi, Oğlu Fərid, gəlini Həbibə başa saldılar ki, spagetti italyan makaronudur, intəhası bizim işlətdiyimiz dədə-baba makaronlar kimi gödək yox, ondan yalan olmasın beş-altı dəfə uzundur. Güldəstə arvadın verdiyi "Bəs onu necə bişirir, necə yeyirlər?" sualının izahı isə xeyli vaxt aparmışdı.

Yaxşı deyiblər ki, xəbər xəbər gətirər. Bir az sonra şəhərdə tikiləcək fabrikə indidən işçi yığılması barədə şayiələr dolaşmağa başladı. Deyilənə görə, bu iş vaxtilə şəhər məşğulluq idarəsinin rəisi olmuş Xıdır müəlimə tapşırılmışdı, o da müraciət edənlərin ixtisasını, təcrübəsini, stajını nəzərə alıb siyahı tuturdu. Kərimovlar ailəsinin  rahatlığı da məhz bundan sonra pozulmağa başladı.

Bir axşam yenə də şam yeməyindən sonra çay süfrəsi arxasında necə oldusa söhbət fabrik məsələsinin üstünə gəldi və Güldəstə arvad ərinə dedi ki, bəlkə o da gedib adını siyahıya yazdırsın.

Qasım kişi çayına limon salıb qarışdıra-qarışdıra dedi:

- Bu haqda fikirləşməmişəm. Həm də mənim yaşım keçib, ay Güldəstə.

- Nə olsun? Gör neçə il stajın, təcrübən var.

Qasım kişi nə isə demək istədi, amma oğlu onu qabaqladı;

- Nə təcrübə ay ana? Ora mənim kimi cavan, enerjili adamlar lazımdır. Ata isə yaşlaşıb, üstəlik,  sovet adamıdır, əqidəli kommunist olub. Ondan kapitalist fabrikinə işçi çıxmaz. Neçə il əvvəl ət, sonra da yağ kombinatlarında baş mühasib işlədi, amma ömrü boyu yağı da, əti də bazardan, dükandan aldıq.

- Bəs hardan almalı idik ki? - Qasım kişi soruşdu.

- Necə yəni hardan? Heç ət kombinatında işləyən adam da ət üçün bazara gedər? Hər axşam işçilər çantalarında, nə bilim, köynəklərinin altında kilo-kilo ət, kolbasa, yağ, süd daşıyıblar evlərinə. Amma sən əqidəli kommunist kimi təmiz ad uğrunda çarpışmısan.

- Kəs səsini, - Qasım kişi hirslə əlini masaya çırpdı. - Mən kommunist kimi yox, adi, sıravi bir insan kimi təmiz yaşamışam və buna görə peşman da deyiləm. Mənim hamının, o cümlədən ailəmin qarşısında vicdanım təmizdir. Heç vaxt dilimə haram tikə dəyməyib.

- İndi vicdan təmizliyinə baxan kimdir, ay ata? İndi başqa zəmanədir ey...

Bir müddət heç kim danışmadı. Qəfildən Fəridin arvadı Həbibə heç kimin gözləmədiyi halda dilləndi:

- Əslində o fabrik kişilərin yox, qadınların işləməsi üçün açılır.

Hamı başını döndərib təəccüblə ona baxdı.

- Niyə ki? Kişilər adam deyil? - əri soruşdu.

- Əvvələ ona görə ki, spagetdir, makarondur, nədir, onu hazırlamaq kişi yox, arvad işidir. İkincisi də heç televizora baxmırsınız? İndi hər yerdə gender bərabərliyindən danışırlar. Tem bole, Avropada geniş vüsət alıb bu hərəkat. Mən biləni, İtaliya da Avropa ölkəsidir.

- Sən sus, yuyulmamış çömçə kimi özünü ortaya atma - əri hirslə onun sözünü kəsdi. - Yoxsa sənin də könlündən orada işləmək keçir?

- Niyə də keçməsin? Pulu pul, hörməti də hörmət...

- Dedim ki, mumla. - əri səsini qaldırdı. - Özüm girəcəm orda işə. Özü də babat bir vəzifəyə. Bu ailəni də bax belə saxlayacam, - deyib baş barmağını yuxarı qaldıraraq "əla" işarəsi göstərdi.

- Allah kimin qismətinə yazıbsa, o da işləyəcək - deyə Güldəstə arvad yaranmış gərginliyi azaldıb söhbətə nöqtə qoydu.

lll

İki gün sonra Qasım kişi pensiyasını çıxarmaq üçün bankomata gedəndə yolun sağ tərəfində - məşğulluq idarəsinin yerləşdiyi binanın qarşısına xeyli adam yığıldığını gördü. Bildi ki, fabrikdə işə düzəlmək üçün adını siyahıya saldırmaq istəyənlərdir. Qadınlı-kişili xırda dəstələrə bölünüb əl-qol hərəkətləri ilə nəyisə müzakirə edirdilər. Elə bil binanın hələ bağlı olan giriş qapısı bu adamlar üçün böyük bir ümid yolu idi və onların hər biri bu qapını açlb içəri daxil olmaq üçün tələsir, axıra qalmaqdan, şansını əldən buraxmaqdan qorxurdu. Başını bulayıb keçmək istəyəndə qəfildən adamların içində Həbibəni gördü. "O burada nə edir" - deyə öz-özündən soruşdu. - "Axı səhər işə getdi".

