Füzuli həmmamiyyəsinə aparan yol Aida Qasımova yazır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aida QASIMOVA
Professor, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi
[email protected]
Tarix Şumerdən başlayır. Təharət tarixi də Şumerdən başlayır. İnsanlar xəlq olunmazdan öncə Nippur şəhərində tanrılar məskən salmışdı. Bu şəhərdə yaşlı ana qızı ilahə Ninlili şəhərin baş tanrısı Enlilə ərə vermək istəyir və qızına öyüd-nəsihət verib deyir: “Get təmiz bir suda çim, tərtəmiz bir su olsun!” Ninlil deyilən kimi də edir. Enlil onu çayda çimərkən görüb aşiq olur. Qılqamış dastanın qəhrəmanını da su hövzəsində çimən görürük. “Axillesin dabanı” ifadəsi körpələrin paklanma məqsədi ilə müqəddəs çayın sularına salınması kimi adətin xristianlıqdan çox əvvəl mövcud olmasına dəlalət edir. Misir mifologiyasında İsida sevgilisi Osirisin dirilməsi üçün dua etməzdən öncə Nil çayında çimib paklanır. Bitkilər aləminin dirçəlməsi də su ilə reallaşdığından, bitki ilahəsi Floranı da çayda çimib paklaşan görürük.
Dinlər tarixinə nəzər salsaq, atəşpərəstliklə bağlı olan Zərdüştlikdə suyun və ritual paklaşmanın od qədər müqəddəs sayıldığını görürük. Buddizmdə şahzadə Siddhartha (Budda) doğularkən göylərdən biri isti, digəri soyuq olmaqla iki bulaq qaynayaraq şırnaq axmış, onların suyu körpəni yuyub təmizləmişdir. Vəhdaniyyət dinlərində, xüsusilə İslamda su, paklıq, qüsl ilə bir sıra mühüm məqamlar, hökmlər vardır.
Qədim mifik düşüncədə və dini ədəbiyyatda çoxsaylı yuyunma nümunələri vardır. Bu nümunələrdən təharətin cəmiyyətin mədəni həyatında bir sıra funksiyaları olduğunu görürük. Yuyunma yalnız cismani paklanma olmayıb, ruhən saflaşmağa və tanrı sevgisinə aparan bir yoldur. Yuyunma və paklaşma insanın fövqəltəbii qüvvələrlə təması yolunda bir addımdır. Təharət reinkarnasiya, dirilik, həyatın canlanması vasitəsidir. Bu səbəbdənklassik Şərq poeziyasında yuyunma motivləri özünə görümlü yer etmişdir.
Füzulinin məşhur “Qıldı ol sərv səhər, nazilə həmmamə xüram” mətləli həmmamiyyə qəzəli Şərq xalqları ədəbiyyatındakı yuyunma şeirləri ənənəsinin davamıdır. Füzuli şeiri yarandığı ərəb coğrafi mühitinin bir parçası olduğundan, ilk növbədə ərəb ədəbiyyatında yuyunma (qüsl, iğtisal) ilə bağlı şeirlərin araşdırılması lazım gəlir. Məqsədimiz yuyunma/qüsl və həmmamiyyə mövzusunun Şərq ədəbiyyatında inkişafını göstərmək, mövzu ilə bağlı ədəbi nümunələrin sosial-mədəni və yeri gəldikcə, dini-ritual tərəflərini öyrənmək, yalnız ənənələri izləməklə kifayətlənməyib, bənzərliklərlə yanaşı, hər bir yeni nümunənin meydana çıxdığı şəraitlə bağlı fərqli cəhətlərini də araşdırmaq, ayrıca olaraq, Füzulinin həmmamiyyə qəzəlinə aparan yolun ilk dayanacaqlarını göstərməkdir.
Hamam və təharət motivi ədəbiyyatda fərqli yönümlərdən əks olunub. Araşdırmamız prosesində bu mövzuda bir neçə istiqamət nəzərə çarpır:
1) Qəzəl və qəsidələrdə yuyunma ilə bağlı ayrı-ayrı beytlər
2) Fərdi yuyunma səhnələrini əks etdirən həmmamiyyə şeirləri
3) İslam ədəbiyyatında qüsllə bağlı hökm və rəvayətlər
4) Göz zinası ilə bağlı rəvayətlər
5) Hamamla bağlı əxlaqi-didaktik və yumoristik motivləri əks etdirən nəsr əsərləri
6) Hamamla bağlı vacib məlumatları hifz edən ədəb əsərləri
7) Şəhər hamamlarında gəncləri təsvir edən qılmaniyyə/şəhrəşub tipli şeirlər
8) Lirik poeziyada ilahilik kəsb etmiş gözəlin vəsfi ilə bağlı şeirlər
Xronoloji baxımdan təharətlə bağlı mövzuların inkişafını izləsək, aşağıdakı mühüm mərhələləri qeyd etməyimiz lazımdır:
1) İslamaqədərki ədəbiyyatda yuyunma motivləri və bu şeirlər ətrafında yaranan xəbərlərdə müşahidə edilən göz zinası.
2) Urbanlaşma, hamam mövzusunun sosial həyatla bağlılığı, dünyəvi qəzəl, qılmaniyyə/şəhrəşub şeirləri, əxlaqi-didaktik və yumoristik əsərlər.
3) Sufizmin inkişafı ilə ilahi gözəlin vəsfində həmmamiyyə şeirləri
İmruu l-Qeysin çimən gözəlləri
Tarix Şumerdən başlayırsa, klassik şərq poeziyası da İmruu l-Qeysdən başlayır. Şərq ədəbiyyatının bir sıra məna və obrazları ilk dəfə onun şeirində cücərti verib.
Mənbələrdə şairin Bizans imperatorunun sarayına getməsi barədə məlumatlar var. Məlumdur ki, antik və son antik dövr Roma-Bizans mədəniyyətində hamam sosial həyatın bir parçası idi. İnsanlar hamama yalnız yuyunmaq üçün deyil, həm də vaxt keçirmək, söhbətləşmək üçün gedirdilər. İmruu l-Qeys divanının şərhində bildirir ki, Bizans imperatoru şairi hamama dəvət edib.
İmruu l-Qeysin ən yaxı yeddi qəsidədən biri sayılan muallaqasınə xas cəhətlərdən biri təhkiyəçilikdir. Şair muallaqasına konkret bir hadisəninin təsvirini daxil etməklə, lirik qəsidəni epik ünsürlərlə maraqlı edir. Bu, Culcul obasındakı hadisədir. Burada oba qızlarının yağışdan sonra yaranmış gölməçədə çimməsi, İmruu l-Qeysin onların paltarlarını oğurlaması, utanıb sudan çıxa bilməyən qızların həyəcanı və s. təsvir olunur. Oba köçərkən kişilərin öndə, qadınların isə bir qədər arxada getməsi, yağışdan sonra gölməçələr yaranması və insanların bu sularda yuyunması köçəri ərəb həyatının reallıqlarıdır. O dövr ərəb cəmiyyətində şairlər yalnız söz ustası olmayıb, həm də maraqlı hekayətlər, hətta möcüzəli nağıllar, dastanlar qəhrəmanı idilər. Bir sıra poeziya nümunələrinin əsasında real bioqrafik hadisələr dayanırdı. Culcul obasında baş vermiş yuxarıdakı epizod da belə hadisələrdən biridir. Bu epizodda bizim üçün ən maraqlı olan bədəvi qadınların kiçik bir fürsət tapan kimi yuyunması, bununla yorğunluqdan çıxmasıdır.
İmruu l-Qeys şeirində yuyunma motivi əks olunmuş başqa bir qəsidə də vardır. Bu, onun digər “ləmiyyə”sidir. Həmin qəsidədə belə bir beyt keçir:
O çimərkən isti su damlaları iki kürəyi arasından mirvari danələri kimi süzülürdü.
Nəbiğa həmmamiyyəsi
Ərəb ədəbiyyatında ilk həmmamiyyə şeiri Hirə sarayının məşhur şairi Nəbiğa əz-Zubyəniyə məxsusdur. Nəbiğa əz-Zubyəni islamaqədərki ərəb mədəni həyatının maraqlı şəxsiyyətlərindən biridir. Onu ərəb ədəbiyyatı tarixində ilk saray şairi adlandıra bilərik.
