Icma.az
close
up
RU
Faciələrimizin bədii tarixi salnaməsi “Zəngəzur” romanı

Faciələrimizin bədii tarixi salnaməsi “Zəngəzur” romanı

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi, ikicildlik məşhur “Zəngəzur” romanının müəllifi Əyyub Cəbrayıl oğlu Abbasov 1905-ci ildə Zəngəzur qəzasının Qarakilsə (Sisian) rayonunun Şəki kəndində doğulub, 18 dekabr 1957-ci ildə 52 yaşında Bakıda vəfat edib.

Tarixdə bəzən bir bədii əsəri, elmdə bir kəşfi ilə də adını əbədiləşdirən yazıçılar, alimlər olub. 70 illik kommunist-sovet rejimi dövründə yaranan çox sayda əsərlər var ki, artıq bu gün ədəbiyyata, sənətə aidiyyəti olmayan makulatura məmulatına çevrilib, lazımsız poliqrafiya məhsulu kimi kənara atılıb qalıb. Ancaq o əsərlər yaşayır, müəllifin adını yaşada bilir ki, o zamanın bütün təqib, təzyiqlərinə baxmayaraq, dövrün ədəbi qəliblərinə sığmayıb, kanonlardan kənara çıxıb, bütün mövcud riskləri görüb dəyərləndirməklə yenə də yazıçı-vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb, əks etdirib.

Əyyub Abasovun xalqımız, ədəbiyyatımız qarşısında ən böyük xidməti, yadigarı 2 cildlik 980 səhifəlik "Zəngəzur" tarixi romanıdır (“Nağıl Evi” mətbəəsi-2013). "Zəngəzur" romanının nəşrinə qədər daha çox şair, dramaturq kimi tanınan Ə.Abasovun bu romanı öncə vicdan və cəsarətin səsiydi, həm də müəllifin böyük ədəbi istedadının göstəricisi idi. 1918-ci il avqustun 5-də Andranik Ozanyanın 8 minlik nizami daşnak qoşunlarının Zəngəzurda ermənilərin törətdikləri qırğınları, ata, anasının, qardaşlarının, bütün doğmalarının qanına qəltan edildiyini, göz açıb ilk gördüyü, könül verib ilk sevdiyi Sisianın (Qarakilsə) qədim Şəki kəndinin, digər yurd yerlərinin yağmalanıb odlara qalandığını qoyun-quzularını otardığı təpənin başından görmüşdü. Bu vəhşətdən təsadüfən qurtulub qaçan həmkəndlilərinə qoşulan Əyyub Naxçıvana, tək bacısı Həmidə heç zaman olmadığı, heç kəsi tanımadığı Zəngəzurun şərqinə tərəf üz tutur, hər ikisi də bir-birini ölüb itmiş bilir və taleyin hökmü ilə 15 il sonra mənim doğulub böyüdüyüm Qubadlının Saray kəndində bir-birini tapıb qovuşmasının mənzərəsini şahidlərin görüb danışdığı dildə yazmışam...

General Andranik Ozanyanın Zəngəzura hücumu, erməni əhalisi qarşısındakı çıxışlarında söylədikləri romanda dəfələrlə təkrar olunur: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır", "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır, türkü öldürməyənlər millət xainidir, özləri öldürülməlidir...”

İnsan qəssabı Andronik biləndə ki, ilk hücumlardan sonra Sisianın bəzi müsəlman kəndlərindən hələ də sağ qalanlar olub, hirsindən dəli olur, əvvəlcədən işini ehtiyatlı tutur, elə mühasirə planları qurur ki, törətdiyi vəhşəti Zəngəzurdan kənara çıxarıb danışan canlı şahid qalmasın. "Andronik birinci davada buraxdığı səhvə yol vermək istəmirdi. İkinci hücumda bütün çıxış yollarını kəsməli, heç kəsi salamat buraxmamalı idi".

Bu vampir xislətli cəllad quldurbaşı qoşununu və erməni əhalisini Gorusda bir meydana toplayıb “qələbə” münasibəti ilə onları təbrik edib deyir: “Gördünüzmü, Türkiyədə qırılan ermənilərin intiqamını Zəngəzur müsəlmanlarından necə alıram! İndi mən qalan müsəlman kəndlərinin də daşını daş üstə qoymayacağam. Mən Andranikəm, axırıncı soldatım qalana qədər vuruşacağam!”...

Bu da qədim Zəngəzur ellərində erməni daşnak dəstələrinin yaratdığı müdhiş mənzərənin romandakı təsviri: “Onlar yayın bu gözəl gecəsində kəndə qonaq deyil, ölümün pəncəsindən qurtulub gəlmişdilər. Bu adamlar dağıdılmış, yandırılmış ayrı-ayrı kəndlərdən: Şəkidən, Ağudidən, Vağüdidən, Uruddan, Qarakilsədən gəlmişdilər. Hamısı Andronikin topunun, tüfənginin ağzından qurtarmışdı. Lakin fəlakət onları yenə izləyirdi... “bala, vay”, “bacı, vay”, “ata, vay”, “yazıq balam, qaldı”, “yurdum, komam yandı”, “çörək...” fəryadı, ürəkləri yandıran ah-nalə səsindən qulaq tutulurdu... bu ətrafda yeməyə ot da, gicitkan da qalmayıb...”

Onun bu insanlıqdan uzaq vəhşiliyinə hətta, hələ ətrafda nələr baş verdiyini görüb anlamaqda çətinlik çəkən ermənilər də heyrətlə baxırdı, bu zülmə mat-məəttəl qalmışdı.

"Zəngəzur"dakı bu sətirlər o illərdə yazılıb nəşr olunmuşdu ki, Ermənistan rəhbərliyi və dünyanın bütün ölkələrinə səpələnmiş erməni başbilənləri 1915-ci ildə Anadoluda türklər tərəfindən ermənilərin guya “soyqırım”a məruz qalmasının ildönümünü və Andranikin 100 illiyini qeyd etməyə açıq və gizli şəkildə ciddi hazırlıqlar görürdü. Q.Qəribçiyanın, S.Xanzadyanın, A.Mikoyanın, İ.Baqramyanın kitablarında Andronikin artıq "Xalq Qəhrəmanı", "Erməni xalqının Xilaskarı" obrazı yaradılırdı. Ə.Abasov isə romanında bütün bu saxta tarixi alt-üst edirdi. Xalq yazıçısı, tənqidçi ədəbiyyatşünas Elçin həm də məhz bu amili nəzərə alaraq sosialist realizminin hakim ədəbi metod olduğu dövrdə Azərbaycan nəsrində yaranan belə cəsarətli əsərlərdən konkret ikisinin - Əyyub Abbasovun "Zəngəzur" və  Mirzə İbrahimovun "Gələcək gün" romanlarının adını çəkir (Elçin "Sosrealizm bizə nə verdi?", "Ədəbiyyat" qəzeti, № 12, 05.04.2013).

Romanın əsas obrazlarından olan erməni keşiş Mesropun bu sözləri erməni kilsə düşüncəsinin ifadəsidir: "Mənim millətim hamı millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı qaldırsan, altından bir erməni tarixi çıxar..."

Hətta çar Rusiyasının xarabalıqları üzərində, tarixi Azərbaycan-türk torpaqlarında yeni elan edilən Ermənistan Milli Şurasının qurucuları da eyni kinli fikirlərin daşıyıcıları idi. Bu bədnam şuranın Andranikin yanına danışıqlara göndərdiyi general Karo Hamparsumyan yenicə İrəvanı özlərinə paytaxt etməyi bacaran başbilənlərinə məktubunda yazır: "Andronik ermənilərə millətçilik və başqa xalqlara qarşı ittiham hissi aşılamaqda bizim məqsəd və ideyamıza yaxındır". O da buradakı həmcinsləri ilə söhbətlərində bunu anladır: “Əsas vəzifə şüarımızı unutmamaqdır. “Makrel sırpel”, yəni süpürüb atmaq. Ermənistanda ancaq ermənilər yaşaya bilər. Müsəlmanlar, ruslar ölkədən təmizlənməlidir. Andronikin başladığı, lakin axıra çatdırmadığı işi Xatisov hökuməti başa vuracaqdır”.

Cəllad Andronikdən sonra Zəngəzurun xarabalıqları üzərində at oynadan digər erməni generalları - Dro, Hjde, Karo kimi erməni daşnak generalları da sanki amansızlıqda, vəhşi xislətdə yarışa girmişdilər: “Njde Şahmərdanın zəncirlənmiş qollarına, kürəyinə bənd edilmiş qaynar samovarın pörtələyib qabar atdığı kürəyinə baxıb qəhqəhə ilə güldü: - Birinci tamaşa qutardı, ikinci tamaşa daha maraqlı olacaq... Onları uçurumun kənarına çəkin!...”