Həbibə uşaq bağçasında tərbiyəçi müəllim işləyirdi və onun işini buraxıb heç kimə demədən bura gəlməsi Qasım kişini təəccübləndirdi. Ümumiyyətlə, bu fabrik söhbəti ortaya çıxandan sonra gəlininin davranışı Qasım kişinin xoşuna gəlmirdi. Bəlkə də evdəkilər hiss eləmirdi, amma təbiətən çox həssas olan Qasım kişi görürdü ki, gəlini özünü içində nəyi isə götür-qoy edən, hansısa gizli bir plan quran hiyləgər uşaq kimi aparır. Elə bil vacib nə barədəsə fikirləşir, amma son qərara gələ bilmirdi.

Qasım kişi yolun o biri tərəfinə keçib adamlara yaxınlaşdı. İstəyirdi başının işarəsi, baxışları ilə gəlininə başa salsın ki, burdan getməyi  məsləhətdir. Amma deyəsən, Həbibə onu görmüş və ehtiyatlı tərpənərək adamların arasında gizlənmişdi - Qasım kişi onu tapa bilmədi.

Axşam şay süfrəsi arxasında gördü ki, oğlunun halı özündə deyil: rəngi qaralmış, dodaqları əsirdi. "Bəlkə də arvadının ora getməsindən xəbər tutub, ona görə də belə əsəbiləşib" - Qasım kişi fikirləşdi. Amma sən demə, oğlunun dərdi başqa dərd imiş.

- Ata, bu gün səni orda görüblər. Xeyir idimi? - axır ki, oğlunun səsi çıxdı.

"Ora" - məşğulluq idarəsinin bu şəhərdə bəlkə də hamının əzbər bildiyi yeni adı idi.

Oğlunun səsindəku yad ton - elə bil atasını sorğu-suala çəkirdi - Qasım kişinin xoşuna gəlmədi.

- Başa düşmədim, yoxsa harasa gedəndə səndən icazə almalıyam?

- Əgər işə girmək üçün getmişdinsə, xahiş edirəm, bu fikirdən əl çək, mənim yolumun üstünə çıxıb işimə pəl vurma. Qoca kişisən, otur televizoruna bax.

Qasım kişi son illərdə heç nəyə bu qədər təəccüblənməmişdi. Bu andıra qalmış fabrik əhvəlatı oğlunu bu dərəcədəmi dəyişdirmişdi?

- Bura bax, oğul, gəl açıq danışaq. - Qasım kişi səbirlə, asta-asta dedi. - Mənim ora işə girmək fikrim yoxdur. Amma bilmək istəyirəm: əgər girmək istəsəm, lap tutaq ki, orda işə düzəlsəm, bu, sənin planlarına nədə mane olur ki?

Oğlu başını aşağı salıb bir müddət dinmədi. Hiss olunurdu ki, ürəyində nəyisə götür-qoy edir, deyəcəklərini əvvəlcədən nizanma salır. Nəhayət, çayından bir qurtum içib başını qaldırdı

- Bilirsən, ay ata, orda mənə hazır məhsulların saxlandığı anbarların müdiri vəzifəsini boyun olublar. Səni isə ora ancaq baş mühasib götürə bilərlər. Əgər bunlar eyni vaxtda baş tutsa, birgə işimiz alınmayacaq...

- Başa sala bilərsən niyə? - Qasım kişi təəccüb qarışıq maraqla soruşdu.

- Ona görə ki, sən çox təmiz adamsan. Orada nəinki günlük, aylıq, hətta yerə düşən bircə ədəd makarondur, spagettidir nədir, onun da haqq-hesabını aparacaqsan.

Qasım kişinin dodaqlarına acı bir təbəssüm qondu. Başa düşdü ki, təmizliyin necə yaxşı bir şey olması barədə oğluna deyəcəyi sözlər daşa dəyib geri qayıdacaq. Ona görə də bəlkə də heç kimin gözləmədiyi sözləri dedi:

- Bilirsən, Fərid, bax elə buna görə də günü sabahdan sənədlərimi-filanı götürüb gedəcəm ora.