O dövrdə İran sərhəddində bir bufer dövlət kimi formalaşmış Hirə xanədanı yarımadada İranın mənafeyini güdür, Bizans imperatorluğunun himayədarlığında olan digər vassal dövlət - Qəssanilərlə düşmənçilik edirdi. Hər iki vassal dövlət öz sarayına istedadlı şairləri cəlb etməkdə maraqlı idi. Belə şairlərdən biri olan Nəbiğa əz-Zubyəninin həyatı da Ləxmilər və Ğəssanilər dövləti ilə bağlı olmuşdur
Nəbiğa əz-Zubyəninin Ləxmilərin hökmdarı Neman İbn Munzirlə münasibətləri çox yaxşı idi. Hökmdarla yaxınlıq şairə var-dövlət və şan-şöhrət gətirir. Onun qab-qacağının belə qızıldan olması söylənilirdi. Lakin bu hal ətrafda həsəd doğururdu. Nəbiğanın yazdığı bir qəsidə - Nemanın arvadı Mütəcərridəyə həsr etdiyi həmmamiyyə şeiri onun hökmdarla arasının dəyməsinə səbəb olur. "Dəliyyə" adlanan monotematik qəsidə həmmamiyyə janrındadır (Ərəb şeirinin fars və türk ədəbiyyatlarından fərqli janr anlamı barədə “Ərəb ədəbiyyatı, V-XIII əsrlər” kitabımızda məlumat vermişik). Qəsidədə çimən gözəl təsvir olunur. Qeyd edək ki, Nəbiğa qəsidəsini “həmmamiyyə” adlandırmamız heç də şeirin ərəb qaynaqlarında bu cür adlanmasından irəli gəlmir. Amma bir nəzəri termin, janr adı kimi qeyd olunmasa da, çimən gözəlin təsviri ərəb şeirinə hələ Cahiliyyət dövründən ayaq açıb.
Nəbiğanın həmmamiyyəsi klassik ərəb poeziyasının ən məşhur nümunələrindən biridir. Bu şeir ilk növbədə ərəb ədəbiyyatında monotematik qəsidə nümunəsi kimi maraq doğurur. Məlumdur ki, qəsidə ərəb poeziyasında sinkretik, politematik janr olub özündə bir sıra elementləri – nəsib, vəsf, mədh, hikmət və s. birləşdirir. Nəbiğanın həmmamiyyəsi isə yalnız qəzəl - nəsib üzərində qurulub. Burada başlanğıcda nostalji hissləri və qəzəl elementləri ilə zəngin ənənəvi hissə - obanın tərk edilməsi səhnəsinin, sevgili ilə ayrılığın təsviri verilir, sonra çimən qadının gözəlliyi təriflənir, kənar mövzulara yer verilmir, amma təsvirlərdə erotik elementlərə rast gəlinir.
Əndamının büküşləri yumşaq idi. Qabarıq sinəsi paltarının yaxasını yuxarı qaldırırdı.
Ağcaqanadlardan qorunmaq üçün asılmış pərdənin arxasından görsənərkən Oğlaq bürcündəki günəş kimi parlayırdı.
O, sədəf içindəki dürrə bənzəyirdi. Elə bir dürr ki, qəvvaslar onu görərkən heyran qalıb Allaha həmd-səna ilə səcdə qılırlar.
Mərmərdən düzəldilib kərpic və çini üzərinə bərkidilmiş bir heykəl kimi əzəmətli idi.
Ərəb ədəbi fikri sürprizlərlə doludur. Bəzən ən erotik bir şeir belə Quran-i Kərim kimi ciddi bir kitabın da təfsirinə yol aça bilər. İbn Cərir ət-Təbərinin məşhur “Cəmi əl-bəyən” təfsiri də bu cəhətdən istisna deyil. Ət-Təbəri əl-Maidə surəsinin 3-cü ayəsində keçən “qarnı aclıqdan bükülüb sallanan” ifadəsini şərh edərkən Nəbiğanın qarın büküşləri ilə bağlı yuxarıdakı beytinə müraciət edir.
Qəsidənin növbəti beytlərində çimərkən fitəsi açılan gözəlin qəflətən yaxalandığı anlaşılır; onun gözəlliyini təsvir etmək üçün nar ağacı, göyərçin qanadları, çobanyastığı çiçəyini səhnəyə gəlir:
Onun büründüyü fitə qəflətən açılarkən dərhal əli ilə tutub saxladı
İncə və xınalı barmaqları nar ağacının zərif budaqları kimi idi.
O, istəyinə çatmadığından, sənə xəstənin sağlam adama baxdığı bir tərzdə baxırdı.
Xınalı ağzında ağappaq görünən dişləri göyərçin qanadlarına bənzəyirdi.
Onun ağzı yağışın islatdığı çobanyastığı çiçəyi kimi idi; pöhrələri qurusa da kökü yaş qalmışdı.
Yuxarıdakı parça yalnız təsvirləri və bədii obrazları ilə deyil, həm də ərəb estetik təsəvvürlərini əks etdirməsi baxımından diqqətəlayiqdir. Cahiliyyət dövründə ərəb qadınları arasında diş ətlərini boyalarla tündləşdirmək dəbi olub. Onlar bununla dişlərinin daha da ağ görünməsinə nail olurdular. “Xınalı ağzında ağappaq görünən dişləri göyərçin qanadlarına bənzəyirdi”, deyən şair bu adətə işarə edir. Bundan sonra şair sanki ifrata vardığını duyub vəsfinə “hökmdar deyir” sözləri əlavə edir. Bununla da, özünü sanki hökmdarın qəzəbindən sığortalamaq istəyir.
Hökmdar deyir ki, onun dodaqları sərin, öpüşləri dadlı və şirindi.
Mən özüm dadmamışam, amma hökmdar deyir ki, onun öpüşü o qədər dadlıdır ki, bir öpən bir də öpmək istəyər.
Mən özüm dadmamışam, amma hökmdar deyir ki, bu öpüş öz ətri və ləzzəti ilə susuzluqdan ölənlərə həyat verir.
Sonrakı beytlərdə şair xəyali olaraq xristian rahibinin obrazını yaradır. Bu obrazı eşq yolunda dinindən dönməsi səbəbindən Şeyx Sənanın prototipi adlandıra bilərik. O göstərir ki, öz dini bu rahibə evlənməyi qadağan etsə də, o, Mutəcərridəni görər-görməz aşiq olub haqq yolunu tapdığını zənn edir. Beləliklə də, şeirdə gözəllik və eşq dinə qarşı qoyulur, dinini atıb sevgiyə tapınan bir obraz yaranır və Şeyx Sənan obrazının ilk cücərtiləri meydana çıxır:
Sanki gözəllərin boynundakı mirvarı boyunbağı onun dişlərinin incisindən düzülmüşdü.
Əgər ömründə qadına yaxın durmamış, gününü ibadətdə keçirən rahib onu görsə,
Gözəlliyinə bir nəzər salsa və şirin söhbətini eşitsə, elə xəyal edər ki, həqiqi hidayətə qovuşub, amma əslində o, yolundan azıbdır.
Şeir sonadək bu cür erotik deyimlərlə davam edir. Nəbiğanın bu şeiri çimən gözəlin təsviri kimi gözəl bir ənənənin əsasını qoydu. Bu gözəlin saray xanımı, kraliça olması şeirə xüsusi bir effekt qatır və şeirlə bağlı hekayə elementlərini gücləndirir.
Davud Peyğəmbər və göz zinası
Artıq yuxarıdakı şeirlərdə həmmamiyyə motivinin göz zinası ilə bağlı olduğunu gördüyümüzdən, bu mövzunu bir qədər genişləndirib onun qaynaqlarını göstərməyi lazım bilirik. Nur surəsinin 30-31-ci ayələrində mömin qadın və kişilərə harama baxmamaq buyurulur. Peyğəmbərlərin məsumluğu ümumi qəbul olunmuş iddia olsa da, dini ədəbiyyatda göz zinası Davud peyğəmbərin adı ilə bağlıdır.
“Əhdi-ətiq”də bu barədə deyilir: Davud bir axşam yatağından qalxdı və sarayın damında gəzişməyə başladı. Damdan aşağı baxdıqda bir qadının çimdiyini gördü. Qadın çox gözəl idi. Davud öz adamını çağırıb ona qadının kim olduğunu öyrənməyi tapşırdı. Məlum oldu ki, bu qadın Badsəbadir, hərbçi Uriyanın arvadıdır. Sonra Davud adam göndərib əri hərbi səfərdə olan qadını yanına gətizdirdi. Qadın gəldi və Davudla yaxınlıq edib hamilə qaldı. Davud ordu başçısına tapşırdı ki, Uriyanı ən qızğın döyüş gedən yerə göndərsin. Uriya bu döyüşdə həlak olur. Davud onun arvadı ilə evlənir, amma Davudun bu hərəkəti Allaha xoş getmir (2-ci Samuel, 11: 1-25).
Qeyd edək ki, bu epizod Rembrandt, Jan Massys kimi rəssamların yaradıcılığında yer etmişdir. Eləcə də Quran təfsirlərində də Sad surəsinin 22-25-ci ayələri ilə bağlı bu əhvalata toxunulub.
Görünür, göz zinası bir çox hökmdarlara yad olmamışdır. Məlumdur ki, hələ xilafət dövründən saraylar yalnız dövlət administrasiyası olmayıb, həm də eyş-işrət mərkəzi idi. Xüsusilə Abbasi xəlifələri kef məclislərinə meyilli idilər. Türk sultanları bu məsələdə onlardan heç də geri qalmırdılar. Özgən Fələk yazır ki, III Murad əyləncələrə və eyş-işrətə meyilli idi. O, çox vaxt hərəmxanada ziyafətlər təşkil edir, həyatdan zövq alırdı. III Murad harda bir gözəl qadın olduğunu eşidərdisə, onu dərhal öz hərəmxanasına gətizdirərdi. O, sarayının zirzəmisində bir çarhovuz tikdirmişdi. Onun öz taxtı isə çarhovuzdan bir mərtəbə yuxarıda yerləşirdi. O, sevdiyi qadınların çarhovuzda çimməsinə baxmağı, onların hərəkətlərini izləməyi çox sevərdi.
Yuxarıdakı ədəbi nümunələr cəmiyyət həyatında təharət və yuyunma ilə bağlı məsələlərə də müəyyən dərəcədə aydınlıq gətirir. Yağış suyunun yaratdığı gölməçədə yuyunma, hökmdar saraylarında yuyunma, hökmdar şair münasibətləri və s. məsələlər tam olmasa da, islamaqədərki cəmiyyətin bəzi özəlliklərini açıqlayır.
İslamaqədərki ərəb cəmiyyətini oturaq-köçəri olaraq xarakterizə edə bilərik. Oturaq həyatın hökm sürdüyü Məkkə, Yəsrib (Mədinə), Taif, Hirə kimi şəhərlərdə insanların necə yuyunması barədə məlumatlar, demək olar ki, yox dərəcəsindədir. Bizim bu şəhərlərdə hamamların mövcud olub-olmaması barədə dəqiq bir məlumatımız yoxdur. Hər halda ərəblərin yuyunmaqla bağlı müəyyən vərdiş və adətlərinin, hətta bəzi ayinlərinin olmasını düşünə bilərik. Bu cür vərdiş və ayinlər olmasa idi, Quranda qüsl və dəstəmaz (ən-Nisə 43) bu qədər önəmli olmazdı. Quran ilk növbədə Cahiliyyət dövrünün məhsulu idi. İslamda yuyunmanın (qüsl) ritual səviyyəsinə qaldırılması hər bir halda boş zəmində yaranmayıb. Dini ədəbiyyatda bu barədə bəzi xəbərlərə rast gəlinir. Məhəmməd Baqir əl-Məclisi Bihar əl-Ənvarda bir zindiqin Cəfər əs-Sadiqlə söhbətini verir:
“De görüm məcusların dini daha düzgün olub, yoxsa Cahiliyyət ərəblərinin?” (Cəfər əs-Sadiq dedi): “Ərəblər hənif dininə məcuslardan daha yaxın olub. Belə ki, məcuslar bütün peyğəmbərləri inkar edirlər”. Daha sonra davam edib dedi ki, məcuslar cənabət qüsulu etmirlər, amma ərəblər edir. Yuyunma (qüsul) hənif dininə xas qaydalardandır. Məcuslar sünnət etmirdilər. ərəblər isə edirdi. Bunu ilk dəfə İbrahim peyğəmbər adət halına salıb. Məcuslar ölülərini də yumurlar, kəfənə bürümürlər, ərəblər isə edirdilər. Məcuslar (ölülərini basdırmayıb) səhralara atırdılar, (açıq) daş qəbirlərə qoyurdular, ərəblər isə onları qəbirdə basdırırdılar. Bu, peyğəmbərlərdən qalma adətdir. İlk qəbir bəşəriyyətin atası olan Adəmə qazılıb.
Bütün din və mədəniyyətlərdə təharət cismani təmizlik olmaqla yanaşı, həm də mənəvi-simvolik məna daşıyıb. Yaşaroğlu qeyd edir ki, nümunələrinə miladdan bir neçə min il əvvəl Hindistanda, Ön Asiyanın Misir və Assuriya-Babil mədəniyyətlərində rast gəlinən hamam memarlığının formalaşmasında, şübhəsiz ki, bu bölgələrin din və mədəniyyətlərində su ilə yuyunma ayininin təsiri olub. İlk vəhdaniyyət dini olan Yəhudiliyin insanları təharətə təşviq etməsi və müəyyən hallarda yuyunmanı dini bir vəzifə sayması Yaxın Şərqdə hamam memarlığının inkişafına ciddi töhfə vermişdir.
Bu yazıda biz ayrı-ayrı dinlərdə, xüsusilə Quranda və hədislərdə təharət və qüsl mövzusunu geniş şəkildə araşdırmaq fikrindən uzağıq. Xüsusilə sunnələrdə yer alan məlumatların bəzisi İslam müqəddəslərinin intim həyatını açıqlamaq səbəbindən heç də xoşagələn deyil.
Bir məsələni qeyd edək ki, İslam dini meydana gəldikdən sonra ölü qüslünə xüsusi əhəmiyyət verilirdi, hətta müqəddəslərin qüslü ilə bağlı əşyaların maddi ayin nümunəsi kimi qorunub saxlandığını da görürük. Bəzən ədəbiyyatda qüsl insanın cənnətə olan yolunun başlanğıcı kimi təqdim olunur. Məhəmməd Peyğəmbərin qızı Fatimənin ölü qüslü edildiyi taxta lövhə hal-hazırda Heydərabadda saxlanılır. Aşura günündə əhali bura yığılıb imamları yad edir.
İslamaqədərki səmavi kitablarda su ilə paklanma, bunun tibbi yönəmi ilə bağlı kifayət qədər məlumat var. Xaç suyuna salınma ilkin günahların təmizlənməsi olmaqla yanaşı, həm də insanın bir xristian olaraq gələcək həyata hazırlığıdır. Xüsusilə körpələrin xaç suyuna salınması bu ritualda günahların yuyulmasından başqa digər mənaların olmasına dəlalət edir.
Burada bir məsələni ayrıca qeyd etmək istərdim. Xristian dünyasında körpələrin xaç suyuna salınması və bu barədə kilsə qeydlərinin aparılması insanların doğum tarixini müəyyənləşdirməyə imkan verir. İslam dünyasında əsas diqqət insanın axirətinə yönəldiyindən, ölülərin yuyulması vacib ritual kimi önəm kəsb edir. Eləcə də, orta əsr mənbələrində, xüsusilə bioqrafik xarakterli tabaqat əsərlərində insanların ölüm tarixi qeyd olunur, bəzən hətta əsərlər elə ölüm tarixi prinsipi ilə tərtib olunur, hətta ölüm amili əsər adlarına da çıxır (Məs. İbn Xəllikənin “Vafəyət əl-əyan”, ibn Sərracın “Masari əl-uşşaq” əsərləri.) Bu, əlbəttə, İslam dünyasında fani dünyanın deyil, axirətin önəmindən irəli gəlir.
Urbanlaşma nəticəsində ədəbiyyatda şəhər mövzularının güclənməsi ilə, şəhər hamamları, oradakı işçi personalla bağlı motivlər həm nəsr, həm də nəzm əsərlərində təsvir olunur. Nəsr əsərlərində hamam işçilərinin müştərilərlə rəftarı yumoristik-əyləncəli bir tərzdə məqamə/novellalara yol açır. Ayrıca olaraq, hamamla bağlı traktatlar da meydana gəlir ki, burada İslamda qüsl barədə diskussiyalar açılır, hamamın faydaları və zərərləri barədə tibbi mülahizələr söylənilir, şəhər hamamlarında baş verən maraqlı əhvalatlar yer alır. Bu traktatlarda və bəzi poeziya nümunələrində odla suyu birləşdirən hamamın cənnət və cəhənnəmlə müqayisəsi, hamamla bağlı təzadlı düşüncələr yer alır.
Zaman-zaman ədəbiyyata sufi motivləri daxil olduqca çimən gözəllərin kimliyi də dəyişir. Xüsusilə türk təzkirə ədəbiyyatında həmmamiyyə şeiri iki istiqamətdə təzahür edir: burada sırf dünyəvi hamam motivləri olduğu kimi, bu motivlərin öz yerini ilahi gözəlin vəsfinə verdiyi də müşahidə olunur. Beləliklə də, Füzuli həmmamiyyəsinə aparan yolun başlanğıcına çıxmış oluruq .
Urbanlaşma və təharət
Orta əsr İslam dünyasında hamamlar şəhər arxitekturasının əsas tərkib hissələrindən biri idi. Ərəb dünyasında ilk ümumi hamamın Əməvilər dövründə inşa edildiyi bildirilir. Ərəb qəzavatı nəticəsində yeni şəhərlər salındıqca, bu şəhərlərdə hamamlar da tikilirdi. Mənbələrdə hamamların məscidlə yanaşı anıldığını görürük.
