Fövqəladə Hallar Nazirliyi: 20 ilin yüksəliş salnaməsi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fəlakətlərin sipəri, dara düşənlərin arxa-dayağı
Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi. Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bugünkü uğurlu fəaliyyəti Azərbaycanın inkişafı üçün çox müsbət rol oynamışdır. İstər mülki məsələlərdə, istər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini biz görürük, Azərbaycan ictimaiyyəti də görür və bunu yüksək qiymətləndirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müasir cəmiyyətdə və dövlət idarəçiliyində təhlükəsizlik anlayışı təkcə hərbi və ya hüquqi çərçivə ilə məhdudlaşmır. Bu, eyni zamanda, iqtisadi inkişafın davamlığı, sosial rifahın qorunması, insan həyatının və maddi-mənəvi sərvətlərin təhlükəsizliyi olaraq mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan yanaşdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk dövrlərindən etibarən mülki müdafiə və fövqəladə halların idarə olunması sahəsinə xüsusi diqqət yetirməsi zəruri addımlarla müşayiət olunub və strateji xarakter daşıyır.
Dövlətimizin başçısı ölkəyə rəhbərliyə başlayarkən cəmiyyətin təhlükəsizliyini iqtisadi inkişafla paralel şəkildə dəyərləndirərək, təbii fəlakətlərin, texnogen qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin operativ və səmərəli şəkildə aradan qaldırılması üçün vahid idarəetmə mexanizminin yaradılmasını zəruri hesab etdi. Bu yanaşma dövlətin gücünü yalnız iqtisadi göstəricilərlə deyil, həm də insan həyatının qorunması səviyyəsi ilə ölçən müasir idarəçilik fəlsəfəsinin bariz nümunəsi idi.
Prezident İlham Əliyevin belə bir strateji baxışının məntiqi nəticəsi olaraq, 2005-ci il dekabrın 16-da imzaladığı müvafiq sərəncamla Fövqəladə Hallar Nazirliyi (FHN) yaradıldı. Qurumun təsis edilməsi ilə təbii və texnogen fəlakətlərə qarşı mübarizədə sistemli yanaşmanın keyfiyyətcə yeni mərhələsinin əsası qoyuldu. Bu addımla təhlükəsizlik infrastrukturu möhkəm olmayan bir dövlətin dayanıqlı inkişafından danışmağın mümkünsüzlüyü bir daha təsdiqləndi.
FHN-in yaradılması ilə əhalinin mülki müdafiəsi, yanğın təhlükəsizliyi, su hövzələrində insanların qorunması, xilasetmə və qəza-xilasetmə işlərinin təşkili, dövlət material ehtiyatları fondlarının idarə olunması, radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənaye və dağ-mədən sahələrində texniki təhlükəsizliyə nəzarət, tikintidə təhlükəsizlik standartlarının qorunması kimi son dərəcə mühüm funksiyalar vahid mərkəzdə cəmləşdirildi. Eyni zamanda, böhranların idarə olunması, strateji obyektlərin mühafizəsi, nüvə və radioloji təhlükəsizlik sahəsində münasibətlərin tənzimlənməsi, əhalinin və ərazilərin radiasiya təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində müvafiq strukturlar yaradıldı.
Təhlükəsizliyin həyatın bütün sahələrində bir mərkəzdən idarə olunması Prezident İlham Əliyevin mülki müdafiə sisteminə uzaqgörən və kompleks yanaşmasının məntiqi nəticəsi idi. Bu siyasətin davamı olaraq, dövlət başçısının 2006-cı il dekabrın 8-də imzaladığı sərəncamla hər il dekabrın 16-sı FHN İşçilərinin Peşə Bayramı Günü kimi təsis olundu. Bu qərar dövlətin təhlükəsizlik sahəsində çalışan insanlara verdiyi yüksək dəyər və etimadın bariz ifadəsi idi.
Ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizliyinə və vətəndaşların həyatının qorunmasına verdiyi xüsusi önəmin məntiqi nəticəsi olaraq yaradılan FHN qloballaşan risklər, texnogen təhlükələr, təbii fəlakətlər və fövqəladə situasiyalar şəraitində vahid mərkəzdən idarə edilən, çevik və peşəkar bir qurum kimi qısa müddət ərzində formalaşaraq müasir strukturlaşma yolu keçdi, normativ-hüquqi baza yaradıldı, kadr potensialı gücləndirildi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmləri işə salındı.
Ötən müddətdə nazirliyin fəaliyyətində risklərin idarə edilməsi və insan amilinin önə çəkilməsi ilə bərabər, həm də baş verən hadisələrə dərhal müdaxilə olunması, risklərin əvvəlcədən qiymətləndirilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması kimi məsələlər də daim diqqətdə saxlanılıb. Belə bir yanaşma son illərdə xüsusilə öz səmərəliyi ilə fərqlənib. Başqa sözlə, nazirliyin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Fövqəladə Halların İdarə Olunması üzrə mərkəzlər vahid koordinasiya sistemi çərçivəsində fəaliyyət göstərərək fövqəladə halların idarə edilməsində çevikliyi və operativliyi ilə seçilib.
FHN-in fəaliyyətində sistemlilik və yüksək hazırlıq prinsipi hər zaman xüsusi diqqət çəkib. Bu, iqlim dəyişiklikləri fonunda təbii fəlakət risklərinin artdığı, sənaye obyektlərində təhlükəsizlik tələblərinin sərtləşdiyi, urbanizasiya ilə bağlı risk amillərinin daha çox nəzərə çarpdığı indiki şəraitdə özünü daha qabarıq büruzə verib. Məsələn, belə hallar son bir il ərzində çox sayda yanğın hadisəsinin qarşısının operativ şəkildə alınması, yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanılması, bu hadisələrin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilməməsi, su basmaları, sürüşmələr və güclü küləklərlə bağlı hadisələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi zamanı göstərib. Sənaye, ticarət və sosial obyektlərdə yüzlərlə texniki təhlükəsizlik yoxlamalarının aparılması, əhali arasında maarifləndirmə tədbirlərnin genişləndirilməsi isə nazirliyin artıq müasir risk-menecment modeli ilə proaktiv təhlükəsizlik fəaliyyəti göstərməsində təsdiqini tapıb.
FHN-in fəaliyyəti son illər ölkəmizin ərazi bütövlüyünün bərpası prosesi fonunda yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin strukturları işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb, təhlükəsizlik infrastrukturunun bərpası və qurulması istiqamətində ardıcıl addımlar atılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Dövlət Yanğından Mühafizə hissələrinin fəaliyyəti reallaşdırılıb. Həmin hissələr müasir texnika və avadanlıqlarla təchiz edilib. Bununla da bölgədə yaşayışın təhlükəsiz təşkili və gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb.
Nazirlik tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizləmə prosesində aidiyyəti qurumlarla sıx əməkdaşlıq qurulması, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsinin minalardan təmizlənmə işlərində fəal iştirak etməsi bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar və digər vasitələr tətbiq olunmaqla minatəmizləmə işlərində yüksək nəticələr əldə edilib, nazirliyin tabe qurumları tərəfindən işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib, aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri görülüb, dağıdılmış infrastrukturun təhlükəsizlik baxımından qiymətləndirilməsi aparılıb, yeni yaşayış sahələrində yanğın və texnogen təhlükəsizlik sistemləri yaradılıb.
Bütün bunlarla bərabər, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı zamanı mülki-müdafiə tədbirlərinin gücləndirilməsi, xüsusilə “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyaları çərçivəsində qurulan yaşayış məntəqələrində FHN-in müasir texnologiyalara əsaslanan təhlükəsizlik modellərinin tətbiq olunması diqqətdə saxlanılıb. Başqa sözlə, nazirliyin “ağıllı” layihələr əsasında yaşayış məntəqələrində rəqəmsal təhlükəsizlik və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqinə regionda uzunmüddətli sabitliyin əsas şərti kimi yanaşılıb.
Güclü imkanlar və beynəlxalq etimad
Müasir dövrdə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin minimuma endirilməsi dövlət təhlükəsizliyinin əsas tərkib hissələrindən biridir. Bu baxımdan FHN ötən illər ərzində həm texniki imkanlarına, həm də institusional potensialına görə regionun ən qabaqcıl qurumlarından birinə çevrilib. Nazirliyin fəaliyyətində əsas prioritet kimi insan həyatının qorunması, risklərin qabaqlanması və operativ reaksiya mexanizmlərinin daim təkmilləşdirilməsi dayanır.
FHN-in son illərdə texnika parkının sistemli şəkildə yenilənməsi və zənginləşdirilməsi bu qurumun fövqəladə hallara hazırlıq səviyyəsini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Yanğınsöndürmə və qəza-xilasetmə texnikaları, xüsusi təyinatlı maşın və mexanizmlər, mina və partlamamış hərbi sursatların aşkarlanıb zərərsizləşdirilməsi üçün müasir sistemlər, dənizdə xilasetmə əməliyyatlarını həyata keçirən katerlər və axtarış gəmiləri, habelə “Be-200 ÇS” tipli amfibiya təyyarəsi və helikopterlər fövqəladə vəziyyətlərdə çevik və səmərəli müdaxiləni təmin edir. Bu texniki üstünlüklər nazirliyə həm quru, həm hava, həm də dəniz məkanında geniş fəaliyyət imkanları yaradır.
Rəqəmsallaşma və informasiya texnologiyalarının tətbiqi də FHN-in fəaliyyətində mühüm yer tutur. Nazirliyin müasir İT infrastrukturu, elektron xidmətlərin təşkili, fövqəladə hadisələrin vahid statistik bazasının formalaşdırılması risklərin qabaqcadan qiymətləndirilməsini və qərarların daha dəqiq verilməsini şərtləndirir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və 112 qaynar xətti ölkə üzrə operativ əlaqələndirmə mexanizminin əsas dayaqlarından biridir. Eyni zamanda, ən müasir rabitə sistemləri ilə təchiz olunmuş mobil qərargah-avtobuslar hadisə yerində real vaxt rejimində böhranların idarə olunmasına imkan verir.
Beynəlxalq əməkdaşlıq FHN-in strateji fəaliyyət istiqamətlərindən biridir. Nazirlik qısa müddətdə bir çox ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla etibarlı tərəfdaşlıq əlaqələri qurub. Rusiya, Türkiyə, Fransa, Almaniya, Koreya və digər ölkələrlə əməkdaşlıq çərçivəsində birgə təlimlər, təcrübə mübadilələri və koordinasiyalı fəaliyyət mexanizmləri formalaşdırılıb. Eyni zamanda, ölkə daxilində Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri və digər dövlət qurumları ilə keçirilən birgə təlimlər fövqəladə hallara kompleks yanaşmanı gerçəkləşdirir.
Humanitar missiyalar isə FHN-in beynəlxalq nüfuzunun ən parlaq göstəricilərindəndir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında müxtəlif ölkələrə humanitar yardımların çatdırılması, eləcə də İsrail, Gürcüstan və xüsusilə qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsində Azərbaycan xilasedicilərinin fəal iştirakı ölkəmizin həmrəylik və məsuliyyətli tərəfdaşlıq siyasətini aydın şəkildə nümayiş etdirir. Türkiyədə baş vermiş genişmiqyaslı meşə yanğınları zamanı FHN əməkdaşlarının peşəkarlığı, çevikliyi və fədakarlığı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildi.
Fədakarlıq və peşə şərəfi
FHN fəaliyyətində insan resursları və peşəkarlıq məsələsinə də xüsusi əhəmiyyət verərək, bu yöndə müsbət nəticələr əldə edir. Bu uğurun təməlində isə peşəkar kadr və fədakar əməkdaş amili dayanır. Yüksək riskli şəraitlərdə həyatlarını təhlükə altına atan əməkdaşların vətəndaşların təhlükəsizliyi naminə şücaət göstərmələri də bunun bariz ifadəsidir. Davamlı təlimlərin keçirilməsi, beynəlxalq təcrübə mübadiləsi, texniki təminatın gücləndirilməsi isə insan kapitalının inkişafına yönəlmiş strateji xəttin göstəricisidir.
FHN-in fəaliyyətində insan kapitalının inkişafı xüsusi önəm daşıyır. Nazirliyin əməkdaşları xarici ölkələrin nüfuzlu ali təhsil və ixtisasartırma müəssisələrində müasir bilik və bacarıqlara yiyələnir, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyirlər. 2008-ci ildə yaradılmış FHN Akademiyası isə peşəkar kadr hazırlığının milli modelini formalaşdıraraq, nazirliyin davamlı inkişafının təminatına çevrilib. Akademiya müasir maddi-texniki bazası və tədris proqramları ilə fövqəladə hallarla mübarizədə peşəkar yanaşmanı gücləndirir.
Beləliklə, FHN-in 20 il ərzində keçdiyi yol sübut edir ki, dövlətin güclü iradəsi, yüksək mənəvi keyfiyyətlərə malik şəxsi heyətin fədakar və peşəkar fəaliyyəti, eləcə də müasir yanaşmaları nəticəsində bu qurum cəmiyyətin etibarlı dayağına çevirib. Davamlı təlimlər keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, texniki təminatın yenilənməsi bu peşənin risklərini minimuma endirib və səmərəliyi artırıb.
Nazirliyin qarşıdakı dövrdə əsas prioritetləri sırasında rəqəmsal idarəetmə və analitik mərkəzlərin genişləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, iqlim dəyişmələrinə uyğun fəaliyyət mexanizmlərinin hazırlanması, regionlarda təhlükəsizlik infrastrukturunun daha da möhkəmləndirilməsi xüsusi yer tutur. Bu hədəflər FHN-in yalnız bugünün deyil, gələcəyin təhlükəsizlik arxitekturasını formalaşdıran qurum olduğunu göstərir.
Vaqif BİNYATOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