Oğlu qıpqırmızı qızardı. Həbibənin isə nəyə görəsə rəngi qaçdı. Üzündə razılıq, məmnunluq ifadəsi olan yalnız Güldəstə arvad idi. Özünü itirən Fərid əlindəki qəndi qəndqablna atıb nə isə demək istəyirdi ki, Həbibə səsi gəldi:

- Bax, elə belə konfliktlərə görə ora dediyim kimi, qadınların yeridir də. Qadınlar bir-birləri ilə tez dil tapırlar. Ümumiyyətlə, Avropada qadınlara böyük üstünlük verilir. Bəlkə elə buna görə orda kişilər pul qoyub özlərini qadına döndərirlər.

Əri başını döndərib qəzəblə soruşdu:

- Sən bunu hardan bilirsən!?

- Hardan biləcəm? Televizordan. O gün olimpiadada sonradan özünü qadın elətdirmiş kişi qadın rəqibini az qala döyüb öldürmədi?

Söhbətin gəlib bu yerə çatması dilxorçuluğu, gərginliyi daha da artırdı. Qasım kişi arvadının üzünə baxıb başını buladı. Fəridinsə ürəyindən keçdi ki, arvadının üzünə yüngül bir şillə çəkib desin: "Axmaq qadın, danışmağa başına söz qəhətdir?"

Amma bunu eləməyə cəsarəti çatmadı.

Yaranmış gərginliyi yenə də Güldəstə arvad yumşaltdı:

-Yaxşı, qurtarın, siz Allah. Axşamın xeyirindənsə, gündüzün şəri yaxşıdır.

lll

Ertəsi gün nahar yeməyindən sonra Güldəstə arvadla Fərid servantın daxıllarını qurdalamağa, nə isə axtarmağa başladılar. Hərəkətlərindən, üzlərinin ifadələrindən hiss olunurdu ki, axtardıqlarını tapa bilmədiklərinə görə dilxordurlar.

- O gün özüm əllərimlə bura qoydum axı. Hara yoxa çıxdılar iki günün içində?

Qonşu otaqdan Qasım kişinin səsi gəldi:

- Nə axtarırsan belə?

- Sənin diplomunla əmək kitabçanı. İki gün əvvəl öz əllərimlə gətirib bura qoymuşdum həmişəki kimi.

Atası cavab verməmiş Fərid də açıldı:

- Elə mənim də texnikum diplomum və şəxsiyyət vəsiqəm yoxa çıxıb...

- Bəlkə başqa yerə qoymusunuz - içəri girən Qasım kişi dedi.

- Yox, əşi, yaxşı yadımdadır, öz əllərimlə bura qoymuşdum - Güldəstə arvad əlindəki kağız-kuğuzu daxıla atıb cavab verdi.

Fərid hirsindən dodaqlarını gəmirə-gəmirə çıxıb harasa getdi. Güldəstə arvad isə "Kişi haqlıdır" - deyə fikirləşdi və yadına düşdü ki, bu gün döşəkağılarını, balışüzlərini yumağı planlaşdırıb. Öz yataq otaqlarına keçdi və yarım dəqiqədən sonra ordan gələn səs Qasım kişinini diksindirdi:

- Boy, başıma xeyir!

Səsdəki qeyri-adi təəccüb ifadəsi sanki maqnit kimi Qasım kişini çəkib otağa saldı

- Nə olub, ay arvad?

Amma Güldəstənin izahat verməsinə ehtiyac qalmadı - arvadı onun yatdığı çarpayıdakı döşəyin bir ucunu qatlamışdı və özünün də, oğlunun da itən sənədləri həmin döşəyin altında idi.

Güldəstə arvad bilmirdi nə desin. Gücü ona çatdı ki arvad xeylaqlarlnın belə məqamlarda dediklərini təkrarlasın:

- Vallah, cin-şeytan işidir bu.

Amma Qasım kişi bilirdi ki, bu, cin, şeytan işi deyil və son günlər bu evdə baş verənləri yadına salıb kimin işi olduğunu da asanca tapdı.

Qəfildən küçə qapısı açılıb dərhal da tappıltı ilə örtüldü. Heç on saniyə keçməmiş oğlu özünü hövlnak içəri saldı və tövşüyə-tövşüyə dedi:

- Fabrik-zad getdi işinin dalınca. İndi də xəbər gəldi ki, italyanlar fikirlərini dəyişiblər. Deyiblər ki, buranın camaatı ucuz makaronu qoyub bahalı spagetti almaz.  Gediblər daha sərfəli yer axtarmağa. - Sonra nəfəsini dərib yazıq-yazıq əlavə elədi - Heyif, dünən bankdan iki min kredit götürmüşdüm. Gedim qaytarım.

Qasım kişi pəncərəyə yanaşdı və həyətə baxa-baxa fikirləşdi ki, hərdən illüziyalar, yalanlar, aldanışlar da nəyinsə xeyrinə olur. Ən azından dünənə qədər bağlı olan qapıları açır. Lap bu spagetti əhvalatı kimi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri