Eyni problemin iki həlli: sosial islahatlar, yoxsa… KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
XIX əsrin ortalarından etibarən Avropada “degenerasiya”, yəni insan nəslinin tədricən fiziki və mənəvi baxımdan tənəzzülə uğraması haqqında nəzəriyyə geniş yayılmışdı. Bu yanaşmanın tərəfdarları hesab edirdilər ki, cəmiyyətdə xəstəliklərin, cinayətkarlığın və digər sosial problemlərin artması nəsildən-nəslə ötürülən irsi qüsurlarla bağlıdır.
Fransız psixiatrı Benedict Morel 1857-ci ildə nəşr olunan “Degenerasiya haqqında traktat” əsərində alkoqolizm və xəstəliklər kimi zərərli amillərin irsən ötürüldüyünü və hər yeni nəsildə daha ağır nəticələrə səbəb olduğunu iddia edirdi.
Çezare Lombrozo isə 1876-cı ildə çap olunan “Cinayətkar insan” əsərində “anadangəlmə cinayətkar” anlayışını irəli sürmüşdü. Onun fikrincə, bəzi cinayətkarlar daha ibtidai insan tipinə qayıdışın nümunəsi idi və onları üz cizgilərinə, kəllə quruluşuna və digər fiziki xüsusiyyətlərinə görə müəyyənləşdirmək mümkün idi. Bu nəzəriyyələr sonralar ciddi elmi tənqidə məruz qaldı.
Çarlz Darvinin əmisi oğlu Frensis Qalton isə 1883-cü ildə “yevgenika” terminini elmi dövriyyəyə daxil etdi. Bu anlayış insan nəslinin keyfiyyətini yaxşılaşdırmaq adı altında çoxalmanın idarə olunmasını nəzərdə tuturdu. Zaman keçdikcə yevgenika bəzi insanların çoxalmasını təşviq edən, digərlərinin isə bu hüququnu məhdudlaşdırmağa çalışan təhlükəli ideologiyaya çevrildi.
Maks Nordau 1892-ci ildə nəşr olunan və “Degenerasiya” adlanan kitabında bu yanaşmanı incəsənətə və ədəbiyyata da tətbiq edirdi. O, Riçard Vaqnerin musiqisini, Henrik İbsenin dramaturgiyasını, simvolistlərin və impressionistlərin yaradıcılığını tənəzzül əlaməti kimi təqdim edirdi. Onun düşüncəsinə görə, keçmişin sənəti həqiqi sənət idi, müasir incəsənət isə anlaşılmaz və dəyərsiz bir qaralamadan başqa bir şey deyildi.
Britaniya imperiyası öz gələcəyindən niyə narahat idi?Bu cür fikirlər sonralar nasist Almaniyasında da öz əksini tapdı. 1937-ci ildə təşkil edilən “Degenerativ incəsənət” sərgisi müasir incəsənəti gözdən salmaq və onu cəmiyyət üçün təhlükə kimi təqdim etmək məqsədi daşıyırdı.
1899–1902-ci illərdə baş verən İngiltərə–Bur müharibəsi Britaniya imperiyası üçün ciddi sarsıntıya çevrildi. Dünyanın ən qüdrətli dövlətlərindən biri bir neçə il ərzində əsasən kəndlilərdən və könüllülərdən ibarət bur qüvvələrinə qalib gəlməkdə çətinlik çəkirdi.
Lakin imperiyanı narahat edən təkcə hərbi uğursuzluqlar deyildi. Orduya qəbul zamanı üzə çıxan nəticələr Britaniya cəmiyyətinin fiziki vəziyyəti ilə bağlı ciddi suallar doğurmuşdu.
Hərbi xidmətə könüllü yazılanların böyük hissəsi sağlamlıq və fiziki göstəricilərinə görə yararsız hesab edilirdi. Boyun qısa olması, dişlərin pis vəziyyəti, ürək problemləri, görmə zəifliyi və ümumi fiziki inkişafın geriliyi əsas səbəblər arasında idi.