Şəhərlərdə hamamlar bir qayda olaraq, ümumi xarakter daşıyırdı. Osmanlı dövründə hamamlar kişi və qadın hamamları olmaqla qoşa tikilirdi. Qoşa hamamlar olmadıqda kişi və qadınlar üçün fərqli günlər müəyyən edilirdi.
Qəzavat nəticəsində Fustat, Bəsrə, Kufə kimi şəhərlərin salınması ilə hamamlar da şəhər memarlığının ayrılmaz hissəsi kimi diqqəti cəlb edirdi. Ərəblər bu hamamları yunan üslubunda tikdiyindən onları “hammamat rumiyyat” adlandırırdılar. İnsanlar hamama dincəlmək, dinin tələblərinə uyğun qüsl ayinini həyata keçirmək üçün gedirdilər. İmkanlı insanlar öz saraylarında hamam tikdirirdilər. Hamamlar gəlir gətirdiyindən, şəhər aristokratiyası onlara sahib olmaqda maraqlı idi. Bəzi hökmdarların sayıb seçdiyi adamları öz hamamlarına dəvət etmək adəti də olub. Məs. Teymurləng Amasyada olarkən məşhur şair Əhmədini saray kimi istifadə etdiyi qəsrin hamamına dəvət etmiş, ondan hamamda qulluq edən gənc oğlanların gözəlliyini qiymətləndirməsini istəmişdir.
Qadın hamamları müsəlman qadınları üçün cəmiyyət içinə çıxmaq, özünü nümayiş etdirmək vasitəsi idi. Hətta analar oğlanlarına gəlini belə hamamda seçirdi. Adətən, qadınlar ən gözəl zinət əşyalarını hamama taxırdılar. Kişi hamamlarında olduğu kimi, qadın hamamlarında da kisəçilər, bərbərlər və digər hamam işçiləri olurdu.
Şəxsi hamamlar az olub, ancaq yuxarı təbəqəyə məxsus idi. Bunlar hələ Əməvilər dövründən qala və qəsrlərin tərkibində inşa edilib. Qeyd edək ki, qala kompleksləri daxilində hamamlar da inşa edilirdi. Hamamlar, bir qayda olaraq, qəsrlərin zirzəmisində tikilirdi, çünki zirzəmilər həm istini, həm də soyuğu qoruyub saxlaya bilirdi. Floor göstərir ki, Qaraqoyunlu dövründə hər bir qəsrin, sarayın öz hamamı var idi. Hamamların divarı miniatürlərlə bəzədilirdi.
Orta əsrlər İslam dünyasında hamam ritualları belə idi: İlk öncə hamama gələnlər giriş otağında paltarlarını soyunub fitəyə bürünürdülər. Bundan sonra onlar hamamın isti su olan əsas otağına keçirdilər. Burada mərkəz hissə daha isti olduğu üçün müştərilərin tərləməsi üçün nəzərdə tutulurdu. Tərli müştərilərə hamam işçiləri yaxınlaşıb onlara kisə çəkir, masaj edirdilər. Bundan sonra müştərilər hovuzda çimib paklaşırdılar. Çox vaxt müştərilərə bərbərlər yaxınlaşır, onların üz-gözünü, saçını təraş edirdilər. Bundan sonra müştərilər istirahət otağına keçirdilər. Hamamla bağlı element və rituallar, təbii ki, ədəbiyyata da yol açmışdır. Bu baxımdan əl-Munəvinin (v. 1621) hamamla bağlı traktatı xüsusi qeyd edilməlidir. Kitabın “Hamamın ədəbləri” bəhsində əl-Munəvi yazır:
* Hamama “bismillah”la daxil olmaq lazımdır.
* Hamamın istisini duyarkən cəhənnəm əzabını xatırlayıb Allahdan cənnət diləmək lazımdır.
* Təsəttür, yəni fitəyə bürünmək hamamın vacib şərtidir (Munəvi bu barədə çoxsaylı hədislərdən misal çəkir).
* Hamama daxil olanın əsas niyyəti yuyunmaq, çirkabdan təmizlənmək olmalıdır.
* Hamama ya tək, ya da ən yaxın dostlarla getmək məsləhətdir.
* Hamam pulunu qabaqcadan vermək lazımdır.
* Oruc tutana hamama getmək məsləhət bilinmir.
* Hamama şər qarışan vaxtda getmək lazım deyil.
* Hamamda çox danışmaq olmaz.
Məşhur “Qabusnamə”də də bir fəsil hamama həsr edilib. Müəllif hamama tox mədə ilə getməyin və hamamda intim münasibətə girməyin sağlamlıq üçün olduqca zərərli olmasını yazır. Hamamda nə çox isti, nə də çox soyuq su ilə çimmək məsləhət bilinir. Hamamdan çıxmazdan əvvəl saçı qurulamaq lazımdır.
İslam dünyasında hamamların inşası ilə ədəbiyyatda yuyunma motivində də dəyişiklik yaranır. Hamamların təsvirini verən şeirlərin ilk nümunələrini biz Abbasilər dövründə görürük. Bəzi şairlər hamamı təriflədikləri halda, digərləri onu həcv edir. Siciliya və İspaniyada yaranan ərəb ədəbiyyatının görkəmli nümayəndəsi ibn Hamdis deyir:Quxusu pis, havası ağır hamam... Suyu az, izdihamı çoxdur. (Yer tapıb) oturanda qalxa bilmirsən, ayaq üstə olanda isə oturmaq olmur.
Divarları canımı ovlayır... Damcıları insana ox kimi dəyir. Hamamın (istisində) cəhənnəmi xatırladım... Sanki sümüklərim (cəhənnəm odunda) yanırdı.
Ey Rəbbim, bir günahkarı əfv et... O, hamamdan sonra səninlə görüşdən qorxur.
Əbu Nuvasın çimən gözəli
Əbu Nuvas Həsən ibn Hani (756-813) Abbasilər dövründə yaşamış və dünya miqyasında şöhrət tapmış şairdir. Onun poeziyası dövrünün istər ictimai-siyasi, istərsə də əqli-mənəvi və əxlaqi özəlliklərindən təsirlənmiş, müsəlman dünyasında baş verən bir sıra köklü dəyişikliklərin canlı mənzərəsinə çevrilmişdir.
Abbasilər hakimiyyətinin ilk dövründə bir yanda azan səsləri, bir yanda isə kef məclislərindən gələn musiqi sədaları, bir yanda məscidlərdə səslənən Quran qiraəti və xütbələr, digər yanda isə Bağdad ətrafındakı monastırlarda cəmlənmiş kef əhlinin şərab məclisləri və badə səsləri eşidilir, bütün bunlar cəmiyyətdə qəribə bir ziddiyyət yaradırdı. Şüubilik hərəkatı, zərdüştliklə bağlı zindiqlik, İslamda rasionalist düşüncəni önə çəkən mötəzililik, eləcə də yunan fəlsəfi əsərlərinin tərcüməsindən doğan fəlsəfi mübahisələr, ara-sıra özünü göstərən mistik cərəyanlar və yenə də ara-sıra baş qaldıran ateist düşüncə bu dövrün ideoloji mənzərəsinə xüsusi çalarlar vururdu.
Əbu Nuvas deyirdi ki, mən bir badə şərab içirəm, sonra ardınca bir Quran ayəsi oxuyuram və beləliklə, birinin savabı o birinin günahını yuyur. Bu deyim özü Abbasilər cəmiyyətində ideoloji durumun xaotik xarakterindən xəbər verir.
Ayrıca olaraq, həmmamiyyə motivi Abbasilər dövrünün əhli-kef şairi Əbu Nuvas poeziyasında güclənir. Bu yazıda biz Əbu Nuvasın həmmamiyyə mövzusunda bir neçə şeiri ilə tanış olacağıq. Birinci şeir saray həyatını, hökmdarların kapriz və əyləncələrini öyrənmək baxımından maraq doğurur. İkinci şeirdə isə biz ümumi kişi hamamının təsvirini görürük.
Klassik ərəb ədəbiyyatında dillər əzbəri olan bir çox şeirlərin yaranma rəvayətləri söylənilib. Bu rəvayətlərin, həqiqətən də, bu və ya digər şeirin yaranmasına stimul olması bizə qaranlıqdır, çünki yaxşı bir şeir özü də rəvayətlər doğura bilər. Əbu Nuvasın da bir sıra şeirləri ətrafında rəvayətlər meydana gəlib. Onun haqqında danışacağımız birinci həmmamiyyə şeirinin hekayətindən anlaşılır ki, şair bir az öncə öz kənizini çimən halda görmüş xəlifənin ürəyindən xəbər verən bir şeir deyir. Halbuki xəlifə fikrindəki bu mənzərə barədə ona məlumat verməmişdi. Bu səbəbdən o, çox təəccüblənir, hətta, “Ey zindiq, sən bizi güdürdünmü?”- deyir. Əbu Nuvasın bu şeiri Şərq ədəbiyyatında həmmamiyyə janrında yazılan ən gözəl sənət nümunələrindən sayılmağa layiqdir:
Bədəninə su tökmək üçün köynəyini çıxardı. Yanaqları həyadan qızardı.