Zəngəzur qəzasının mərkəzi Gorusun yaxınlığında Tatev monastırında qərargah quran Njde əsir götürdüyü yerli kommunistləri, müsəlman əhalinin köməyinə gələn Qafqaz İslam Ordusunun türk əsgər və zabitlərini, Qızıl Ordunun rus əsgər və zabitlərindən 200 nəfəri güllələtdirərək Tatev qalasından dərəyə tulladır. Bu gerçək real tarixi fakt romanda da əksini tapıb.

Ə.Abasov əsrin əvvəlində və sonunda Azərbaycan xalqının başına gətirilən müsibətlərin səbəbini, mahiyyətini obrazın dili ilə, uzaqgörənliklə təsvir edir; çar Rusiyasının Zəngəzurdakı pristavı Timofey Timofeyeviç Karpov şərait dəyişən kimi, burjua inqilabından sonra mərkəzin tapşırığı ilə dönüb olur “Zəngəzur” qubernatoru daşnakbaşı Andronik qoşunlarının kəşfiyyat rəisi, 1-ci məsləhətçisi, sonra da öz yerini bolşevik Rusiyasının Zəngəzurda yaratdığı Tatev şura hökumətinin faktiki başçısı, qızıl ordunun polk komandiri Gerasimova verir.

Njde qırmızı rus ordusunun gəlişini öyrənəndə kömək üçün keşiş Mesropu silah-sursat gətirmək üçün Tehrana göndərir. Rus-fars birliyinin romanda bədii əksini tam dəqiqliklə tapan xalqımıza qarşı məkrli fitnə-fasadları xüsusilə 1988-2020-ci illərdə baş verən hadisələrlə tam üst-üstə düşür.

Romanda bütün bu detallar arxiv sənədləri, gerçək faktlar, məhkəmə qərarları, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Komissiyanın topladığı sənəd-sübutlarla da əksini tapır.

Akademik İsa Həbibbəyli bu sətirlərin müəllifinin “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabına (“Mütərcim” - 2016) “Tarixi gerçəkliyin böyük romanını yaradan görkəmli yazıçı” başlıqlı ön sözündə bu cəhətləri əsas tutaraq yazır: “Zəngəzur” romanı XX əsrin əvvəllərinin erməni terroru ilə bağlı qanlı hadisələrinin obyektiv ədəbi salnaməsi hesab olunmağa layiqdir. Bu, Azərbaycan ədəbiyyatında Zəngəzur hadisələrinə həsr edilmiş ilk tarixi roman kimi mühüm əhəmiyyətə malikdir. Əsərdə Zəngəzur hadisələri bütün reallıqları, acı həqiqətləri ilə birlikdə obyektiv mövqedən əks etdirilmişdir. Bu mənada “Zəngəzur” romanı geniş oxucular üçün vətənpərvərlik məktəbi funksiyasını yerinə yetirdiyi kimi, tarixçilər üçün də mühüm bir mənbəşünaslıq bazası sayıla bilər. Əyyub Abasovun “Zəngəzur” romanında tarixiliklə bədiilik bir-birini tamamlayır”.

