Fond sədri: Tələbələrin yataqxana və digər xərcləri təhsil kreditləri hesabına qarşılana bilər MÜSAHİBƏ
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimovun APA-ya müsahibəsi
"Fond yarandığı gündən etibarən bu günə qədər portala 70 mindən çox müraciət daxil olub"
- Bu günə qədər neçə tələbə Təhsil Tələbə Krediti Fondundan yararlanıb?
- Təhsil Tələbə Krediti Fondu cənab Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılıb və bu günə qədər on minlərlə tələbənin təhsilini davam etdirməsinə dəstək verib. Fondun yaradılmasının başlıca məqsədi ödənişli əsaslarla təhsil alan və təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrimizin təhsilə çıxışını asanlaşdırmaq, təhsilin əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaqdır. Təhsil tələbə kreditlərinin verilməsi semestr üzrə aparılır. Payız və yaz sessiyaları üzrə müraciətlər Fonda daxil olur.
Fond yarandığı gündən etibarən bu günə qədər portala 70 mindən çox müraciət daxil olub, bu müraciətlərin 57 mindən çoxu rəsmiləşdirilib. Bu da öz növbəsində 24 min ətrafında tələbə deməkdir. 2024–2025-ci tədris ilinin yaz semestri üzrə müraciət dövrü artıq yekunlaşıb, hazırda portalda müraciətlərin emal prosesi davam edir. Bəzi müraciətlər hələ bank tərəfindən rəsmiləşdirilməyib. İndiyə olan məlumata əsasən bu semestr 11 mindən çox müraciət daxil olub, onların 10 056-sı artıq rəsmiləşib. Qeyd edim ki, rəsmiləşmiş kreditlər üzrə vəsaitlər birbaşa təhsil müəssisələrinə köçürülür.
- Təhsil tələbə kreditindən ən çox istifadə edən universitetlər hansılardır?
- Təhsil Tələbə Krediti Fondu bu günə kimi respublikada fəaliyyət göstərən bütün təhsil müəssisələrini, eyni zamanda, bütün ixtisasları əhatə edib. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Əyani və ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil tələbə kreditinə müraciət edə bilər.

Lakin daha çox biznesin idarə edilməsi, müəllimlik, sosial iş, menecment, iqtisadiyyat, maliyyə və mühəndislik ixtisaslarında təhsil alan tələbələr bu imkandan istifadə edir. Ən çox kredit ayrılmış universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Texniki Universitet, Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti yer alır.
"Müəyyən hallarda tələbəyə möhlət hüququ verilir..."
- Təhsil tələbə kreditini götürdükdən sonra hansı müddət ərzində geri ödəniş başlanır?
- Təhsil kreditlərinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” ilə həyata keçirilir. Müraciət və təyinat tam elektron qaydada həyata keçirilir. Prosesdə heç bir vətəndaş-məmur təması baş vermir.
Qaydaya əsasən təhsil kreditindən faydalanmış tələbədən təhsil müddəti boyunca hər hansı bir geri ödəniş tələb olunmur və faiz hesablanmır. Məzun olduqdan sonra həmin şəxsə əmək bazarında fəaliyyətini təmin etməsi üçün 2 il güzəşt müddəti verilir. Lakin güzəşt müddəti ərzində işləməyə başlayan şəxsin geri ödəmə dövrü başlayır. Kreditin qaytarılması 10 il ərzində həyata keçirilir. 10 il, yəni 120 ay bərabər hissələrə bölünür və müvəkkil bank tərəfindən geri ödəmə dövrü formalaşdırılır.

Müəyyən hallarda tələbəyə möhlət hüququ verilir və bu zaman geri ödəmə müddəti daha da uzana bilir. Kreditin geri ödənişinə başlamış şəxsin həyatında Qayda ilə təsbit olunmuş möhlət dövrlərindən hər hansı biri baş verərsə, bu zaman həmin dövr qədər geri ödəmə dövrü dayandırılır. Möhlət dövrü zamanı da tələbədən geri ödəniş tələb edilmir və faizlərin hesablanması dayandırılır. Təhsil tələbə kreditinin alınması və onun tam şəkildə geri qaytarılması çox uzun bir dövrü əhatə edir. Belə ki, həmin dövr normativ təhsil dövrü, 2 il güzəşt dövrü, 4-6 il möhlət dövrü - əgər bu hal baş verərsə -10 il geri ödəmə dövründən ibarətdir. Belə uzunmüddətli ödənişlər adətən ipoteka kreditlərinə xas olsa da, bu gün artıq təhsil kreditlərinə də tətbiq edilir. Bu da dövlətimizin təhsilə olan qayğısının bariz nümunəsidir.
- Əgər kredit müddətində gecikmə baş verərsə, məbləğin üzərinə faiz əlavə olunur?
- Gecikmə günlərinə görə əlavə faizlərin hesablanması və ya əlavə cərimələrin tətbiq olunması nəzərdə tutulmayıb.

- Hansı tələbələr sosial kredit, hansılar isə standart kredit ala bilər?
- Kreditin iki forması mövcuddur: sosial və standart növ təhsil tələbə krediti. Sosial növ təhsil tələbə krediti sosial cəhətdən həssas əhali qrupuna aid edilən, azgəlirli ailələrin üzvü olan tələbələrimizə dövlət tərəfindən verilən maliyyə dəstəyidir.
Standart növ təhsil tələbə krediti isə sosial cəhətdən həssas olmayan tələbələrimizə şamil edilir.
Sosial təhsil tələbə krediti almaq istəyən tələbələrin kredit növünün adından da məlum olduğu kimi Qayda ilə təsbit olunmuş sosial statuslarına baxılır.
Sosial təhsil tələbə krediti 2 faizlə verilir. Sosial TTK almaq üçün tələbə aşağıdakı şərtlərdən birinə uyğun olmalıdır. Belə ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü olanlar, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə, yəni III qrup əlilliyi olanlar, ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alanlar bu imkandan yararlana bilərlər. Eyni zamanda, hər iki valideynini və ya tək valideyni və ya qanuni nümayəndəsini itirmiş və həmin şəxslər aşağıdakı hallardan birinə uyğun olan tələbələr də sosial TTK almaq hüququna malikdir: 1 və ya 2-ci qrup əlil olanlar, rəsmi şəkildə işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası və ya sosial müavinət alanlar, ailə başçısını itirməyə görə pensiya alanlar, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alanlar və azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər.

Standart təhsil tələbə krediti isə 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına cavab verməlidir. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG-red.) 71 bal və yuxarı olmalıdır. Eyni zamanda, tələbə illik təhsil haqqının 20 faizini özü ödəməlidir. Bununla yanaşı, tələbənin Sosial TTK almaq hüququ olmamalıdır. Birinci tədris ilinin ilk semestri üçün isə Dövlət İmtahan Mərkəzinin imtahan nəticəsi əsas götürülür. Belə ki, bakalavriat səviyyəsi üzrə minimum qəbul balı 250, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 100 baldır. Magistratura səviyyəsində bu göstərici müvafiq olaraq 50, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 30 bal, subbakalavriat səviyyəsində isə 110 baldır. Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün isə attestatdakı müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası əsas götürülür.
- Universitetə yeni qəbul olmuş tələbə təhsil tələbə kreditindən faydalana bilər?
- Bəli, universitetə qəbul olan tələbə ilk kursun ilk semestrində təhsil tələbə kreditindən faydalana bilər. Qəbul prosesində əgər tələbə qeydiyyatını kredit hesabına etmək istəyirsə, bu imkandan faydalana bilir. Ali təhsil ocağına yeni qəbul olmuş tələbələrin qəbul balı, daha sonrakı semestrlərdə isə təhsil göstəriciləri nəzərə alınır.
- Bir tələbə neçə dəfə təhsil tələbə kreditinə müraciət edə bilər?
- Tələbənin oxuduğu müddət ərzində hər semestr üzrə təhsil tələbə kreditinə müraciət etmək imkanı var. Tələbə hər il iki dəfə kreditə - birinci və ikinci semestr üzrə - müraciət edə bilər. Yalnız burada kiçik bir məqam mövcuddur. Təhsil kreditindən faydalanan tələbənin ötən semestr üzrə akademik borcu, kəsiri olmamalıdır.

- Təhsil tələbə kreditindən istifadə edib borcunu tam ödəyənlər varmı?
Bəli, təhsil tələbə krediti borcunu tam ödəyən şəxslər var. Kreditin vaxtından əvvəl bağlanması, şəxsi istək halları olub. Hansı ki, onlar artıq geri ödənişlərini həyata keçiriblər. Bu tələbələrin sayı 300-dən bir qədər çoxdur. Bir daha qeyd edim ki, bu tələbələr vaxtından əvvəl, öz istəkləri ilə ödənişini yekunlaşdırmış tələbələrdir. Kreditin tələb olunan dövr üzrə tam ödənilməsi üçün Fondun fəaliyyətə başladığı gündən bu günə olan zaman hələ yetərli deyil. Belə ki, 2021-ci ildə ilk dəfə kreditdən yararlananların geri ödəniş dövrünün başlamasının üzərindən 10 il keçməlidir. Bu isə müddət olaraq hələ yekunlaşmayıb.
- Nə qədər tələbəyə standart və sosial növ kredit verilib?
- Biz Təhsil Tələbə Krediti Fondu olaraq şəffaf mexanizmin işlənməsi və dayanıqlı olması naminə bu prosesləri nizamlı şəkildə həyata keçirilməsini təmin edirik. Eyni zamanda, dövrü olaraq müvafiq təhlillər həyata keçiririk. Qeyd etdiyimiz kimi, bu günədək Fonda daxil olmuş 70 mindən çox müraciətdən 57 mindən çoxu rəsmiləşdirilib. Rəsmiləşmiş təhsil tələbə kreditlərinin 35 faizi sosial, 65 faizi isə standart kreditin payına düşür.
- Bu kreditlərin neçə faizi bakalavriat, neçə faizi magistratura səviyyəsində oxuyan tələbələrə aiddir?
- Bir daha qeyd edim ki, təhsil tələbə kreditləri Azərbaycan Respublikasının vətəndaşı olan və Azərbaycan Respublikasının hüdudlarında fəaliyyət göstərən akkreditə olunmuş təhsil müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil olunur.
Təhsil tələbə kreditləri ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Ümumilikdə təhsil krediti alan tələbələrin 69 faizindən bir qədər çoxu bakalavr, 24 faizdən bir qədər çoxu magistratura, 6 faizə yaxını isə orta ixtisas və peşə təhsili üzrə təhsil alan tələbələrdir.

"Gələcəkdə tələbələrin yataqxana və ya digər xərclərinin təhsil tələbə kreditləri hesabına qarşılanması ilə bağlı tədbirlər görülə bilər..."
- Təhsil tələbə krediti yalnız təhsil haqqı üçün verilir, gələcəkdə bu kredit başqa sahələrdə, məsələn, kitab alışı və s. istifadə oluna bilər?
- Təhsil Tələbə Krediti Fondunun imkanlarının genişləndirilməsi həm çox maraqlı, həm də vətəndaşlarımızın diqqətini çəkən mühüm mövzulardan biridir. Vətəndaş cəmiyyəti, tələbələr, valideynlər, eyni zamanda, təhsil ekspertləri bu mövzunu tez-tez gündəmə gətirir.
Fond olaraq biz də bu mövzu ətrafında fikirləşir və bir sıra təkliflər paketi hazırlayırıq. Fonda ümumi rəhbərliyi Himayəçilik Şurası həyata keçirir. Hər hansı bir dəyişiklik təklifi olarsa, bu təklif Himayəçilik Şurasının iclasına çıxarılır və müvafiq olaraq qərar qəbul edilir. Biz bu istiqamətlə bağlı bu günədək hər hansı bir təkliflə çıxış etməmişik, lakin bununla bağlı araşdırma və təhlillərimizi edirik. Gələcəkdə tələbələrin yataqxana və ya digər xərclərinin təhsil tələbə kreditləri hesabına qarşılanması ilə bağlı tədbirlər görülə bilər.
- Təhsil tələbə krediti hansı halda dondurula bilər?
- Kreditdə dondurulma ilə bağlı hansısa hal nəzərdə tutulmayıb. Yalnız bəzi hallarda möhlət dövründən istifadə oluna bilər. Geri ödəniş dövrü başlamış tələbəyə qayda ilə müəyyən edilmiş hallarda möhlət dövrü verilir. Bu zaman möhlət dövrü qədər kreditinin geri ödənişi dondurulur. Bu dövrdə faiz hesablanması aparılmır. Geri ödəniş dövrü başlayan tələbə daha yuxarı təhsil pilləsinə qəbul olarsa, həqiqi hərbi xidmətə yollanarsa, xanım tələbələr analıq məzuniyyətinə çıxarsa, tələbə cəzaçəkmə müəssisəsinə düşərsə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edirsə, bu zaman həmin tələbəyə möhlət dövrü verilir. Qayda ilə müəyyən edilməyən digər hallarda isə geri ödəniş dövrü başladıqdan sonra ödənişin dondurulma halı nəzərdə tutulmayıb.

"Yaxın günlərdə magistratura səviyyəsində təhsil alacaq tələbələr üçün təhsil tələbə kreditlərinə müraciət dövrü açıq elan olunacaq..."
- Bu vaxta qədər Fond tərəfindən nə qədər maliyyə vəsaiti ayrılıb?
- Qeyd edim ki, Fondun maliyyələşdirdiyi tələbələrin sayı ildən-ilə artan dinamika ilə dəyişir. 2022-ci ildə 10.2 milyon manat, 2023-cü ildə 13.9 milyon manat, 2024-cü ildə isə 17.5 milyon manat maliyyə vəsaiti ayrılıb. Mövcud proqnozlara əsasən, 2025-ci ilin sonunadək bu rəqəmin 22 milyon manata çatacağı ehtimal olunur.
Ümumilikdə Fond yarandığı gündən bu günədək tələbələrə 53 milyon manatdan çox maliyyə dəstəyi göstərib. Bu vəsaitin 33 milyon manatdan çoxu standart, 20 milyon manatdan çoxu isə sosial növ təhsil tələbə krediti üzrə ayrılıb.
- Son olaraq, qarşıdan gələn tədris ili üçün təhsil tələbə krediti müraciətləri barədə nə deyə bilərsiniz?
- 2024-2025-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu artıq başa çatıb. Hazırda bu dövr ərzində toplanmış məlumatların təhlili və statistik icmalı üzərində işlər davam edir. Fond olaraq, 2025-2026-cı tədris ilinin payız semestrinin yaxınlaşması ilə əlaqədar tələbələrin müraciətlərinin qəbuluna hazırlaşırıq.
Bu ayın sonundan etibarən magistratura səviyyəsi üzrə yeni qəbul olunmuş tələbələrin qeydiyyatının başlanması nəzərdə tutulur. Yaxın günlərdə magistratura səviyyəsində təhsil alacaq tələbələr üçün təhsil tələbə kreditlərinə müraciət dövrü açıq elan olunacaq. Magistraturaya qəbul olmuş tələbələr yeni tədris ili üçün kredit müraciətlərini həmin müddət ərzində təqdim edə biləcək.