Hava kimi zərif, yaraşıqlı qamətiylə soyunub səhər mehinin qarşısına çıxdı.
O, su kimi gözəl əlini qabda hazırlanmış suya doğru uzatdı. Çimib qurtarqıqda o, tez-tələsik paltarını geyinmək istədikdə
Yaxınlıqda bir nəfərin onu oğrun baxışlarla seyr etdiyini gördü.Tez zülməti işığın üzərinə çəkdi.
Sübhün nuru gecə qaranlığı altında itdi. Bədənindən damcı-damcı sular axmaqda davam edirdi.
Səni ən gözəl qadın şəkildə yaradan Allah Sübhandır.
Kiçik bir epizodun, göz zinası ilə bağlı əhvalatın təsvirini verən qəzəldə gözəlin zülfü və ağ bədəni ilə bağlı qaranlıq-işıq təzad-istiarələri olduqca uğurlu alınıb. Gözəlin meh kimi zərifliyi, onun əlinin su kimi incəliyi isə orijinal bənzətmələrdir. Bu şeir öz rəvayəti ilə Nəbiğanın Mutəcərridəyə həsr etdiyi qəsidəyə çox bənzəsə də, burada Nəbiğa şeirindəki kimi açıq-saçıq erotik səhnələr yoxdur. Rəvayədən çıxış etsək, Nəbiğadan fərqli olaraq, Əbu Nuvas gördüyünü deyil, bir şair fəhmi ilə hiss etdiyini dilə gətirib gözəl bir şeir yaradır və xəlifənin ürəyindən xəbər verir. Əski ərəb təsəvvürlərinə görə “şair” (ərəb dilində hərfi mənada: duyan, hiss edən) başqalarının hiss edə bilmədiyini duyan şəxsdir.
Əbu Nuvasın çimən gözəllə başqa bir şeiri bizi artıq pərdə arxasında yuyunan qadınları deyil, kişi hamamına, burada çimən gəncin təsvirinə aparır. Bu barədə bir qədər sonra.
Məqamələrdə Hamam mövzusu
Şəhər həyatı ilə sıx bağlı olan hamam təbii ki, suyu, isti buxarı, tası, hovuzu, kisəçi və həcəmətçiləri ilə ədəbiyyata yol açmışdır. Orta əsrlərin yumoristik kələkbazlıq novellaları olan məqamələr də bu mövzuya yad olmadı. Məqamə janrının banisi Bədi əz-zaman əl-Həmədaninin Hulvaniyyə məqaməsində iki hamam kisəçisinin bir müştəri – məqamələrin ravisi İsa ibn Hişam üstündə davası yumoristik bir tərzdə nəql edilir:
Həcc ziyarətindən dönənlər arasında mən də qayıdarkən, Hülvan şəhərində qərar tutdum. Nökərimə dedim ki, saçım çox uzanıb, bədənim də bir az çirklənib. Bizim üçün bir hamam seç, gedək çimək, və bir həcəmətçi (qan aldırma ustası) tap ki, ondan istifadə edək. Hamam geniş, təmiz, havası xoş və suyu nə çox isti nə də çox soyuq olsun. Həcəmətçi isə əli yüngül, ülgücü iti, təmiz paltarlı və azdanışan olsun.
Nökər heç də tələsmədən çıxdı və bir müddət sonra qayıdıb dedi: “Dediyin kimi bir hamam tapmışam. Biz hamama getdik, içəri daxil olduq, amma girişdə bir işçi görmədik. İçəri daxil olduqda ardımca bir kişi daxil olub bədənimə gil sürtdü, alnımı gillə ovdu, başıma da bir az sürtüb getdi. Bu zaman başqa bir hamamçı daxil oldu. Məni elə ovuşdurdu ki, az qala sümüklərim qırıla, oynaqlarım az qaldı bir-birinə qarışa. O bunları edərkən fit çalır, ara-sıra tüpürürdü. Sonra başımı yumağa başladı, başımı yuyub təpəmdən su axıtdı. Elə bu zaman birinci hamamçı içəri daxil oldu və ikincini haylayıb hirsindən dişlərini qıcayıb dedi: “Ay səfeh, nə edirsən? Bu baş mənimdir!” İkinci hamamçı ona elə bir zərbə endirdi ki, fitəsi cırıldı və dedi: “Bu, mənim başımdı, mənim haqqımdı və mənim malımdır, əlimin haqqıdır”.
Onlar bir-birilə o qədər vuruşdu ki yoruldular. Nəhayət hamam sahibinin yanına gedib şikayət etdilər. Birinci dedi: “Bu baş mənimdir, çünki alnına gil sürtüb ovuşdurdum”. İkinci isə dedi: “Bu baş mənimdir, çünki baş sahibini mən ovuşdurdum və onun oynaqlarını sıxdım”. Hamam sahibi dedi: “Başın sahibini gətirin, ondan soruşum görüm bu baş hansınızındır”. Onlar mənim yanıma gəldilər və dedilər: “Səndən bir işə şahidlik etməyini istəyirik. Düzünü de. Mən, həvəsim olmasa da, qalxıb onlarla hamam sahibinin yanına getdim. Hamam sahibi dedi:
“Ey adam, yalan demə və düzgün şəhadət ver: Bu baş kimindir?” Mən dedim: “Allah səni qorusun, bu baş mənimdir. Yol boyu mənimlə idi və Kəbəni mənimlə təvaf etdi. Bu başın mənim olduğuna şübhəm yoxdur”. Hamamçı mənə dedi: “Səsini kəs, ey çərənçi”. Sonra rəqiblərdən birinə dönüb dedi: “Sən bu rəzil başa görə nə qədər insanlarla rəqabət aparacaqsan? Ondan əl çək ki, Allahın lənətindən və cəhənnəm odundan qurtulasan”.
Bu cür məzəli motivlər şifahi ədəbiyyatdan da yad keçməyib. Gelder diqqəti Min bir gecə nağıllarında yer alan Əbu Qir və Əbu Şir adlı iki şəxs arasında baş vermiş məzəli bir əhvalata cəlb edir. Gelder göstərir ki bu nağılda hamamla bağlı ən mühüm məsələlər əks olunub: su və od, zövq və ağrı, hamamın hər bir şəhər üçün vacibliyi, onun həm bədənə, həm də ruha xeyir verməsi, depressiyadan qurtarmaq vasitəsi olması. Hamam paradokslar və sirli əhvalatlar məkanıdır. İnsanların normal həyatda etdiyi bəzi işlərə hamamda icazə verilməz. Quran oxumaq, yatmaq, içmək, yemək, qan aldırmaq hamamda məqbul deyil. Ayaqyolu kimi, hamama da sol ayaqla daxil olmaq lazımdır.
Nizaminin çimən gözəlləri
Təharət, yuyunma və göz zinası motivləri Nizami “Xəmsə”sində də yer alır. “Xosrov və Şirin”də Xosrov təsadüfən nil rəngli suda çimən Şirini görür:
Birdən gözü bir aya sataşdı
ilk baxışdan canına vəlvələ düşdü...
Nil rəngli suda gül kimi oturmuşdu.
Göbəyinədək lil rəngli örtük çəkmişdi.
O güləndamın bədənindən bütün çeşmə,
Badam kimi gül açmışdı, sanki gül içində badam içi idi.
Əli ilə başına su tökdükdə
Elə bil ayın başına mirvarı yağırdı.
Gözəlin ağ bədəninin qabığı soyulmuş badama – badam içinə bənzədilməsini biz Füzuli şeirində də görürük. Nizami poemasında bəzi parçalar ərəb həmmamiyyə şeirlərindəki motivlərlə səsləşir. Burada da gözəlin bədəninə tökdüyü su danələri mirvariyə bənzədilir: “Əli ilə başına su tökəndə elə bil göydən ayın başına mirvari yağırdı”. Əbu Nuvas şeirində olduğu kimi, Nizamidə də, çimən gözəl kənardan ona xəlvəti baxan şəxsi gördükdə, gecə kimi qapqara saçlarını bədəninin üzərinə çəkir. Bu epizodda Xosrovun Şirinə çox baxmayıb alicənabcasına çəkilməsi də diqqətəlayiqdir.