1899-cu ildə hərbi xidmətə yazılmaq üçün müraciət edən təxminən 11 min nəfərin böyük əksəriyyəti dərhal rədd edilmiş, yalnız kiçik bir hissəsi tam yararlı hesab olunmuşdu. General Con Frederik Moris yazırdı ki, hərbi xidmətə getmək istəyən hər beş nəfərdən üçü əsgər olmaq üçün yararsızdır.
Bu rəqəmlər Britaniya elitasında belə bir qorxu yaratmışdı: əgər imperiyanın gələcək əsgərləri və fəhlələri bu vəziyyətdədirsə, dövlət öz hərbi və iqtisadi üstünlüyünü necə qoruya bilər?
1903-cü il komitəsi: problem irsdədir, yoxsa yoxsulluqda?1903-cü ildə Britaniya hökuməti əhalinin fiziki vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqları araşdırmaq üçün Fiziki Tənəzzül üzrə İdarələrarası Komitə yaratdı. Komitənin araşdırmaları “millətin degenerasiyası” barədə qorxuları təsdiqləmədi. Tədqiqatçılar diqqəti irsi qüsurlardan daha çox insanların gündəlik həyat şəraitinə yönəltdilər. Yoxsulluq, keyfiyyətsiz qidalanma, həddindən artıq sıx yaşayış, çirkli hava və alkoqoldan sui-istifadə əhalinin sağlamlığına mənfi təsir göstərən əsas amillər kimi qiymətləndirilirdi. Deməli, problemin həlli yevgenikada deyil, sosial şəraitin yaxşılaşdırılmasında axtarılmalı idi.
Statistik məlumatlar göstərirdi ki, əhalinin əhəmiyyətli hissəsi yoxsulluq içində irsi “qüsurlarına” və ya şəxsi xarakterinə görə deyil, aşağı əməkhaqqı, qocalıq, xəstəlik və çoxuşaqlı ailələrin dolanışıq çətinlikləri səbəbindən yaşayırdı.
Komitə bir sıra konkret tədbirlər tövsiyə etdi:
Məktəblərdə uşaqların qidalanmasının təşkili; Şagirdlərin müntəzəm tibbi müayinədən keçirilməsi; Bədən tərbiyəsinin inkişaf etdirilməsi; Əhalinin fiziki göstəricilərinin sistemli ölçülməsi; Uşaqlar arasında siqaret istifadəsinin məhdudlaşdırılması; Anaların körpələrə düzgün qulluq qaydaları barədə maarifləndirilməsi.Bu yanaşma mühüm dəyişiklik yaradırdı. Əvvəllər yoxsullara yardım əsasən xeyriyyəçilik və ya sosialistlərin tələblərinə verilən güzəşt kimi qəbul edilirdi. İndi isə sosial müdafiəni imperiyanın gələcəyi və milli təhlükəsizliyi ilə əlaqələndirmək mümkün idi.
Məntiq sadə idi: bu gün ac qalan uşaq sabah fiziki cəhətdən zəif əsgər və ya əmək qabiliyyəti aşağı olan işçi ola bilər. Beləliklə, uşaqların sağlamlığının qorunması təkcə humanist vəzifə deyil, həm də dövlətin strateji marağı kimi təqdim edilirdi.
Sosial islahatlar qanunlara necə çevrildi?Britaniyada liberal hökumətlər bu tövsiyələrin bir hissəsini qanunvericilik səviyyəsində həyata keçirməyə başladılar.