Ə.Abasov savadı, bilik təcrübəsi sayəsində gənc yaşlarından Azərbaycanın ədəbi-bədii cameəsində böyük nüfuz qazanıb, Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, maarif şöbəsinin müdiri olub, «Kommunist» qəzetinin redaksiyasında çalışıb, Leninqradda 3 illik redaktorluq və tərcüməçilik kursunu bitirib, Nazirlər Soveti yanında İncəsənət İşləri üzrə Komitəsində işləyib, İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub, MK-da təlimatçı, Bakı Teatr Məktəbinin direktoru, nəşriyyatda redaktor olub. İlk yazıları ilə istedad sahibi olduğunu göstərib, Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin fəal yazarlarından idi. 21 yaşında Naxçıvanda yaradılan “Qızıl Qələm” Ədəbi Birliyinin rəhbəri seçilmişdi, 1932-ci ildə Naxçıvan Sovet Yazıçılar Cəmiyyətinin buraxdığı ilk kitab onun “Mübarizə” adlı şeirlər toplusu idi, sonra da 10-dan çox kitabı, “Seçilmiş əsərləri” (20 min tirajla) çıxdı, 20-dən çox şeirinə musiqi bəstələndi, pyesləri səhnəyə qoyuldu. Sabit Rəhman 1948-ci ildə Yazıçılar İttifaqının hesabat məruzəsində Ə.Abasovun Abdulla Şaiqlə yanaşı, “uşaq ədəbiyyatı sahəsində çalışan ən qabiliyyətli yazıçı” olduğunu demişdi, tərcümələri kitab şəklində kütləvi tirajla növbəsiz buraxılırdı (Muxtar Auezzov “Abay”, Cambul, A.Markov, Y.Dolmatovski, S.Mixalkov və b.), tanınmış simalar, ədəbi tənqidin ən məşhur simaları – Süleyman Rəhimov, Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər, Cəfər Cəfərov, xalası oğlu Əkrəm Cəfər, kürəkəni professor Cahangir Qəhrəmanov onu ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri kimi dəyərləndirirdi, xeyirxahlığı, səmimiyyəti, prinsipiallığı ilə də ədəbi aləmdə xüsusi nüfuz qazanmasından konkret detallar yazıb. Sovet-KQB rejiminin tüğyan etdiyi bir dövrdə “Zəngəzur”u yazmaqla onu gözləyən təhlükələri də görməyə bilməzdi, ancaq bunların heç biri onu həmvətənlərinin yaşadığı ağrı-acıları, doğulub uşaqlıq illərini keçirdiyi Zəngəzur ellərinin faciələrini qələmə almaqdan çəkindirə bilməmişdi. Ə.Abasov XX əsrin 50-ci illərində “Zəngəzur”u yazmaqla uzaqgörənliklə bizə erməni məkrini anlatmışdı, xalqımızın yenidən soyqırımı, etnik təmizləmə siyasətinə məruz qalacağını çatdırmaq istəmişdi, duyuq salmışdı, bu dərslərdən ibrət almağa, ayıq-sayıq olmağa çağırmışdı, təəssüf, tarixin dərslərindən ibrət almamışdıq, bu səbəbdən daha ağır faciələr yaşamalı olmuşduq.

Hətta senzuradan keçirmək üçün romanın süjet, kompozisiyasına, zəngin obrazlar sisteminə qatdığı xalqlar dostluğu, kommunist ideyalarının təbliği də onu xilas edə bilmədi. Romanın 2-ci cildi çıxandan az sonra Əyyub Abasov 1957-ci ilin 18 dekabrında 52 yaşında istedad və yaradıcılığının püxtələşdiyi bir vaxtda şübhəli şəraitdə “ürəktutması”ndan həyatla vidalaşdı. Və hər şey bundan sonra aşkar bəlli idi; “Zəngəzur” romanı qısa vaxtda satışdan, kitabxanalardan yığışdırıldı, qadağan edildi, son nüsxələrinin də yığılması üçün gizli kampaniya başlandı.

Acı təəssüflər olsun ki, Əyyub Abasov ədəbiyyat tarixi dərsliklərində, müntəxabatlarda layiq olduğu yeri hələ də tapa bilməyib. Ancaq o, olduqca çətin bir dövrdə istedadı, ədəbi-bədii irsi, şəxsiyyəti ilə öndə olan ədəbi simalardan sayılırdı. Bu sətirlərin müəllifi 1978-ci ildə mərhum Süleyman Rəhimovun evində xatirələrini vərəqlərə yazarkən Qubadlının ucqar kəndindən gələn bişməmiş tələbə səmimiyyəti ilə soruşur: - niyə heç ermənilərin bizim kəndlərdə törətdiyi qırğınlardan yazmadınız?! Aldığım cavab bugünkü kimi yadımdadır: - yazdı da, Əyyub Abasov “Zəngəzur”da yazdı, çox dedim, eşitmədi, kitabı çıxan kimi də başın yedilər, yazdığının izin də itirdilər…

Professor Qulu Xəlilov Əyyub Abasovun dəfn gününü belə xatırlayıb yazırdı: “Əyyub Abasovun qəfil ölümü yazıçılara bərk təsir etmişdi, dəfnində Yazıçılar İttifaqının sədri Mehdi Hüseyni sarsılmış gördüm, rəngi qapqara qaralmışdı, büdrəyib yıxılmaq dərəcəsinə gəlmişdi...”