Digər bir epizod “Yeddi gözəl”dədir. Bu poemada yuyunma motivinin saflıq, təmizlik rəmzi olan Ağ qəsrdə baş verməsi təsadüfi deyil. Xacə Yusif adlı etiqadlı, mömin bir insan özünə məxsus bağda çarhovuzda çimən qadınları görür. Xacə olmaq möminlik anlamına gəldiyi kimi, qəhrəmanın İsa və Yusif peyğəmbərlərə bənzədilməsi də onun xüsusi statusuna dəlalət edir. Xacə Yusif rəvayətdə göz zinası ilə imtahana çəkilir. O çarhovuzda çimən qadınları görüb şəhvani hisslərin əsiri olur. Onun qarşısında şəhvətdən, harama yaxınlaşmaqdan çəkinmə kimi bir sınaq durur. O, nəfsini nə qədər cilovlasa da, şəhvətdən əl çəkə bilmir. Amma rumlu gözəlin vüsalına çata bilmir; hər dəfə bir hadisə baş verib Yusifi zinadan çəkindirir. Məişət mövzusunda olan bu rəvayət həm nağılvari-folklor, həm də dini-mistik elementlərlə zəngindir.
Nizami şeirində təharətlə bağlı başqa bir epizod Dirilik suyu ilə bağlıdır. Bu, “Şərəfnamə”də Xızırın dirilik suyunda yuyunması ilə bağlı rəvayətdir.
Təharət və qılmaniyyə şeirləri
Bundan əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, şahid-bazi, nəzər-bazi ənənələri dünyəvi qılmanyyələrin yolunu keçib ilahi məhəbbətin tərənnümünə çevrilmişdir. İlk qılmaniyyə müəlliflərindən olan Əbu Nuvasın aşağıdakı şeiri Abbasilər dövründə geniş yer almış mucun – eyş-işrət, sərxoşluq, İslam adətlərindən yayınma halını əks etdirir.
Hamamda şalvarın gizlinləri sənə görsənər.
Qalx və gözünü açıb yaxşıca bax.
Bədən üzvləri sanki bir-birinə təkbir və təhlil deyir.
Hamam dincəlmək üçün necə də gözəl yerdir.
Hətta bəziləri fitə taxıb kefimizi pozsa da.
Gördüyümüz kimi, Əbu Nuvas poeziyasında hətta XXI əsrdə açıq tərcümə edə bilmədiyimiz hissələr var. Orta əsrlərin mucun şeirləri müasir dövrümüzün parnoqrafiyası kimi bir funksiya daşıyırdı. Ayrıca olaraq qılmaniyyə şeirləri də üç qrupa bölünə bilər:
1) Açıq-saçıq mucun şeirləri
2) Ədəb dairəsində olan lirik poeziya
3) Yeniyetmə gəncdə Allahın təcəllisini görən şahid-bazi şeirləri
Bu qrupun hər üçü həmmamiyyələrə də aiddir. Əl-Bəlusi adlı şair hamamda işləyən (masaj edən və ya kisəçi) barədə deyir:
Bu hamamçı oğlanın əlinin dərimizə toxunması bir sevincdir. Bu zaman cismimiz sanki su və nur arasında təzələnir.
Onun lütfkarlıqla gördüyü işdən ətrafa müşk və kafur qoxusu yayılır.
Təbriz hamamları, təharət və nəzər-bazi
Orta əsrlərdə Təbriz hamamları çox məşhur idi. Təbrizdə Rab əl-Raşidi, Şəhristani-Raşidi kimi böyük qəsrlər bir sıra tikililərlə əhatə olunmuşdu. Məs. Şəhristan-i Raşidinin dörd qapısı var idi. Burada örtülü bazar, karvansaray, Cümə məscidi, üç kiçik məscid, ayrıca ibadətxanalar və ümumi hamam, bir neçə su dəyirmanı və kağız emalatxanası var idi. 1404-cü ildə Təbrizə səyahət edən İspaniyalı diplomat Clavijo onun memarlıq abidələrinin əzəməti qarşısında heyrətini gizlədə bilməmişdi. Şəhərin qızılı-mavi məscidləri olduqca gözəl idi. O, xüsusilə Təbriz hamamlarının dünyada ən gözəl və möhtəşəm olmasını qeyd etmişdir.
Cəlairilərin və Qaraqoyunluların memarlıq ənənəsini davam etdirən Ağqoyunlular, xüsusilə Uzun Həsən Təbrizdə bir neçə iri imarətlər tikdirmişdir. Bu imarətlərdə məscid, mədrəsə, bağçalarla yanaşı ümumi hamamlar da var idi.
Bu hamamlardan birində Sədi Şirazi ilə Hümam Təbrizinin macərası dillərə dastan olur:
Rəvayətdə deyilir ki, Şeyx Sədi Şirazinin müasiri Xacə Hümam Təbrizi təsəvvüf yolu tutmuş əhl-i dil idi. O pak, əxlaqlı bir əyan idi. Bir gün Şeyx Sədi Təbrizin məşhur hamamlarından birinə daxil oldu və burada Şeyx Hümamı gördü. Sədi Hümamın başına bir tas su tökür, Hümam ondan soruşdu: “Ey dərviş, sən haralısan?” Sədi dedi: “Mən Şiraz torpağındanam”. Hümam dedi: “Qəribədir ki, son vaxtlar Təbrizdə şirazlılar itdən də çoxdur”. Sədi gülümsəyib cavab verdi: “Bu vəziyyət bizim Şirazda tam fərqlidir; orada təbrizlinin it qədər də qiyməti yoxdur”. Hümam qaş-qabağını salıb hamamdan çıxdı. Sədi də onun ardınca çıxıb giriş otağında bir küncdə əyləşdi. Hümam Təbrizi bu zaman nəcib əyanların adətincə bir cavan oğlana baxırdı. Dolu bədənli Hümam elə oturmuşdu ki, bədəni Sədinin də həmin oğlana baxmasına mane olurdu. Bu arada Hümam Sədidən soruşur ki, mənim şeirlərim Şirazda oxunurmu? Sədi dedi: “Bəli, onlar Şirazda çox yayılıb”. Hümam, heç yadında olanı varmı?” - deyə sordu. Sədi dedi: “Əlbəttə!” və bu şeiri söylədi:
Hümam mənimlə sevgilim arasında bir pərdə olub. Bu pərdəni qaldırmağın vaxtıdır.
Hümam anladı ki, qarşısındakı Sədidir. O, Sədi önündə diz çöküb üzr istədi, onu öz evinə qonaq apardı. İki şair xeyli maraqlı söhbətlər etdi.
Rəvayətdə əks olunmuş “nəzər-bazi”, yəni cavan oğlanı seyr edib onun simasında ilahi təcəlli görmək Şərq xalqlarının sufi-mistik düşüncə və təcrübəsində geniş yayılmış haldır. Orta əsrlərdə Sufi dairələrində, xüsusilə səma məclislərində cavan oğlanı oturdub başına tac qoyaraq saatlarla onun simasına baxmaq – seyr etmək təcrübədən keçirilirdi. Mistiklər bu yolla (nəzər-bazi) fəna halı yaşamağa çalışırdılar. İbn Sərracın “Masari əl-uşşaq” əsərində bu barədə maraqlı rəvayətlər əks olunub.
Nəsimi təmizliyi, saflığı nəzər-bazinin əsas şərti sayırdı. Ancaq qəlbin paklığı ilə gözəlin simasında ilahi təcəlli görmək mümkündür.
Qeyd edək ki, böyük şəhərlərdə hamamların artması ilə, cavan oğlanların istər ilahi-mistik, istərsə də cismani-erotik seyri adi hala dönür. “Sevgililər dövrü” əsərində oxuyuruq ki, İstanbulda ümumi hamamlar yalnız yuyunma yeri olmayıb, həm də yaraşıqlı gənclərin seyr edildiyi yer idi. Bu gənclərin bəziləri elə hamamda işləyən kisəçi və bərbərlər idilər. Ümumiyyətlə, Orta əsrlər İstanbulunda yaşından asılı olmayaraq yaraşıqlı insanları seyr etmək, hətta onları saraylara dəvət edib gözəlliklərinə şeirlər qoşmaq, sonra da hədiyyələrlə yola salmaq adəti geniş yayılmışdı. Nəzər-bazi ənənəsi məhz bu cür dünyəvi gözəllərin seyrindən qaynaqlanırdı. Təbii ki, şəhər mühiti qılmaniyyə şeirinin – müzəkkər qəzəlin də inkişafına səbəb olur.
Sufi-hürufi şeirində nəzər-bazinin təharət, paklıq motivi ilə üzvi şəkildə birləşdiyini görürük.
Hər bibəsər səni nеçə yol bula görməyə,
Uçmaqda rö’yətə dəхi əhli-nəzər gərək.
Napak olan sənin nə bilir qədrü qiymətin,
Zatında adəmin dəхi arı göhər gərək (Nəsimi).
Mistik düşüncədə bədənin paklığı qəlbin təmizlənməsi ilə sıx bağlı idi. Sufi təriqətlərində qüslün ritual həddində olması da buradan gəlirdi.
Musa kimi gər aşiq isən, könlünü arıt,
Saf olmayacaq ayinə, didar ələ girməz (Nəsimi)
Qüsl və axirət
İbn Sərracın“Masari əl-Uşşaq” əsərində yer alan bir rəvayət diqqətimizi cəlb etdi. Uzun rəvayətçilər silsiləsindən sonra əhvalat bu cür nəql olunur:
Bir nəfər söyləyir ki, onlar bir qalada məskun olarkən, qaladan iki nəfər çıxıb orduya getdi. Onlar biri digərinə “Qüsl etmək istəyirsənmi? Nə bilmək olar, bəlkə Allah bizi şəhid etdi”. Yoldaşı dedi ki, mən qüsl etmək istəmirəm. (Qüsl etmək istəyən) həmin kişi yuyundu. Yuyunub qurtarar-qurtarmaz qalanın üstündən bir daş diyirlənib onun başına düşdü.
Bu zaman mən oradan keçirdim. Gördüm ki, başına daş düşən adamı dartıb xeyməyə aparırlar. Həmin adama nə olduğunu soruşdum. Mənə əhvalatı söylədilər. Çəkilib öz dostlarımın yanına getdim. Sonra geri qayıdarkən bir müddət həmin adamların yanında dayandım. Onlar bilmirdi ki, adam ölüb, yoxsa hələ ruhu canındadı. Bu barədə şübhə içərisində idilər.
Bir də gördük ki, adam gülür. Sən demə sağ imiş. Bir müddət sakit dayandı, sonra o ağlamağa başladı.
İbn Sərrac daha sonra davam edib göstərir ki, bayılmış adam ayılarkən başına gələnləri danışır. Sən demə, onu cənnətdə qılmanlar qarşılayıb daş-qaşla bəzənmiş saraylara aparıb. Sonra iki qapısı olan gözəl bir otaqda yatağa uzadıblar. Qapıların hər birindən axirət zövcələri olan hurilər çıxır. İki hurinin əhatəsində ikən, adamın huşu başına qayıdır və özünü fani dünyada, toz-torpağın içində görür, buna görə də ağlayır.
Bu cür rəvayətlər çox olub bir çox hallarda hamamda yer alan erotik motivləri ilahi eşqlə əlaqəli verir. Bu halda hamam ruhi paklanma vasitəsinə çevrilir. Məşhur Sultan Mahmud Qəznəvi və Ayaz eşqinə də bu cür çalarlar vurulub.
Füzuli həmmamiyyəsi
Füzuli çevrəsindəki türk divan ədəbiyyatında həmmamiyyə şeirlərinin sabit bir ənənəsi olub. Heyrəti (v. 1534-35), Məsihi (v. 1512), Zati (v. 1546), Baqi (1526-1600), Yəqini (v. 1568) kimi sənətkarların həmmamiyyə şeirləri diqqətəlayiqdir. Bu şeirlərin bəziləri təsvirin möhtəşəmliyi ilə Füzuli şeiri ilə yanaşı dayana bilər.
İndi isə Füzuli həmmamiyyəsinin tam mətni ilə tanış olaq:
Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
(O sərv qamətli gözəl səhər-səhər naz ilə hamama getdi.
Onun üzü şam kimi hamamı işıqlandırdı).
Görünürdü bədəni çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
(Köynəyin açıq yaxasından bədəni təzə Ay kimi (yəni oraq şəklində) görsənirdi,
Paltarını çıxardanda Ay tam bötüv halında (on dörd gecəlik şəklində) görsəndi).
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
(Çılpaq bədənini göy rəngli fitə ilə bürüdü.
Sanki bənövşə içinə qabığı soyulmuş badam düşdü).
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didari-lətifilə ziya dideyi-cam.
(Hovuzun dodaqları onun ayağını öpmək şərəfinə nail oldu.
Camın gözü onun didari-lətifilə işıqlandı).
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
(Onun tər danələrinin dürr kimi satılacağını zənn edənlər,
Hərəsi yanlış düşüncə ilə bir kisə götürdü).
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
(Daraq onun saçlarını darayarkən, hər tərəfə müşk qoxusu yayıldı.
Ülgüc tüklərini kəsib yerə tökərkən, yer ənbər kimi oldu).
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
(Əlinə aldığı tas onun əlini öpdü. Həsəddən bağrım (qara ciyərim) əriyib su kimi oldu.
Su onun bədəninə dəydikdə bədənimi qısqanclıq bürüdü).
Çıxdı həmmamdən o pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
(Ondan başqa heç kimi görmədiyimdən) gözümü pərdə kimi örtmüş yar hamamdan çıxdıqda
Sakitcə mənim gözümün bir guşəsində özünə yer etdi).
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
(Göz bəbəklərim onun ayağına axar su tökdü.
Çünki sərvin ayağına daim su tökülməsi lazımdır).
Əzilib üstünə kəf-kəf yetər oldu sabun,
Düşməgə ayağına eylədi bir-bir iqdam.
(Sabun əzilib onun bədəni üzərində köpükləndikcə,
Bu köpüklər bir-bir onun ayağına düşməyə çalışdılar).
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.
Füzuli, mən hamam pulu əvəzinə öz canımı verərəm ki,
O sərv qamətli öz zərini xərcləməsin (Füzuli, 1958: 252)
Bu həmmamiyyəni Füzulinin digər qəzəllərindən fərqləndirən nədir?
Məlumdur ki, klassik Şərq ədəbiyyatında hər bir beyt ayrı-ayrılıqda müəyyən bir fikri ifadə edir. Beytlər arasında məntiqi əlaqə bir çox hallarda gözlənilmir. Qəzəl janrında, adətən, hər bir beytdə gözəlin bu və ya digər üz cizgisi, qəddi-qaməti vəsf edilir və bu gözəllik qarşısında aşiqin eşq iztirabları mübaliğəli ifadələrlə bildirilir. Füzuli həmmamiyyəsində də, hər bir beyt ayrı-ayrılıqda müəyyən bir fikri ifadə edir, amma həmmamiyyənin təsvir/tərənnüm elementləri arasında bir məntiqi əlaqə və süjet bütövlüyü də görürük. Həmmamiyyə şeirində konkret bir səhnə - gözəlin hamamda yuyunma səhnəsi əks olunduğundan burada ardıcıl bir proses izlənilir, hətta təhkiyəçilik belə nəzərə çarpır. Qəzəlin ümumi məzmununu belə ifadə etmək olar:
Bir səhər sərv boylu gözəl naz ilə hamama getdi. Hamam onun üzünün nurundan işıqlandı. Onun açıq yaxasından bədəni təzə çıxmış ay kimi görsənirdi. Paltarını soyunarkən on dörd gecəlik aya bənzədi. Çılpaq bədənini mavi rəngli fitə ilə bürüdü. O sanki mavi bənövşələr içərisinə düşmüş qabığı soyulmuş badam idi. Hovuz onun ayağını öpüb şərəf tapdı. Onu görən camın gözünə işıq gəldi. (Hamamın istisindən) gözəlin üzündən tər damcıları axmağa başladı. Adamlar bu tər damcılarını görüb hərəsi əlinə bir kisə aldı ki, inci danələrini kisəyə yığsınlar. Gözəl saçını açıb darayarkən ətrafa müşk-ənbər qoxusu yayıldı. Ülgüc tüklərini qısaltdıqca yer ənbər kimi oldu. Gözəl tası əlinə alıb bədəninə su tökərkən aşiq/şairin qəlbini (bağrını) həsəd və qısqanclıq hissi bürüdü. Gözəl hamamdan çıxıb gedəndən sonra da, aşiq onu gözləri önündə canlandırmaqda davam etdi. Aşiqin gözlərindən bu sərvboylunun eşqindən sel kimi yaşlar axdı. Aşiq canını belə hamam pulu olaraq verməyə hazırdır ki, o gümüş bədənli gözəl öz zərini xərcləməsin.
Bu şeirdə bir şəhər hamamı və burada çimən gözəl təsvir olunub. Hamamın təsviri fitə, su, hovuz, cam, tas, kisə, daraq, ülgüc, sabun kimi konkret elementlərlə reallıq kəsb edir. Bu şeirdə də biz klassik qəzələ xas ənənəvi aşiq, məşuq və “rəqib” obrazlarını görürük.
Klassik poeziyamızda təsvir olunan məşuq/gözəl konkretlikdən daha çox mistik-mücərrəd bir varlıqdır. Onun yaşı, cinsi, etnik mənsubiyyəti bu mücərrədlik önündə tamamilə itməsə də, sanki geri çəkilir. Məlum olmur ki, şair Əbu Nuvas kimi ümumi kişi hamamında gördüyü gözəl bir gənci vəsf edib, yoxsa xəyali bir qadın obrazını.
Qeyd edək ki, klassik poeziyada qadınlara xas olan zülf, qadın cinsindən sayılan huri, sənəm, pəri epitetləri belə poeziyada kamil insana (Nəsimi şeirində Fəzlullaha ) və şahid adlanan gəncə aid edilir. Bu səbəbdən Füzuli həmmamiyyəsində qəhrəmanının cinsini təyin etmək mümkün deyil. Bəlkə də şair, sadəcə olaraq, şərq ənənəsinə dayanan bir poetik nümunə yaratmaq istəyib. Füzuli həmmamiyyəsində bilinmir ki, şair bu hissləri həqiqətən yaşayıb, yoxsa bu hadisələr ənənələrdən qaynaqlanan xəyal məhsuludur. Bir sözlə, poeziyanın bu sirri yalnız şairin özünə məlumdur.
Şeir ənənəvi obrazlar üzərində qurulub. Gözəlin qəddinin vəhdət rəmzi olan sərvə bənzədilməsi, üzünün ilahi manifestasiya əlaməti kimi nur saçması, köynəyinin açıq yaxası (çaki-giriban), tərinin inci danələrinə bənzəməsi geniş yayılmış ənənəvi obrazlardır.
Aşiq ənənəvi olaraq qısqanclıq, iztirab və kədər içindədir. Onun gözlərindən sel kimi yaşlar axır. O, hər an özünü eşq yolunda fəda etməyə hazırdır.
“Rəqib” obrazı isə istiarələr silsiləsi ilə şəxsləndirilmiş hamam və hamam elementləri – çarhovuz, tas, su və s.-dir.
Şeirdə sevgilinin yuyunma motivi ilə bağlı spesifik səhnələr yaranır. Soyunma səhnəsi oxucunun xəyal müstəvisində çaki-giriban kimi ənənəvi deyimlə açılır. Çaki-giriban, yaxası açıq və ya yaxası cırılmış köynək olaraq həm Quranın Yusif surəsi, həm də köksün yarılması (İnşirah əs-sadr) ilə bağlı assosiativ obrazlar yaradır. Füzuli bu səhnədə Ayın fazalarına müraciət edir. Köynəyin açıq yaxasından Gözəlin bədəni oraq şəklində təzə Ay kimi görsənirsə, o soyunduqda on dörd gecəlik Ay kimi büsbütün görsənir:
Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Sonrakı beytdə deyilir:
Nilgun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Fitə/futə hamamda istifadə olunub bədəni örtən parçadır. Hədislərdə möminlərə hamamda lüt olmamaq, fitəyə bürünmək tövsiyə olunur. Hamamlarda bürünülən fitənin göy rəngli, gözəlin bədəninin ağ olması şeirdə bənövşə və badam içi ilə bənzətmələrə yol açır. Bu beytdə işlənən sözlər arasında hicab və hicabın qaldırılması, batin və zahir anlayışları ilə bağlı düşüncə təzadı yaradır. Birinci misrada çılpaq bədən fitəyə bürünür, ikinci misrada qabığı soyulmuş badam niqab mənasına gələn bənövşədə gizlənir. Bu, əgər irfani nöqteyi-nəzərdən yanaşsaq, gözəlin pərdə arxasında olmasını və pərdənin açılmasını, ilahi təcəllini ifadə edir.
Qəzəl boyu hamam və yuyunma əşyaları canlandırılır. Bunlar sadəcə bir əşya olmayıb aşiqə əzab verən “rəqib”lərdir. Gözəlin ayağını öpməklə hovuzun “dodağı” şərəf tapır, camın “gözü” onun gözəlliyindən işıqlanır. “Cam” sözünün işlənməsi bütün elmləri hifz edən əfsanəvi camı-cəmlə assosiasiya yaradır.
Oldu pabusi-şərifilə müşərrəf ləbi-hövz,
Buldu didari-lətifilə ziya dideyi-cam.
Aşağıdakı beytdə zülflə bağlı maraqlı mənalar işlənir. Zülf klassik ədəbiyyatda, bir qayda olaraq, müşk, ənbər qoxulu olur. Onun bu keyfiyyəti saçın daranması, kəsilməsi, üzün təraş edilməsi ilə müşayiət olunan hamam mühitində daha bariz canlanır.
Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Ərəb poeziyasında yuyunan gözəlin tər damcılarının və bədənindən axan suyun inciyə bənzədilməsini müşahidə etdik. Bu bənzətmə ənənəvi bir obraz kimi ədəbiyyatda geniş yayılsa da, illər boyu cilalanmış, ona yeni çalarlar vurulmuşdur. Gözəlin tərinin vəsfi ilə bağlı Qazi Bürhanəddin orijinal bir tərzdə gülabla bağlılıq yaradır:
Hammamda nə şe’r ki, deyilə tər düşər,
Zira axar suya, sanasın ki, şəkər düşər.
Güldən gülab necə qopar anda bilinür
Ki, gül yanaxlaruna həya ilə dər düşər.
Həmmamiyyənin aşağıdakı beyti də Şərq ədəbiyyatında ənənə və yenilik istiqamətlərini izləmək baxımından maraqlıdır:
Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kisə təmizlənmək üçün istifadə olunan hamam əlcəyidir. Hər bir hamamda xüsusi kisəçilər olur. Gözəlin hamama daxil olması ilə hamam əhlinin çoxu əlinə kisə alıb heyranlıq içində ona yaxınlaşır. Gözlərimiz önündə ümumi hamam kisəçiləri canlanır. Digər tərəfdən, gözəlin tər danələrinin dürrə bənzədilməsi kimi ənənəvi bir obrazla tauriyə sənəti ilə kisənin ikinci mənasını görürük. İnci sapa düzülməzsə, kisədə saxlanılır. Gözəlin tər damcılarını inci zənn edən hamam əhli dürr satıldığını zənn edərək hərisi bir kisə götürüb ona yaxınlaşır.
Həmmamiyyənin növbəti beytində deyilir:
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Yenə də istiarə sənəti ilə cansız əşyalar canlanıb “rəqibləşir”. Tas Gözəlin əlini öpür, su onun bədəninə toxunduqca aşiqin qəlbini (qara ciyərini) həsəd hissi bürüyür. Qısqanclıq və kədər aşiqin göz yaşları ilə müşayiət olunur:
Mərdümi-çeşmim əyağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin əyağinə müdam.
Yuxarıdakı beytdə Gözün şəxsləndirilməsi, həmişə olduğu kimi, burada da “mərdüm” sözünün ikili mənası (insan və göz bəbəyi) ilə uğurlu alınıb. Aşiqin göz yaşları sərv boylu gözəlin ayağına tökülür, necə ki, bir adət kimi, çimib qurtardıqdan sonrahamamdan çıxanların ayağına su tökülür. Sərv bir ağac olduğundan onun “ayağına” su tökülməsi vacibdir ki, qurumasın. Bu, Füzulinin tez-tez müraciət etdiyi bədii ifadə tərzidir. Bəzən şair göz mərdümlərinin axıtdığı selin qarşısını kipriklərdən hazırladığı ağac bəndlərlə almağa çalışır. (Mərdümi-çeşmim yığar navəklərin mümkün sanır, Ol ağaclar birlə tutmaq əşk dəryasinə pül.) Həmmamiyyənin son beyti də diqqəti cəlb edir:
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.
Şair canını belə gözəlin hamam pulu olaraq verməyə hazırdır ki, bu gümüş bədənli öz zərini xərcləməsin. Yenə bir tərəfdə hamam reallığı, yəni hamam xidmətindən pulla istifadə, digər tərəfdə isə uca ideallar, eşq yolundan candan keçən bir aşiq canlanır. Şair ustalıqla ən adi məişət hadisəsini göylərə qaldırmağı bacarır. Həmmamiyyə məhz bu səbəbdən unikal bir sənət nümunəsidir.
Son söz
Toxunduğumuz mövzu bu yazıda əks olunduğundan daha genişdir. Ərəb dilində mövzu ilə bağlı risalələr, çoxsaylı poetik nümunələr mövcuddur. Tədqiqat çərçivəmizdən kənarda olan farsdilli ədəbiyyatda, xüsusilə Sədi, Rumi poeziyasında da sonradan miniatür sənətində əks olunmuş maraqlı nümunələr vardır. Ayrıca olaraq, türk və fars təzkirələri də bu istiqamətdə tədqiqata cəlb oluna bilər. Sufi təriqətlərində təharətlə bağlı ayinlər, divan ədəbiyyatında ilahi gözəlin vəsfi ilə bağlı bənzər motivlər də çoxsaylıdır. Ümid edək ki, bu kiçik yazı gələcəkdə başqa tədqiqatlara stimul olacaq.
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