1906-cı il — məktəblərdə qidalanma. Qanunvericilik dəyişiklikləri yoxsul ailələrdən olan uşaqlara məktəblərdə pulsuz yemək verilməsinə imkan yaratdı. 1907-ci il — məktəblilərin tibbi müayinəsi. Şagirdlərin sağlamlıq vəziyyətinin yoxlanılması sistemli xarakter aldı. İlk mərhələdə müayinələr əsasən xəstəliklərin aşkarlanmasına xidmət edirdi; müalicə isə sonradan məktəb klinikaları vasitəsilə təşkil olunurdu. 1908-ci il — Uşaqlar haqqında qanun. Uşaqların müdafiəsinə yönəlmiş bu qanunvericilik paketi onların rifahı ilə bağlı bir sıra məsələləri əhatə edirdi. Uşaqlara siqaret satışının qadağan edilməsi də həmin dövrün tədbirləri sırasında idi. 1908-ci il — yaşa görə pensiyalar. Almaniya kansleri Otto fon Bismarkın sosial sığorta təcrübəsindən ilhamlanan Britaniya hökuməti yaşlı insanlar üçün pensiya sistemi yaratdı. Qanun 70 yaşdan etibarən, gəlir səviyyəsi nəzərə alınmaqla, həftədə 5 şillinq pensiya ödənilməsini nəzərdə tuturdu. Bununla belə, sistem hamı üçün əlçatan deyildi: gəlir yoxlaması aparılır, müəyyən hallarda, o cümlədən yaxın keçmişdə həbsdə olan və ya “adətən işləməkdən yayınan” hesab edilən şəxslərə pensiya verilməyə bilərdi. 1911-ci il — milli sığorta sistemi. Xəstəlik və işsizliklə bağlı sığorta mexanizmləri tətbiq edildi. Bu addım sosial risklərin yalnız fərdin və ailənin üzərinə qoyulmaması istiqamətində mühüm mərhələ idi.Bu islahatlar müasir sosial dövlətin formalaşmasına aparan yolun mühüm hissəsini təşkil edirdi. Dövlət yoxsulluq və xəstəliklə mübarizəni təkcə fərdi məsuliyyət məsələsi kimi deyil, ictimai problem kimi qəbul etməyə başlayırdı.
Skaut hərəkatı: sağlam bədən, intizam və vətəndaşlıqHəmin dövrdə uşaqların və gənclərin fiziki tərbiyəsinə yönəlmiş başqa bir hərəkat da meydana çıxdı.
İngilis zabiti Robert Baden-Pauell bur qüvvələrinin Mafekinq mühasirəsi zamanı şəhərin müdafiəsinə rəhbərlik etdiyinə görə milli qəhrəmana çevrilmişdi. 1908-ci ildə o, “Oğlanlar üçün skautluq” adlı kitabını nəşr etdirdi. Kitabın məqsədi sağlam, intizamlı, təşəbbüskar və çətinliklər qarşısında çıxış yolu tapa bilən gənclər yetişdirmək idi. Bu keyfiyyətlər yalnız fərdi inkişaf üçün deyil, cəmiyyətə və dövlətə xidmət baxımından da əhəmiyyətli sayılırdı.
“Skaut” sözü hərbi kəşfiyyatçı mənasını verirdi. Beləliklə, hərbi mühitdə formalaşmış bacarıqların bir hissəsi uşaqların tərbiyəsi üçün istifadə olunmağa başladı. 1910-cu ildə qızlar üçün də skaut təşkilatları yarandı. Bədən tərbiyəsi, təbiətdə fəaliyyət, intizam və kollektiv məsuliyyət cəmiyyətdəki fiziki tənəzzül qorxusuna qarşı bir növ vətəndaşlıq vasitəsi kimi təqdim edilirdi.
Tənəzzül qorxusu dünyanı bürüyürƏhalinin fiziki vəziyyəti ilə bağlı narahatlıq təkcə Britaniyaya xas deyildi. Fransada Pyer de Kuberten 1896-cı ildə müasir Olimpiya Oyunlarının bərpasına nail oldu. Almaniyada gimnastikanı, təbiətə qayıdışı və sağlam həyat tərzini təşviq edən “həyat islahatı” hərəkatı yayıldı.
ABŞ Prezidenti Teodor Ruzvelt təhsilli təbəqələr arasında doğum səviyyəsinin azalmasını “irqi intihar” kimi xarakterizə edirdi. “Əzələli xristianlıq” adlanan cərəyan isə fiziki gücü, idmanı, mənəvi intizamı və dini dəyərləri birləşdirməyə çalışırdı.
Bütün bu təşəbbüslərin arxasında ortaq bir narahatlıq dayanırdı: cəmiyyətin sağlamlığını, dözümlülüyünü və gələcək nəsillərin imkanlarını necə qorumaq olar? Lakin bu suala verilən cavablar bir-birindən köklü şəkildə fərqlənirdi.
İki yol: insanlara yardım etmək, yoxsa onların hüquqlarını əlindən almaq?Əhalinin sağlamlığı və fiziki vəziyyəti ilə bağlı narahatlıq nəticədə iki fərqli yanaşmanın formalaşmasına gətirib çıxardı.
Birinci yol — sosial yanaşma. Bu yanaşmaya görə, insanların sağlamlığını və həyat imkanlarını yaxşılaşdırmaq üçün onların yaşayış şəraitini dəyişmək lazımdır. Uşaqları qidalandırmaq, xəstəlikləri müalicə etmək, təhsilə çıxışı genişləndirmək, yoxsulluğu azaltmaq və sağlam mühit yaratmaq əsas məqsədlər idi.
İkinci yol — yevgenik yanaşma. Bu istiqamətin tərəfdarları cəmiyyətdə “arzuolunmaz” hesab etdikləri insanların çoxalmasının qarşısını almağa çalışırdılar. Bu məqsədlə bəzi ölkələrdə insanların reproduktiv hüquqlarını məhdudlaşdıran qanunlar qəbul edildi.
ABŞ-da 1907-ci ildən etibarən ayrı-ayrı ştatlarda məcburi sterilizasiyaya icazə verən qanunlar qəbul olunmağa başladı. İsveç və Danimarkada da sterilizasiya qanunları tətbiq edildi. Bu siyasət xüsusilə əlilliyi olan, psixi xəstəliklərdən əziyyət çəkən və digər həssas qruplara aid edilən insanlara ağır zərbə vurdu.
Yevgenika tərəfdarları öz mövqelərini elmi və ictimai rifah naminə atılan addım kimi təqdim etsələr də, əslində bu yanaşma insanların hüquq və azadlıqlarının onların sağlamlığı, mənşəyi və ya cəmiyyət tərəfindən necə qiymətləndirilməsi əsasında məhdudlaşdırılmasına gətirib çıxarırdı.
Yevgenikadan nasistlərin “irqi gigiyena” siyasətinəYevgenik ideyalar XX əsrin birinci yarısında nasist Almaniyasında ən dəhşətli nəticələrindən birinə çatdı. “İrqi gigiyena” adı altında insanların həyatının və çoxalma hüququnun dövlət tərəfindən idarə olunması siyasəti həyata keçirildi.
1933-cü ildə qəbul edilmiş “İrsi xəstəliklərin qarşısının alınması haqqında” qanun psixi xəstəliklər və müəyyən fiziki vəziyyətlərlə əlaqələndirilən insanlara məcburi sterilizasiya tətbiq edilməsinə hüquqi əsas yaratdı. Nasist hakimiyyəti dövründə təxminən 400 min insan zorla sterilizasiya edildi.
Bununla da kifayətlənmədilər. Nasistlərin məxfi “T-4” proqramı çərçivəsində əlilliyi olan və psixi xəstəliklərdən əziyyət çəkən insanlar sistemli şəkildə öldürüldü. Bu proqram və onunla əlaqəli qətllər nəticəsində təxminən 200 min–300 min insanın həyatını itirdiyi bildirilir; dəqiq rəqəmlər istifadə olunan hesablama meyarlarından asılı olaraq dəyişir.
Beləliklə, insanları “dəyərli” və “dəyərsiz” kateqoriyalarına ayıran nəzəriyyələr ayrı-seçkilikdən zorakı dövlət siyasətinə, oradan isə kütləvi qətllərə aparan yolun bir hissəsinə çevrildi.
Müəllif: Dmitri Çernışev,
Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