Xalq şairi Nəriman Həsənzadə Əyyub Abasovla tanışlığını belə yazır: "...Bizdə rəhmətlik

gözəl yazıçı Əyyub Abasov varıydı, əvvəl şair idi, sonra əvəzssiz iki cildlik "Zəngəzur" romanını yazdı. Elə onunla da tarixdə qaldı. "Gənclik" nəşriyyatında şöbə müdiri idi. Mir Cəlal müəllim dedi ki, "Əyyub, Nərimanın şeirləri mənim xoşuma gəldi, onun kitabını nəşr elətdirin". Əyyub Abasov da Mir Cəlal müəllimin bir sözünü iki eləmədi, məni apardı nəşriyyata, müqavilə bağladı, beləcə ilk şeirlər kitabım buraxıldı".

Ə.Abasovu görüb yaxından tanıyanlar, haqqında yazanlar onu olduqca mehriban, səmimi, işinə məsuliyyətlə yanaşan, vicdanlı, milli düşüncəli insan kimi xarakterizə edirlər. Onun gənc yaşında Mərkəzi Komitədəki məsul vəzifəsindən uzaqlaşdırılmasında bu sonuncu amilin də rolu olmamış deyil.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ata-baba yurdu xalqımızın qədim, əzəli yurd yerlərindən olan Zəngəzur mahalının Sisian bölgəsinin Comardlı kəndidir. "Zəngəzur" romanı taleyin hökmü ilə Naxçıvanı özünə yurd seçmiş əməksevər insan Əlirza kişi ilə İzzət xanımın ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxunurdu. “Belə bahar günlərinin birində Əlirza və İzzət Əliyevlərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Körpəyə İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmuş qardaşı Heydərin adını (heydər - başçı, öndə gedən deməkdir) qoydular. O Heydərin yaşı həmişəlik iyirmi üç olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər ailəsində Əyyub Abasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki bu iki qalın cilddə yazılanları oxuyan Şəfiqə eynən bu hadisələri, analarının da ona danışdığını qardaşlarına söyləmişdi. - Yanılmırsan, Şəfıqə, - deyə Həsən təsdiq elədi. - Bu kitabı yazan adam didərginlik ağrısını çox dəqiq göstərmişdir” (V.Andriyanov, H.Mirələmov. Heydər Əliyev. Bakı, “Nurlan”, 2008, səh.13-14,  www.kulis.lent.az saytı, “Heydər Əliyevin bacısı anası haqqında danışır”, 10 may 2013).

“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanının icrasının həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planında Əyyub Abasovun "Zəngəzur" romanının Azərbaycan və rus dillərində təkrar nəşrinə də (30 çap vərəqi) qərar verilmişdi. Lakin o illərdə Prezident Administrasiyasında mühüm post tutub bütün sahələri ciddi nəzarətində saxlayan Ramiz Mehdiyev komandası və Aparatda  yuva qurmuş milli düşüncədən uzaq məmurlar bu kitabın nəşrinə imkan vermədilər və bu işi mərhumun alim nəvəsi – Elçin Qəhrəman oğlu Cahangirov övlad sevgisi ilə şəxsi vəsaiti hesabına yerinə yetirdi. 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən, hər günü xalqımıza qələbə sevinci, qürur yaşadan Vətən müharibəsində tarixi Zəngəzurun şərq hissəsi işğaldan azad edilərək yenidən Ana Vətən Azərbaycana qovuşdu. Vətən müharibəsində hərbi əməliyyatlara, döyüşlərə yüksək komandanlıq bacarığı ilə rəhbərlik etməsi ilə ümumxalq sevgisi qazanan Prezident, Ali Baş Komandan İlham Əliyev böyük siyasi uzaqgörənliklə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə “Şərqi Zəngəzur iqtisadi rayonu” (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaratdı. İndi o yerlərdə geniş miqyaslı dirçəliş, bərpa, tikinti-quruculuq işləri aparılır, Şərqi Zəngəzur dirçəlir, yenidən məskunlaşdırılır. Prezident İlham Əliyev qarşıdakı strateji hədəfləri, yol xəritəsini də elan etdi: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir”.

Bütün yollar bizi şərqli, qərbli bütöv Zəngəzura aparır. O gün yaxındadır.

Bu isə “Zəngəzur” romanının son sətridir: “Biz o yerlərə dönəcəyik!”

Dünyaya göz açdığı yurdunda müsibətlər görüb yaşayan, o faciələrin ədəbi salnaməsini yaradan, Zəngəzur ellərimizə dönəcəyimiz günə inanan ədibimiz Əyyub Abasovun ruhu şad, arzuları çin olsun!

Hacı Nərimanoğlu

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see221

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see182

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see179

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see152

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri